REGİONLARIMIZ:
ŞƏKİ
Tarixi
Şəki rayonu (1968-ci ilədək Nuxa) 1930-cu ildə
təşkil olunmuş, 1963-cü ildə ləğv edilərək
ərazisi Oğuz (keçmiş Vartaşen) rayonuna
verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon
olmuşdur.
Coğrafi mövqeyi
Şəki şimal-şərqdə Dağıstanla
həmsərhəddir. Yevlax-Balakən dəmiryol və
avtomobil yolları Şəkinin ərazisindən keçir.
Relyefi
Şəki dəniz səviyyəsindən 500-850 m
hündürlükdə yerləşir. Baş Qafqaz silsiləsinin
qarlı zirvələrinin yüksəkliyi bəzi yerlərdə
3000-3500 m-ə çatır. Dağlarda Yura, Təbaşir,
dağ ətəklərində Neogen və Antropogen
çöküntüləri yayılmışdır.
İqlimi
Günəşli saatların illik miqdarı 2350
saatdır. Günəşli saatların 40 %-i yay
aylarının payına düşür. İl ərzində
1 kvadrat santimetr yer səthinə 122 kkal günəş
radiasiyası düşür. Şəkinin iqliminə siklon və
antisiklonlar, müxtəlif hava kütlələri və yerli
küləklər təsir edir. Qışda arktik və
mülayim hava kütlələrinin əraziyə daxil
olması havanın isti keçməsinə səbəb olur.
Yayda Şəkidə dağ-dərə yerli küləkləri
əmələ gəlir. Buna səbəb dağ ilə dərə
arasında təzyiq fərqinin yaranmasıdır. Böyük
Qafqaz silsiləsi şimaldan gələn soyuq küləklərin
qarşısını kəsir. Buna görə Şəkidə
yanvar temperaturu 0,50C olur. Şəkidə orta illik
temperatur 120C-dir. İyun,
avqust aylarında orta temperatur 20-250C arasında dəyişir.
Güclü küləklər (sürəti 15 m/san
çox) Şəkidə seyrək hallarda əsir, il ərzində
cəmi 10-12 gün güclü külək olur. Sürəti
saniyədə 1 metrdən az olan külək Şəkidə
tez-tez müşahidə olunur. Yağıntının
miqdarı ilə 730 mm-dir. Bunun yarısı may, iyun, sentyabr,
oktyabr aylarında yağır. Ən azı,
yağıntı avqust (35 mm), yanvar (29 mm) və fevralda (36 mm)
olur. Kiş kəndində 775 mm, Xan yaylağında 1000 mm-dən
artıq yağıntı düşür. Sel, tufan,
güclü dolu kimi təbiət hadisələri Şəkidə
və onu əhatə edən dağ və düzənliklər
üçün səciyyəvidir.
Sel hadisəsi daha tez-tez müşahidə edilir.
Yatağı şəhərin qərb hissəsinə
yaxın olan Kiş çayı hövzəsi dünyanın ən
güclü sel gedən yerlərindən biri sayılır.
Quruçay adlanan yerdə Kiş çayının gətirmə
konusuna uzun illər boyu dağlardan qum, daş, palçıq
toplanmış olduğundan onun mərkəzi hissəsi şəhərin
Dodu məhəlləsinə nisbətən
hündürdür. Tufan və dolu atmosfer hadisələrinin
burada sıx əlaqəsi vardır. Dağlıq relyef, yay
aylarında güclü qızma və yüksək buxarlanma
Şəkidə dolu hadisələrinin əsas amilləridir.
Şəkidə dolu olan günlərin orta illik sayı
1,4-dür, yəni 10 ildə 14 dəfə dolu yağır.
Dəniz səviyyəsindən 500-850 m
hündürlük, ətrafında olan dağ meşələri
şəhərin qızmasının qarşısını
alır. Dağ meşələri şəhərin sellərdən
qorunmasına imkan verir, şəhərin mənzərəsini
daha da gözəlləşdirir. Çimli dağ-çəmən,
qonur dağ-meşə, qəhvəyi dağ meşə,
çəmən-meşə, boz qonur torpaqlar
yayılmışdır. Meşələrdə palıd,
fıstıq, vələs ağacları geniş sahə
tutur. Heyvanat aləmi zəngindir.
Şəhərin əsas çayları Kiş və
Qurcana çaylarıdır. Kiş Əyriçayın
sağ qolu olub uzunluğu 33 km, hövzəsinin sahəsi 265
kvadrat kilometrdir. Baş Qafqaz silsiləsinin cənub
yamacından 2900 metr yüksəklikdən başlayır.
Zaqafqaziyanın ən selli çaylarından biridir. Yuxarı
axında Damarçın adlanır.
İri yaşayış məntəqələri
Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə,
63 kənd vardır.
Əhalisi
• azərbaycanlılar: 148862 nəfər;
• ruslar: 231 nəfər;
• ləzgilər: 7469 nəfər;
• avarlar: 15 nəfər;
• ukraynalılar: 128 nəfər;
• türklər: 45 nəfər;
• tatarlar: 61 nəfər;
• gürcülər: 13 nəfər;
• kürdlər: 47 nəfər;
• ermənilər: 7 nəfər;
• digər millətlər: 475 nəfər.
İqtisadi xarakteristikası
Şəki iri taxılçılıq rayonudur.
İqtisadiyyatında üzümçülük, meyvəçilik,
baramaçılıq, heyvandarlıq da mühüm yer tutur.
Rayonda üzüm emalı müəssisəsi,
tütün-fermentasiya zavodları, ət-süd kombinatı, sənaye
kombinatları, meşə təsərrüfatı vardır.
Maddi-mədəni irsi
Memarlıq abidələrindən Şəki xan
sarayı, Şəkixanovların evi, Giləkli məscidinin
minarəsi, məscid, qala divarları, Dairəvi məbəd
(XVII-XIX), Zəyzit məbədi (XI-XII), Kiş alban məbədi
mühafizə olunur.
Mətbəx
Şəki özünün çox zəngin mətbəxi,
ilk növbədə Şəki pitisi və Şəki
paxlavası ilə məşhurdur.
Yerli media
Regionda "Şəki" (əvvəlki adı
"Şəki fəhləsi"), "Şəkinin səsi",
"İpəkçi", "Şəki bələdiyyəsi",
"Region Şəki", "Şəki Təhsili",
"Şəffaf Biznes" mətbuat orqanları fəaliyyət
göstərir.
Şəki şəhərinin Gerbi
Gerbdə Şəki qalasının fonunda ortada ay və
ulduzu xatırladan səkkizguşəli şəbəkə
elementi təsvir edilmişdir. Şəbəkənin
önündə şahə qalxmış ağ at göstərilir.
Gerbin aşağısında ipək parça üzərində
ağ rənglə "Şəki" sözü
yazılmışdır. Qala və ipək parça müxtəlif
tonlu göy rənglə, şəbəkə isə Azərbaycan
bayrağında olduğu kimi göy, qırmızı,
yaşıl rənglərlə işlənmişdir. Qala adətən
müdafiə xarakteri daşıdığı
üçün gerbdə əsas rəsmi əhatə edir. Ay
və səkkizgüşəli ulduz Azərbaycan
bayrağında həkk edilmiş, bu isə şəbəkə
elementində öz əksini tapmışdır. Sənətkarlar
diyarı Şəkinin rəmzinə işarə olaraq şəbəkə
elementi göstərilib. Ağ, şahə qalxan at fiquru
qalibiyyət rəmzi, eləcə də XVIII əsr Şəki
xanlığının pul vahidində həkk edilmiş at rəsmindən
götürülmüşdür. Atın baş hissəsində
qədim Azərbaycanda atların başında yalına bərkidilmiş
xüsusi metal əşya göstərilir.Qədim ipəkçilik
diyarı sayılan Şəki gerbdə çəkilmiş
ipək parça üzərində "Şəki"
sözü ilə əks etdirilmişdir. Beləliklə, gerbdə
Şəkidə ənənəvi tikinti materialı hesab
olunan çay daşından inşa edilmiş qala, müsəlman
şərqinə məxsus qala qapısı, ay və ulduzu
xatırladan xalq sənətimiz şəbəkə, qalibiyyət
rəmzi at, ipəkçilik kimi elementlər göstərilmişdir.
Göstərilmiş rəng və elementlər üç min
ildən artıq yaşı olan Şəkinin
keçmişini, bu gününü və əsas xarakterini
açıqlayır.
Gerbin müəllifi Şəki şəhərinin
sakini, Daşkənd Rəssamlıq İnstitutunun
"Qrafiaka" fakültəsinin məzunu, Azərbaycan Rəssamlar
İttifaqının üzvü Tahir Əhmədiyyə
oğlu Həmidlidir.
Gerb 2001- ci ildə Şəkinin rəssam və
memarları tərəfindən bəyənilmiş, Şəki
şəhər rəhbərliyi tərəfindən təsdiq
edilmişdir.
Mövqe.- 2011.- 8 iyul.- S. 10.