"Erməni
məsələsi"nin ortaya atılmasında Qərb
dövlətlərinin rolunun dövri mətbuatda əksi
II yazı
Türklər hər zaman erməni xalqına hörmətlə
yanaşmış və
bu iki xalq
arasında münasibətlər
çox səmimi olmuşdur.
X əsrdə səlcuqlular
Anadoluya ayaq basarkən ermənilər
onları sevinclə qarşılamışdılar. Çünki Bizans imperatorluğu
ermənilərə zülm
edirdi, onların heç bir milli hüququnu tanımırdı. Malazgirtdə 1071-ci ildə türklər Bizans ordusunu darmadağın edəndən
sonra Arp Arslan bu xalqla
şəfqət və
hörmətlə davranırdı.
Türk
tarixçisi Erol Kürkçüoğlu qeyd edir ki, ermənilər
Bizansa olan düşmənçilikləri səbəbindən
türklərin Anadoluya gəlməsinə sevinmişlər, hətta
türklərə yardım da etmişlər. O yazır:
"Türklər ermənilərin imdadına yetişməmiş
olsaydı, hakim millətlər onları içlərində əridib
yox edəcəkdi. Türklər onların inancına sahib
çıxmış, Erməni Qriqorian Kilsəsinin fəaliyyətinə
imkan yaratmışdı. Əgər belə etməsəydi,
bu gün "Erməni kilsəsi" gündəmə gəlməyəcəkdi".
Osmanlı dövlətinin ilk quruluş illərində erməni-türk
münasibətləri daha da inkişaf etmişdir. Osman Qazi
1324-cü ildə Bursanı paytaxta çevirdikdən sonra
Kütahyada yaşayan ermənilərin buraya yerləşməsi
barədə xüsusi göstəriş vermişdir. 1453-cü
ildə İstanbul fəth ediləndən sonra Fateh Sultan Məhmət
Bursadakı erməni ruhani rəhbərini İstanbula gətirərək
burada erməni patriarxlığı qurdurmuşdur. Bu
münasibət erməniləri başqa ölkələrdən
Osmanlıya axın etməyə sövq etmişdir. Onlar
heç bir ölkədə görmədikləri, sabit və
xoşbəxt həyat tərzini, firavanlıq və
rahatlığı bu ölkədə görmüşlər.
Yavuz Sultan Səlim zamanında Doğu Anadolu və Cənubi
Qafqazın Osmanlıya qatılmasına burada yaşayan ermənilər
də sevinmişlər. Ermənilər Osmanlı hakimiyyəti
altında çox hürr və xoşbəxt
yaşamışlar. Dövlət işlərində və
sarayda onlara çox mühüm vəzifələr etibar
edilmişdir. Birinci Məşrutiyyət Məclisində (1876)
fəaliyyət göstərən 48 millət vəkilindən
9-u erməni olmuşdu. Parlamentin sədr müavini vəzifəsinə
erməni Ovanes Allahverdi seçilmişdi. Osmanlı dövlətinin
son onilliklərində xarici ölkələrdə işləyən
çoxsaylı erməniəsilli səfir və konsullar
Türkiyə dövlətinə sədaqətlə xidmət
edirdilər.
Məsələn,
erməni Diran Aleksanyan bəy Belçika, Diran Tırqır bəy
Berlin, Yervand Misakyan London, Hrand Düz bəy Messina, Miqran
Kavafyan Brüssel, Harutyun Markaryan Belqrad, Azaryan Malta, Levon
Yeremyan Paris, Ohannes Nafilyan Tiflis, Ohannes Quyumçuyan Roma və
onlarca digər ölkə və şəhərlərdə
türk hökümətini təmsil etmişlər. İkinci
Osmanlı parlametində bu erməni millət vəkilləri təmsil
olunmuşlar: Kirkor Zöhrab, Petros Hallacyan, Akon Babikyan, Akop
Boyaçıyan, Nezavet Dağaveryan, Stepan İspartalyan,
Qaregin Basdırmaçıyan, Vartakes Serengülyan, Geğam
Ter-Karapetyan, Vahan Papazyan.
Göründüyü
kimi, ermənilər Osmanlı dövlətində heç
zaman milli basqıya məruz qalmamışlar. Onların
qayğı və diqqət gördükləri dövlətə
qarşı çıxmalarının çoxlu səbəbləri
olmuşdur. Bu səbəbləri aşkarlayıb təhlil etməyə
çalışacağıq.
"Erməni məsələsi"nin
ortaya atılmasında xristian missionerlərinin rolu və mətbuatın
bu məsələlərə münasibəti
Latın
dilində "göndərmək" anlamı verən
"misyon" sözu xeyli geniş məna yükünə
malikdir. Eyni məqsəd uğrunda birləşmiş müəyyən
bir qrupun iradəsini başqa qruplara çatdırmaq, həmin
qrupun təbliğatını aparmaq üçün
xüsusi tapşırığa malik şəxsə və
şəxslərə "missionerlər" deyilir. Missionerər
öncə xristianlığı yaymaq məqsədi ilə
yaradılmış ideoloji mərkəzlərdə
hazırlanmışlar. Bu səbəbdən həmin
missiyanı daşıyanlar əsasən din adamları
olmuşlar. Amma əsas məqsəd dini təbliğat olsa da,
zaman-zaman bu iş siyasi və ideoloji zəmində də
formalaşdırılmağa başlanmışdır. Dini təbliğatın
özünün içərisində həm də siyasi mənafelərin
qorunması məqsədi olmuşdur ki, bu da son nəticədə
missiyanın nədən ibarət olduğunu ortaya qoyur.
VI
və VIII əsrlərdə irlandiyalı keşiş
missionerlər Şotlandiya, Fransa, Almanya, İsveçrə,
İtaliya və başqa yerlərə səyahətlər etməyə
başladılar. Avropanın digər yerlərində
xristianlıq təbliğatı aparmaq məqsədi geniş
vüsət aldı. Almanlar və yunanlar tərəfindən
xristianlığın təsir dairəsinin az olduğu Şərq
ölkələrinə, o cümlədən Şərqi
Anadoluya və Qafqaza missionerlər göndərmək kilsənin
ən böyük vəzifələrindən biri
sayılırdı və qeyri-xristian ölkələrə səyahət
edən missionerlər çox böyük hörmət və
izzət sahibi olurdular. Müsəlman ölkələrinə
gedənlərin yalnız dini təbliğat
aparmadıqları məlum idi. Onların məqsədi təkcə
müsəlmanları xristianlığa sövq etmək deyil,
dövlətin hərbi qüdrəti, xalqın
yaşayış tərzi, adət-ənənəsi, zəif
və qüvvətli cəhətləri barədə məlumat
toplamaq, bugünkü terminlə desək, hərbi, iqtisadi və
siyasi casusluqla məşğul olmaq idi. Modern mənada
missionerlik XVII əsrdə müstəmləkəçilik
siyasəti aparan dövlətlərin əsas təbliğat
vasitəsinə çevrilməyə
başlamışdı, müstəmləkəyə
çevirdikləri ölkələrdə dil və dinlərini
yaymaq, bu yolla onları əsarətdə saxlamaq, həmin
ölkələrin maddi zənginliklərini sümürmək
üçün əlverişli vasitə və alət idi. Onlar
missionerlik fəaliyyəti apardıqları ölkələrdə
yerli xalqa və ona məxsus dövlətə qarşı
narazı olan etnik millətləri ələ almağa və
onların üzərində gələcəyə
hesablanmış bir növ yatırım qoymağa
başlayırdılar.
Osmanlı
dövlətində missionerlərin cəlbedici hesab etdikləri
etnik toplum ermənilər idi. Xristianlar, protestantlar və yəhudilərlə
yanaşı, qriqorian ermənilərə daha çox diqqət
yetirilirdi. Osmanlı imperatorluğunda aparılan missionerlik fəaliyyətlərini
iki dövrə bölmək olar. Birinci dövr 1820-1860-cı
illəri əhatə edir ki, bu dövrdə artıq missiya fəailiyyəti
üçün konkret məkanlar müəyyənləşdirilmişdi
və onların hədəflərinin nələrdən ibarət
olduğu aydınlaşdırılmışdı. Yuxarıda
qeyd etdiyimiz kimi, bölgədə yaşayan xristian, protestant,
yəhudi və müsəlmanlar arasında təbliğat
aparmaq ən ümdə vəzifə idi və bunu çox
bacarıqla həyata keçirirdilər. Çünki həmin
missiyalara mane ola biləcək bir qüvvə və dirəniş
yox idi.
1860-cı
ildən sonra başlayan ikinci dövrdə missionerlər yəhudi
və müsəlmanları xristianlaşdırmağın
çox çətin olduğunu görüb fəaliyyətlərini
ermənilər üzərinə keçirmişdilər. İkinci
dövr missionerlik fəaliyyəti aşağıdakı
bölgələri əhatə edirdi: Suriya və Fələstin
missionu, Mərkəzi Türkiyə missionu, Qərbi Türkiyə
missionu, Nasturiaysor missionu, Şərqi Türkiyə missionu,
bolqar missionu. Bütün bunlar Osmanlı imperatorluğunun əraziləri
idi və bu ərazilərin əksər hissəsində əsas
dayaq kimi erməni milləti götürülürdü və
missiya təkcə səyahətlər və
"İncil"in təbliği xarakteri
daşımırdı. Missionerlərin fəaliyyəti və
maliyyə yardımı ilə burada öncə məktəb
və kollec, Talas liseyi, yatılı (internat) qız və
oğlan liseyi, Bitlis Protestant liseyi, Bursa Amerika qız liseyi,
Mardin qız liseyi, Mardin oğlan liseyi, Adabazarı qız məktəbi,
Merzifon qız məktəbi, Xarput (indiki Elazığ)
İlahiyyat məktəbi, Maraş İlahiyyat məktəbi,
İstanbul Robert kolleci və onlarla başqa təhsil
ocaqları missionerlərinə aid məktəblər, kolleclər
və liseylər idi. Buraya daha çox erməni millətindən
olan uşaqlar cəlb edilirdi və gələcəkdə
onlardan istifadə etmək nəzərdə tutulurdu. Bir
missioner - David Brover Eddu o zaman öz fəaliyyətlərini
belə ifadə etmişdi: "Biz orada gələcək nəslin
liderlərinə təlim veririk" və onlar ilk
uğurlarını görməyə
başlamışdılar. Artıq Osmanlı
imperatorluğunda protestant kilsəsinin açılmasına da
nail olmuşdular. Corc Vithe "Bir amerikan missionerinin Merzifon
Amerikan Kolleci haqda xatirələri" adlı əsərində
göstərir ki, ermənilər "bədbəxt",
"təqibə məruz qalmış" milli
varlıqdır və onlara xüsusi mərhəmət
duyğusu ilə yanaşmaq lazımdır. Məhz onların
vasitəsilə bu yerlərdə bir çox missiyaları
yerinə yetirmək mümkündür. Kütlə olaraq nə
üçün məhz ermənilərin seçilməsinin
səbəbi bu cümlələrdə açıqca görülməkdədir:
"Ümumilikdə götürəndə (erməni din
adamları nəzərdə tutulur) bəsit, sadədövh və
bilgisiz kimsələrdir. Normal xalq isə fəqir və
acınacaqlı dərəcədə savadsızdır. Fəqət
nə erməni kilsəsi, nə də yunan kilsəsi papa tərəfindən
Roma katoliklərinin himayəsinə daxil edilməmişdi".
Mövqe.-2011.-8 fevral.- S.4.