Qoqolun "Evlənmə" əsəri Musiqili Komediya Teatrının səhnəsində

 

Artıq ikinci 100 illiyini yaşayan Musiqili Komediya Teatrı bir-birindən maraqlı layihələrə imza atır, cəmiyyətin mənəvi tərbiyəsi, xüsusilə də gənc nəslin yetkin hərtərəfli insan, vətəndaş kimi yetişməsi üçün onların dünyagörüşü və sənət zövqünün formalaşması işində bir sıra işlər görür. Bu məqsədlə teatr kollektivi vaxtı ilə bu səhnədə böyük uğur qazanmış retro tamaşaları təzədən səhnəyə gətirməklə yanaşı, bir sıra məşhur müəlliflərin və əsərlərin repertuara daxil edilməsi üçün yeni addımlar atır. Belə tamaşalardan biri dünya şöhrətli dramaturq Nikolay Qoqolun Azərbaycan peşəkar teatrında ilk dəfə səhnə həllini tapacaq "Evlənmə" komediyasıdır.

Azərbaycan Respublikasının xalq artistləri Məleykə Əsədova, Şükufə Yusupova bu dəfə teatrın yeni tamaşasında 100 illik səhnə ocağının aktyorları ilə birlikdə çıxış edəcəklər. Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi N.V.Qoqolun "Evlənmə" əsərində Aqafya Tixonovna obrazı Məleykə Əsədovaya, Fyokla İvanovna surəti Şükufə Yusupovaya həvalə olunub. "Evlənmə" sevimli aktrisaların Musiqili Komediya Teatrında debut tamaşasıdır.

"Evlənmə" komediyasında Podkalyosin roluna isə Gənc Tamaşaçılar Teatrının aktyoru Qurban İsmayılov dəvət olunub. Bu əsər böyük rus yazıçısının 200 illik yubileyinə həsr edilir. Tamaşanın musiqi rəhbəri əməkdar incəsənət xadimi, professor Yalçın Adıgözəlov, dirijor Fəxrəddin Atayev, quruluşçu rəssamı Nabat Səmədova, xormeyster Vaqif Məstanov, baletmeysterlər Zakir Ağayev Yelena Ağayevadır. Sevimli gülüş ustaları - xalq artisti Arif Quliyev, əməkdar artistlər Elçin Həmidov, Ramiz Məmmədov, aktyorlar Emma Məlikova, Çingiz Əhmədov, Ülviyyə Novruzova, Ziyadxan Cəbrayılov, Möylə Mirzəliyev, Elxan İsmayılov, Məhərrəm Qurbanov, Vüqar Hacıyev də "Evlənmə"də sənət dostları ilə eyni səhnəni bölüşəcəklər. Janrına görə qeyri-adi məzəli hadisə kimi səciyyələnən tamaşanın premyeraları fevral ayının 23-də və 24-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında oynanılacaq.

 

 

Mövqe.- 2011.-17 fevral.-S.13.