Azərbaycanda
korrupsiyaya qarşı
mübarizə daha ciddi aparılmalıdır
Ölkədə ictimai
nəzarət daha da güclü
olmalıdır, rüşvətxorluğa, korrupsiyaya
qarşı mübarizə
daha da ciddi
aparılmalıdır. Bu məsələlərin
həlli ilə bağlı bu ilin əvvəlində
Nazirlər Kabinetinin iclasında
verdiyim tapşırıqlar yerinə yetirilir. Bunu prezident İlham Əliyev Qazax rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı
çıxışında bildirib. "Azərbaycanda
böyük işlər görülür,
hələ çox
işlər də görülməlidir. Biz
ölkəmizi müasirləşdirməliyik,
bütün cəhətlərdən
- həm siyasi islahatlar,
həm də iqtisadi islahatlar
baxımından inkişaf
etmiş ölkələrin
səviyyəsinə çatdırmalıyıq. Mən sizdən və Azərbaycanın bütün vətəndaşlarından
xahiş edirəm ki, bütün xoşagəlməz
hallar haqqında, bütün
ədalətsizliklər haqqında, əsassız tələblər
haqqında Prezident Administrasiyasına
və digər müvafiq
qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat
versin ki, biz bu nöqsanları, bu yaraları daha da tezliklə aradan qaldıraq"-İlham Əliyev deyib.
Prezident
bildirib ki, Azərbaycanın qarşısında çox
böyük perspektivlər var. "Azərbaycan, sözün əsl
mənasında, inkişaf etmiş ölkəyə
çevrilməlidir və bu, bizim məqsədimizdir. Mən
bu barədə fikirlərimi dəfələrlə
bildirmişəm. Baxmayaraq ki, dünyada inkişaf etmiş
ölkələrin sayı çox deyil, hesab edirəm, bizim
imkanımız var ki, biz bütün meyarlar üzrə o
sıraya daxil olaq. Bunu etmək üçün təkcə
iqtisadi uğurlar kifayət deyil. Ölkədə gərək
bütün sahələr ən yüksək meyarlarla
ölçülsün. Sosial təminat, infrastruktur layihələri,
sosial ədalət prinsiplərinin bərqərar olması, məhkəmə-hüquq
sistemində aparılan islahatlar və ədalətli qərarların
çıxarılması, icra orqanlarında şəffaflığın
təmin olunması, bütün maliyyə sistemimizdə şəffaflığın
maksimum dərəcədə təmin olunması, ictimai nəzarət,
demokratiyanın inkişafı - yəni inkişaf etmiş
ölkələr, bax, bu sahələrdəki uğurlar
hesabına inkişaf etmiş ölkələr hesab olunur. Biz
də bu yolla getməliyik, başqa yolumuz yoxdur. Bunu etmək
üçün, əlbəttə ki, təkcə rəhbərliyin
siyasi iradəsi kifayət etməz. Burada bütün ictimaiyyət,
bütün vətəndaşlar bir olmalıdırlar. Biz bir
məqsədə qulluq etməliyik ki, ölkəmiz inkişaf
etsin, güclənsin, sosial rifah daha da yüksək səviyyədə
olsun, iqtisadiyyat daha da möhkəm olsun. Belə olan halda
uzunmüddətli inkişaf strategiyamız öz nəticəsini
verəcəkdir"-İlham Əliyev
çıxışında söyləyib.
Dövlət
başçısı bildirib ki, sahibkarlığın
inkişafına böyük diqqət göstəriləcək.
"Azərbaycanda sahibkarlar sinfi formalaşır və mən
daim sahibkarlarla görüşürəm. Hətta xarici səfərlərə
də özümlə aparıram ki, biz onları beynəlxalq
bazarlara çıxaraq. Biz Azərbaycan iş
adamlarının beynəlxalq bazarlara çıxması
üçün siyasi fəaliyyət də göstəririk. Ölkə
daxilində sahibkarlığın inkişafı
üçün güzəştli şərtlərlə
uzunmüddətli kreditlər, subsidiyalar ayrılır. Əlbəttə,
siyasi dəstək çox vacibdir. Bəzi hallarda xüsusilə
sahibkarlara qarşı ədalətsiz hərəkətlərin
aradan qaldırılması üçün son zamanlar
çox ciddi tədbirlər görülür. Bu tədbirlər
mütəmadi qaydada görülür, amma mən hesab edirəm
ki, biz bu sahədə səylərimizi daha da gücləndirməliyik.
Əsassız müdaxilələrə, lazımsız
yoxlamalara son qoyulmalıdır. Azərbaycan öz
iqtisadiyyatını tam şəkildə bazar münasibətləri
prinsipləri üzərində qurubdur. Bazar
iqtisadiyyatının qanunları tələb edir ki,
sahibkarlıq sinfi güclənsin. Bizim böyük sənaye
müəssisələrimiz var, - neft-qaz sənayesi, digər sənaye
müəssisələri. Ancaq ölkəmizin inkişafı
üçün sahibkarlığın, orta və kiçik
sahibkarlığın inkişafı başlıca şərtdir.
Bu məqsədlə biz son illər Sahibkarlığa Kömək
Milli Fondunun xətti ilə güzəştli şərtlərlə
kreditlər ayırmışıq, vəsait vermişik. Bütün
bu işləri görmüşük, bununla bərabər,
yenə də deyirəm, bütün bu sahələrdə
şəffaflıq olmalıdır, ədalət
olmalıdır"-Prezident deyib.
Dövlət
başçısının sözlərinə görə,
Qazax rayonunda işlər çox yaxşı gedir. Böyük
quruculuq-abadlıq işləri aparılır, rayon inkişaf
edir, yeni müəssisələr yaradılır. "Əlbəttə,
bu məni çox sevindirir. Çünki bilirsiniz ki, Azərbaycanın
bütün regionlarında aparılan işlər bir məqsədi
güdür - bizim ölkəmiz daha da güclənsin,
inkişaf etsin və iqtisadiyyatımız çoxşaxəli
iqtisadiyyata çevrilsin. Biz tədricən buna nail oluruq.
2010-cu ilin nəticələri çox müsbətdir. Baxmayaraq
ki, dünyada maliyyə-iqtisadi böhran hələ də
hökm sürürdü, biz iqtisadi sahədə böyük
uğurlara nail ola bildik. Həm yoxsulluğun səviyyəsinin
azaldılmasında, həm də iqtisadiyyatın
inkişafında Azərbaycan qarşıda duran bütün vəzifələri
icra etmişdir. Regionların sosial-iqtisadi inkişafı
dövlət proqramı da uğurla icra edilir. Əgər
2004-cü ildə biz birinci proqramı qəbul etməsəydik,
əlbəttə ki, bu gün regionların inkişafından
söhbət gedə bilməzdi. Ancaq bu proqramın icrası nəticəsində
görülən işlər indi bu reallıqları
yaratmışdır. Biz bunu Qazax rayonunun timsalında da
görürük. Burada həm sosial obyektlər, sənaye müəssisələri
tikilir, həm də şəhər abadlaşır, yollar
çəkilir, bir sözlə, rayon inkişaf edir. Əvvəlki
illərdə burada olarkən bu gözəl Heydər Əliyev
Mərkəzinin açılışında birlikdə
iştirak etmişdik, müalicə-diaqnostika mərkəzi
açılmışdı. İndi İcra hakimiyyətinin
başçısı mənə məlumat verir ki, bu
diaqnostika mərkəzinin açılışının
çox böyük, müsbət təsiri olmuşdur. İnsanlar
keyfiyyətli, pulsuz tibbi xidmət alırlar. Nəinki Qazax
rayonunun sakinləri, Gürcüstanda yaşayan
soydaşlarımız da bu imkanlardan istifadə edirlər. Burada
indi tikilməkdə olan böyük konserv zavodu həm Qazax
fermerlərinin məhsullarını emal edəcək, eyni
zamanda Gürcüstanda yaşayan soydaşlarımıza da
bunun böyük müsbət təsiri olacaqdır.
Azərbaycanda
Qazax rayonunun xüsusi əhəmiyyəti var, xüsusi yeri
var. Bu rayonun inkişafı, əlbəttə ki, çox
böyük məna daşıyır. Bütün
rayonların inkişafı çox vacibdir. Amma xüsusilə
sərhəd bölgələrinin, paytaxtdan uzaqda yerləşən
rayonların inkişafına daha da böyük diqqət
göstərilir.
Burada
infrastruktur layihələrinin həyata keçirilməsinə
böyük diqqət verilmişdir. Bu gün artıq
Bakı-Gürcüstan sərhədi avtomobil yolu, demək olar
ki, hazırdır. Sadəcə olaraq, onun kiçik bir hissəsində
işlər tamamlanır. Bu da qazaxlılar üçün
böyük imkanlar yaradır. Çünki yol inkişaf deməkdir,
rahatlıq deməkdir. İndi buradan Bakıya rahat getmək
olar. Dəmir yolu nəqliyyatının inkişafı
üçün də tədbirlər görülür. Bir
sözlə, infrastruktur layihələrinin həyata
keçirilməsi, sahibkarlığın inkişafı,
sosial obyektlərin tikilməsi - Azərbaycanda bütün bunlar
planlı şəkildə aparılır. Məsələn,
bu gün Qazax rayonunda yeni məktəbin, gömrük məntəqəsinin
açılışı nəzərdə tutulmuşdur. Bir
sözlə, sosial obyektlərin tikilməsi, sənaye müəssisələrin
yaradılması ölkəmizi hərtərəfli inkişaf
etdirmək üçün şərait yaradır.
O
ki qaldı ölkədəki ümumi vəziyyətə, vəziyyət
yaxşıdır. Planlar
həyata keçirilir,
iqtisadiyyat artır. Energetika sektorunda əldə
edilmiş uğurlar, xüsusilə neft-qaz sənayesində görülmüş
işlər həm bizim maliyyə imkanlarımızı artırır,
həm də dünyadakı mövqelərimizi
möhkəmləndirir. Bizim artıq böyük valyuta ehtiyatlarımız var və özümüzü
çox rahat və əmin hiss edirik. Bununla bərabər, bütün
bu görülmüş
işlər onu göstərir ki, planlı şəkildə
qurulmuş iş olan yerdə nəticə də olacaqdır. Ancaq biz əldə edilmiş
nailiyyətlərlə kifayətlənməməliyik,
daha da böyük
işlər görməliyik,
iqtisadiyyatımızı daha
da gücləndirməliyik,
sosial siyasəti daha da gücləndirməliyik.
Keçən il minimum əməkhaqqı
və pensiyanın baza hissəsi artırılmışdır. Azərbaycanda orta əməkhaqqını
dollarla hesablasaq, 400 dollardan artıqdır.
Ancaq yenə də deyirəm, bu, bizi qane edə
bilməz. Bütün səylərimiz
ona yönəlməlidir
ki, Azərbaycan vətəndaşları daha
da yaxşı yaşasınlar. Düzdür, son yeddi ildə yoxsulluğun səviyyəsinin
4 dəfə aşağı
düşməsi böyük
nəticədir. Təxminən
44 faizdən 9,1 faizə düşməsi
görülmüş işlərin
nəticəsidir. Amma bu da çoxdur. Son yeddi ildə 900 mindən çox iş yeri açılmışdır
ki, onlardan 700 minə qədəri daimi iş yeridir.
İşsizliyin böyük hissəsi
aradan qaldırılmışdır,
amma hələ də işsizlik var. Xüsusilə 2011-ci ildə
və ondan sonrakı illərdə
biz bu sahələrə
xüsusi diqqət göstərəcəyik ki,
bütün çatışmayan
məsələləri həll
edək, çatışmayan
cəhətləri aradan
qaldıraq"-İlham Əliyev
nitqində söyləyib.
Prezident bildirib ki, bu gün Qazax
rayonunda olarkən bir daha demək
istəyirəm ki, mən rayonda gedən işlərlə
razıyam.
"Mənə mütəmadi qaydada məlumatlar verilir, burada
görülən işlər və bundan sonra görüləcək
işlər rayonun inkişafına çox müsbət təsir
göstərəcəkdir. Rayonda ictimai-siyasi vəziyyət də
yaxşıdır, iqtisadi vəziyyət də
yaxşıdır, sosial məsələlər də həll
olunur. Mən də çalışacağam ki, bundan sonra da
Qazax rayonunun inkişafı üçün səylərimi
göstərim. Gərək bu il də, sonrakı illərdə
də həm dövlət investisiya proqramı xətti ilə,
həm də kreditlərin verilməsi istiqamətində əlavə
tədbirlər görülsün ki, rayon daha da inkişaf
etsin, gözəlləşsin"-Prezident deyib. İlham Əliyev
deyib ki, o, öz işində Azərbaycan xalqına
arxalanır. "Bu arxanı, dayağı mən hiss edərək
bütün bu işləri görürəm. Bu olmasaydı,
Azərbaycanda heç bir iş görmək mümkün
olmazdı. Gələcəkdə bizi daha da böyük
işlər gözləyir. Azərbaycan artıq inkişaf
yolundadır. Biz bu inkişafı əbədi etməliyik. Elə
etməliyik ki, hər bir vətəndaş yaxşı
yaşasın, hər bir vətəndaşın problemləri
həll olunsun, ölkəmizdə bütün problemlər həll
edilsin və dünya miqyasında Azərbaycan daha da
güclü yerə malik olsun"-Prezident bildirib.
Mövqe.-2011.-11 fevral.-S.9.