Azərbaycan
həqiqətlərini dünyaya
çatdırmaq mənim üçün
böyük məsuliyyətdir
"Hörmətli Tomas Qoltsa gözəl kitablara, xüsusən onun
gündəliyinə görə çox
təşəkkür edirəm. Təbiidir ki,
həmin kitablar hörmətli Tomas Qoltsu istedadlı
yazıçı, jurnalist kimi bir daha
nümayiş etdirir. Amma, eyni zamanda
o, Azərbaycanın o
ağır dövrünün tarixini kənar şəxs kimi
obyektiv əks etdirir".
Heydər
Əliyev
O, ilk dəfə
Azərbaycana hadisələrin ən gərgin vaxtında -
1991-ci ildə gəlib. Ölkədə baş
verən dəyişikliklərin, o
cümlədən Dağlıq Qarabağ
münaqişəsinin şahidi olmuş yeganə əcnəbidir. Bundan başqa, Xocalı faciəsini gözləri ilə
görən və bu barədə beynəlxalq
aləmə məlumatlar yayan ilk xarici ölkə jurnalistidir. Şahidi olduğu bütün hadisələr
təfərrüatı ilə "Azerbaijan
Diary" (Azərbaycan gündəliyi"
kitabında cəmləşdirilib.
Əlbəttə, söhbət bu gün adı Azərbaycan
cəmiyyətinə yaxşı bəlli olan amerikalı Tomas
Qoltsdan gedir. O, 1954-cü ildə Yaponiyada anadan olub.
Karyerasına Çikaqo və Nyu-Yorkda aktyor və dramaturq kimi
başlasa da, sonralar diqqətini xarici dilləri və tarixi
öyrənməyə yönəldib. 1985-ci ildə Orta Şərq
Araşdırmaları üzrə Nyu-York Universitetini bitirib.
Tomas İstanbulda sərbəst formada bir sıra qəzet
və agentliklərlə əməkdaşlıq edən
müxbir kimi fəaliyyət göstəririb. Bu dövrdə
onun jurnalist fəaliyyəti Bolqarıstan, Kipr, Misir, Almaniya,
İraq, İordaniya, Sudan və Suriyanı əhatə edir.
1990-cı ildə Cari Dünya İşləri İnstitutu
Sovet Orta Asiyası üzrə türkdilli respublikaları
araşdırmaq üçün ikiillik tədqiqat
proqramını ona həvalə edir. Lakin qəribə bir təsadüf
onu Bakıya gətirib çıxarır və iki həftə
keçməmiş bu amerikalıda sözün əsl mənasında
Azərbaycana maraq və sevgi yaranır. Elə bu sevginin təsiri
altında 1991-ci ildən bu günə qədər Tomas Qolts
Azərbaycan üçün çox böyük işlər
görüb.
Qarabağ müharibəsinin ən qızğın
vaxtlarında hadisələrin mərkəzində olan bu
amerikalı baş verənləri beynəlxalq aləmə
çatdırmaqla bütün dünyanın diqqətini Azərbaycana
yönəltməyə nail olub.
Bakıya budəfəki səfəri də bir sıra
mühüm səbəblərdən qaynaqlanır. Qədim
İçərişəhərdə təmtəraqdan uzaq
hotelə çəkilib gərgin iş ilə məşğul
olan cənab Qolts söhbətə daha əvvəldən,
doxsanıncı illərdən başladıq.
- Cənab Qolts, hər kəs sizi azərbaycanlıların
dostu kimi tanıyır. Amma okeanın o tayında yaşayan fərqli
din, dil və hətta adət-ənənəni təmsil edən
bir amerikalıda Azərbaycan sevgisinin olması bir qədər
qəribə səslənir.
- Bunun çox maraqlı tarixçəsi var.
1990-cı ildə Amerikanın Cari İşləri
İnstitutunun xətti ilə Sovet Orta Asiyası üzrə
türkdilli respublikaları araşdırma işinə
başladım. Amma nədənsə Orta Asiya məndə
maraq yaratmırdı. O zaman birinci Körfəz müharibəsi
gedirdi. Amerikadan Türkiyəyə gəldim və bir qədər
Şimali İraqda çalışdım. İyul ayında
İstanbul-Moskva-Daşkənd reysinə bilet almaq
üçün İstanbula gəldim. Amma mənə bu bileti
satmaq istəmədilər. O zaman Ankarada işləyən və
yaxın dostum olan Yalçın Əlizadə adlı azərbaycanlı
müxbir mənə dedi ki, İstanbul-Bakı reysi üzrə
bilet al. Vizan yoxdur, amma sərhədçilərlə birtəhər
dil taparsan. Mənim ailəm səni o biri tərəfdə
qarşılayacaq. Beləliklə, həyat yoldaşımla
Bakıya gəldik. İki həftə bu şəhərdə
qaldıqdan sonra diqqətimi dörd mühüm məqam
çəkdi: Siyasi hakimiyyət dəyişmək üzrədir,
yəni Xalq Cəbhəsi hərəkatı sürətlənib,
rejim çökür, neft sahəsi, Ermənistan-Azərbaycan
müharibəsi. Beləcə, heç özüm də bilmədən
Azərbaycana maraq yarandı. Mən Orta Asiya üzrə
mütəxəssis olacaqdım. Amma təsadüf hər
şeyi dəyişdi.
Bakıda bir ay qalacaqdım. Amma sonrakı proseslərin
gedişində Azərbaycan müstəqil ölkə oldu.
1991-ci ilin oktyabr ayında Azərbaycan Xarici İşlər
Nazirliyinin xarici mətbuat xidməti ofisi yarandı və həmin
ofisdə akkreditə olunmuş ilk əcnəbi müxbir mən
oldum.
- Siz Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə
hələ o, Naxçıvanda olarkən
görüşmüşdünüz. Nə üçün
onunla görüşə belə can atırdınız?
- Sovetlər Birliyi dönəmində çox məşhur
bir adam haqqında oxuyub-eşitmişdik. Bakıda mənə
məlum oldu ki, indi o, ən ucqar yerdə yaşayır. O, Heydər
Əliyev idi. 1991-ci ildə Naxçıvana getdim və onunla
görüşdüm.
Mənə maraqlı idi ki, Kremldə işləmiş
bir adam indi Naxçıvanda necə yaşayır?! Ona görə
getdim və bu, onun xoşuna gəldi.
- İlk görüş necə oldu və sizdə
hansı təəssürat yarandı?
- O zaman Qərbdə və Amerikada belə bir fikir var
idi ki, Heydər Əliyev siyasi səhnədən birdəfəlik
gedib. Mən onunla müsahibəni "Vaşinqton Post" qəzetinə
satmaq istədim. Amma bu müsahibə o zaman onlar
üçün maraqlı deyildi. Söhbət zamanı mənim
üçün Qərbdə və Amerikada formalaşan fikir
alt-üst oldu. Düşündüm ki, bu insanın
böyük iradəsi var. Sülhü bərqərar etmək
üçün yaşayır.
- Maraqlıdır, Heydər Əliyevlə söhbətinizin
mövzusu nə idi?
- O, mənimlə elə söhbət edirdi ki, guya mən
sovet mütəxəssisiyəm. Moskvada bütün siyasi
mövqelər haqqında danışırdı. Tamamilə
yad ölkə, yad insanları olan Azərbaycan və
hamıdan da maraqlısı Heydər Əliyev idi.
Çünki, əslində, söhbət etdikcə onun
böyüklüyü görünürdü. Dahi olmaq
üçün çoxtərəfli olmalısan. Bu keyfiyyətlər
isə onda var idi.
Heydər Əliyev dahi insan idi. O, Azərbaycanla digər
ölkələr arasında siyasəti balanslaşdıra
bilirdi.
- Cənab Qolts, məlumdur ki, "Bakı-Ceyhan Neft
Odisseyası - 2000" lahiyəsi üzrə keçirilən
yürüşün ideya müəllifi siz olmusunuz. Azərbaycanın
ümummilli lideri Heydər Əliyev sizin ideyanızın
reallaşmasına dəstək verib. Yürüşün məqsədi
nə idi?
- Dahi insan olan Heydər Əliyevə mənə
qarşı yaxşı münasibətinə görə həmişə
minnətdar olmuşam. 2000-ci ilin 22 avqustunda prezident Heydər Əliyev
məni qəbul etdi və ideyama dəstək verdi. On iki
gün davam edən məcarayabənzər bu yürüşlə,
sanki, Azərbaycan mədəniyyətini təbliğ edirdik.
Yollarda mahnılar, rəqslər ifa olunurdu. Biz bu
yürüşlə göstərmək istəyirdik ki,
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin reallaşması
mümkündür. Çünki bilirsiniz ki, borunun tikintisindən
öncə ona qarşı çıxanlar var idi. Bu həm də
Heydər Əliyevin böyüklüyünü göstərirdi.
Buna qədər hər kəsə elə gəlirdi ki, iqtisadi
maraqlar siyasi maraqların üzərində durur. Lakin Azərbaycan
prezidenti Heydər Əliyev hamıya sübut etdi ki, siyasi
maraqlar iqtisadi maraqlardan daha vacibdir.
Onu da deyim
ki, dahi liderin həssas yumor hissi də
var idi. O, şəxsən mənə bir çəllək neft verdi və
dedi ki, apar və bütün
dünyaya sübut et ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri
xəyal yox, reallıqdır. Mən həmin nefti
hələ də o böyük və dahi insandan yadigar
olaraq saxlayıram.
Beləliklə, 2000-ci ildə Bakı-Tbilisi-Ceyhan neft
boru kəmərinə "Kim deyir ki, geosiyasət əyləncə
ola bilməz?" şüarı altında motosikllə
yürüş təşkil etdim. Və simvolik olaraq bir
çən Xəzər xam neftini Aralıq dənizi sahilinə
çatdırdıq. Yürüş zamanı Türkiyədən,
Gürcüstandan keçdik, nəhayət, Ceyhana
çatdıq. Yolüstü Şevardnadze ilə də
görüşdüm. Heç vaxt motosikletlə səfərdə
olmamışdım. Yürüşün sonunda komanda
qarşısında etiraf etdim ki, ömrümdə bu qədər
dövrə vurmamışdım.
- Azərbaycana gəldikdən sonra jurnalist kimi fəaliyyət
göstərmisiniz, Qarabağ müharibəsinin ən qaynar
nöqtələrində olub Azərbaycan həqiqətlərini
beynəlxalq aləmə çatdırmısınız. Bəs
bu, sizin üçün çətin deyildi? Axı o zaman Qərbdə
və Amerikada erməniləri müdafiə edir və onlara
daha çox inanırdılar.
- Bu, çox çətin idi. Mən beynəlxalq aləmi
inandırmalı idim ki, Azərbaycan tərəfə ermənilər
hücum edib. Bu, həmişə problem yaradırdı. Hətta
bu gün də çətindir. O zaman Qərb mətbuatı
yazırdı: "Azərbaycanlılar müsəlman, ermənilər
isə xristiandırlar". Ermənilər həmişə
bu faktordan istifadə edirlər. Mən xristian mənşəliyəm
və ya xristian mədəniyyətindən gəlmişəm.
Əgər erməni deyirsə ki, mən xristianam, bu, mənim
üçün heç bir əhəmiyyət kəsb etmir.
Eyni zamanda bu, onların hərəkətinə haqq
qazandırmır. Lakin Avropada və Amerikada elə insanlar var
ki, deyirlər: "Əgər onlar xristiandırlarsa, deməli,
düzgün hərəkət edirlər". Elə həqiqəti
yaymağa da mane olan bu amillər idi. 1991-ci ildən 1994-cü
ilə qədərki dövr Azərbaycan üçün
çətin illər idi. Həmin illərdə jurnalist kimi
Laçın, Kəlbəcər, Şuşa, Xocalıda
olmuşam. Budəfəki səfərimdə də millət vəkili
Qənirə Paşayevanın xahişi ilə Tovuza getdim. Tərtər,
Bərdə tərəflərdə oldum.
- İyirminci əsrin ən dəhşətli
soyqırımı olan Xocalı faciəsini də öz
gözləri ilə görən əcnəbi müxbir siz
olmusunuz. Hadisə ilə bağlı məhz sizin
yazdığınız məqalədən sonra Qərb mətbuatı
məsələyə diqqət yönəltdi. Həmin illəri
necə xatırlayırsınız?
- Xocalı fəlakəti Azərbaycanın milliyyətçilik
təqvimində ən böyük əks-səda yaradan tarixlərdən
biri kimi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə
baş vermiş Bakı qırğını ilə birlikdə
tarixə qanla yazıldı. O zaman mən Xocalıya -
Ağdam cəbhəsinə getdim və gördüklərimdən
dəhşətə gəldim. Şəhərdə nə qədər
adam vardısa, hamısını dəhşətli şəkildə
qətlə yetirmişdilər. Fevralın 27-də
"Vaşinqton Post" qəzetinin üç səhifəsində
Xocalı qırğını haqqında mənim məlumatım
dərc edildi. Bundan sonra Londonun
"Sanday Times" qəzetinin
birinci səhifəsində
bir məqalə verildi. O vaxtdan sonra dünyanın
müxtəlif yerlərində
öldürülənlərin sayı ilə maraqlanmağa və dəhşətli bir hadisənin baş verdiyini təsdiq etməyə başladılar.
Mən Azərbaycan üçün
çətin olan illəri və baş verən hadisələri "Azərbaycan
gündəliyi" kitabında
qələmə almışam.
Səfərimin səbəbi isə "Xocalı"
sənədli filminin proyekti ilə əlaqədardır.
Çünki mən bu hadisələrin şahidi olmuşam. Mən,
eyni zamanda köhnə dostlarımla görüşmək istəyirəm.
Bəlkə Qəbələyə velosipedlə
yürüş etdim.
- Filmin çəkilməsi kimin ideyasıdır və
onu nə zaman çəkməyə
hazırlaşırsınız?
- "Xocalı" sənədli filmi proyektinin
arxasında Heydər Əliyev Fondunun Moskva nümayəndəsi
Leyla Əliyeva dayanır və mən də "Xocalıya ədalət"
kampaniyası çərçivəsində həyata
keçirilən bu proyekti dəstəkləyirəm. Mənim
Londonda yaşayan gənc dostum Taleh Heydərov da çox
aktivdir və bu proyekt maraqlı olduğundan onu dəstəkləyir.
Bizə, eyni zamanda Heydər Əliyev Fondu, İslam
Şurası Təşkilatının Gənclər Forumu dəstək
verir. Filmin nə qədər vaxta ərsəyə gələcəyini
bilmirəm. Onu çəkmək üçün ən
azı Vaşinqton, London, Nyu-York və böyük ehtimalla
Moskvaya getmək lazım gələcək. Çünki biz
adları Rusiyanın insan hüquqları tarixi salnaməsinə
daxil olan insanlardan da müsahibələr götürmək
istəyirik. Ona görə ki, onların Xocalı barədə
hesabatları var idi.
- Cənab Qolts, yəqin razılaşarsınız ki,
artıq on yeddi ildir ki, "azərbaycanlısınız".
Ölkənin hansı regionu daha çox xoşunuza gəlir?
- Bu sual mənim hansı meyvəni daha çox bəyənməyimə
bənzəyir. Bu üzdən Azərbaycanın bütün
regionlarını sevirəm. Lakin mən dağlıq yerdən
- Montanadan olduğum üçün dağlıq əraziləri
sevirəm. Odur ki, Qəbələ, Tovuz, Zaqatala, Şəki məni
özünə daha çox cəlb edir.
A. Mənsumə
Mövqe.-
2011.- 12 iyul.- S. 4.