Rusiya-Azərbaycan
əlaqələrinin möhkəmlənməsinə xidmət
edən mərkəz
Prioritet
istiqamətlərdən biri də mədəni
əməkdaşlıqdır
Azərbaycanın
bir sıra dövlətlərlə, o cümlədən Rusiya
ilə qarşılıqlı dostluq
münasibətləri dinamik şəkildə
inkişaf edir. Şimal qonşumuzla hərtərəfli,
xüsusilə mədəni əlaqələrin
inkişafını təcəssüm etdirən
çoxsaylı nümunə göstərmək olar. Belə nümunələrdən
biri də Azərbaycanda fəaliyyət
göstərən Rusiya İnformasiya-Mədəniyyət
Mərkəzinin (RİMM) və ya "Rossotrudniçestvo"nun
nümayəndəli Azərbaycanın
bir sıra dövlətlərlə, o cümlədən Rusiya
ilə qarşılıqlı dostluq
münasibətləri dinamik şəkildə
inkişaf edir. Şimal qonşumuzla hərtərəfli,
xüsusilə mədəni əlaqələrin
inkişafını təcəssüm etdirən
çoxsaylı nümunə göstərmək olar. Belə nümunələrdən biri də Azərbaycanda fəaliyyət
göstərən Rusiya İnformasiya-Mədəniyyət
Mərkəzinin (RİMM) və ya "Rossotrudniçestvo"nun
nümayəndəliyidir.
Bakıda bu
qurum 2009-cu il
martın 12-də fəaliyyətə başlayıb. 2011-ci il yanvarın 22-də isə mərkəzin müasir avadanlıqlarla təchiz olunmuş, müasir standartlara uyğun olan yeni binası istifadəyə
verilib.
Qeyd edək ki, qurumun fəaliyyətində prioritet
istiqamətlərdən biri də mədəni əməkdaşlıqdır.
Mərkəzin rəhbəri filologiya elmləri doktoru,
professor Ənvər Şeyxovun sözlərinə görə,
"Rossotrudniçestvo"nun məqsədi Rusiya-Azərbaycan
əlaqələrinin möhkəmlənməsinə xidmət
etməkdir: "Dünyanın 80 ölkəsində belə mərkəzlər
fəaliyyət göstərir. Bu mərkəzlərin əsas
məqsədi böyüməkdə olan nəsli dostluq ruhunda
tərbiyə etməkdir və biz də ənənəvi
dostluq əlaqələrinin möhkəmlənməsinin tərəfdarıyıq".
Mərkəzin fəaliyyəti Azərbaycanla Rusiya
Federasiyası arasında mədəni, təhsil, elmi-texniki və
informasiya əlaqələrinin inkişafına yönəlib.
Qurumun əsas vəzifəsi isə Azərbaycan
ictimaiyyətini Rusiyanın müxtəlif sahələrdə
qazandığı uğurlarla, onun mənəvi irsi, zəngin
elmi və mədəni potensialı ilə tanış etməyə,
eləcə də ikitərəfli mədəni, təhsil,
elmi-texniki proqramların, işgüzar əlaqələrin
genişlənməsinə kömək etməyə, rus
dilinin tədrisinin dəstəklənməsinə, qeyri-hökumət
təşkilatları və dostluq cəmiyyətləri ilə
qarşılıqlı əlaqələrə istiqamətlənib.
Bu hədəfləri həyata keçirməkdən
ötrü binada müxtəlif bölmələr fəaliyyət
göstərir, çoxsaylı layihələr
reallaşdırılır, tədbirlər keçirilir.
Azərbaycan incəsənəti xalqlarımızı
yaxınlaşdırır
Qeyd etdiyimiz kimi, Rusiya İnformasiya-Mədəniyyət
Mərkəzinin fəaliyyətinin əsas istiqamətlərindən
biri də mədəni əməkdaşlıqdır. Bu
baxımdan, Bakının mərkəzində ucaldılan 5 mərtəbəli
bina Rusiyanın tarixi, onun müasir vəziyyəti, mədəniyyəti
ilə tanış olmaq üçün böyük imkanlar
yaradır. Mərkəz texnikanın son nailiyyətləri səviyyəsində
çox böyük və zəngin informasiya fondları ilə
təchiz olunub. Burada kino-konsert, konsert-sərgi və konfrans
salonları, kitabxana fəaliyyət göstərir. RİMM-də
rus dili tədris-metodik mərkəzi, linqofon kabinetləri,
distant təhsil, innovasiya əməkdaşlıq mərkəzləri
fəaliyyət göstərir.
Mərkəzin konsert-sərgi zalının
divarlarında Azərbaycan-Rusiya dostluğunu, ikitərəfli əlaqələri
əks etdirən şəkillər asılıb. Ə.Şeyxovun
sözlərinə görə, bu məkanda müntəzəm
şəkildə fotosərgi, dekorativ-tətbiqi sənət əsərlərinin
sərgisi ilə yanaşı, bayram tədbirləri,
tanınmış mədəniyyət, incəsənət
nümayəndələri, yazıçı və ədəbiyyatçıların
iştirakı ilə ədəbi-musiqili gecələr
keçirilir, "Rossotrudniçestvo"nun keçirdiyi
müsabiqələrin qalibləri
mükafatlandırılır: "Azərbaycanda bir sıra
qurumlarla əməkdaşlıq edirik. Mədəniyyət və
Turizm Nazirliyi bizim əsas tərəfdaşlarımızdan
biridir. Ölkənizdə rus dilinə, rus ədəbiyyatına
sevgi var və bunun üçün heç bir təbliğat
lazım deyil. Biz sadəcə olaraq Rusiya mədəniyyəti,
ədəbiyyatı ilə maraqlanan insanlara imkanlar
yaradırıq".
"Azərbaycan incəsənəti
xalqlarımızı yaxınlaşdırır" - deyən
Ə.Şeyxov buna misallar da gətirir: "Mərkəzdə
təkcə Rusiya deyil, azərbaycanlı rəssamların,
fotoqrafların da sərgisi keçirilir,
yazıçılarla görüşlər təşkil
olunur. Məsələn, burada Rusiyada təhsil alan Azərbaycan
rəssamlarından Tahir Salahov, Mikayıl Abdullayev, Mirnadir
Zeynalov və başqalarının əsərlərinin sərgisini
təşkil etmişik".
Sərgi salonunda qoyulmuş iri ekranlarda isə təhsil
proqramlarının təqdimatı keçirilir.
Xüsusi qurulmuş konfrans zalında dəyirmi masalar,
konfranslar, yeni kitabların təqdimatı olur. Kinokonsert
zalında qurulmuş xüsusi texniki avadanlıqlar isə Rusiya
filmlərinin nümayişi və onun müzakirəsi
üçün gözəl imkan yaradır. Burada konsert və
tamaşalar nümayiş etdirmək üçün səs təchizatı
qurulub. Eyni zamanda bu bölmədə xoreoqrafiya studiyası ilə
yanaşı, aktyor-ustalıq kursları üçün
şərait yaradılıb. Məsələn, Azərbaycan
Xalq artisti Aleksandr Nikuşin burada natiqlik sənəti kursu
aparır. Konsert-sərgi salonunda tez-tez azərbaycanlı
müğənnilərin konsertləri təşkil olunur.
Mərkəzin açılış mərasimi
çərçivəsində isə burada Rusiyada təhsil
almış Azərbaycan rəssamlarının - Tahir Salahov,
Ömər Eldarov, Səttar Bəhlulzadə, Elbəy
Rzaquliyev, Böyükağa Mirzəzadə, Nadir Əbdülrəhmanov
və Nadir Qasımovun əsərlərindən ibarət sərgi
açılıb.
Zəngin kitabxana fondu
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində
Rusiya mədəniyyətini Azərbaycanda təbliğ edən
bölmələrdən biri də kitabxanadır. Bu bölmənin
kitab fondunda 2500-ə qədər kitab var. Kitabxanada rus və
xarici klassiklərin əsərləri, Rusiya tarixinə və
mədəniyyətinə aid kitablar, müxtəlif
mövzular üzrə ensiklopediya və sorğu ədəbiyyatı,
habelə Azərbaycan və Rusiya dövri nəşrləri
geniş təmsil olunub.
Oxucuların kompyuterlərdən də istifadə etmək
imkanları var. Belə ki, onların ixtiyarında kitabların
elektron versiyası, öyrədici, məlumat proqramları, sənədli
və bədii filmlərin yer aldığı 4 min disk verilir.
Söhbət əsnasında bəlli oldu ki, bu kitablardan və
disklərdən ancaq oxu zalında istifadə etmək
mümkündür. Kitabxananın oxucularına gəlincə,
çoxluğu azərbaycanlılar təşkil edir. Burada Azərbaycan
Respublikası Prezident Administrasiyası yanında Prezident
kitabxanasının təqdim etdiyi kitablar əsasında Azərbaycan
bölməsi yaradılıb. Kitabxanada həmçinin
B.N.Yeltsin adına Prezident Kitabxanasının elektron oxu
zalı da fəaliyyət göstərir.
"Rus muzeyi: virtual filial"
Mərkəzdə diqqətçəkən bölmələrdən
biri Dövlət Rus Muzeyinin ən yeni multimedia layihəsi -
"Rus muzeyi: virtual filial" informasiya-təhsil mərkəzidir.
Ə.Şeyxovun sözlərinə görə, hazırda
dünyada bu cür 79 mərkəz fəaliyyət göstərir:
"Onlardan 56-sı Rusiyada, 23-ü isə xarici ölkələrdədir.
Layihə maarifçilik-elektron-rəqəmsal və mətbu
materiallardan sərbəst istifadə edilməsi yolu ilə
geniş auditoriyanı rus mədəniyyətinin dəyərləri,
Rusiyanın tarixi keçmişi ilə tanış etmək,
eləcə də layihə iştirakçıları
arasında vahid mədəni-informasiya məkanı
formalaşdırmaq məqsədlərini həyata keçirməkdir.
Hər il genişləndirilən mediatekada (Rus Muzeyinin
multimedia proqramlarının və videofilmlərin vahid
bazasında) rus təsviri incəsənətinin tarixinə aid
200-ə yaxın film və proqram var.
Bütün lazımi avadanlıqla təmin olunmuş
mərkəzin metodik fənn kabinetlərində isə rus dili
tədris olunur.
Ənənəvi tədbirlər məkanı
9
"Rossotrudniçestvo" həm də müxtəlif
təşkilatların tədbirlərinə ev sahibliyi edir.
Burada xeyriyyə bazarları da təşkil olunur. Məsələn,
Azərbaycan sənətkarlarının rəsm əsərlərinin,
xalçaların satış-sərgisindən əldə
edilən gəlirdən 1 saylı uşaq evinə televizor
alınıb.
Bundan əlavə, mərkəzdə
tanınmış rus mütəfəkkirlərinə və
yazıçılarına həsr olunmuş tədbirlər
keçirilir, dəyirmi masalar təşkil olunur. Burada həmçinin
Bakıda çalışan rus dili müəllimləri
üçün metodik toplantılar da keçirilir ki, bunun
üçün müasir standartlara uyğun zal
yaradılıb.
Ə.Şeyxov maraqlı bir məqamı da
vurğuladı ki, hər il bir hadisəyə həsr
edilmiş tədbir keçirilir: "Məsələn, bu il
keçirdiyimiz tədbirlər ilk kosmonavt Yuri Qaqarinə həsr
olunub. Bununla bağlı məktəblərdə olimpiadalar
keçirildi, kosmosa həsr olunmuş şeirlər oxundu və
s. Ötən il keçirilən tədbirlər faşizm
üzərində qələbənin 65 illiyinə həsr
olunmuşdu".
Buradakı innovasiya əməkdaşlığı mərkəzi
isə mərkəzin innovasiya əməkdaşlığının
müasir təqdimatı əsasında qurulub.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin
rəhbəri ölkələrimiz arasında mübadilə
proqramlarını reallaşdırdıqlarını da diqqətə
çatdırdı: "Teatrlarımız arasında
mübadilə qastrolları keçiririk".
Son olaraq qeyd etmək olar ki, Azərbaycanla Rusiya
arasında qarşılıqlı mədəni təsirlərin
mövcudluğu danılmazdır. XX əsr ərzində
ölkəmiz Rusiya mədəniyyəti ilə tanış
olmaqla bərabər, bu məkana öz töhfələrini də
verib. Sevindirici haldır ki, Rusiya İnformasiya-Mədəniyyət
Mərkəzi bu gün də bu münasibətlərin
qorunub-saxlanmasında bir vasitə rolunu oynayır. Rusiya
Federasiyası Prezident Administrasiyasının rəhbəri
Sergey Narışkinin sözləri ilə desək, bu gün,
əlbəttə, həm Rusiya, həm də Azərbaycan elmi,
mədəni, təhsil əlaqələrinin, informasiya
mübadiləsinin genişləndirilməsində eyni dərəcədə
maraqlıdır. Şübhəsiz, Rusiya İnformasiya-Mədəniyyət
Mərkəzi bu işdə əlindən gələni edəcək.
A.Mənsumə
Mövqe.-
2011.- 22 iyul.- S. 4.