REGİONLARIMIZ:
Ağcabədi
II yazı
"İri qəsəbə"nin qısa tarixi
Ağcabədi rayonu
Azərbaycanın qədim yaşayış məskənlərindən
biridir. Rayonun
adının mənası iri məskən
(ağca-iri, badi-məskən, qəsəbə)
deməkdir. Bu ərazidə yerləşən
maddi əlamətlərdən olan eneolit, tunc,
antik dövrünə və orta əsrlərə aid
yaşayış yerlərinin qalıqları. Ağcabədi rayonunun ərazisində tarixi,
memarlıq və incəsənət abidələri mövcuddur. Belə ki, rayonda eneolit, tunc, antik dövr
və orta əsrlərə aid yaşayış yerlərinin
qalıqları mövcuddur.
Ağcabədi rayonuna və onun zəhmətsevər
insanlarına yüksək diqqət və qayğının təzahürü
Azərbaycan Prezidenti İlham Əliyevin ötən il
yanvarın 17-də Ağcabədi rayonuna səfəri və
bu səfər çərçivəsində bir neçə
obyektin açılışında iştirak etməsi rayonun
tarixinə ən əlamətdar hadisələrdən biri kimi
yazılıb. Belə ki, Prezident İlham Əliyev səfər
çərçivəsində Ulu öndər Heydər Əliyevin
əzəmətli abidəsini ziyarət edib, uzun illərdən
sonra Ağcabədiyə verilən qazın bərpa məşəlini
alovlandırıb. Dövlət başçısı cənab
İlham Əliyev və xanımı Mehriban Əliyeva Ulu
öndər Heydər Əliyev muzeyinin
açılışında, rayonda şəhid ailələri
və Qarabağ müharibəsi əlilləri
üçün tikilmiş 3 mərtəbəli, 24 mənzilli
binanın istifadəyə verilməsi mərasimində
iştirak edib. Prezident İlham Əliyev rayon ictimaiyyəti ilə
görüşündə Ağcabədidə son bir neçə
il ərzində böyük işlər
görüldüyünü qeyd edib, rayonda gedən quruculuq
işlərinin daha da sürətləndirilməsi
üçün müvafiq tədbirlərin bundan sonra da
görüləcəyini bildirib. Elə bu məqsədlə
də dövlət başçısı 22 yanvar 2008-ci il
tarixində Ağcabədi rayonunda sosial-iqtisadi inkişafı
sürətləndirmək məqsədilə Azərbaycan
Respublikasının 2008-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Ağcabədi rayon İcra Hakimiyyətinə
2 milyon manat vəsait ayrılması haqqında Sərəncam
imzalayıb. Ağcabədililər dövlət
başçısının rayona səfərini Onun Ağcabədi
rayonuna, rayonun zəhmətsevər insanlarına olan diqqət
və qayğısının aydın təzahürü kimi
qiymətləndirirlər.
Əhalinin məşğulluq səviyyəsi
xeyli yüksəlib
"Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın
uğurlu icra olunması nəticəsində Ağcabədi
rayonunda böyük nailiyyətlər qeydə alınıb.
Aparılan məqsədyönlü tədbirlər Ağcabədinin
simasını əsaslı şəkildə dəyişərək
onu abad bir rayona çevirib, rayon əhalisinin maddi rifah
halını yaxşılaşdırıb. Rayonda 2003-cü
ilin oktyabr ayından 2008-ci ilin sonuna kimi 11.459 yeni iş yeri
açılıb ki, bunlardan da 5256-sı daimi iş yerləridir.
Təkcə 2008-ci ildə açılan 1748 yeni iş yerlərindən
875-i daimidir.
Eyni zamanda rayonda sahibkar və iş adamları
üçün yaradılan münbit şərait nəticəsində
yeni istehsal, emal və xidmət obyektləri tikilərək
istifadəyə verilib. Görülən tədbirlər nəticəsində
rayonda əhalinin məşğulluq səviyyəsi xeyli
artıb. Rayonun mərkəzində və kəndlərində
yeni tikintilərin aparılması, əlavə olaraq iş
yerlərinin açılması bunun əyani sübutudur.
Tikinti – quruculuq işləri rayonun
görkəmini tamamilə dəyişdirib
Azərbaycanın hər yerində müşahidə
olunan böyük quruculuq və abadlıq işləri
Ağcabədi rayonunda da geniş vüsət alıb.
Xüsusilə, Dövlət Proqramının birinci mərhələsinin
icra olunduğu illər ərzində yeni yaradılmış
müəssisələr, mədəniyyət və iaşə
obyektləri, parklar, istirahət guşələri həm də
Ağcabədinin görkəmini tamamilə dəyişdirib,
onun müasir görkəm almasına şərait yaradıb.
Belə ki, bu illər ərzində ərazisi 4 hektar olan Heydər
Əliyev adına Mədəniyyət və İstirahət
Parkı yenidən qurulub, parkda Ulu öndər Heydər Əliyevin
büstü qoyulub. İnsanların istirahəti
üçün tam şərait yaradılıb, əraziyə
müxtəlif çeşidli minlərlə bəzək
ağacı və gül kolları əkilib.
Rayonda aparılan quruculuq işlərindən
danışarkən, xüsusi olaraq, ötən il Heydər Əliyev
Fondunun dəstəyi ilə tikilib istifadəyə verilmiş
Qarabağ Muğam Mərkəzini qeyd etməliyik. Tikintisinə
1 milyon 589 min manat vəsait xərclənən Mərkəz
yay və qış salonlarından, tədris korpusundan ibarətdir.
Hazırda Qarabağ Muğam Mərkəzində Ağcabədi,
Ağdam, Laçın, Beyləqan, Xocavənd və digər
rayonlardan olan 60 nəfərdən çox gənc
muğamın incəliklərini öyrənir.
2006-ci ildə Heydər Əliyev Muzeyi tikilib istifadəyə
verilib, rayon Icra Hakimiyyətinin inzibati binası
qarşısında ulu öndər Heydər Əliyevin
möhtəşəm heykəli ucaldılıb. 2006-2008-ci illərdə
rayonda Şəhid ailələri və Qarabağ müharibəsi
əlilləri üçün 24 və 16 mənzilli
yaşayış binası tikilib istifadəyə verilib.
Rayonun 4 giriş istiqamətində və şəhərin
girişində ulu öndər Heydər Əliyevin portretlərini
əks etdirən abidə kompleksləri tikilib, şəhər,
qəsəbə və kəndlərdə 700-dən artıq
yararsız ticarət, xidmət və digər obyektlər
götürülərək müasir üslubda 411-dən
çox ticarət, xidmət, iaşə və s. obyektlər
tikilib istifadəyə verilib. Son 5 ildə 98000 kv.m-dən
çox fərdi yaşayış sahəsi tikilib, Hindarx qəsəbəsində
yeni ticarət mərkəzi, ərazisi 2 hektar olan yeni park
salınıb. Su Kanal idarəsinin, DSMF Ağcabədi rayon
şöbəsinin , 82 saylı Ağcabədi Dairə
Seçki Komissiyasının, Torpaq, Bitki və Su analizi
laboratoriyasının yeni binaları tikilib istifadəyə
verilib, Maliyyə idarəsinin binasının tikintisində son
tamamlama işləri aparılır, rayon İcra Hakimiyyətinin
inzibati binası, Azərbaycan Müəllimlər
İnstitutunun Ağcabədi filialının tədris korpusu,
"Kapital Bank"ın Ağcabədi filialının,
Dövlət Sığorta Şirkətinin Ağcabədi
rayon şöbəsinin, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin
inzibati binaları, Ağcabədi Pedaqoji Texnikumunun tədris
korpusu əsaslı təmir edilib.
İqtisadi inkişaf dinamikası ildən-ilə
artmaqdadır
Dövlət Proqramının icra olunduğu illər ərzində
iqtisadi göstəricilər də ilbəil artıb. İllik
göstəricilər arasında aparılan müqayisələr
bu qənaətə gəlməyə əsas verir. Belə ki,
Proqramın icra olunduğu sonuncu - 2008-ci ildə rayonda
iqtisadiyyatın əsas sahələri üzrə məhsul
buraxılışının həcmi 141.849,7 min manat olub.
Ümumi məhsul buraxılışının həçmı
2007-ci ilə nisbətən 23,5 faiz atrıb, rayon üzrə
ümumi məhsul buraxılışının həcmində
qeyri-dövlət sektorunun xüsusi çəkisi 80,5 faiz təşkil
edib. İqtisadiyyatın əsas sahələri üzrə məhsul
buraxılışı sənaye üzrə 9.988, 2 min manat, kənd
təsərrüfatı üzrə 65.755,6 min manat, tikinti
üzrə 29.121,4 min manat, nəqliyyat üzrə 2.468,3 min
manat, rabitə üzrə 498 min manat, ticarət üzrə
34.018,2 min manat olub. Son 5 illə müqayisədə
bütün sahələrdə artımlar olub. Belə ki,
2004-cü ildə rayon üzrə ümumi məhsul
buraxılışının həcmi 51.641,1 min manatdan
141.849,7 min manata çataraq 90.209 min manat artıb. Əsaslı
kapital qoyuluşunun həcmi 2004-cü ildə 2 min manatdan,
2008-ci ildə 21.266,3 min manata çataraq 10,6 dəfə
artıq olub. Rayon üzrə orta aylıq əməkhaqqı
2004-cü ildə 53,5 manat təşkil etdiyi halda, 2008-ci ildə
156,5 manat olub ki, son beş ildə 2,9 dəfə və ya 109
manat artıb.
Aparılmış torpaq islahatları nəticəsində
rayonun torpaq fondundan dövlət mülkiyyətinə 100855
hektar, bələdiyyə mülkiyyətinə 23427 hektar,
xüsusi mülkiyyətə 51498 hektar torpaq sahəsi
ayrılıb. Rayonda torpaq payı almaq hüququ olan 17197 ailəyə
- 80007 vətəndaşa 47389 hektar torpaq payı verilib.
Təhsilin inkişafı diqqət mərkəzindədir
Son illər rayonda baş vermiş müsbət irəliləyişləri
təhsil sahəsində açıq-aşkar görmək
mümkündür. Əvvəlki dövrlərlə son illərin
göstəricilərini müqayisə etsək, onda aradakı
fərqin hansı səviyyədə olduğu ortaya
çıxar. Belə ki, Ağcabədi rayonunda 2003-cü ilə
qədər 360 şagird yerlik şəhər 12 saylı orta
məktəbi istisna olmaqla heç bir yeni ümumtəhsil məktəbi
tikilib istifadəyə verilməyib. Lakin təkcə 2008-ci ildə
360 şagird yerlik şəhər 7 saylı, 640 şagird
yerlik şəhər 8 saylı, 180 şagird yerlik Xocavənd
kənd əsas, 220 şagird yerlik Şahsevən Təzəkənd
kənd orta məktəbi tikilib istifadəyə verilib, şəhər
1 və 11 saylı orta məktəbləri əsaslı təmir
edilib, Hindarx qəsəbə 2 saylı əsas məktəbin
dam örtüyü, Xocavənd kənd 1 saylı orta məktəbin
dam örtüyü yenidən vurulub. Nizami adına Avşar kənd
orta məktəbi üçün 480 şagird yerlik, Gələbədin
kənd orta məktəbi üçün 360 şagird yerlik,
Nəcəfqulubəyli kənd orta məktəbi
üçün 320 şagird yerlik yeni məktəbin tikintisinə
başlanıb.
Umumiyyətlə, son 5 ildə rayonda Heydər Əliyev
Fondunun xətti ilə 6, Dövlət Proqramına əsasən
10, Humanitar və qeyri-hökumət təşkilatlarının
xətti ilə 9 məktəb binası tikilib istifadəyə
verilib.
Hazırda rayonda 62 orta ümumtəhsil məktəbi fəaliyyət
göstərir ki, onlardan da 50-si orta, 11-i əsas və 1-i
ibtidai məktəbdir. Həmin məktəblərdə 21146 nəfər
şagirdin təlim-tərbiyəsi ilə 2797 nəfər
müəllim məşğul olur ki, onlardan da 2021 nəfəri
ali təhsillidir. Rayonda Azərbaycan Müəllimlər
İnstitutunun Ağcabədi filialı, Ağcabədi Pedaqoji
Texnikumu, Sumqayıt Musiqi Texnikumunun Ağcabədi filialı,
Ağcabədi Texniki Peşə məktəbi fəaliyyət
göstərir.
"Azərbaycan Respublikasında Ümumtəhsil Məktəblərinin
İnformasiya-Kommunikasiya Texnologiyaları ilə təminatı
(2005-2009-cu illər) Proqramı"na əsasən rayon məktəbləri
566 ədəd kompyuterlə təmin edilib. Proqrama əsasən
hər 29 şagirdin 1 kompyuterlə təmin olunması
planlaşdırılır. Hazırda Ağcabədi rayonunun
orta ümumtəhsil məktəblərində hər 36
şagird 1 kompyuterlə təmin edilib.
Mövqe.- 2011.- 16 iyul.-S. 10.