Türkiyənin
sərt və kəskin mövqeyi erməniləri təşvişə
salıb
Yeni ilin ilk ayı Türkiyə-Ermənistan
münasibətlərində yeni gərginliyin başlanması
ilə yadda qaldı. Hər zaman Türkiyədən və
türklərdən güzəşt görən, əvəzində
isə, belə demək mümkünsə, çörəyi
dizinin üstündə olan ermənilər elə yanvar
ayının ilk günlərindən başqa bir münasibətin
şahidi oldular. Təbii ki, bunu həzm edə bilməyəndə
özlərinə məxsus, ermənisayağı üsullara əl
atmağa başladılar. Bu barədə bir qədər
sonra...
Türkiyənin
baş naziri Rəcəb Tayyib Ərdoğan bir müddət
öncə Qarsa səfəri zamanı bələdiyyə
başqanı və digər rəsmilərlə, eləcə
də bölgənin əhalisi ilə görüşündə
deyib ki, Qarsdakı türk-erməni dostluğunu ehtiva edən
abidə söküləcək. Ümumiyyətlə, tarixi-memarlıq
üslubuna zidd olan əcaib tikililər sökülməlidir.
O, sözügedən abidənin də eybəcər
olduğunu bəyan edib. Baş nazir onu da əlavə edib ki,
Qars vilayəti ermənilərin türklərin və azərbaycanlıların
başına açdığı çox
qırğınlara şahidlik edib. Burada yaşayan
insanların böyük əksəriyyəti iyirminci əsrin
əvvəllərində ermənilərin törətdikləri
vəhşiliklər nəticəsində öz dədə-baba
ocaqlarından baş götürüb bu torpaqlara gələn
insanlardır. Baş nazir onu da əlavə edib ki, hətta ermənilər
burada da onlara sakit yaşamağa imkan verməyiblər.
Türkiyənin xarici işlər naziri Əhməd
Davudoğlu da baş nazirin "İnsanlıq abidəsi"nin
sökülməsi fikrinə dəstək verib və deyib ki,
abidə şəhərin qədim memarlıq ahənginə
uyğun deyil. Qarsın mədəniyyətini əks etdirmir.
Qeyd
edək ki, iki il əvvəl ucaldılan abidə yerli sakinlərin
kəskin etirazına baxmayaraq, yerində qalırdı. Baxmayaraq
ki, bu barədə məhkəmə qərarı da var idi. Nə
qədər qəribə görünsə də, abidə
ucaldılarkən Ankaradan rəsmi icazə alınmayıb. "İnsanlıq
abidəsi" adlanan və türk-erməni dostluğunun
simvolu kimi təqdim edilən abidənin tikintisinə 2008-ci ildə
başlanıb. Abidə ucaldılsa da, tikintisi
yekunlaşmayıb.
Xatırladaq
ki, Qarsın sabiq bələdiyyə başqanı, ermənipərəstliyi
ilə tanınan Naif Əlibəyoğlunun təşəbbüsü
ilə hazırlanan, hündürlüyü 30 metr olan,
Türkiyədən və Ermənistandan görünən,
Türkiyənin ən böyük abidəsi olan
"İnsanlıq abidəsi" guya türklərlə ermənilərin
"tarixi" dostluğunun simvolu sayılırdı. Abidə
kağız üzərində olandan, daha doğrusu, layihə
dönəmindən bəri böyük mübahisə və
qarşıdurmalara yol açdı.
Qarsdakı
"İnsanlıq abidəsi"ni ermənilər qondarma
"soyqırım"ın etirafı kimi qələmə
verirdilər. Hətta erməni mətbuatı bunu türklərin
guya sonrakı peşmançılığı və
üzrxahlığı adlandırırdı. Abidənin
tezliklə tikilib başa çatmasını ən çox
istəyən və gözləyən də elə ermənilər
idi. Axı, bu, beynəlxalq aləmdə ermənilərə
qondarma "soyqırım" iddialarını daha geniş
miqyasda yaymaq üçün əlavə "şans" verəcəkdi.
Türkiyənin baş naziri isə onların bu
arzularını Qarsa səfəri zamanı gözlərində
qoydu. Qars
bələdiyyə başqanı Nevzat Bozkuş isə abidənin
qoyulmasında məsuliyyət daşıyan rəsmilərin
qanun çərçivəsində cavab verəcəklərini
istisna etməyib: "Bu, sırf hüquqi məsələdir,
hüququn qərar verəcəyi məsələdir. İndidən
nəsə desək, yanlış ola bilər". Onun
sözlərinə görə, türk-erməni dostluğunun
simvolu kimi ucaldılan abidənin söküləcəyi dəqiqdir.
Lakin o, söküntü işlərinin nə vaxt
aparılacağı barədə dəqiq söz deyə bilmədiyini
vurğulayıb: "Abidə Üçlər məhəlləsində
tarixi bir məkanda, türklər üçün önəmli
və müqəddəs bir yerdə ucalırdı. Buna etiraz
edəndə bizi dinləyən tapılmadı. Bundan sonra Ərzurum
və Diyarbəkrin Abidələr və Tarixi Əsərlər
təşkilatları abidə ilə bağlı qərar
çıxardı. Qərarda deyilirdi ki, abidə
sökülməlidir. O da qeyd olunmalıdır ki, həmin
abidədən cəmi əlli metr kənarda erməni məzarlıqları
var. Ermənilər də, təbii ki, öz xislətlərinə
uyğun olaraq, "İnsanlıq abidəsi"ni hər yerdə
"soyqırım abidəsi" kimi təqdim edir, guya bizim
qondarma "erməni soyqırımı"nı etiraf
etdiymizi bəyan edirlər".
Türkiyənin
baş naziri Rəcəb Tayyib Ərdoğanın
sözügedən bəyanatına Ermənistanın
cavabı özünü çox gözlətməyib. Belə demək
mümkünsə, erməni rəsmilərinin kürkünə
birə düşüb. Ölkənin kütləvi informasiya
vasitələrində isə bu məsələ gündəmə
çevrilib. Ermənistanın xarici işlər naziri Edvard
Nalbandyan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın
abidənin sökülməsi barədə
çıxışını təəssüf hissi ilə
qarşıladığını bildirib. İrəvanda
keçirdiyi mətbuat konfransında Nalbandyan deyib: "Erməni-türk
əlaqələrinin normallaşması prosesini ləngitməyə
yönəldilən hər bir addım bu prosesə yalnız zərər
yetirir. Mən bununla bağlı yalnız öz təəssüfümü
çatdıra bilərəm". Erməni mətbuatı isə
abidənin söküləcəyindən narahatdır. Onlar məsələyə
müxtəlif prizmalardan yanaşmaqla ictimai qınaq yaratmaq istəyirlər.
Hətta abidənin sökülmə qərarını
Türkiyə prezidenti Abdullah Güllə bağlayırlar.
Baş nazir Rəcəb Tayyib Ərdoğanın
"tarixi" erməni-türk dostluğuna zərbə
vurduğunu yazırlar.
Türkiyə
mətbuatında yayılan daha bir xəbər isə erməniləri
heç də sevindirmədi. Belə ki, Türkiyə sərhədinə
çox yaxın olan Ermənistandakı Metsamor Atom Elektrik
Stansiyasından radioaktiv maddələrin sızması ilə
bağlı məlumatlar yer alıb. Turkiyəli ekspertlər
artıq İqdır, Ağrı, Tunceli, Hakkari və
Şırnakdakı radiasiyanın səviyyəsini
ölçməyə başlayıblar. Dünyanın
beş ən təhlükəli nüvə stansiyasından
biri sayılan Metsamor atom elektrik stansiyası 1976-cı ildə
istismara verilib. 1989-cu ildə Spitak zəlzələsindən
sonra bağlanan stansiya 1995-ci ildə yenidən işə
salınıb. Avropa Birliyi 2003-cü ildən Rusiyanın idarəetməsində
olan stansiyanın təhlükəli olduğunu bəyan edərək
bağlanmasını tələb edir. Ermənistan hökuməti
isə istismar müddəti 2000-ci ildə başa çatan bu
stansiyadan yeni atom elektrik stansiyası fəaliyyətə
başlayana qədər istifadə edəcəyini bildirib.
Türkiyənin
ictimai təşkilatları da Metsamor atom elektrik
stansiyasının bağlanması tələbi ilə
çıxış edirlər. "Əsassız Erməni
İddiaları ilə Mübarizə Dərnəyi"nin rəhbəri
Göksal Gülbey deyib ki, Metsamor nüvə stansiyası
bölgə üçün böyük bir təhlükə
mənbəyidir: "Çatlar və sızıntı
yaranması səbəbindən bağlanan Metsamor atom elektrik
stansiyasının yenidən istifadəyə verilməsi
insanlıq üçün pis nəticələrdən xəbər
verir. Stansiyanın bağlanması üçün əvvəllər
dörd ölkənin Xarici İşlər Nazirliyinə məktub
göndərdik. Bu stansiya nəinki Türkiyə, eləcə
də Azərbaycan, Gürcüstan və İran
üçün böyük təhlükə mənbəyidir.
Bura dünyanın ən köhnə reaktorlarından birinə
malikdir. Bundan başqa, birinci dərəcəli zəlzələ
bölgəsində yerləşir. Çernobıl AES ilə
bənzər texnologiyadan istifadə edilən və sərhədlərimizin
yaxınlığında olan Metsamor AES ciddi təhlükədir.
Bütün dünyanın, o cümlədən Avropa Birliyinin
təhlükəli hesab etdiyi və bağlanmasını dərhal
istədiyi AES hələ də istismar edilir".
Hər
zaman Türkiyədən, belə demək mümkünsə,
özünə qarşı dözümlü davranış
görən Ermənistan, deyəsən, bu dəfə
türklərin gerçəyi göstərmələri və
sərtlikləri önündə davam gətirə bilmir. Sadəcə,
gülünc də olsa, qəribə bir fakt. "News.am" xəbər
saytı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın
Boğazda düzənlənən bir yarışmanın
başlamasını elan etmək məqsədilə havaya
qaldırdığı start tapançasını gerçək
silah kimi təqdim edir. Və guya "fotoqraf baş naziri əlində
silahla görüntülədi"-deyə xəbər
yayır.
Nəhayət,
Türkiyə onsuz da beynəlxalq aləmdə məyusluq
içərisində boğulan Ermənistanı bir daha məyus
etdi. Söhbət
AŞ PA-nın qış sessiyasından gedir. Belə ki,
AŞ PA-nın qış sessiyasında çıxış
edən Türkiyə prezidenti Abdullah Gül Azərbaycan- Ermənistan
münaqişəsinə xüsusi yer ayırıb və Azərbaycanın
ərazi bütövlüyünün hər kəs tərəfindən
tanındığını vurğulayıb. Türkiyənin
xarici işlər naziri Əhməd Davudoğlu AŞPA-nın
qış sessiyasında çıxış edib.
Çıxışdan sonra erməni parlamentarinin
sualını cavablandıran xarici işlər naziri deyib ki, Cənubi
Qafqazda münasibətlərin normallaşması təkcə
Türkiyə ilə Ermənistan arasında deyil, Ermənistanla
Azərbaycan arasında da münasibətlərin
normallaşmasından asılıdır. Əhməd
Davudoğlu xüsusi olaraq vurğulayıb ki, bu gün Ermənistan
Avropa Şurasına üzv olan bir ölkənin
torpaqlarının 20 faizini işğal edib. Bu da təşkilatın
əsas dəyərlərinin pozulması kimi qiymətləndirilir.
Əhməd Davudoğlu Türkiyənin Ermənistanla
münasibətlərinin normallaşmasını nəzərdə
tutan protokolların imzalanması məsələsinə də
münasibət bildirib. Onun sözlərinə görə,Türkiyə
qonşuları ilə bütün məsələləri
açıq şəkildə müzakirə etməyə
hazırdır. Mövcud problemlər bu normallaşmanın həyata
keçirilməsinə maneələr yaratdı. Əhməd
Davudoğlu Türkiyənin onu əhatə edən ölkələri
dost kimi gördüyünü də vurğulayıb. Əlavə
edib ki, əgər Ermənistan da ətrafında dost ölkə
görmək istəyirsə, Azərbaycanı da dost qismində
görməlidir. Belə olan halda Qafqazda sülh və sabitlik
bərqərar olar.
Ağanisə
Sultanova
Mövqe.- 2011.-11 fevral.-S.4.