Ermənilərin Şərqi Anadoluda erməni dövləti yaratmaq ideyasının mətbuat vasitəsilə təbliğ edilməsi

 

II yazı

 

Erməni millətçiliyini ortaya çıxaran səbəblərin bir qismi, şübhəsiz ki, kənardan gəlirdi. XIX əsrin ikinci yarısında Erməni Qriqorian kilsəsində müəyyən "daxili mübarizələr" başlamışdı, erməni məzhəbləri arasında rəqabət gedirdi. Katolikosluğun bütün dünya erməniliyi üçün dini liderlik anlamına gəlməsinə baxmayaraq, İstanbul Erməni Patriarxlığı imperatorluq içində həm dünyəvi, həm də digər səlahiyyətləri əlində cəmləşdirən ən ali dini məqam sayılırdı və ermənilərdən bir vasitə kimi istifadə etməyi qarşıya məqsəd qoyan Qərb missionerləri öncə kilsəyə təsir etmək istəyirdilər.

Erməni millətçiliyini qorumaq üçün "böyük güc"lərin içərisində Rusiya xüsusi rol oynamışdır. Patriarxlara aid dini və digər təhsil müəssisələrində, məktəblərdə və kolleclərdə "Ermənistan", onun coğrafiyası, şişirdilmiş ədəbiyyatı və tarixi öyrədilirdi. Burada eyni zamanda türk düşmənçiliyi toxumu da səpilirdi. Kilsədən, məktəb və kollecdən bu təbliğat get-gedə genişlənməyə başlamışdı. Hətta, iş o yerə çatmışdı ki, ölkənin ayrı-ayrı şəhərlərində və qəsəbələrində teatr səhnələri düzənlənir və burada "Azad Ermənistan" tamaşası göstərilirdi. İstanbulda belə teatr tamaşalarının göstərildiyi barədə o dövrdə çıxan qəzetlər tez-tez yazırdı. "Pors" ("Sınaq") qəzeti 1879-cu ildə bu barədə geniş məqalə vermişdi. Bir yandan kilsə, digər tərəfdən, Yaxın Şərqdə güddükləri məkrli məqsədləri naminə bu xalqı alət etmək istəyən dövlətlərin təbliğatı erməni millətçiliyinə rəvac verirdi. 1870-ci ildə bir erməni intibahnaməsində bu sözlər yazılırdı: "İyirminci əsr bir çox millətlərə hürriyyət bəxş edəcək. Azadlıq günəşi Masis təpəsindən Ermənistana hürriyyət şüaları səpəcək və yayacaq".

Bu intibahnamə də "Pors" qəzetində dərc edilmişdi. XIX əsrin sonuna doğru müstəqil bir "Ermənistan" qurulması üçün artıq bütün təbliğatı işlər görülmüş, Osmanlı erməniləri içərisində millətçilik toxumu səpilmişdi. Türkiyədə və xarici dövlətlərdə müxtəlif erməni cəmiyyətləri qurulmağa başlanmışdı.

Osmanlı hökuməti rəsmi şəkildə erməni millət məclislərinin təşkil edilməsinə icazə vermişdi. 1860-cı il mayın 24-də təşkil edilən "Erməni milləti məclisi - ümumiyyəsi" kilsə divarlarını çoxdan aşmışdı. Bir çox müəlliflərin iddiasına görə, ilk erməni cəmiyyəti olan və İstanbulda 1860-cı ildə qurulmuş "Xeyriyyə cəmiyyəti" xeyriyyəçilikdən çox başqa işlərlə məşğul olmuşdu. Gizli üsyanların planını bu təşkilat cızmışdı. Ermənilər və onların cəmiyyətləri qəzet buraxmaqla milləti bir araya gətirmək məqsədi güdürdülər.

Türkiyədə mətbuat sahəsində və çap işində monopoliyanı əlində saxlayan xaricilər erməni dilində qəzetləri həvəslə nəşr edirdilər. Vanda yerləşən Varan monastrında Mkrtıç Xrimyan 1857-ci ildə "Van qartalı" adlı qəzet nəşr etməyə başlayarkən bu bölgədə qəzet barədə təsəvvür belə yox idi. Bu qəzetdə və "Vaspurakan" adlı digər qəzetdə erməni millətçiliyi təbliğ edilirdi. Əlbəttə, bu qəzetdə "müstəqil Ermənistan", ermənilərin bu torpaqlara "sahiblik haqqı", milli mübarizəyə çağırışlar xüsusi yer alırdı. 1877-1878-ci illərdə rus-türk müharibəsində Osmanlının məğlubiyyəti erməni təşkilatlarının çoxalmasına səbəb oldu. Şərqi Anadolunun mərkəzi səhərlərində ermənilər bu cəmiyyətləri qurmaqla təşkilatlanmağa başladılar. Erməni müəllifi N.Geğamyan 1915-ci ildə Bakıda erməni dilində çap etdirdiyi "XIX əsrdə ermənilərin azadlıq mübarizələri" adlı kitabında erməni cəmiyyətləri barədə məlumat verir və bildirir ki, bu cəmiyyətlərin çoxu gizli fəaliyyət göstərirdi. Bu da onu göstərir ki, bu cəmiyyətlərin məramı xeyriyyəçilik deyildi. Onlar müəyyən siyasi məqsədləri özündə ehtiva edən quruluşlar idilər. Məsələn, 1860-cı ildə qurulan ilk erməni cəmiyyətinin məhz Kilikiyada müstəqil erməni dövləti yaradılması üçün gördüyü işləri erməni müəllifləri danmır və ona haqq qazandırırlar. 1866-cı ildə mayın 7-də İstanbulda qurulmuş "Ser" ("Sevgi") cəmiyyəti də Qərb missionerləri tərəfindən həm maliyyələşdirilmiş, həm də istiqamətləndirilmişdir. Bu cəmiyyətin, hətta mason lojası ilə əlaqələri də tədqiqatçılar tərəfindən qeyd edilir. Cəmiyyətin adının da masonluqla bağlı olduğu xüsusi vurğulanır. Məlumdur ki, mason lojasının parollarından biri "sevgi"dir. Digərləri isə birlik, təhsil, iş və müstəqillikdir ki, bunların hər birinə ayrı-ayrılıqda sahib çıxmaq üçün ermənilər çox ciddi iş aparırdılar. Çox keçmədən bu cəmiyyətlərin bir bayraq altında birləşmək ehtiyacı yaranarkən ermənilər dərhal bunu da etməyi bacardılar. İstanbulda qurulmuş "Araratyan" (1876), "Şərq" (1879), "Kilikiya" (1879) və başqa cəmiyyətlər 1880-ci ildə "Erməni birləşmiş cəmiyyəti" adı altında birləşdi və vahid erməni milli güc mərkəzi rolunda çıxş etməyə başladı. Şərqi Anadoluda qurulan cəmiyyətlərə isə əsasən Rusiya dəstək verirdi. Ərzurumda 1880-1880-ci illərdə "Silahlanmışlar cəmiyyəti", "Qadınlar cəmiyyəti", "Ana vətənin müdafiəçiləri", 1872-ci ildə "Qurtuluş üçün birlik", "Qara xaç" cəmiyyəti yaradılmışdı. Elə həmin illərdən başlayaraq Fransanın Marsel şəhərində burada yaşayan ermənilərin "Armenakan" partiyasına təsir imkanları böyük idi və 1885-ci ildə "Armeniya" adlı qəzetin nəşri üçün zəruri olan bütün xərcləri Fransa erməniləri böyük məmnuniyyətlə öz öhdələrinə götürmüşdülər. Qəzetin təsisçisi M.Portuqalyan bu orqanda "sultan hakimiyyətinin, türk paşalarının və kürd bəylərinin zülmündən" bəhs edən yazılar hazırlatdırır və partiyanın Vanda yerləşən mərkəzi qərargahına göndərir. Partiyanın güclü mətbuat orqanına sahibliyi nəticəsində təbliğat işi genişləndirildi. Tezliklə onun İranda, ABŞ-da, Cənubi Qafqazda və İstanbulda yerli təşkilatları, bölmələri yaranmağa başladı. Erməni yazıçısı Arşavir Darbinyan 1947-ci ildə yazdığı və Parisdə erməni dilində çap elətdirdiyi "Erməni azadlıq hərəkatının gündəliyi" (Xatirələr, 1890-1940) adlı kitabında göstərirdi ki, sonralar yaranmış "Daşnaksutyun" və "Hnçak" partiyaları bu partiyanın "şinel"indən çıxmışdı. "Türkiyə Ermənistanı" vilayətlərində, onun qəlbi olan Vanda-Vaspurakanda işləyirdilər. Onların fəaliyyət sferalarının şaxələnməsi əsas məqsəddən uzaqlaşmağa səbəb oldu. Əsas məqsəd isə "Erməni məsələsi"ni gündəmə gətirmək idi.

"Armenakan"ın "Armeniya" qəzetində dərc olunmuş proqramında deyilirdi: ""Armenakan" partiyasının məqsədi inqilabi yolla erməni xalqının müstəqil şəkildə öz həyatını qurmaq haqqını əldə etməkdir". "Armenakan" bu separatçı məqsədə nail olmaq üçün bu işləri görürdü: xalqı oyatmaq üçün intibahnamələr və xaricdə nəşr olunan qəzetlər yayır, nəzarətsiz ərazilərdə erməni drujinaçıları hərbi təlimlər keçir, hərbi dəstələr yaradılır, pul və silah əldə edilib paylanılır, Avropa ölkələrindən və Rusiyadan "ümumi mübarizə" üçün siqnal gözləyirdi. "Armeniya" qəzeti daha irəli gedərək açıq-açığına erməniləri ayağa qalxmağa, türkləri və kürdləri öldürməyə çağırırdı.

İrəvanda "Mitk" nəşriyyatı tərəfindən 1965-ci ildə erməni dilində buraxılan "Erməni məsələsi" və "Beynəlxalq diplomatiya" kitabında müəllif Ağasi Yesayan yazır ki, bu proqramı:

a) düşmən (yəni türk) ordusunda qulluq etmiş hərbçilərin gücündən istifadə etməklə;

b) ölkənin müxtəlif yerlərində türk ordusuna arxadan zərbə vuran dəstələrə güvənməklə;

c) müxtəlif yerlərdən əldə edilmiş silahları əhaliyə paylayıb onu ayağa qaldırmaqla həyata keçirmək mümkündür.

Bu isə açıq-açığına silahlı üsyan və dövləti çevirmək çağırışları idi. Ermənilərin yığcam halda yaşadıqları ərazilərdə qeyri-sabitliyin hökm sürməsində maraqlı olan Qərb dövlətləri və Rusiya bölgədə fəaliyyətlərini aktivləşdirmək üçün "Armenakan"dan başqa, daha bir neçə yeni təşkilatın yaranmasına ehtiyacın olduğunu dərk edirdi.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" layihəsi çərçivəsində çap olunub.

 

 

Mövqe.-2011.-11 fevral.-S.10.