REGİONLARIMIZ: Bərdə

 

I YAZI

 

Rayonda 73 müəssisə, 32 məktəbəqədər uşaq müəssisəsi, 76 məktəb, 16 tibb müəssisəsi, 205 mədəniyyət ocağı yerləşir.

 

Əhalisi haqqında daha geniş məlumat

 

Əhalinin ümumi sayı 136000

 

Şəhər əhalisinin sayı, [%] 27.5000

 

Kənd əhalisinin sayı, [%] 72.5000

 

Əhalinin orta sıxlığı 142.110763

 

Əhalinin cins qrupları üzrə sayı: (kişilər), [%] 49.2000

 

Əhalinin cins qrupları üzrə sayı: (qadınlar), [%] 50.8000

 

Əhalinin yaş qrupları üzrə sayı: (uşaqlar), [%] 10.3676

 

Əhalinin yaş qrupları üzrə sayı: (18 yaşa qədər), [%] 40.5941

 

Əhalinin yaş qrupları üzrə sayı: (18-dən 55-60-a), [%] 48.5294

 

Əhalinin yaş qrupları üzrə sayı: (təqaüdçülər), [%] 16.9691

 

Ali təhsilli əhalinin sayı, [%] 5.3000

 

Orta təhsilli əhalinin sayı, [%] 36.3088

 

Məskunlaşmış qaçqınların sayı 1001

 

Məskunlaşmış məcburi köçkünlərin sayı 47984

 

 

Ərazisi haqqında daha geniş statistik məlumat

 

Ümumi ərazi, [kv.km] 957.00

 

Məhsuldar torpaqların ümumi sahəsi, [kv.km] 724.62

 

Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [kv.km] 47.26

 

Heyvandarlıq üçün otlaqların sahəsi, [kv.km] 240.61

 

Əkilmiş torpaqların ümumi sahəsi, [kv.km] 517.62

 

Meyvə bağlarının ümumi sahəsi, [kv.km] 9.32

 

Şoran torpaqların ümumi sahəsi, [kv.km] 31.64

 

 

Tarixi

 

Bərdə rayonu 1930-cu ildə yaradılmışdır. Kür-Araz ovalığının şimal-qərb hissəsində yerləşir.

Rayonun mərkəzi olan Bərdə şəhəri təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindəndir. Bunu arxeoloji qazıntılar zamanı tapılmış materiallar, o cümlədən Makedoniyalı İsgəndər, Arakilər və Roma imperatoru Avqust dövrünə aid pullar sübut edir. Əldə edilmiş mənbələr Bərdənin hələ e.ə. mövcud olan ölkələrlə əlaqəsi olduğunu göstərir.

Ərəb tarixçisi Belazüri (IX əsr) Bərdənin Sasani hökmdarı I Qubadın (483-531), İran tarixçisi Həmdullah Qəzvini (XIV əsr) Makedoniyalı İsgəndərin (e.ə. 336-323) dövründə salındığını bildirmişdir. Movsev Kalankatlının məlumatına görə, Bərdə Alban hökmdarı II Vaçe dövründə Firuzin (459-484) göstərişi ilə salınmışdır. Bu dövrdə Bərdənin adı "Firuzabad" olmuşdur. "Kitabi-Dədə Qorqud" dastanında Bərdədən bəhs olunur.

Sasanilər dövründə Bərdə canişinliyinin mərkəzi olmuşdur. I Qubadın dövründə Bərdənin ətrafına divar çəkilmişdir. X əsrdə Albaniyanın paytaxtı olmuş, 552-ci ildə Alban kilsəsinin də mərkəzi Bərdəyə köçürülmüşdür.

Bərdə 628-ci ildə Xəzərilər, 639-cu ildə İran feodalları tərəfindən işğal olunmuşdur. Alban hökmdarı Cavanşir işğalçıları Bərdədən qova bilmişdir.

Xəlifə Osmanın dövründə (644-656) ərəb qoşunları Bərdəni tutmuşdur. VI-VII əsrlərdə Bərdədə 100 min nəfər əhali yaşamışdır. XIII əsrdə Bərdədə pul kəsilmişdir.

Bərdə 752-ci ildə Arran vilayətinin mərkəzi olmuşdur. VIII-IX əsrlərdə Bərdə mühüm ticarət, mədəniyyət mərkəzinə çevrilmişdir. Məşhur "Əl-Kürkiy" bazarı Bərdə darvazasının yaxınlığında yerləşirdi.

IX əsrin 90-cı illərinə qədər Bərdə Sasanilər dövlətinin tərkibində olmuşdur. Bərdə həm Xürrəmilər hərəkatının əsas güc mənbələrindən biri idi.

Yaxın və Orta Şərqdə sənətkarlıq və ticarət mərkəzi kimi tanınmış Bərdəyə 944-cü ildə ruslar yürüş etmişlər. Rusların irəli sürdüyü şərtlərə uyğun olaraq bir gün ərzində şəhəri tərk etməyən bərdəlilərə divan tutulmuşdur. Ruslar 20 min bərdəlini qılıncdan keçirmişlər. Ərazidə taun yayılmış, buna görə də rus qoşunu şəhəri tərk etməli olmuşdur. Rusların talanlarından sonra uzun müddət Bərdə özünə gələ bilməmişdir.

Səddadilər sülaləsindən olan Fəzlin (985-1030) Bərdəni 993-cü ildə öz dövlətinə daxil etmişdir. Bərdə XI əsrdə səlcuqların, XII əsrdə Eldəgizlərin hakimiyyətinə tabe idi.

Monqolların hücumu zamanı Bərdə yenidən dağılmış, Elxanilər dövründə bərpa olunmuşdur. Əmir Teymurun yürüşündə Bərdə yenidən viran qalmışdır. Xanlıqlar dövründə Bərdə Qarabağ xanlığının tərkibində olmuşdur.

 

Tarixi və memarlıq abidələri

 

Bərdə rayonu ərazisində, şəhərdə 1322-ci ildə tikilmiş Bərdə türbəsi.

 

Bərdə türbəsi

 

VI əsrə aid köhnə şəhər divarlarının (torpaq) qalıqları, XVIII əsrə aid İbrahim məscidi və qəbiristanlıq, Tərtər çayı üzərində VII-IX əsrlərə aid körpü, XIV əsrə aid Axsadan baba türbəsi, Güloğlular kəndində XVIII əsrə aid səkkizguşəli türbə vardır. Bunlar dövlət mühafizəsindədir.

 

Güloğullular türbəsi

 

Ərazidə bunlardan əlavə, 1905-ci ildə tikilmiş cümə məscidi (Bərdə şəhərində), Şirvanlı kəndində XIX əsrə aid hamam, Uğurbəyli məscidi (XIX əsr), Bəhmən Mirzə Qacar məqbərəsi (1880) və s. tarixi və memarlıq abidələri var.

 

Əsas təsərrüfat fəaliyyəti

 

Rayonda təsərrüfatın əsasını əkinçilik və maldarlıq təşkil edir. Əsas təsərrüfat sahəsi taxılçılıq və pambıqçılıqdır. Bostan və tərəvəz məhsulları istehsalı son illər xeyli artmışdır. Bərdə rayonu yerli əhalisini, burada məskunlaşmış qaçqınlar və məcburi köçkünləri çörəklə təmin edə bilir. Bərdə bazarından ölkənin iri şəhərlərinə müntəzəm olaraq heyvandarlıq məhsulları daşınır.

Bərdədə aqrar islahatlar uğurla başa çatdırılmışdır. 43362 hektar torpaq sahəsi 24324 ailənin xüsusi mülkiyyətinə verilmişdir. Kənd təsərrüfatı bütünlükdə özəl sektorun əlindədir. Torpağın sahibinə verilməsi özünün müsbət nəticəsini dərhal göstərmişdir. Rayonda 300-dən çox kəndli-fermer təsərrüfatı fəaliyyət göstərir. Həmin təsərrüfatlar ildən-ilə daha da mükəmməlləşir və istehsal göstəricilərini artırırlar.

Bərdənin kənd təsərrüfatı işçiləri elmi-texniki yenilikləri uğurla mənimsəyir və istehsalatda tətbiq edirlər. Burada adi əkinçinin, sıravi maldarın da məşğulluq biliyi, demək olar, mütəxəssis səviyyəsindədir. Təsadüfi deyildir ki, Bərdə maldarlarının ətçilik istiqamətində apardıqları iş respublika səviyyəsində öyrənilib yayılmışdır.

 

Görkəmli şəxsləri

 

Bərdə rayonundan çıxmış görkəmli şəxslərdən qədim dövrlərdə Ələkbər bəy Qalabəyovu, Cümşüd bəy Vəzirovu, Əbdülxalıq Arranini, Qazi Məhiəddin Bərdəini, Məhəmməd İbn Abdulla Bərdəini, Sədallah əl-Bərdəini, Cəmil Lənbəranskini, müasir dövrümüzdə Əliş Lənbəranskini, Baxşalı Baxşalıyevi, Cümşüd İbrahimovu, Saleh Hacıyevi, Yusif Kərimovu, Tərlan Musayevanı və başqalarını göstərmək olar.

XIV əsrin ortalarında yaşamış Qazi Məhiəddin Bərdəini dövrünün tanınmış siyasi xadimi olmuşdur.

Bərdəini Məhəmməd İbn Abdulla mütəfəkkir və hüquqşünas kimi X əsrdə böyük şöhrət qazanmışdır.

Əliş Lənbəranski uzun ömür yaşamış, həyatı boyu müxtəlif məsul vəzifələrdə işləmiş, respublikanın sosial mədəni həyatında mühüm rol oynamışdır. Onun rəhbərlik etdiyi illər ərzində Bakı şəhərinin genişləndirilməsi, gözəlləşdirilməsi, yenidən qurulması istiqamətində tarixi işlər görülmüşdür.

Baxşalı Baxşalıyev uzun illər Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsində çalışmış, Azərbaycanın tərəqqisi, dövlət quruculuğu prosesində əhəmiyyətli rol oynamışdır.

Cümşüd İbrahimov neftçi olmuşdur. Onun rəhbərliyi altında "Gürsəngi", "Qarabağlı", "Azəri", "Çıraq", və "Kəpəz" yataqları kəşf edilmiş, 28 May yatağı istismara verilmişdir. "Xəzər" dənizneftqaz İstehsalat Birliyinin gəmilərindən birinə Cümşüd İbrahimovun adı verilmişdir.

Yusif Kərimov yazıçı-jurnalistdir. Uzun illər "Azərbaycan gəncləri" qəzetinin redaktoru işləmişdir. O, "Qırmızı sahil", "Yollar", "Bir buta gül", "Üçbucaq", "Kəpənək ömrü", "Pərişan eşqim" və s. əsərləri ilə geniş oxucu kütləsi qazanmış, ondan artıq kitabın müəllifidir.

Tərlan Musayeva mexanizatordur. Məşhur pambıqçı-qadın Sevil Qazıyevanın respublikamızda ən layiqli davamçılarından olub. Sadə əməyi ilə ictimaiyyətin dərin rəğbətini qazanmış, Müstəqil Azərbaycan Respublikası ilk Milli Məclisin deputatı olmuşdur. Hazırda Prezident təqaüdçüsüdür.

Saleh Hacıyev uzun illər respublikanın meliorasiya və su təsərrüfatı sistemində rəhbər vəzifədə işləmişdir. Azərbaycan torpaqlarının saflaşdırılmasında, su ilə təminatında, məhsuldar səviyəyə çatdırılmasında onun rəhbərliyi altında çox işlər görülmüşdür. Hazırda Prezident təqaüdçüsüdür.

Rasim Əliquluyev Bərdənin İmirli kəndində doğulmuşdur, hal-hazırda AMEA-nın İ.T İnstitutunun direktorudur

 

Kütləvi informasiya vasitələri

 

Rayonda "Bərdə" və "Xan Çinar" qəzetləri nəşr olunur. "Bərdə" qəzetinin ilk nömrəsi 1932-ci ildə "Qızıl Bərdə" adı ilə çıxmışdır. Sonralar "Bərdə pambıqçısı", "Stalin yolu", "Kommunizm yolu" və s. adlarla nəşr edilmişdir.

Hal-hazırda "Bərdə" qəzeti Rayon İcra Hakimiyyəti aparatının və jurnalist kollektivinin təsisçiliyi ilə çıxır.

"Xan-Çinar" özəl qəzetdir və bir neçə ildir ki, nəşr olunur.

Rayonda 1964-cü ildən yerli radio verilişləri redaksiyası fəaliyyət göstərir. Burada gündəlik aktual məlumatlar və yerli informasiyalar səsləndirilir.

Respublika televiziyasının verilişlərini yayımlamaq üçün rayonda teleötürücü güllə fəaliyyət göstərir.

 

 

Mövqe.- 2011.- 22 iyul.- S. 10.