REGİONLARIMIZ: BƏRDƏ

 

Son illər rayonda geniş vüsət alan tikinti-quruculuq və abadlıq işləri, inkişaf və irəliləyiş dinamikası ötən altı ayda da uğurla davam etdirilmişdir. İndi qədim tarixə malik Bərdə şəhəri öz görkəmini dəyişmiş, daha abad, müasir və yaraşıqlı olmuşdur. Burada qısa müddət ərzində müxtəlif binalar tikilmiş, park və xiyabanlar salınmışdır. Küçə və səkilər yüksək zövq və müasir üslubda genişləndirilmiş, yeni yaşıllıq zolaqları yaradılmış, çoxlu ağac və gül kolları əkilmişdir. O da fərəhlidir ki, inkişaf və yüksəliş təkcə rayon mərkəzini əhatə etmir. Tikinti-quruculuq və abadlıq tədbirləri rayonun bütün yaşayış məntəqələrində aparılır.

Bərdə tarixən respublikanın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Bərəkətli Qarabağ torpaqları, bol su, əlverişli iqlim şəraiti, ən əsası isə buranın işgüzar, halal və təşəbbüskar insanları kənd təsərrüfatının müxtəlif sahələrini sürətlə inkişaf etdirməyə imkan verir. Təsadüfi deyildir ki, yığıncaqda da əsas diqqət kənd təsərrüfatı işlərinin gedişinə, əldə edilmiş konkret nəticələrə yönəldildi. İcra başçısı bu barədə danışarkən dedi:

- Bilirsiniz ki, rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Hazırda işlərin ən qızğın dövrüdür. Əsas sahələrdə məhsul yığılır. Bəzi sahələr üzrə yekun nəticələr məlumdur. Kənd təsərrüfatı işçiləri, xüsusilə əkinçilər dövlətin yaratdığı şəraitdən ustalıqla istifadə etməyə, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar.

Üç ay bundan əvvəl elə bu salonda sizinlə birlikdə birinci rübün yekunlarını müzakirə etmişdik. Bəzi çatışmazlıqlar istisna olunmaqla yekunlar hamımızı razı salmışdır. İndi daha inamla demək olar ki, qazanılmış nailiyyətlər uğurla davam etdirilmişdir. Bütövlükdə rayon üzrə ümumi daxili məhsul istehsalı 1,6 milyon manat və ya 2 faiz artmışdır. Aqrar sahənin işçiləri bütün diqqəti 2010-cu ildə daha çox məhsul istehsal olunmasına yönəltmişlər.

Mən daha çox qüsurlardan, çatışmazlıqlardan danışmaq istəyirəm. Keçən ilin yekunu müzakirə olunarkən biz əkinçilərin ünvanına çoxlu xoş sözlər demişdik. İndi isə əksinə danışmağa məcburuq. Payızlıq əkin sahələri gözlənilmədən 46,2 faiz, buğda əkin sahələri isə hətta 50 faiz azalmışdır. Birinci rübün yekunlarına həsr edilmiş Şura iclasında biz bunun nə kimi nəticələr verə biləcəyini xatırlatmışdıq. Təəssüf ki, nəticə çıxarılmadı. Budur, taxıl biçini qurtarmışdır. Nəticə keçən ildəkindən 56 min ton azdır. Buğda istehsalı isə hətta bundan da aşağı düşmüşdür!

Doğrudur, bunun obyektiv səbəbləri də vardır. Yəni bazarın olmaması, saxlama şəraitinin təmin edilməməsi, havaların son dərəcə əlverişsiz keçməsi və sair. Lakin subyektiv səbəblər də az deyildir. Unutmaq olmaz ki, dövlət aqrar sektorun inkişafına ciddi diqqət göstərir. Bunun üçün çoxlu güzəştlər tətbiq olunur. İri həcmli anbarlar, soyuducular tikilir, güzəştli kreditlər verilir.

Bu səviyyə bizi, əlbəttə, heç cür qane edə bilməz. Son illər Bərdə öz istehsalı ilə öz əhalisinin də, burada məskunlaşan məcburi köçkünlərin də ərzaq tələbatını artıqlaması ilə ödəmişdir. Biz hansı vasitələrlə olur-olsun əvvəlki mövqelərimizi bərpa etməliyik və edəcəyik. Hər kəs öz məsuliyyətini başa düşməli, indidən fəaliyyətini yüksək tələblər səviyyəsində qurmalıdır.

Rayonda əkinçilik üzrə kifayət qədər toxumçuluq təsərrüfatı yaradılmışdır. Həmin təsərrüfatların fəaliyyəti daim nəzarətdə saxlanılmalı və işlər elə təşkil edilməlidir ki, istehsalın artımı elmi nailiyyətlər əsasında təmin edilsin. Nəzərə almaq lazımdır ki, rayonun daxili potensialı əkin sahələrinin məhsuldarlığını hələ xeyli artırmağa imkan verir

Rayonda 80,7 min baş mal-qara, 128 min baş qoyun və keçi var. Orta hesabla mal-qaranın sayı 2 faiz, qoyun və keçilərin sayı 1,3 faiz artmışdır. Ötən 6 ay ərzində diri çəkidə ət istehsalı 7 faiz, süd istehsalı 6,1 faiz, yumurta istehsalı 9,8 faiz, yun istehsalı 10,3 faiz artmışdır.

Deməli, ilin uğurla başa çatdırılması üçün yaxşı zəmin vardır. Biz sahibkarlara inanırıq və onların fəaliyyətinə hər cür dəstək veririk. Başlıca vəzifə görülmüş işləri uğurla davam etdirməkdən ibarətdir. Sahibkarların dövlət yardımından vaxtında bəhrələnmələrinə, xüsusilə gübrələrin ən yaxşı aqrotexniki müddətdə yerlərə çatdırılmasına nəzarət gücləndirilməlidir. Elmi-texniki yeniliklər daha geniş şəkildə öyrənilməli və istehsalata inamla tətbiq olunmalıdır.

İstər əkinçilikdə, istərsə də heyvandarlıqda yeni və daha məhsuldar sortların tətbiqi imkanlarına geniş diqqət yetirilməlidir. Damazlıq təsərrüfatları ilə birlikdə toxumçuluq, seleksiya işləri hər vasitə ilə genişləndirilməlidir.

Respublikaya xaricdən, xüsusilə Almaniyadan xeyli sayda damazlıq qara mal gətirilmişdir. Həmin heyvanlardan bizim rayonda da vardır. Xaricdən gətirilmiş cins heyvanların yerli şəraitə uyğunlaşmasında müəyyən problemlər ola bilər. Ona görə də sahibkarlar, baytarlıq xidməti işçiləri işlərini elə qurmalıdırlar ki, gözlənilməz hallar ortaya çıxmasın.

2010-cu ilin may-iyun ayları ərzində rayonda faktiki qiymətlərlə 3 milyon 260 min manatlıq sənaye məhsulu istehsal edilmişdir. Aparılan təhlil göstərir ki, bu, əvvəlki ildəkindən azdır. Lakin burada da müəyyən obyektiv səbəblər var və onları qeyd etməmək olmaz.

Ancaq mədənçıxarma sənayesində geriləməni heç nə ilə əlaqələndirmək olmaz. Heç bir müəssisənin fəaliyyətini hətta bir gün olsun belə, dayandırmasına yol vermək olmaz. Belə fasilələr rayona baha başa gəlir. Rayonda sənayenin inkişafına, xüsusilə yeni sahələrin yaranmasına da ciddi önəm verilməlidir.

Digər sahələrdə, o cümlədən nəqliyyat, rabitə, istehlak və əmlak bazası və s. istiqamətlərdə də ilin birinci yarısında əsaslı artım müşahidə olunmuşdur. Yük daşınması 4,3 faiz, sərnişin daşınması 10,6 faiz, rabitə xidmətlərinin həcmi 15,7 faiz, pərakəndə əmtəə dövriyyəsi 4,2 faiz, ticarət müəssisələrinin sayı 9,7 faiz, fərdi sahibkarların sayı 19,6 faiz artmışdır.

İlin birinci yarısında sosial-iqtisadi inkişafın artımı əhalinin məşğulluğunun da yüksəlməsinə şərait yaratmışdır. 6 ay ərzində 635 yeni iş yeri açılmışdır ki, bunun da 456-sı daimidir.

Rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər qarşıdakı dövrdə daha geniş vüsət almalıdır. Regionlar üzrə sosial-iqtisadi inkişaf strategiyasının 2004 - 2008-ci illəri əhatə edən birinci mərhələsi böyük uğurlarla yekunlaşdırıldı.

Bu illər Bərdənin tarixində də yeni intibah dövrü kimi xarakterizə olunur. Az vaxtda həqiqətən çox işlər görülmüşdür. Bərdə əsaslı şəkildə yenidən qurulub. Uzun illər ərzində yığılıb qalmış bir çox problemlər öz həllini tapmışdır.

Bununla bərabər, həlli vacib məsələlər də hələ çoxdur. Artıq regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının 2009 - 2013-cü illəri əhatə edən ikinci, həlledici mərhələsi başlanmışdır. Bu mərhələdə Bərdə rayonu üzrə də bir sıra ciddi problemlərin həlli nəzərdə tutulmuşdur.

Yığıncaqda qeyd edildiyi kimi, rayonda daxili imkanlar hesabına görüləcək işlər də müəyyənləşdirilmişdir və hazırda bütün qüvvələr bu istiqamətdə səfərbərliyə alınmışdır. Əsas diqqət çatışmazlıqların aradan qaldırılmasına, əmək ehtiyatlarından, maliyyə mənbələrindən təyinatı üzrə, peşəkarlıqla istifadə olunmasına yönəldilmişdir.

Bərdə gündən-günə böyüyür, genişlənir. Təzə küçələr, yaşayış və xidmət massivləri salınır. Yeni müasir tələbata cavab verən avtovağzal kompleksi, təzə bazar, onun ətrafındakı ticarət bazası bu gün əhalinin ən gur yerinə çevrilmişdir. Bununla yanaşı, şəhərin digər yerlərindəki primitivlik, səliqəsizlik, pintilik ciddi narazılıq doğurur və tezliklə aradan qaldırılmalıdır.

Nazirlər Kabinetinin yığıncağında ölkə Prezidenti İlham Əliyev diqqəti elektrik enerjisi, qaz və su təsərrüfatlarında yaranmış vəziyyətə və qarşıda duran vəzifələrə cəlb etmişdir. Son 6 ayda rayonun Alaçadırlı, Cicimli, Seyid Yusifli, Tağılar və başqa kəndlərinə, şəhərin yeni yaşayış massivlərinə 41,4 km qaz xətti çəkilməklə 436 ailəyə qaz verilmişdir. Samux, Saatlı, Həsənqaya, Mirəssəbli, Qəhrəmanlı, Mirzalıbəyli, Şatırlı, Nazırlı, Kürdborakı, Qazaxlar, Soğanverdilər və Şahvəllər kəndlərinə qaz çəkilişi sürətlə davam edir.

Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, elektrik sisteminin yenidən qurulması, xüsusilə SİP kabel sisteminə keçilməsi, istifadə haqlarının əvvəlcədən ödənilməsinə imkan verən sayğacların tətbiqi və s. istiqamətində xeyli iş görülmüşdür. Elektrik enerjisindən, təbii qazdan və sudan istifadə haqlarının yığılmasında da müəyyən irəliləyişlər nəzərə çarpır.

Lakin bütövlükdə görülmüş işlər qənaətləndirici deyildir. İstifadə haqlarının ödənilməsi altı ayda elektrik enerjisi üzrə 71,45 faiz, təbii qaz üzrə 88,63 faiz, içməli su üzrə 83,78 faiz olmuşdur. Buna mane olan əsas səbəblərdən biri də xidmət işlərinin keyfiyyətsiz səviyyədə təşkili, təchizatın tez-tez pozulmasıdır.

Xidmət işlərinin keyfiyyətsiz şəkildə qurulması telekommunikasiya və poçt işçilərinin fəaliyyətində də özünü büruzə verir. İcra nümayəndəliklərində keçirilən hesabat yığıncaqlarında bu təşkilatların ünvanına bir qayda olaraq ancaq tənqidi fikirlər söylənilir. Hər kəs özü üçün ciddi nəticə çıxarmalıdır. Rayon icra hakimiyyətində bu məqsədlə qərargah yaradılıb və hər həftənin dördüncü günləri işlərin gedişi təhlil olunur.

Ekoloji sağlamlıq, ətraf mühitin çirklənməsinin qarşısının alınması hazırda dünyanı məşğul edən ən ciddi problemlərdəndir. Təsadifi deyildir ki, 2010-cu il ölkəmizdə "Ekologiya ili" elan olunub. Bərdədə bu istiqamətdə xeyli iş görülmüşdür. Hər mövsümdə şəhərdə, o cümlədən digər yaşayış məntəqələrində minlərlə ağac əkilir. Lakin onların xeyli hissəsi baxımsızlıq üzündən tələf olur. Rayonun ərazisində mövcud olan meşə zolaqları ildən-ilə seyrəlməkdədir. Şəhərdə minbir zəhmət bahasına salınmış yaşıllıqlar solub gedir. Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rayonda bir neçə səlahiyyətli təşkilatı fəaliyyət göstərir. Onlar öz işlərində əsaslı dönüş yaratmalıdırlar.

Keçən ilin yekunları müzakirə olunarkən rayonun büdcəsinin formalaşması və ondan istifadə vəziyyəti kəskin tənqid edilmişdir. İndi isə razılıqla qeyd edildi ki, ilin 6 ayı ərzində yerli vergi və digər daxilolmalar üzrə proqnoz 124,1 faiz ödənilmişdir. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 15,6 faiz çoxdur.

Yığıncaqda belə bir ümumi fikir ifadə edildi ki, heç şübhəsiz, cari ilin ikinci yarısında da inkişaf və yüksəliş dinamikası davam etdiriləcək, müşahidə olunan nöqsanlar tezliklə aradan qaldırılacaq, ölkə Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasında qarşıya qoyduğu vəzifələr uğurla yerinə yetiriləcəkdir.

 

 

 Mövqe.- 2011.- 23 iyul.- S. 10.