Siyəzəndə aqrar sektor dinamik inkişaf edir

 

Siyəzəndə iqtisadiyyatın digər sahələri kimi, aqrar sektora da ciddi qayğı göstərilir. "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na müvafiq olaraq rayonda kompleks tədbirlər həyata keçirilib. Tədbirlər Planında nəzərdə tutulan tapşırıqların Siyəzən rayonunda 2011-ci il üçün icra qrafiki təsdiq edilib. İcra qrafikinə uyğun olaraq 2011-ci ildə nəzərdə tutulmuş tapşırıqların yerinə yetirilməsi istiqamətində bir sıra tədbirlər görülüb.

Rayonun bütün aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, bir neçə kənd təsərrüfatı məhsulları istehsalçılarının iştirak etdiyi şura iclasında işlərin gedişatı geniş müzakirə edilib və qarşıya çıxan problemlərin aradan qaldırılması üçün tapşırıqlar verilib. İl ərzində həmin tapşırıqların yerinə yetirilməsinə nəzarət edilib və əməli köməkliklər göstərilir. 2011-ci ilin məhsulu üçün 2935 hektar taxıl əkilib.

Kənd təsərrüfatı istehsalının genişləndirilməsi, heyvandarlıq, quşçuluq və taxılçılığın inkişafının dəstəklənməsi sahəsində görülmüş tədbirlər bu sahənin inkişafını təmin edib. İlin birinci yarısında rayonda 16,2 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. İlin əvvəlindən iri buynuzlu mal-qaranın baş sayı 4,0 faiz artaraq 11660 başa, qoyun və keçilərin baş sayı 5,3 faiz artaraq 52315 başa çatmış, diri çəkidə 4988 ton ət, o cümlədən 4214 ton quş əti, 5003 ton süd, 13,2 milyon yumurta istehsal edilib.

2011-ci ilin məhsulu üçün 3198 hektar və ya əvvəlki illə müqayisədə 15,6 faiz çox kənd təsərrüfatı bitkiləri əkilib. Əkin sahələrinin 91,9 faizini və ya 2935 hektarını keçən ilin payızında əkilmiş dənlilər, o cümlədən 1650 hektarını və ya 56,2 faizini payızlıq buğda, 1285 hektarını və ya 43,8 faizini payızlıq arpa, 27 hektarını və ya 0,7 faizi yazlıq dənlilər, 221 hektarını və ya 6,9 faizini kartof, tərəvəz və bostan bitkiləri, 15 hektarını və ya 0,5 faizini yem bitkiləri təşkil edib. Əvvəlki illə müqayisədə payızlıq buğda sahəsi 0,7 faiz, payızlıq arpa sahəsi 45,6 faiz, kartof, tərəvəz və bostan bitkilərinin əkin sahələri 3,0 faiz artıb.

Mövsümün əvvəlindən 2205 hektar taxıl sahəsi biçilib döyülüb, 3835 ton taxıl yığılmış, sahələrdən 92,4 ton kartof, 37,8 ton tərəvəz, 23,5 ton meyvə toplanıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən fermerlərə heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi üçün güzəştli kredit verilib.

"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı 2011-ci il ərzində bir sıra işlər görülüb. Proqrama əsasən, erroziyaya uğramış, şorlaşmış, şorakətləşmiş və digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaqların müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilib. Kəndli-fermer təsərrüfatlarının istifadəsində olan torpaq sahələrinin şoranlaşan hissələrinin müəyyənləşdirilməsi, şoranlaşmanın qarşısının alınması işləri davam etdirilib. Rayonun Həmyə bələdiyyəsi ərazisində yeni kollektor qazılıb və bu da həmin ərazidə şoranlaşmanın qarşısının alınmasına imkan verib. Rayon ərazisindəki təsərrüfat sahələrində arxların lildən təmizlənməsi və yeni suvarma kanallarının çəkilməsi işləri başa çatdırılıb.

Proqramda nəzərdə tutulan meliorasiya tədbirlərinə ehtiyacı olan torpaqlar müəyyənləşdirilib, onların irimiqyaslı xəritələrinin hazırlanması işləri davam etdirilib. İstifadə olunmayan, əkinə yararlı torpaqların əkin dövriyyəsinə cəlb edilməsi məqsədilə tədbirlər görülüb. 2011-ci ilin məhsulu üçün 3000 hektar sahədə şumlama işləri aparılıb və taxıl əkilib. Ötən il istifadə olunmayan 465 hektar torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilmişdir.

Bundan başqa, bələdiyyə, dövlət və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin yalnız təyinatı üzrə istifadə edilməsi barədə məsələ yoxlanılıb. Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 16 aprel 2009-cu il 10 saylı qərarı ilə bütün idarə, müəssisə və təşkilatların rəhbərlərinə dövlət və bələdiyyə mülkiyyətindəki, həmçinin xüsusi mülkiyyətdəki torpaq sahələrinin yalnız təyinatı üzrə istifadə olunması, qorunub saxlanılması, səmərəli istifadə edilməsi, həmin torpaq sahələrində qeyri-qanuni tikinti işlərinin aparılmasına yol verilməməsi barədə tapşırıqlar verilib.

Nəzərdə tutulan pay torpaqları əsasında formalaşmış, xırda ailə və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyalarda birləşməsinin stimullaşdırılması sahəsində də bir sıra işlər görülüb. 2008-ci ildə rayonun Yenikənd və Beşdam bələdiyyələri ərazisində pay torpaqları əsasında bir neçə ailə birləşərək özəl toxumçuluq təsərrüfatları yaradıb. Həmin özəl təsərrüfatları cari ildə 184,7 ton ikinci reproduksiyalı buğda toxumu istehsal ediblər.

Proqrama əsasən, Sudan İstifadə Edənlər Birliklərinin yaradılmasının genişləndirilməsi və birliyin gördüyü işlər barədə kənd təsərrüfatı məhsulları istehsalçılarına geniş məlumat verilməsi ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilib. Siyəzəndə "Siyəzən Sudan İstifadə Edənlər Birliyi" yaradılıb, dövlət qeydiyyatından keçib və fəaliyyət göstərir. Birlik 4003 hektar suvarılan əraziyə xidmət göstərir ki, bu da rayonun bütün suvarılan əkinə yararlı torpaq sahələrini əhatə edir.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına suvarılan suyun çatdırılması və mövcud suvarma arxlarının lildən təmizlənməsi ilə bağlı lazımi işlər görülüb. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin həyata keçirdiyi "Şimal-Şərq" inkişaf layihəsi çərçivəsində rayon ərazisində məqsədyönlü işlər ardıcıl şəkildə davam etdirilir. Rayon üzrə bütün təsərrüfatdaxili arxlar (240 km) lildən təmizlənərək, yenidən çəkilib. Hazırda müvafiq ərazilərdə 384 hidrotexniki qurğu quraşdırılıb istismara verilib.

Tuğay və Böyük Həmyə bələdiyyələri ərazisindəki torpaq sahələrinin suvarılması məqsədilə "Samur-Abşeron" kanalından həmin ərazilərədək yeni su xətti çəkilib və istismara verilib. "Samur-Abşeron" kanalından rayonun Tuğay kəndinə kanal suyunun verilməsi üçün diametri 750 mm olan, 1000 metr uzunluğunda dəmir boru xətti çəkilib və hazırda kənd əhalisinin torpaqlarının suvarılmasını təmin edir. Rayonun Böyük Həmyə kəndində 800 pm uzunluqda beton kanal çəkilərək istismara verilib.

Siyəzən rayonunun Yenikənd və Zarat bələdiyyələrinə məxsus "Samur-Abşeron" kanalından su götürülməsi mümkün olmayan suvarılan torpaq sahələrini suvarmaq üçün yeni sifonlar quraşdırılması və Yenikənd bələdiyyəsi ərazisində "Bakı-Rusiya ilə Dövlət Sərhəddi" avtomagistralının ətrafında yerləşən torpaq sahələrinin suvarılması məqsədilə Gil-gilçay çayından su arxının çəkilməsi ilə əlaqədar nəzərdə tutulan işlər icra edilib. Zarat bələdiyyəsi ərazisində 2 ədəd suburaxıcı qurğu quraşdırılıb, Yenikənd kəndində isə Gil-gilçay çayından bənd vasitəsilə 2 km uzunluqda suvarma kanalı çəkilib və həmin ərazilərdə olan torpaq sahələrinin suvarılması təmin edilib.

Proqrama əsasən, torpağın münbitliyinin artırılması məqsədilə mineral və üzvü gübrələrdən maksimum istifadə edilməsi ilə bağlı "Aqrolizinq" ASC-nin Siyəzən rayon filialı tərəfindən kənd təsərrüfatı məhsulu istehsalçılarına aqrotexniki xidmət göstərilib, onlar mineral və üzvü gübrələrlə təmin edilib. "Aqrolizinq" ASC "Kənd təsərrüfatı istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları"na müvafiq olaraq mineral gübrələrin istehsalçılara çatdırılmasının təmini sahəsində müəyyən işlər görüb. 2011-ci il ərzində "Aqrolizinq" ASC-nin rayon filialı tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli şərtlərlə 30,7 ton ammonium-nitraf gübrəsi satılıb və istehsalçılara çatdırılması təmin edilib.

2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na əsasən, rayonun Dağ Quşçu, Yuxarı Ələz, Məşrif və Beşdam bələdiyyələri ərazisində növbəli əkin sistemi əsasında noxud, xaşa bitkilərinin əkilməsi ilə əlaqədar həmin kəndlərin fermerləri ilə görüş keçirilib, onlara ətraflı tövsiyələr verilib. Kənd təsərrüfatı bitkilərinin bölmələr üzrə optimal əkin strukturunun və istehsal həcminin müəyyənləşdirilməsi, müvafiq tövsiyyələrin kənd təsərrüfatı məhsulları istehsalçılarına çatdırılması sahəsində tədbirlər görülüb. Həmçinin istehsalçılar arasında vaxtaşırı olaraq maarifləndirmə işi aparılıb.

 

 (ardı var)

 

Tərlan Nəsirli Bakı-Siyəzən-Bakı

Mövqe.- 2011.- 21 dekabr.- S. 10.