Bakı Dövlət Universiteti haqqında bilirik?

 

Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edildi onun nizamnaməsi təsdiq olundu - Avropa Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradıldı. Universitet ilk tədris ilini 2 fakültə ilə - tarix-filologiya, tibb fakültələri 1094 tələbə ilə başladı. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olmuşdur.

Universitetin 1920-1930-cu illərdə aparıcı müəllimləri yazıçı Əbdürrəhim bəy Haqverdiyev, tanınmış şərqşünaslar - professor P.K.Jüze, professor A.O.Makovelski, professor A.O.Mişel və digər alimlər olmuşlar. Həmin dövrlərdə universitet rəhbərliyinin dəvəti ilə Bakıya öz ixtisasları üzrə mühazirələr oxumaq üçün N.Y.Marr, V.V.Bartold, Şərq Elmlər Akademiyasının akademiki Fuad bəy Köprülüzadə universiteti ziyarət etmişlər. Məşhur həmyerlimiz, Nobel mükafatı laureatı Lev Landau 1922-1924-cü illərdə bu universitetdə təhsil almışdır.

Təəssüf ki, 1930-cu ildə Xalq Komissarlar Sovetinin qərarı ilə yenidən qurulma adı ilə universitet ləğv edildi və onun bazasında Ali Pedaqoji İnstitut yaradıldı. Ancaq 1934-cü ildə Dövlət Universiteti yenidən işə başladı və o, yenə də respublikada elmi-pedaqoji fikrin mərkəzinə çevrildi. II Dünya müharibəsi illərində professor-müəllimlərin müharibəyə getmələri ilə bağlı kəskin çatışmazlıqlara baxmayaraq, universitet ölkədə öz öncül mövqeyini qoruyub saxlaya bildi. Universitet alimlərinin 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təşkil edilməsində xüsusi xidmətləri olmuşdur. Respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının əksəriyyəti, o cümlədən Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digərləri məhz Bakı Dövlət Universitetinin bazasında yaradılmışdır.

1969-cu ildən sonrakı illər universitet həyatında bilik və elmin yüksək zirvələrinə doğru yüksəliş illəri sayıla bilər. Bu, universitetimizin dünya şöhrətli məzunu Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsi ilə bağlıdır. Geniş bir tarixi dövrü əhatə edən həmin illərdə yeni müasir ixtisaslar üzrə fakültələr, kafedralar, 30-a qədər elmi-tədqiqat laboratoriyaları fəaliyyətə başladı. Beləliklə, universitetin gələcək inkişafı üçün möhkəm zəmin yaradıldı.

Azərbaycanda tədris müəssisələrinin flaqmanı olan, zəngin tarixi keçmişə malik universitet hazırda tanınmış elm və təhsil mərkəzidir. Universitet hər zaman Azərbaycanda mütərəqqi fikrin, milli düşüncənin mərkəzi olmuşdur. Burada Azərbaycanın yüzlərlə tanınmış alimləri, ziyalıları, görkəmli diplomatları təhsil almışlar. Hazırda Bakı Dövlət Universitetinin 16 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavr pilləsində 55 ixtisas, magistratura pilləsində isə 153 ixtisaslaşma üzrə 18000-ə yaxın tələbə təhsil alır.

Universitetin elmi kitabxanası 2,5 milyondan artıq ədəbiyyatı olan fonda malik olmaqla onun 12 qiraət zalı, 5 abonement şöbəsi müntəzəm olaraq universitetin 15 mindən çox müəllim və tələbəsinin hər gün istifadəsindədir. Universitet yüksək ixtisaslı kadrlar hazırlamaqla bərabər, həm təbiət, həm də humanitar elm sahələri olmaqla 123 kafedranı, 200-dən çox elmi əməkdaşı olan 37 elmi-tədqiqat və tədris laboratoriyasını, Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunu və Fizika Problemləri Elmi-Tədqiqat Institutunu özündə birləşdirən, Azərbaycan dili, ədəbiyyatı və tarixinin klassik məsələlərindən tutmuş genetika, nanotexnologiya, nanomaterialların alınmasınadək çox geniş spektrdə mövzuları əhatə edən, elmi araşdırmalar həyata keçirən böyük elmi mərkəzdir.

Universitetin beynəlxalq əlaqələri gündən-günə genişlənir. Hazırda universitet keçmiş SSRİ-nin bir çox universitetlərini özündə birləşdirən Avroasiya Universitetlər Assosiasiyasının, Xəzəryanı Ölkələr Universitetləri Assosiasiyasının, Qara Dəniz Universitetləri (QDU) Assosiasiyasının, Avropa Universitetləri Assosiasiyasının üzvüdür. Universitet 2002-2004-ci illərdə QDU Assosiasiyasına çox uğurla rəhbərlik etmişdir. Bundan əlavə, universitet M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Orta Doğu Teknik Universiteti, Nitsa-Sofiya Antipolis Universiteti, İndiana Universiteti, Kiyev Milli Universiteti, Vyana Universiteti və digər universitetlərlə ikitərəfli müqavilələr əsasında hərtərəfli elmi-texniki, müəllim-tələbə mübadiləsi sahəsində əməkdaşlıq edir.

 

Bakı Dövlət Universitetində 12 ölkədən 400-dən artıq xarici tələbə, magistrant, aspirant, doktorant, stajor təhsil alır

 

Universitetdə bakalavr hazırlığı üçün 4 il, magistr hazırlığı üçün 2 il, elmlər namizədi və elmlər doktoru hazırlığı üçün 3-4 il vaxt norması nəzərdə tutulmuşdur. Təhsil ödənişli və ödənişsiz əsaslardadır. Burada əyani və qiyabi şöbələr fəaliyyət göstərir. Universitetin tərkibində çap avadanlıqları olan nəşriyyat, 6 muzey, 80 elmi-tədqiqat və tədris laboratoriyası, informasiya və tərcümə mərkəzi, idman - sağlamlıq kompleksi, poliklinika fəaliyyət göstərir. Burada həmçinin yataqxana və tələbə şəhərciyi var.

 

Şöhrəti

 

2010-cu ilin dekabrında Akademik Göstəricilərə görə Universitetlərin Reytinqində ("University Ranking by Academic Performance") dünyanın ən yaxşı 2000 universitetinin siyahısı açıqlanıb. Cədvələ ABŞın Harvard Universiteti başçılıq edir. Azərbaycandan isə yalnız Bakı Dövlət Universiteti siyahıya düşüb və cədvəldə 1951-ci pillədə qərarlaşıb.

 

Rektorları

 

Vasili Razumovski (ilk rektor - 1919-1920)

Tağı Şahbazi Simurğ (1926-1929)

Bala bəy Həsənbəyov (?-1937)

Yusif Məmmədəliyev

Şəfaət Mehdiyev (?-?)

Faiq Bağırov

Murtuz Ələsgərov (1993-1996)

Misir Mərdanov (1997-1998)

Abel Məhərrəmov (1999-cu ildən bu günə qədər)

 

 

Həsənli .S.A.

 

Mövqe.- 2011.- 12 iyul.-  S. 9.