Lütfi-Zadə: "Heç zaman azərbaycanlı olduğumu gizlətməmişəm, əksinə, bununla qürur duymuşam"

 

- Uşaqlıq illərinizi indiki böyüməkdə olan uşaqların mühiti ilə müqayisə edəndə hansı fərqləri görürsünüz?

- Uşaqlıq və gənclik illərimi 12 yaşıma qədər Bakıda, 19 yaşıma qədər isə Tehranda keçirmişəm. Geriyə dönüb baxanda düşünürəm ki, belə mühitdə böyüdüyüm üçün necə xoşbəxt olmuşam. Təbii ki, uşaqların yadında daha çox şeylər qalır. Yəni elə xatirələr var ki, onların yaddaşına əbədi həkk olunur. Uşaqlığımın bütöv bir hissəsi Bakıda keçib. Hər şey olduğu kimi yadımdadır. Bəzən, dünyanın harasında olur-olsun, jurnalistlərin sevdiyi suallardan biri də budur ki, yenidən doğulsaydınız, necə yaşamaq istərdiniz. Və ya yenidən dünyaya gəlsəydiniz, filan peşəni seçərdinizmi? Mənim belə suallara cavabım birmənalıdır. Jurnalistlərin təbirincə desəm, yenidən dünyaya gəlsəydim, elə bu həyatı, bu ömrü yaşamaq istərdim. Böyük Yaradanın taleyimə yazdığı ömrü. Uşaqlığımı, Bakıda keçən günlərimi, ailəmizlə bərabər keçirdiyim illəri tez-tez xatırlayıram. Bütün bu xatirələr məndə yalnız xoş hisslər oyadır. Təbii ki, Bakı nə mənim uşaqlıqda gördüyüm, nə də 1965-ci ildə birgünlük səfərlə gəldiyim Bakı deyil. Hər şey yaxşı mənada çox, mən deyərdim ki, müqayisəyəgəlməz dərəcədə dəyişib. Bütün bunlar insanda xoş hisslər doğurur. Dəyişməyən yalnız o doğmalıqdır. Bu, hər addımda hiss olunur. Demək olar ki, bütün dünyanı gəzmişəm. Bakıda isə, özümü başqa cür hiss edirəm. Bu hissin adına doğmalıq desəm, yəqin ki, daha doğru olar. Tehran da mənim üçün əzizdir. Yeniyetməlik, gənclik illərim Tehranda keçib. Bu şəhərlə bağlı da xatirələrim çoxdur. Sualınıza qayıtsam, deyə bilərəm ki, hər dövrün, belə demək mümkünsə, öz tələbləri var. Mənim uşaqlıq, gənclik illərimin mühiti başqa idi. Yəqin ki, bu dövrdən baxanda indiki nəsil üçün bu, bambaşqa, fərqli görünə bilər. Bu mənada, mənim uşaqlıq illərimlə indiki uşaqların mühiti tamamilə fərqlidir. Əlbəttə, yaxşı mənada, böyük inkişaf da var. Deyə bilərəm ki, indiki, uşaqların, gənclərin düşüncəsi, əhatə dairəsi, dünyagörüşü də fərqlidir. Bu gün gənclərə təsir edən neqativ detallar var. Məsələn, içkiyə, narkotiklərə aludə olurlar.

- Həyatınızın ən böyük uğuru olan qeyri-səlis məntiq üzrə ilk məqalənizi çap etdirəndə onun qəbul olunacağını düşünürdünüzmü?

- Bəli, mən bilirdim ki, bu çox vacibdir. Lakin heç zaman bunun dünya şöhrətli fenomen olacağını istəmirdim. Mənim gözləntilərim daha çox təvazökar idi. Elmi araşdırmalarımın əsasında belə bir fikir dururdu: təbii dilə əsaslanan real insan mühakimələri ənənəvi riyazi formalizmlər çərçivəsində verilə bilməz. O zaman mənim novator ideyalarım müxtəlif elmi dairələrdə, xüsusilə "xalis riaziyyatçılar" arasında ehtiyatla, bəzi hallarda isə soyuq qarşılanırdı. Əlbəttə, bu soyuqluğu hiss edirdim, ancaq özümə inanırdım.

- Böyük tarixi əhəmiyyətə malik olan qeyri-səlis məntiq bütün dünyada rezonans doğurub elmdə yeni bir istiqamətə təkan verib. Bu gün bu nəzəriyynin tətbiqi ən müxtəlif sahələri əhatə edir. Yəqin ki, buna görə çox məmnunsunuz?

-Bu gün mən inkişafdan bəzən məmnun oluram, bəzən yox. Lakin mənim özümün xudbin, eqoist fikirlərim yoxdur. Heç vaxt hiss etməmişəm ki, vacib insanam. Düşünmüşəm ki, sevdiyim, istədiym bir işlə məşğul oluram. Bəlkə işimi çox sevməyimin, ona böyük məsuliyyətlə yanaşmağımın nəticəsində uğur qazanmışam. Özümü başqaları kimi çox adi bir insan hesab edirəm. Hər zaman istəyirəm ki, olduğum yerlərdə insanlar məni özlərindən biri kimi qəbul etsinlər. Sadəliyə çox böyük üstünlük verirəm. Ümumiyyətlə, düşünürəm ki, insanın hansısa bir zirvəyə gəlib çatmasından, böyük uğurlar qazanmasından asılı olmayaraq onun ən böyük xüsusəyyəti sadəlik olmalıdır. Əgər sən sadəsənsə, ətrafındakı insanlarla xoş ünsiyyət qurmağı bacarırsansa, adamlar tərəfindən seviləcəksən, sənə hörmət edəcəklər. Yəni həddindən artıq diqqət mərkəzində olmağı, bütün nəzərlərin mənə dikilməsini istəmirəm. Yəni kim olmağıma böyük əhəmiyyət vermirəm.

- Geriyə dönüb qeyri-səlis məntiqin inkişafına və onun tətbiqinə nəzər saldıqda öz ideyalarınızın həyata keçməsinə yardım etmək üçün fərqli nə etmiş olardınız?

- Alimlərə və kompaniyalara mənim nəzəriyyələrimin onların işlərində nə dərəcədə faydalı ola bilməsini göstərməyə cəhd etmirdim. Belə şeyləri önə çəkmirdim. Əgər insanlar nəsə etmək istəyirlərsə, bu, çox gözəldir. Əgər istəmirlərsə, bu da yaxşıdır.

- Bakıda 43 il bundan əvvəl olmusunuz və aradan xeyli vaxt keçib. Anadan olduğunuz və uşaqlıq illərinizin bir hissəsini keçirdiyiniz doğma şəhər sizə necə təsir etdi?

- İstər Bakıya səfərimdən, istərsə də, prezident İlham Əliyevlə görüşümdən çox məmnunam. Məncə, əvvəlki sualınızda buna az da olsa, cavab verdim. İlk dəfə Bakıda 1965-ci ildə birgünlük səfərdə olmuşam. Lakin budəfəki səfərim məndə çox böyük təəssürat yaradıb. Ötən dövr ərzində ölkə xeyli dəyişib. Xeyli dəyişib demək azdır, Bakı başdan-başa dəyişib. Bakıda böyük abadlıq və quruculuq işləri ilə yanaşı, elm və mədəniyyətin inkişafı da yüksək səviyyədədir. Elə bunun nəticəsidir ki, Azərbaycanın paytaxtı, mənim anadan olduğum bu gözəl şəhər bu gün dünyanın sayılıb-seçilən toplantılarına ev sahibliyi edir. Təsadüfi deyil ki, son illər beynəlxalq, dünya miqyasında böyük önəm verilən tədbirlər Bakıda baş tutur. Nəzərə almaq lazımdır ki, bütün bunlara adi baxmaq olmaz. Buna birdən-birə, oturduğun yerdə qərar verilmir. Həmin şəhərin, elə ölkənin bütün parametrləri, inkişaf səviyyəsi, təhlükəsizliyi və digər amillər nəzərə alınır. Və uzun müzakirələrdən sonra belə qərar qəbul olunur. Bu gün Azərbaycan, onun paytaxtı Bakı doğrudan da sivilizasiyalararası dialoqun, tolerantlığın, Şərqlə Qərbin kəsişmə nöqtəsi olan bir məkandır. Bu, hər addımda hiss olunur. Azərbaycanda insan amili mövcuddur. Bura dünyanın az-az ölkələrindən biridir ki, din, dil, milli mənsubiyyət amili hiss olunmur. Bütün dinləri, millətləri təmsil edən insanlar heç bir ayrı-seçkilik olmadan çox rahat yaşayıb, fəaliyyət göstərirlər. Qaldı ki, anadan olduğum, uşaqlıq illərimin keçdiyi şəhərin bu səfərimdə mənə necə təsir etməsinə, yuxarıda qeyd etdiym kimi, insan özünü doğma evində, dünyaya göz açdığı şəhərdə necə hiss edər? Burada hər şey mənə əzizdir. Bakının, xüsusən İçərişəhərin hər daşı, divarı, hətta yalnız Bakıya xas olan küləyi mənə elə doğmadır kig Anadan olduğum şəhəri belə görməkdən böyük qürur hissi keçirdim. Bakı bir dünya şəhəridir. Bakı bəlkə də dünyanın yeganə şəhəridir ki, burada Şərqlə Qərbin vəhdəti açıq və mükəmməl şəkildə öz əksini tapıb. İnanıram ki, burada bir dəfə olan şəxs ( xarici vətəndaşları nəzərdə tutur -A.S) mütləq bir də Azərbaycanda, Bakıda olmağa can atacaq. Bir dəfə Xəzərin sahilində yerləşən bu şəhərdə olsan, o, sənin yaddaşına birdəfəlik həkk olunur. Keçmişlə müasirliyin, dünənlə bu günün, Şərqlə Qərbin vəhdəti, son dərəcə qonaqpərvər, istiqanlı azərbaycanlıların vətəni, dünyanın ən dadlı yeməklərinin məskəni kimig Mənim doğma Bakım haqqında o qədər söz demək olar ki. İnanmıram ki, dünyanın hansısa bir şəhəri qısa zaman kəsiyində bütün sahələrdə belə inkişaf etsin. Bu gün Bakı həm də bütün dünyada elmin, mədəniyyətin, incəsənətin, yuxarıda qeyd etdiyim kimi, tolerantlığın vətəni kimi tanınır. Əldə olunan bütün bu uğurlar prezident İlham Əliyevin elmə, mədəniyyətə qayğı və diqqətinin nəticəsidir.

- Sizin, belə deyək, qrafikinizin necə sıx olduğu hamıya bəllidir. Belə bir zaman çərçivəsində yenə də Bakıya gəlməyi düşünürsünüzmü?

- Dünyanın müxtəlif ölkələrindən beynəlxalq konfranslara, toplantılara dəvət alıram, qonaq kimi və digər qismlərdə dəvətlərim olur. Təvəzökarlıqdan uzaq olsa da, çalışıram, imkan daxilində dəvət aldığım yerlərdə iştirak edim. Əgər məni məsləhət bilib dəvət ediblərsə, demək, orada yerim var və orada olmağım vacibdir. Dünyada bir şəhər də var ki, o mənim anadan olduğum, uşaqlıq illərimin keçdiyi doğma Bakımdır. İnanın ki, bu şəhərdən uzaqda olsam da, bəlkə də çoxları belə deyib, ancaq səmimi olaraq bildirim ki, Bakı hər zaman qəlbimdədir. Əgər Azərbaycan haqqında kiçik bir xəbər eşidirəmsə, bu mənə qürur verir. Əlbəttə, Bakıya gəlməyi hər zaman düşünürəm. Qismət olsa, yenə də gələcəyəm.

- Şöhrətin zirvəsində olmaq insanda hansı hisslər yaradır? Yəni Lütfi- Zadə deyəndə, dünyanın ən ucqar nöqtələrində belə Sizin kim olduğunuzu bilirlər. Bütün dünya Sizi tanıyır və həsəd aparırg

- Başqalarını deyə bilmərəm, mənim üçün şöhrətin zirvəsində olmaq, insanların məni tanıması böyük bir məsuliyyət deməkdir. Bəlkə də zirvəyə gedən pillələri qət etmək, o zirvədə duruş gətirməkdən qat-qat asandır. Mən bunu təkcə elm yox, bütün sahələrə aid edirəm. Bilirsinizmi nəyə görə? O zirvəyə yüksələn şəxs çalışmalıdır ki, orada başı gicəllənməsin. Bir də daimi gözü addım-addım, çox çətinliklə, əziyyətlə gəlib çıxdığı o pillələrdə olmalıdır. Pillələri hansı çətinliklər bahasına qət edib, zirvəyə çatırsansa, yüksəldiyin o zirvədən enmək çox-çox asandır. İnsan çalışmalıdır ki, həmin zirvədə duruş gətirsin. Əgər duruş gətirdinsə, o zaman hiss edəcəksən ki, hələ qarşıda görməli olduğun nə qədər işlər var.

 

 

A. Mənsumə

 

Mövqe.- 2011.- 9 iyul.- S. 4.