Tarixi erməni xəyanətkarlığı və məkri...

 

Onların bütün bəd əməlləri hər zaman fiaskoya uğrayıb Səkkizinci yazı

 

Dağlıq Qarabağın bir tərəfdən Azərbaycanın tarixi torpaqları kimi onun tərkibində saxlanması və bununla da digər Azərbayan torpaqları ilə tarixi bağlılıq ənənələrini davam etdirməsi, digər tərəfdən Dağlıq Qarabağ Muxtar Vilayətinə Azərbaycanın göstərdiyi xüsusi qayğı bu diyarın sovet hakimiyyəti illərində sosial-siyasi və iqtisadi inkişafı üçün müstəsna şərait yaratdı. Lakin 1980-ci illərin sonlarında Dağlıq Qarabağı Azərbaycandan ayırmağı qarşılarına məqsəd qoymuş erməni "ideoloqları" və onların himayəçiləri bunu açıq-aşkar inkar etməyə başladılar. Lakin faktlar faktlığında qalır. Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibində nə qədər yüksək inkişafa nail olması Vilayət Statistika İdarəsinin Stepanakertdə nəşr etdirdiyi statistik məcmuələrdə əksini tapmışdır. Sonralar məhz həmin Stepanakert bu nəşrlərə göz yummağa çalışmışdır. Halbuki onlara göz yummaq deyil, daha diqqətlə yanaşmağa böyük ehtiyac vardır.

Statistik məcmuələrdən biri muxtar vilayətin yaranmasından keçən 40 il ərzində (1923-1963) mədəniyyət, iqtisadiyyat, səhiyyə və s. sahələrdəki vəziyyət barədə yazmışdır: İnqilaba qədər (yəni 1917-i il Oktyabr çevrilişinədək) Dağlıq Qarabağda orta ixtisas təhsilli müəssisələr, kütləvi kitabxanalar, teatrlar yox idi. Şuşa şəhərində yalnız üç xüsusi mədəni-maarif müəssisəsi və bir xüsusi kinoteatr var idi. Hazırda Dağlıq Qarabağ Muxtar Vilayətində min nəfər şagirdin təhsil aldığı beş xüsusi orta təhsil müəssisəsi vardır. 930 min nüsxədən çox kitab fondu olan 164 kitabxana fəaliyyət göstərir. Kütləvi kitabxanalardan 150-si kənd yerlərindədir, onların kitab fondu 630 min nüsxəyə çatır. Stepanakert şəhərində M.Qorki adına Erməni Dövlət dram teatrı, Dövlət mahnı və rəqs ansamblı vardır. Vilayətdə 176 klub müəssisəsi vardır... Dağlıq Qarabağ elmi müəssisələrə də malikdir... Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranmasının ilk günündən ana dilində (erməni dilində) "Sovetakan Karabax" qəzeti çap olunur.Kənd təsərrüfatından bəhs olunarkən Dağlıq Qarabağın xış diyarından traktor və kombayn diyarına çevrildiyi təsdiq olunur. 1963-cü ilin əvvəllərində Dağlıq Qarabağın kənd təsərrüfatında 1,4 min ədəd traktor, 224 kombayn, 670 yük avtomobili və minlərlə digər müasir kənd təsərrüfatı maşını olduğu göstərilir. 40 il ərzində Dağlıq Qarabağ Muxtar Vilayətinin sənaye potensialının reallaşdırılmasında da xeyli iş görülmüşdü. 1940-cı ilə nisbətən 1962-ci ildə bütün sənayenin ümumi məhsulu 341%, elektrik enerjisi 945 % və artmışdı. 1960-cı illərin ortalarından sonra da vilayətin sosial-iqtisadi həyatı dinamik inkişaf etmişdi.

1965-1987-ci illərdə bütövlükdə Azərbaycan SSR, o cümlədən onun Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə iqtisadi və sosial inkişafa dair göstəricilərinin müqayisəsi həmin dövrdə muxtar vilayətin nə qədər yüksək templə tərəqqi etdiyini çox aydın göstərir. Buradan aydın olur ki, 1987-ci ildə hər 10 min nəfərdən sənayedə çalışanların sayı respublika üzrə 686, Naxçıvan MSSR üzrə 387 olduğu halda, Dağlıq Qarabağ Muxtar Vilayətində 657 olmuşdu. Adambaşına düşən ümumi kənd təsərrüfatı məhsulları müvafiq olaraq 588, 501 və 692 (!) idi və i.a. Sosial inkişafa dair göstəricilərə gəldikdə isə bu rəqəmlər nəinki Azərbaycan SSR, hətta Ermənistan SSR və bütövlükdə SSRİ üzrə rəqəmlərdən də xeyli yüksək idi. Hər 10 min nəfərə xəstəxana çarpayısı ilə təminat Ermənistan SSR-də 86,2, Azərbaycan SSR-də 97,7 olduğu halda Dağlıq Qarabağ Muxtar Vilayətində 101,7 idi və s. Hətta erməni separatçılarının Mərkəzdəki himayəçilərinin xüsusi cidd-cəhdləri nəticəsində Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafına dair qəbul etdiyi 1988-ci il 24 mart tarixli qərarının preambulasında da vilayətdə sosial və iqtisadi inkişaf sahəsində əldə edilmiş nailiyyətlər xüsusi qeyd edilirdi.

Separatçıların uydurduqları saxta məlumatların baş alıb getdiyi dövrdə də Azərbaycan onun tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi vəziyyətinə dair faktları olduğu kimi geniş ictimaiyyətin müzakirəsinə çıxarmaqdan çəkinməmiş, əksinə mövcud vəziyyətin daha da aydınlaşdırılmasında maraqlı olmuşdu. Buna görə də 1988-ci ilin gərgin mart günlərində Azərbaycan SSR Nazirlər Soveti yanında Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda Dağlıq Qarabağ Muxtar Vilayətinin iqtisadiyyatı: problemlər və perspektivlər mövzusunda "dəyirmi masa" təşkil edilmiş, onun materialları çap olunub geniş ictimaiyyətə çatdırılmışdı. Buna görə də həmin faktları burada sadalamağa ehtiyac görmürük. Yalnız həmin "dəyirmi masa"da SSRİ Elmlər Akademiyasının akademiki, "Əsas fondlar, kapital qoyuluşu və yeni texnikanın iqtisadi səmərəliliyi" problemi üzrə elmi şuranın milliyyətcə erməni olan sədri T.S.Xaçaturovun müzakirələrin sonundakı çıxışına diqqəti yönəltmək istəyirik. O, real vəziyyəti təsdiq edərək demişdir: Dağlıq Qarabağın məhsuldar qüvvələrinin daha da inkişafına dair məsələlər üzrə həmkarlarımla fikir mübadiləsi etmək mənim üçün çox xoş oldu. Etiraf edim ki, mən bu məsələ üzrə kifayət qədər tam informasiyaya malik deyildim və bizim söhbətimiz bu boşluğu müəyyən qədər doldurmağa imkan verdi. Göründüyü kimi, iqtisadçı(!) akademik T.S.Xaçaturov belə mühüm məsələdə kifayət qədər informasiyası "olmadığını" etiraf edir. Belə olduğu halda, digərlərindən bəhs etməyə dəyərmi?! Əslində isə Dağlıq Qarabağın Azərbaycandan qoparılması uğrunda mübarizədə erməni separatçılarına real vəziyyəti əks etdirən informasiya deyil, əksinə informasiyasızlıq lazım idi.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa muxtariyyət verildikdən sonra da istər Dağlıq Qarabağ, istər Ermənistan, istərsə də bu hüdudlardan kənardakı ermənilər separatçılıq fəaliyyətini dayandırmadılar. Erməni "siyasətçilərinin" susduqları dövrdə yazıçılar, şairlər və başqa zümrədən olanlar strateji məqsədin-separatçılığın daşıyıcılarına çevrildilər, daha doğrusu, "siyasətçilər" onları qabağa verdilər (bu erməni separatçılığının "tarixi" ənənəsidir!). Tanınmış erməni yazıçısı M.Şaginyan Dağlıq Qarabağa muxtariyyət verilməsindən az sonra "Dağlıq Qarabağ" adlı kitabça (1927) çap etdirdi. Bu "kitabçada" tarixi həqiqəti açıq-aşkar təhrif etdi; Ümumittifaq oxucusuna saxta və tendensiyalı məlumat verdi: "Naqorniy Karabax strana armyanskaya..." (A.3); "Naqorniy Karabax - feodalnaya oblast, dvoryanskiy kusoçek(?) Armenii" (A.5) və i.a.

1920-30-cu illərdə istədiklərinə nail ola bilməyən ermənilər 1941-1945-ci illər müharibəsindən sonra yenidən fəallaşdılar. 1945-ci ilin noyabrında Ermənistan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin katibi Qr.Arutyunov İ.Stalinə müraciət edərək Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin Qarabağ vilayəti adı altında Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında məsələ qaldırdı. Həmin müraciətin mətnini Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi katibi G.M.Malenkov 1945-ci il 28 noyabrda Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinın birinci katibi M..Bağırova göndərdi. Malenkov Ermənistan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin qaldırdığı məsələyə öz rəyini bildirməsini ona təklif etdi.Bağırov bununla əlaqədar 1945-i il dekabrın 10-da öz cavabını Moskvaya bildirdi. Bağırov cavabında yazırdı: "Tam məxfidir. Malenkov yoldaşa.

Ermənistan Kommunist (bolşeviklər) Partiyası MK-nın katibi Arutyunov yoldaşın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsi haqqında təklifi ilə əlaqədar Sizin teleqramınıza cavab olaraq məlumat verirəm: Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi qədim zamanlardan, mərkəzi 1747-ci ildə qarabağlı Pənah xan tərəfindən qala kimi tikdirilmiş Pənahabad şəhəri olan Qarabağ xanlığının tərkibində olmuşdur".

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" layihəsi çərçivəsində çap olunub.

 

 

Ağanisə Sultanova

 

Mövqe.- 2011.- 1 fevral.- S. 4.