Sosial-iqtisadi inkişafda həmkarlar
ittifaqları daha böyük
rol oynamağa
başlayır
Müasir
dünya təcrübəsi göstərir
ki, istənilən cəmiyyətdə sosial ədalət prinsiplərinin bərqərar
olmasında, o cümlədən əmək
hüquqlarının qorunmasında həmkarlar ittifaqları
getdikcə daha böyük
rol oynamağa
başlayırlar. Bu mənada həmkarlar
ittifaqlarının inkişafı, tutduğu
mövqenin davamlı olaraq
güclənməsi təbii olaraq cəmiyyətin
özünün ümdə tələblərindən
birinə çevrilir. Lakin
günümüzdə həmkarlar ittifaqlarının
oynadığı rol təkcə
işçilərin hüquq və
maraqlarının müdafiəsi ilə məhdudlaşmayaraq daha geniş xarakter daşıyır.
Danılmaz
həqiqətdir ki, bu gün işçilərin iş şəraitlərinin
yaxşılaşmasına, sosial-əmək münasibətlərinin
daha əlverişli hala gəlməsinə həmkarlar
ittifaqları böyük töhfələr verir. Ancaq ictimai münasibətlər sistemində həmkarlar
ittifaqları olduqca böyük
əhəmiyyətə malik digər
önəmli funksiyalar da
həyata keçirir. Bu
sırada ilk olaraq həmkarlar
ittifaqlarının iqtisadi inkişafın
dinamik xarakter daşımasında
oynadığı rola xüsusi
diqqət yetirilir. Sosial-iqtisadi
cəhətdən yüksək səviyyədə tərəqqi
edən ölkələrin təcrübəsinə nəzər
salmaqla da bunu aydın görmək mümkündür.
Məsələn, bu gün
ABŞ, Avropa kimi inkişaf etmiş ölkələrdə
cəmiyyətin sosial-iqtisadi həyatına
təsir imkanları böyük olan kifayət qədər güclü
həmkarlar ittifaqları formalaşıb. Onların təsiri
altında isə işəgötürənlər tərəfindən
işçiyə yüksək şərait yaradılması
nəticə etibarı ilə əmək məhsuldarlığına
müsbət istiqamətdə təsir göstərir.
Bundan
başqa yenə inkişaf etmiş ölkələrin təcrübəsindən
aydın görmək mümkündür ki, vətəndaş
cəmiyyəti strukturlarının formalaşmasında həmkarlar
ittifaqları həlledici amillərdən biri kimi
çıxış edir. İlk
növbədə ona görə ki, həmkarlar ittifaqları vasitəsilə
vətəndaşların bir araya gəlməsi daha
asandır və buna ixtisas,
iş yeri kimi zəruri faktorlar təsir
edir. Beləliklə, biz
bununla həmkarlar ittifaqlarının daha bir vacib
missiya yerinə yetirdiyinin
şahidi oluruq. Söhbət vətəndaş cəmiyyəti
strukturlarının formalaşdırılmasına
yardımçı olmaqla həmkarlar
ittifaqlarının eyni zamanda
demokratik prinsiplərin reallaşmasına verdiyi töhfədən gedir.
Çünki vətəndaş cəmiyyəti
olmadan demokratik prinsiplərin
həyata keçməsindən söhbət gedə bilməz.
Bütün bunlar
aydın göstərir ki, həmkarlar
ittifaqlarının yerinə yetirdiyi missiya indi olduqca
geniş və çoxşaxəlidir. Bu ittifaqlar olmadan
yüksək dinamizmə əsaslanan tərəqqidən
söhbət gedə bilməz.
Qeyd edilənlər
kontekstində bu gün həmkarlar ittifaqlarının Azərbaycanın
sosial-iqtisadi və ictimai-siyasi həyatında xüsusi bir
çəkiyə sahib olduğunu sezmək elə də
çətin deyil. Təqdirəlayiq
haldır ki, 100 ildən çox
tarixə malik Azərbaycan Həmkarlar
İttifaqları respublikamız müstəqillik qazandıqdan
sonra yeni inkişaf mərhələsinə qədəm
qoyub. Sovetlər dönəmindən fərqlənən
yeni inkişaf
dövründə həmkarlar ittifaqları yeni
ictimai-iqtisadi formasiyanın və idarəçilik
sisteminin tələblərinə
uyğunlaşdı, bu məqsədlə
köklü islahatlar
prosesindən keçdi.
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı Səttar Mehbalıyev
vurğulayır ki, yeni sosial-siyasi münasibətlərin
formalaşması kontekstində Azərbaycan Həmkarlar
İttifaqlarının vəzifələri dəyişdi,
onların sosial təyinatı, funksiyaları, fəaliyyətlərinin
forma və metodları əsaslı şəkildə yenidən
quruldu. "Həmkarlar
ittifaqları haqqında" Qanunun qəbul
edilməsilə həmkarlar ittifaqlarının cəmiyyətdəki
yeri və onun statusu müəyyən edildi;
həmkarlar ittifaqlarının qeyri-siyasi
təşkilat kimi dövlət və təsərrüfat
orqanlarından və siyasi sistemin
digər vəsilələrindən
asılılığı aradan
qaldırıldı; həmkarlar
ittifaqlarının bütün
strukturlarında, o cümlədən
aşağı vəsiləli həmkarlar ittifaqlarında inzibati amirlik sisteminə son qoyularaq sahə məsələlərinin
həllində həmkarlar ittifaqı təşkilatlarının
və orqanlarının müstəqilliyi təmin edildi; əmək, sosial,
iqtisadi məsələlər barəsində
qanunvericilik aktlarının
hazırlanmasında həmkarlar ittifaqlarının
hüquqları tanındı; Azərbaycan Həmkarlar
İttifaqları beynəlxalq həmkarlar ittifaqları hərəkatının
tərkib hissəsinə çevrildi. Bütün bunlar respublikada həmkarlar ittifaqı hərəkatının
inkişafına stimul yaradaraq
işçilərin sosial-iqtisadi
hüquqlarının müdafiəsini daha
səmərəli formada həyata
keçirməyə imkan yaratdı.
Tədqiqatlar
göstərir ki, real şəraitdə həmkarlar
ittifaqları dövlətin məşğulluq siyasətinin
hazırlanmasında, üzvlərinin hüquqlarının
etibarlı müdafiəsində, bunun kollektiv müqavilələrlə
möhkəmlənməsində, qanunvericilik əsasında
sosial tərəfdaşlıq razılıqlarının əldə
olunmasında da mühüm rol oynayır. Bu səbəbdəndir
ki, sosial-tərəfdaşlıq
razılaşmalarının və kollektiv
müqavilələrin bütün normativ şərtlərinin qəbulunda həmkarlar
ittifaqları yaxından iştirak edir. Enyi zamanda
həmkarlar ittifaqları işçilərin
hüquqlarını təkcə kollektiv yox, eyni zamanda
fərdi qaydada müdafiə edir. Azərbaycanda fəaliyyət göstərən
çoxsaylı xarici şirkətlərin
bəzilərində işçilərinin
hüquqlarının qorunması və təmin edilməsində
məhz həmkarlar ittifaqları müstəsna rol oynayıb.
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) bu
kontekstdə özəl müəssisələrdə ilk təşkilatların
- komitələrin yaradılması istiqamətində
mühüm nailiyyətlərə imza atıb. Buna qarşı
bəzən göstərilən müqavimətin aradan qaldırılmasında da
AHİK böyük işlər görüb. Təbii ki, həmkarlar
ittifaqlarının gördüyü
işlər sadalananlarla məhdudlaşmır
və onun hansı mühüm
missiyalar yerinə yetirdiyini
AHİK-in funksiyalarından da görmək olar. Belə ki, dövlət
orqanlarında üzv təşkilatların
mənafelərinin təmsil edilməsi, əmək və sosial-iqtisadi məsələlər üzrə
qanunvericilik aktlarının işlənib
hazırlanmasında iştirak etməsi, qanunlara, həmkarlar ittifaqı üzvlərinin
hüquq və mənafelərinə zidd olan qanunaltı aktlara yenidən baxılarkən
təkliflərin irəli sürülməsi, vətəndaşların
əmək hüquqlarının qiymətlərin və həyat
səviyyələrinin yüksəlməsinə uyğun olaraq qorunması
məqsədilə tədbirlərin həyata keçirilməsi,
məşğulluq sahəsində qanunvericiliyə əməl
olunmasına zərurətin təmin edilməsi,
beynəlxalq həmkarlar ittifaqı hərəkatında iştirak etməsi, tabelikdə olan və əməkçilərin sanatoriya - kurort müalicəsi
və istirahəti, ekskursiya - turizm, mədəni-maarif və idmanla
məşğul olan təşkilatların
fəaliyyətlərinin istiqamətləndirilməsi AHİK-in əsas funksiyalarıdır.
Qeyd edilənlərlə
yanaşı, ölkə iqtisadiyyatında çalışan
işçilərin sosial-iqtisadi vəziyyətinin
yaxşılaşdırılmasında Azərbaycan hökuməti,
Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyası arasında bağlanan üçtərəfli
Baş Kollektiv Sazişin rolu böyükdür. Bu saziş işçilərin layiqli
əməyini, yaşayışını və sərbəst
inkişafını təmin edən şəraitin
yaradılmasına təkan verir. Həmçinin qarşılıqlı əlaqələrin
sosial tərəfdaşlıq prinsipləri
əsasında inkişaf etdirilməsinə,
sosial-əmək münasibətlərinin dialoq,
kollektiv müqavilələr və
sazişlər vasitəsilə tənzimlənməsi mühiti formalaşdırır. Bəzi
işəgötürənlərin müqavimət göstərmələrinə
baxmayaraq, həmkarlar ittifaqlarının fəallığı
sayəsində ötən il işəgötürənlərlə
11890 kollektiv müqavilə və 130 saziş bağlanıb.
Adıçəkilən
sənəddə iqtisadi siyasət, əməyin ödənilməsi,
əhalinin gəlirləri və həyat səviyyəsi, əmək
bazası və əhalinin məşğulluğu, sosial
müdafiə, əmək hüquqlarının müdafiəsi,
əməyin mühafizəsi, sosial tərəfdaşlıq və
digər sahələrdə hər bir tərəfin öhdəlikləri
təfsilatı ilə əks olunur, onların icrası
üçün tədbirlərin həyata keçirilməsi
nəzərdə tutulmaqla, icrasına ciddi nəzarət
edilir.
Baş
Sazişin hazırlanması zamanı əldə olunan
razılıqlar real işə çevrilir. İşçilərin
sosial müdafiəsi baxımından
işəgötürənlərlə kompromis
qərarların qəbul edilməsi, kollektiv
müqavilələrə dair tövsiyələrə
əməl olunması, üçtərəfli əməkdaşlıq,
sosial dialoqun iştirakçıları
arasında qarşılıqlı əlaqələr qurmaq əsas məqsədlər
sırasında yer alır.
Bütün
bunlar indi cəmiyyətdə həmkarlar ittifaqlarına
böyük bir inam yaradıb. Çünki
həmkarlar ittifaqlarının fəaliyyətinin mühüm hissəsini təşkil edən məsələlər
sırasında işçilərin əmək
hüquqlarının müdafiəsinin həyata keçirilməsidir.
Araşdırmalar göstərir ki,
ötən illər ərzində Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasına ümumilikdə daxil olan ərizə-şikayətlərin
demək olar ki, 95
faizindən çoxu işçilərin
mənafelərinə uyğun olaraq öz müsbət həllini
tapıb. Həmkarlar ittifaqlarının bu
cür prinsipiallıq və obyektivlik göstərmələri, qərəzsiz
olmaları onlara inamı artırır. Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov da bildirir ki, bütün
vətəndaş cəmiyyətlərində həmkarlar
ittifaqlarının çox böyük çəkisi var.
Onun sözlərinə görə,
hazırda AHİK-in 1 milyon
600 minə yaxın üzvü var və ölkədə əhalinin əmək
hüquqlarının sosial müdafiəsinin
qorunmasında çox böyük
işlər görür.
Bu gün
Azərbaycan Həmkarlar İttifaqları respublikamızın
ictimai həyatında mühüm rol oynamaqla iqtisadiyyatın və
cəmiyyətin demokratik dəyərlərinin inkişafı
sahəsində qarşıda duran vəzifələri yerinə
yetirir, qloballaşmanın dərinləşməsi şəraitində
dünya həmkarlar ittifaqları ilə əməkdaşlığı
genişləndirir. Əhalinin
sosial-iqtisadi və məşğulluq
problemlərinin həlli üçün
hökumətlə sıx əməkdaşlıq edir, cəmiyyətdə mövqeyinin
güclənməsinə çalışır.
Düzdür,
müəyyən problemlərin mövcudluğu da
danılmazdır və bu əsasən, xarici şirkətlərdən
qaynaqlanır. Belə
ki, ölkəmizdə hələ bir sıra böyük
şirkətlərdə həmkarlar ittifaqı yaratmaq mümkün
olmayıb. Bunlara misal
olaraq "Coca-Cola",
"Pepsi-Cola", "Bakcell",
"Azercell" və digərlərini
göstərmək olar. Lakin
bu sahədə vəziyyətin də
müsbətə doğru dəyişəcəyi
heç bir
şübhə doğurmur.
Bununla
yanaşı, ölkə əhalisinin
sağlamlığının qorunması və istirahətlərinin
təşkili məsələlərinin həlli istiqamətində
həmkarlar ittifaqları genişmiqyaslı işlər
görür. Belə ki,
işçilərin və onların ailə üzvlərinin
məişət və istirahətinin təşkilinə, sağlam həyat tərzi sürmələri üçün şərait
yaradılmasına xüsusi önəm
verən Azərbaycan həmkarlar ittifaqları bu
məqsədlə onların sağlamlığının
qorunması və istirahətinin təşkili
sahəsində ciddi tədbirlər görür. AHİK-in
"Kurort" Səhmdar Cəmiyyəti
müalicəyə və istirahətə gələnlərin
normal müalicə və istirahətini təşkil
etmək məqsədilə hər il daxili imkanları hesabına yenidənqurma və
əsaslı təmir işləri aparır. Hal-hazırda həmkarlar
ittifaqlarının 1 kurort birliyi,
5 sanatoriya, 1 müalicə pansionatı və
istirahət evi fəaliyyət göstərir.
Bu müəssisələrin 12600
çarpayı fondundan yalnız 2250-si sanatoriya-kurort müalicəsi və istirahəti
üçün istifadə edilir. Bunun bir
səbəbi orada qaçqınların məskunlaşması,
çarpayı fondunun bir
hissəsinin işğal olunmuş
ərazilərdə qalmasıdırsa, bir
hissəsi də texniki cəhətdən istismara yararsız olduğuna
görə konservasiya edilməsidir.
Daha bir
önəmli məqam ondan ibarətdir ki, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası artıq 1995-ci ildən
başlayaraq, fərqlənən tələbələrə
adlı təqaüdlərin verilməsini də həyata
keçirir. Bu günə qədər
1500-dən artıq tələbəyə adlı təqaüd
verilib. Hər il təxminən
220 min tələbəyə isə həmkarlar
təşkilatlarının vasitəsi ilə pulsuz
yemək yeməsi üçün kartlar verilir.
İmkansız
tələbələrin illik təhsil haqqının bir hissəsinin
ödənilməsi üçün də konfederasiya rəhbərliyinin
təşəbbüsü ilə müvafiq tədbirin həyata
keçirilməsi qərara alınıb. Bütün bunlar həmkarlar ittifaqlarının nüfuzunu yüksəltməklə
yanaşı, onun cəmiyyətin, sosial-iqtisadi inkişaf prosesinin sürətlənməsində də
mühüm missiyalar
yerinə yetirdiyini göstərir.
Bayramov Rasim
Mövqe.- 2011.- 23 dekabr.-S. 14.