REGİONLARIMIZ: ŞƏKİ

 

Regionlarda İKT sürətlə inkişaf edir

 

Şəki rabitəsi

 

"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"ndan irəli gələn məsələlər bütün regionlarda olduğu kimi Şəkidə də uğurla yerinə yetirilir. Maraqlı təbiəti, tarixi abidələri, saf və təmiz qəlbli insanları ilə seçilən Şəkidə bütün istiqamətlərdə olduğu kimi rabitə və informasiya texnologiyaları sahəsində də sürətli inkişaf müşahidə olunur. Ən müasir texnologiyaların tətbiq edildiyi Şəkidə həyata keçirilən tədbirlər uğurlu nəticələrin əldə olunmasına şərait yaratmışdır.

 

İnformasiya və kommunikasiya texnologiyaları

 

İnformasiya və kommunikasiya texnologialarının inkişafına görə Şəki həmişə öndə olub. Rayonda bu sahənin inkişaf etdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində ucqar dağ kəndlərində belə, insanların telefon rabitəsi ilə yanaşı digər multimedia xidmətlərinə çıxışı təmin olunmuşdur.

Şəki TKQ-nin rəisi Məhəmməd Əhmədov RİTN "Aztelekom" İB-nin və rayon icra hakimiyyətinin dəstəyi ilə rabitəçilərin öhdəsinə düşən işlərin yüksək səviyyədə yerinə yetirildiyini qeyd etdi. O, sözlərinə davam edərək bildirdi ki, qovşaq hər bir şəkilini yüksək səviyyədə rabitə xidmətləri ilə təmin etmək prinsipini əldə rəhbər tutaraq bu istiqamətdə də uğurlu nəticələr əldə etmişdir. Belə ki, CDMA tipli stansiyanın montaj tutumu daha 100 nömrə artırılaraq ümumi tutum 1500 nömrəyə çatdırılmışdır. Hal-hazırda simsiz telefonlardan istifadə edənlərin sayı 1408 nömrəyə çatdırılmışdır. Bu xidmətdən yararlanmaqla ən ucqar yaşayış məntəqələri də rabitə xidməti ilə təmin olunmuşdur. Qovşaq üzrə montaj tutumu 25282 nömrə, istifadə tutumu isə 24653 nömrədir. Bu rəqəmlər bu ilin əvvəlinə uyğun olaraq 25046 və 24483 olmuşdur. Qovşaq tərəfindən mütəmadi nəzarət olunan 15 iqtisadi və texniki göstəricinin hamısı yerinə yetirilmişdir.

 

İnkişaf edən kənd rabitəsi

 

M.Əhmədov kənd rabitəsinin daha mükəmməl şəkildə qurulması üçün tədbirlərin davam etdirildiyini bildirdi. Belə ki, bu işlərin tərkib hissəsi olaraq Baş Göynük kəndindəki EATS-in tutumunun genişləndirilərək 1024 nömrəyə çatdırılması üçün montaj işlərinə başlanılmış, Baş Küngüt kəndində EATS-in ümumi tutumunun 256 nömrəyə çatdırılması üçün montaj işləri başa çatdırılmış, artırılmış 128 nömrə üçün şəbəkənin tikilməsinə lazım olan mal-materialın sifarişi "Aztelekom" İB-yə verilmiş, Bideyiz kəndində EATS-in tutumu daha 128 nömrə artırılaraq 256 nömrəyə çatdırılaraq bütün nömrələr vətəndaşların istifadəsinə verilmiş, Kiçik Dəhnə kəndində EATS-də olan 512 nömrə boş tutum üçün xətt şəbəkəsinin işlənməsi məqsədilə material sifariş verilmiş və kabellərin alınmasına başlanılmış,Turan qəsəbəsində stansiyanın tutumu 8, Suçma kəndində isə 32 nömrə artırılaraq mənzillərin telefonlaşdırılması təmin olunmuşdur.

M.Əhmədov plan və tapşırıqların icrası istiqamətində də uğurlar əldə edildiyini bildirdi. Belə ki, bu ilin 6 aylıq plan və tapşırığı 101.0 faiz yerinə yetirilmişdir. Göstərilən xidmətlərə görə vəsaitin toplanmasında yüksək mütəşəkkillik göstərilmişdir və bunun nəticəsidir ki, qovşaqda debitor borcu minimum həddədir.

 

İnternetə çıxış imkanları artıb

 

Qovşaqda informasiya və kommunikasiya texnologiyalarının inkişafı istiqamətində də işlər davam etdirilmişdir. Bu gün rayon ərzisində internet istifadəçilərinin sayı 8200 nəfərdir. ADSL şəbəkəsi genişləndirilmiş, EATS-4, EATS-5 və EATS-6-da "DataPlus" avadanlığı, Baş Zəyzid kəndində 16 portluq ADSL avadanlığı quraşdırılmışdır ki, bununla genişzolaqlı rabitə xidmətindən istifadə edənlərin sayı 275 abunəçiyə çatdırılmışdır.

ADSL avadanlığı vasitəsilə genişzolaqlı rabitə xidmətlərindən, yüksək-sürətli internet xidmətindən və eyni zamanda bir telefon xətti ilə telefon rabitəsindən və internet xidmətlərindən istifadə edənlərin sayı artır. Rayon ərazisində 19 ədəd internet klub fəaliyyət göstərir. Qovşağın nəzdində olan internet klub vasitəsilə əhaliyə yüksək keyfiyyətli xidmət göstərilir.

Sonda M.Əhmədov kollektivin əməyini yüksək qiymətləndirərək bildirdi ki, onlar işini daha yaxşı qurmaqla gələcəkdə də əhaliyə göstərilən rabitə xidmətinin keyfiyyətinin daima yaxşılaşdırılması üçün daha səylə çalışacaqdır.

 

Poçt

 

Bu gün çiçəklənmə dövrünü yaşayan Azərbaycan poçtu yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu mərhələdə daha mükəmməl inkişaf trayektoriyası ilə hərəkət edən Şəki Regional Poçt Filialı xidmət keyfiyyətini bir qədər də artırıb. Filial ənənəvi xidmətlərlə yanaşı, vətəndaşlara yüksək keyfiyyətdə qeyri-ənənəvi xidmətlər də göstərir. Artıq poçt deyəndə yalnız məktubların, poçt bağlamalarının, pul baratlarının qəbulu məntəqəsi deyil, elektrik enerjisi, ŞAD, abunə və qaz haqlarının, danışıq kartlarının, lotereya biletlərinin satışının da təmin olunduğu çoxsahəli xidmət şəbəkəsinə malik bir xidmət müəssisəsi başa düşülur.

 

Yeni texnologiyalar, yeni inkişaf

 

Şəki RPF bu sahədə olan inkişafı qoruyaraq daha böyük nailiyyətlər əldə etmək üçün səylərini artırıb. Şəki Regional Poçt Filialının rəisi İsmayıl İmamov bizimlə söhbətində bildirdi ki, RİTN "Azərpoçt" MMC-nin və icra hakimiyyətinin dəstəyi ilə günü-gündən inkişaf edən Şəki poçtu yeni texnologiyaların tətbiqi ilə ötən ilin avqust ayından barat əməliyyatlarını AKİS sistemindən istifadə etməklə həyata keçirir. Bundan başqa, ötən ilin sonundan teleqram, sifarişli məktub, bağlama və banderolların qəbulu və göndərilməsi Colvir sistemi vasitəsilə həyata keçirilməyə başlanmışdır ki, bu da poçt rabitəsi sahəsinin növbəti uğurudur. Hal-hazırda filialda rayon əhalisinə 30 adda xidmət göstərilir. Bu ilin 6 aylıq plan və tapşırıqlarına nəzər saldıqda filialın daha böyük uğurlar əldə etməyə iddialı olduğunu görmək olar. Belə ki, Şəki Regional Poçt Filialında 2010-cu ilin 6 ayı ərzində quruculuq və yenidənqurma işləri ilə yanaşı, maliyyə sahəsində də uğurlar əldə olunaraq plan və tapşırıqlar 100 faiz yerinə yetirilmişdir. Əhaliyə göstərilən pullu rabitə xidmətinin həcmi illik 100840 manat proqnoza qarşı 106930 manat, yəni 6090 manat artıq gəlir əldə edilmiş, proqnoz 106 faiz icra olunmuşdur.

Bu ilin onlar üçün quruculuq ili olduğunu bildirən İ.İmamov Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonun Kiş, Baltalı, Köbər Zəyzid kəndlərində milli üslublu poçt şöbələri tikilərək əhalinin istifadəsinə verildiyini bildirdi. Hazırda Aydınbulaq, Şəkikənd kəndlərində də yeni binalar tikilir. 2013-cü ilədək Daşüz, Baş Künküd və 1 saylı poçt şöbələri üçün yeni binaların tikintisi nəzərdə tutulub.

Bütün uğurların əldə olunmasında Şəki RPF-nin kollektivinin səyini çox yüksək dəyərləndirən rəis onların bütün ictimai tədbirlərdə də fəal iştirakını qeyd etdi. Rəis daha sonra onlara yaradılan şəraitdən istifadə edərək daha böyük nailiyyətlər əldə edəcəklərini bildirərək kollektivin bundan sonra da rayon sakinlərinə və qonaqlara yüksək keyfiyyətli poçt rabitəsi xidməti göstərəcəklərini qətiyyətlə qeyd etdi.

 

 

Mövqe.- 2011.- 9 iyul.- S. 10.