"Sofya, sən aktrisa
olacaqsan"
Bu gün xalq artisti Sofya
Bəsirzadənin xatirə
günüdür
1918-c-
ilin soyuq fevral ayında Bakının "Sovetski"
deyilən məhəlləsində
yaşayan ailələrdən
birində bir qız uşağı dünyaya gəldi. Dil açıb
"Ata" deyəndə atasını
itirən bu uşaq yetkinlik yaşlarına anasının
və onlara hamilik edən dayısının himayəsində
gəlib çatır.
Bir gün hamı kimi onun da həyatında
gələcəyini müəyyən
edəcək həlledici
addım atmaq məqamı yetişir. Qız çox düşünüb-daşınır, ya tibb məktəbinə
girməlidir, ya da yaxınlıqda yerləşən və cazibə qüvvəsinə
düşdüyü teatr
məktəbinə. Qərarlı-qərarsız
sənədlərini götürüb
yola düşür. Yolüstü qərar verir ki, bir
teatr məktəbinə
baş çəksin.
Gəlir özü də bilmədən, yuxudaymış kimi sənədlərini verir,
bir neçə gün sonra ilk imtahana gedir. Onu imtahandan keçirən Rza Təhmasib "səni sınaq müddətinə
götürürəm " deyir, "özünü
doğrultmasan çıxıb
gedəcəksən." Bu sözlər gənc qızın heysiyyatına
toxunduğundan oxuduğu
müddətdə var
qüvvəsi ilə çalışır ki,
müəlliminin etimadını
doğrultsun. Düz,
o günə qədər
ki, nəhayət, Rza Təhmasib ona "hə Sofa, sən aktrisa olacaqsan" deyir. Bu minvalla da Azərbaycan
səhnəsinə Sona
Hacıyeva və Əzizə Məmmədovadan
sonra daha bir aktrisa qədəm
qoyur Sofya Bəsirzadə.
Bunları mənə
vəfatından bir il öncə özü danışmışdı.
Çox da böyük olmayan xudmani evində mizin arxasında oturmuşduq. Olan şəkillərini, haqqında
yazılanları, bir sözlə, xatirə boxçasını açıb
ortaya sərmişdi. Ayaqlarına sarmaşıb
əllərini tumarlayan
pişiyi hərdən
fikrini yayındırsa
da, həvəslə davam etdirdiyi söhbətindən qalmırdı:
"ilk iş yerim
Dram Teatrı oldu. Ora da mənim
müəllimim Rza Təhmasib dəvət etdi. Bir ara
dayım məni sənətdən uzaqlaşdırmaq
istədi. O, mənim teatr texnikumuna daxil olduğumdan xəbərsiz idi, elə bilirdi tibb texnikumunda oxuyuram. Bir dəfə
xəstələnmişdim, qrup rəfiqələrimizlə
birgə müəllimim
də yanıma gəlmişdi. Rza Təhmasibin gəlişindən
anamla dayım bildilər ki, mən teatr texnikumunda oxuyuram. Dayımı da elə Rza Təhmasib
yola gətirdi. Sonralar teatrdakı tamaşalarıma gələn
dayım fəxr edirdi mənimlə. Cavan, gözəl qız idim, baş rollar oynayırdım. Elə adamlar var idi
ki, teatra mənə tamaşa etmək üçün gəlirdilər."
Nədənsə son söz Sofya xanımın dodaqlarında
titrədi, gözləri
doldu. Onun söhbətlərinə elə
maraqla qulaq asırdım ki, əlində tutduğu şəklin də indi fərqinə vardım. Şəklə
bir xeyli təəssüf dolu məhəbbətlə baxıb
dedi: "Yoldaşımın
cavanlığıdır. Onunla
çox xoşbəxt
olmuşam. Mənə
görə tamaşalara
gələnlər arasında
yalnız o, mənim diqqətimi cəlb edirdi. Mərkəzi Komitədə işləyirdi.
Bir dəfə teatrdan Naxçıvana qastrola gedənlərin siyahısına mənim də adımı yazmışdılar. Etiraz
etdim, gördüm ki, fikir verən
olmadı. Yollandım,
düz, Mərkəzi
komitəyə. Həmin
bu adam mənim
şikayətimə baxdı.
Dedim ki, anam xəstədir, onun yeganə övladıyam, bu ağır günündə
yanında olmalıyam.
Məni elə gözəl təbəssümlə
qarşılayıb, yola
saldı ki, xatirəmdə əməllicə
iz buraxdı. Ondan sonra hər
tamaşama gəlirdi,
ön sıralarda otururdu. Bir dəfə
bütün qohum-əqrəbası
ilə gəlmişdi,
başa düşdüm
ki, məni onlara tanıtmaq istəyir. Bir gün də tamaşadan çıxıb
evə tələsirdim,
teatrın tinində kəsdi qarşımı.
Qısa-konkret dedi ki, mən uşaq-muşaq
deyiləm, fikrim ciddidir. Mən də öz növbəmdə dedim, mən də uşaq-muşaq deyiləm
ki, küçə tinində söz verəm. Sabahısı gün elçilər gəldi evimizə. Bir gün sonra
nişan oldu, iki gün sonra
toy. Daha bütün qastrollara, tamaşalara məni özü müşayiət edirdi. İlk övladımızı
sənətimə qurban
verdim, heç dünyaya gətirmədim
ki, əl-ayağıma
dolaşmasın. Şükür
ki, bu səhvi
bir daha təkrar etməyib, sonrakıları saxladım.
Mənim sənətdə
qalmağımın da
səbəbkarı o oldu."
Beləcə şirin-şirin
söhbətlərlə ayrıldıq
Sofya xanımdan. Bəxti gətirən sənətkarlardan idi. Hərdən onun çəkildiyi filmləri
göz önündən
keçirirsən "Bizim
Cəbiş müəllim",
"Şərikli çörək",
"Yol əhvalatı",
oynadığı tamaşalar
"Göz həkimi",
lap sonuncu "Tənha
qadınlar"a qədər,
adamın çöhrəsinə
təbəssüm qonur.
Son tamaşanı oynadığı
Bələdiyyə Teatrından
bir az incikliyi
vardı. Amma onu sona qədər
açıqlamadı. Bir
yağışlı yanvar
günündə özü
ilə məzara apardı. Deyirlər kim ki, dəfn
olunanda yağış
yağır, deməli,
o, adam üçün
göylər ağlayır,
yeri cənnət olacaq.
Mövqe.- 2011.-8 fevral.-S.13.