Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsindən
42 il ötür
O dövrdə SSRİ-nin tərkibində
olan respublikanın tarixinə yeni səhifələr
yazılmağa başladı
Qırx iki il bundan əvvəl, 1969-cu ilin iyulunda Sovet
Azərbaycanının tarixində gələcək müstəqil
Azərbaycanın tarixinə hesablanmış böyük və
misilsiz bir hadisə baş verdi. Bütün ömrünü
Azərbaycan adlı bir məmləkətin
varlığına bağlamış, taleyi Azərbaycan
adı ilə qoşa yazılmış xalqımızın
xilaskar oğlu, dünyanın ən böyük siyasətçilərindən
biri olan Heydər Əliyev ilk dəfə Azərbaycana rəhbərlik
etməyə başladı.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət
vəkili Mübariz Qurbanlı deyir ki, ulu öndər Heydər
Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin
42-ci ildönümünü qeyd edirik. Ulu öndərin 1969-cu
il 14 iyulda Azərbaycanda rəhbərliyə gəlməsi Azərbaycanın
ən yeni tarixinin dönüş mərhələsinin
başlanğıcı idi. Həmin dövrdə Heydər Əliyevin
siyasi rəhbərliyə gəlişinin əhəmiyyəti,
Azərbaycanın sonrakı mərhələdə əldə
etdiyi uğurları öncə ulu öndər Heydər Əliyevin
Azərbaycana rəhbərliyə gəlişinə qədərki
vəziyyətə nəzər salmaq lazımdır. Hər
bir hadisədə nailiyyəti, mənanı anlamaq
üçün mütləq müqayisə aparmaq
lazımdır. Heydər Əliyev və müstəqil Azərbaycan.
Bunlar biri-birinə bağlı olan məsələlərdir.
Biz Heydər Əliyevin siyasətindən danışanda
müstəqil Azərbaycanın quruculuğunu aydın şəkildə
görürük. Müstəqil Azərbaycanın
Konstitusiyası Heydər Əliyevin şah əsəri olaraq
Azərbaycan dövlətinin iqtisadi-siyasi əsaslarının
müəyyənləşdiricisidir. Azərbaycan dövlətçiliyinin
söykəndiyi təməl prinsipləri Heydər Əliyev tərəfindən
yaradılıbdır.
1969-cı ildə ulu öndər Heydər Əliyevin
Azərbaycanda siyasi hakimiyyətə gəldiyi dövrdə həm
SSRİ-i məkanında, həm Azərbaycanda sosial,iqtisadi,
siyasi, mədəni və ictimai həyata nəzər salsaq, Azərbaycanın
o dövrdə bir respublika kimi SSRİ-nin müttəfiq bir
respublikası kimi iqtisadi baxımdan ittifaq miqyasında digər
respublikalardan geri qaldığını görərik. İstər
kənd təsərrüfatının istehsalı, istər sənaye
məhsulu istehsalı baxımından müqayisəli şəkildə
baxdıqda, Azərbaycanın inkişaf etmədiyini
görürük. Azərbaycanın iqtisadi baxımdan
inkişafdan geridə qalması müşahidə olunurdu. Ulu
öndər Heydər Əliyevin hakimiyyətə gəlişi
ilə Azərbaycan qısa zaman kəsiyində ittifaq
miqyasında iqtisadi baxımdan özünü təmin etməyə
qadir olan respublikalar sırasına daxil oldu. SSRİ
dağılmaq ərəfəsində bir neçə
müttəfiq respublika iqtisadi baxımdan özünü təmin
edə bilərdi. Bunlardan biri Rusiya Federasiyası, Ukrayna, digəri
isə Azərbaycan idi. Qalan respublikalar Ittifaq büdcəsi
hesabına yaşayırdılar,ittifaq büdcəsindən əlavə
vəsaitlər alırdılar, halbuki Azərbaycan
özü-özünü maliyyələşdirmək
imkanına malik idi. Bütün bunlar da ulu öndər Heydər
Əliyevin hakimiyyətinin birinci dövründə
yaradılmış iqtisadi potensial sonrakı mərhələlərdə
müstəqillik illərində Azərbaycan üçün
çox əhəmiyyətli bir rol oynadı. Ulu öndər
Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətdə
olduğu birinci dövrdə gələcək müstəqil
Azərbaycanın iqtisadi, sosial, mənəvi və psixoloji
bazasını yaratdı. Hakimiyyəti illərində ulu
öndər Heydər Əliyevin həyata keçirdiyi daxili
siyasət sayəsində Azərbaycanda milli özünüdərk,
milli özünəqayıdış, milli vətənpərvərliyin
gücləndirilməsi baxımından əhəmiyyətli
addımlar atıldı. Milli şüurun inkişafı,
milli tarixin öyrənilməsi, milli kadrların yetişdirilməsi,
o cümlədən, Azərbaycanda milli ruhun yüksəldilməsi
istiqamətində keçirilmiş bir çox tədbirlər
sonrakı dövrdə, bizim üçün, millətimiz
üçün, dövlətimiz üçün çox
ciddi rol oynadı. Ulu öndər Heydər Əliyevin gələcək
müstəqil dövlətin köklü, fundamental əsaslarını
hakimiyyətinin ilk dövründə yarada bilmişdi. Ulu
öndər Heydər Əliyevin hakimiyyəti ilə
bağlı çox əhəmiyyətli tədqiqat işləri,
fundamental kitablar yazılıbdır. Ulu öndər Heydər
Əliyevin hakimiyyət illəri Azərbaycanın
dönüş, dirçəliş dövrü idi. Ulu
öndər Heydər Əliyevin yaratdığı həmin əsaslar
1988-ci ildə Azərbaycana qarşı Ermənistanın ərazi
iddialarının yenidən baş qaldırdığı bir
vaxtda özünü xalqın ayağa qalxmasında büruzə
verdi. Ümummilli lider Heydər Əliyevin yetişdirdiyi milli
kadrlar müstəqil Azərbaycanın yaradılmasında rol
oynamaqla ərazi bütövlüyünün qorunmasında
ciddi iş apardılar. Dahi rəhbərimizin
başladığı siyasət milli ordunun quruculuğu
istiqamətində, iqtisadi-sosial həyatda atılan addımlar
bizim üçün çox əhəmiyyətli bir rol
oynamaqdadır. Ümummilli lider Heydər Əliyev böyük
bir yolun başlanğıcını qoyubdur. 1993-1998, 1998-2003
-cü illərdə Azərbaycanın rəhbəri olduğu
dövrdə başladığı müstəqil Azərbaycanın
quruculuğu işlərini davamlı olaraq həyata
keçirmişdir və müstəqil dövlətin
quruducusu, yaradıcısı kimi Azərbaycan tarixində
ümummilli lider səviyyəsində özünə yer
tutmuşdur. Ulu öndər Heydər Əliyevin
yaratdığı müstəqil Azərbaycan dövləti
1969-cu ildə başladığı siyasətin məntiqi
davamıdır. Bu yol güclü, qüdrətli, zəngin,
lider yolu deməkdir. Bu yol bütün dünya azərbaycanlıların
azərbaycançılıq ideologiyası ətrafında
birləşdirilməsi deməkdir. 42 il bundan əvvəl
başlanan yol bundan sonra Azərbaycan üçün
aparıcı yol olacaq və Azərbaycan xalqı daimi ulu
öndər Heydər Əliyev yolu ilə gedəcəkdir.
Ümummilli lider Heydər
Əliyev Azərbaycan
dövlətçiliyinin fundamental prinsipini yaradıbdır. Hər bir dövlət
müəyyən ideoloji,
siyasi prinsiplərə
söykənir. Ulu öndərimiz
Azərbaycan dövlətçiliyi,
Azərbaycanın inkişafı
üçün altı
mühüm prinsip müəyyənləşdirib. Bu prinsiplər içərisində
başlıca prinsip azərbaycançılıqdır. Azərbaycançılıq, eyni zamanda,
sosial ədaləti, qanunçuluğu və digər başqa prinsipləri də özündə birləşdirərək,
ölkəmiz üçün
əsaslı rol oynayır. Varislik prinsipi Azərbaycan
siyasətində çox
əhəmiyyətli yer
tutur və cənab Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Azərbaycan dövlətinin söykəndiyi
varislik prinsipi dövlət idarə modeli, iqtisadi model. Eyni zamanda, əldə etdiyimiz uğurların növbəti mərhələdə
daha da inkişaf
etdirilməsi ilə ölkəmizin irəliyə
aparılmasına xidmət
edir. Varislik ictimai, iqtisadi,
siyasi, sosial, ideoloji baxımdan ölkənin inkişaf etdirilməsi deməkdir.
Ulu öndər Heydər Əliyevin siyasi varisi cənab Prezident İlham Əliyev ölkəmizin sürətli inkişafı
üçün çox
ciddi addımlar atır. Cənab Prezident Azərbaycanın
iqtisadi inkişaf modelini daha yüksək
səviyyəyə qaldırmışdır.
Bu gün dünyanı
bürüyən qlobal
iqtisadi böhran şəraitində Azərbaycanın
əldə etdiyi uğur, inkişaf göz önündədir.
Cənab
Prezident Zaqatalada əhali ilə görüşərkən ölkəmizin
iqtisadi inkişafının
dinamik xarakter aldığını bildirdi.
Bu iqtisadi uğurların
sizləri, bütün
Azərbaycan xalqının
yaşayış durumunu
daha da yaxşılaşmasına
yardımçı olduğunu
qeyd etdi. Azərbaycanın inkişafının əsasında dayanan
fundamental prinsiplər sırasında
varisliyin daha yüksək səviyyədə
qorunduğunu və inkişaf etdiyini Prezident İlham Əliyevin həyata keçirdiyi daxili, xarici siyasətdə qabarıq şəkildə
görürük. Bu gün ulu öndər
Heydər Əliyev siyasəti cənab Prezidentimiz İlham Əliyev tərəfindən
uğurla davam etdirilir və Qurtuluşdan böyük qələbəyə doğru
getməkdəyik.
Millət vəkili Aydın Mirzəzadə isə
bildirib ki, 1969-cu ilin 14 iyul günü hər bir azərbaycanlının
şərəflə yad etdiyi gündür. Bu gün ulu
öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi
gün olduğu üçün onun şah əsəri olan
Azərbaycanın parlaq tarixidir.
İlk öncə ulu öndər Heydər Əliyev
Azərbaycana rəhbərliyə gələnə qədər
respublikamızda mövcud olan durumu şərh edərkən,
onu qeyd etmək lazımdır ki, SSRİ vahid Dövlət
Proqramı ilə idarə olunsa da, Azərbaycanda iqtisadi,
siyasi, aqrar sahələr inkişaf etməmişdi. Hər
hansı bir inkişafdan söhbət gedə bilməzdi. Lakin
ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən
sonra ölkəmizdə bütün sahələr yüksək
sürətlə inkişaf etməyə başladı. Heydər
Əliyev xalqın içindən çıxdığı
üçün xalqın potensialını çox gözəl
bilirdi. Ümummilli liderin idarəçilik, liderlik qabiliyyəti
çox yüksək səviyyədə idi. Ulu öndər
Heydər Əliyev insanlarla gözəl ünsiyyət yarada
bilirdi, onların problemlərini dinləyir və problemlərin
aradan qaldırılmasının yollarını axtarıb
tapırdı. Xalqın Heydər Əliyevə inamı sonsuz
idi. Heydər Əliyev hakimiyyətə gəldiyi gündən
etibarən bütün sahələri paralel sürətdə
inkişaf etdirdi. İqtisadi, siyasi, mədəni, aqrar, elm, təhsil
sahələrində yüksək uğurlar və nəticələr
əldə olundu. Əhalinin əməkhaqları
artırıldı, insanlar daha rahat yaşamağa
başladı.
Heydər Əliyev hakimiyyətə gəldikdən
sonra ziyalılara inamı özünə qaytardı, mənəvi
ab-havanı yüksəltdi, milli dəyərlərin öyrənilməsinə,
qorunmasına böyük bir yol açdı, Azərbaycanda təhsilin
və səhiyyənin səviyəsinin qaldırılması
üçün hərtərəfli işlər
gördü, Azərbaycanın iqtisadiyyatını inkişaf
etdirdi, SSRİ-nin qabaqcıl universitetlərinə məzunlar
göndərdi. Ulu öndər Heydər Əliyevin dəstəyi
nəticəsində həmin dövrün mədəniyyət
xadimləri dünyada tanınmağa başladı. Ulu öndər
bir çox beynəlxalq tədbirlərin Bakıda
keçirilməsinə nail oldu. Qısa bir dövrdə dahi
öndər Heydər Əliyev Azərbaycanı elə bir
yüksək səviyyəyə çatdırdı ki, Onun
gördüyü işlərin xalqı, vətəni
üçün həqiqətən də, nə qədər
dəyərli olduğunu sübut etdi. Ulu öndər hər
zaman xalqımızı, xalqın ziyalılarını, milli
düşüncəli insanları qoruyurdu. O, heç bir sahəni
diqqət və qayğısından kənarda qoymurdu. Hər
bir sahənin inkişafına xüsusi qayğı ilə
yanaşırdı. Bu diqqət və qayğını əhalinin
bütün təbəqəsi görürdü. Heydər Əliyevlə
xalq arasında yaranan inam daimi və əbədi oldu. Bu
inamı heç nə sarsılda bilməz. Ümummilli liderin
hakimiyyətə gəlişini Azərbaycanın yenidən
dünyaya gəlməsi kimi qiymətləndirmək olar. O, Azərbaycanı
bütün dünyada tanıtdı. Bütün
dünyanın diqqəti Azərbaycana yönəldə bildi.
Dünya dövlətləri Azərbaycanla əməkdaşlığa
can atıb, ölkəmizlə dostluğa,
qardaşlığa söykənən əlaqələr qurdu
və bu özünü bu gün də göstərir.
Bütün bunlar Heydər Əliyevin rəhbərliyi nəticəsində
reallaşdı.
Ulu öndər Heydər Əliyev elə bir proqram
hazırladı ki, bu proqram Azərbaycanın uzunmüddətli
inkişaf proqramı oldu. Biz bu gün də, ümummilli
liderin proqramına əsasən inkişaf edirik. Cənab
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin
siyasi kursunu layiqincə davam etdirir və bu siyasi kursa əsasən
ölkəmiz yüksək səviyyədə inkişaf edir.
Cənab İlham Əliyev Heydər Əliyev yoluna sadiq
qalmaqla, ən yüksək səviyyədə davam etdirir.
A. Mənsumə.
Mövqe.- 2011.- 5 iyul.- S. 4.