Erməni millətçi təşkilatlarının Şərqi Anadoluda erməni dövləti yaratmaq ideyasının mətbuat vasitəsilə təbliğ etməsi

 

III YAZI

 

İngiltərənin Vandakı konsulu Klayton ölkəsinə göndərdiyi bir raportda (12 oktyabr 1890) qeyd edirdi ki, Rusiya Ermənistanında (İrəvan quberniyası nəzərdə tutulur) Türkiyə ermənilərinə silahlar göndərilməsi üçün cəmiyyətlər qurulmuş və bu silahların paylanması üçün casuslar göndərilmişdi. Klayton elə həmin ilin noyabrında göndərdiyi digər bir raportda ermənilərin artıq üsyana hazır olduqlarını, bu məlumatı amerikalı bir missionerdən təfsilatı ilə öyrəndiyini qeyd etmişdi (201). Vanda konsul vəzifəsində çalışmış general Mayevskinin xatirələrində isə bu fikir yer almışdı (90.16). 1895-ci ildə Van inqilabçıları Avropanın diqqətini yenidən "Erməni məsələsi" üzərinə çəkmək istəyirdilər. Zəngin ermənilərə pul yardımı barədə müraciətlər edilir, verməyənlərə ölüm təhdidləri ilə məktublar göndərirdilər. Bu vaxtlar Van inqilab komitəsi tərəfindən bəzi cinayətlər də törədilirdi. Bu cinayətlərin ən mühümü 6 yanvar 1895-ci ildə ermənilərin ən böyük bayram günü keşiş Poqosa qarşı edilmişdi, zavallı qoca bəzi üsyan tərəfdarlarının hərəkətlərinə etiraz etdiyi üçün ölümə məhkum edilmişdi. Bu hadisə barədə "Təqvimi-Vəkai" qəzeti geniş bəhs etmişdi (116). Bu hadisədən erməni dilində çıxan qəzetlərdə yazılmışdı (206). 1887-ci ilə Cenevrədə yaradılmış "Hnçak" partiyasının Rusiyanın və Avropanın xalqçı qrupları ilə bağlılığını qeyd edən erməni tədqiqatçısı Meri Koçar yazır ki, erməni milli azadlıq hərəkatında terrorçuluqla nəyəsə nail olmaq ideyası bu təşkilatların təsirindən yaranmışdır və "Hnçak" öz fəaliyyətində terroru istisna etmirdi. O, qeyd edirdi: "Bir tərəfdən xalqçıların terrorçu fəaliyyəti, bu vasitələrin Ermənistana yayılması və onun türk despotizminə qarşı istifadə edilməsi, digər tərəfdən, bu ideologiyanın marksizmin əsaslarına təsir etməsi "Hnçak" partiyasının ilkin proqramında nəzərdə tutulanlar idi" (139-210). Elə həmin ildə təsis edilən "Hnçak" qəzetində də bu ideyalar yayılmağa, təbliğ edilməyə başlamışdı. Bütün bunlar özü də sübut edir ki, "Hnçak" terrorçu bir təşkilat kimi ortaya çıxmışdı. Partiyanın 1888-ci ildə çıxan proqramında da terrorizm mübarizə vasitələrindən biri kimi göstərilirdi. Proqramda açıq nəzərdə tutulurdu ki, "Türkiyə Ermənistanı"nda inqilabi silahlı üsyanla mövcud quruluşu dəyişdirmək və "Türkiyə Ermənistanı"nı inqilabi-qeyri-sabit regiona çevirmək" əsas məqsəddir. Qeyd edilirdi ki, müstəqillik əldə edilmədiyi təqdirdə, "Türkiyə Ermənistanı"nın başqa bir ölkənin tərkibinə keçməsinə nail olmaq" uğrunda mübarizə aparılmalı idi (158.92). Əlbəttə, həmin ölkə Rusiya idi və buradan ermənilərə pul və silah yardımı gəlirdi. Erməni tədqiqatçısı Meri Koçar özünün "Erməni-türk ictimai-siyasi münasibətləri və erməni məsələsi" (139.88) kitabında "Hnçak" partiyasının mübarizəsinin üç üsulundan danışır. Onlardan birincisinin təbliğat, ikincisinin təşviqat, üçüncüsünün isə terror olduğunu qeyd edən müəllif bu qənaətə gəlir ki, ona milli azadlıq mübarizəsi donu geyindirmək cəhdləri heç cür alınmayıb. Çünki bu, "araşdırmadan", düz, 100 il əvvəl dərc olunmuş proqramda (139.61) terror elə indiki anlamda qan-qada və insanlığa qarşı yönəldilmiş suç idi. Demək, bu partiya insanlığa qarşı cinayət işlətməyi öz proqramında rəsmiləşdirmişdi. Partiyanın praktik fəaliyyətində əsas faktor olan terrora belə haqq qazandırılır: "Terrorun məqsədi xalqı əzilməkdən qorumaq, onun ruhunu, inqilabi ovqatını aşağı salmamaq, qorxu yaratmaqdır! Bütün bunlara nail olmaq üçün yüksək vəzifələr tutan türk və erməni məmurlarını iki millətin nümayəndələrini, bir-birinə barışmaz düşmən etmək lazımdır, satqınları və casusları isə məhv etmək gərəkdir". Bu proqram qəzetlərdə bir neçə dəfə dərc edilmişdi. (219). "Hnçak" partiyasının proqramından gətirilən bu sitatlar göstərir ki, belə bir məqsəd qoyan partiya xeyirxah hədəflər güdmürdü. "Hnçak" partiyası öz proqramında bu sözləri yazmaqla kifayətlənmir, konkret terror fəaliyyəti göstərirdi. Məqsədlərin həyata keçirilməsi üçün partiya aşağıdakıları nəzərdə tuturdu:

1. sırf terrorçuluq fəaliyyəti ilə məşğul olan təşkilatın formalaşmasını;

2. kəndlilər arasında geniş fəaliyyət imkanı olan inqilabi təşkilatın formalaşmasını;

3. fəhlələr arasında inqilabi təşkilatın yaradılmasını;

4. həm kəndli, həm də fəhlə təşkilatlarının hərbi-inqilabi təşkilata çevrilməsini.

O vaxt çıxan "Xristroma" jurnalında "bu tapşırıqlar" belə yerinə yetirilirdi: "Türk və kürdlər bütün şəraitdə öldürülməli, satqın ermənilərə isə rəhm edilməməlidir" (139.79). Bu təşkilatın mübarizə üsullarından ən əsasının proqramında nəzərdə tutulan terrorizm nəzəriyyəsi onun ideoloqları tərəfindən mətbuatda şərh olunur və məhz bu üsulla ermənilərin milli azadlığının təmin olunacağına inam ifadə edilirdi. "Hnçak" ideoloqları istər Türkiyədə, istərsə də xaricdə çap etdirdikləri mətbuat orqanlarında mövcud dövlət quruluşunu zorla dəyişdirmək yolunu seçmişdilər. Bəzi erməni tədqiqatçıları bu ideyanın Rusiyadakı xalqçılardan gəldiyini qeyd edir və silahlı mübarizə yolu ilə hakimiyyətə gəlməyin onlara məxsus olmadığını bildirirlər. Amma unudurlar ki, "Hnçak" partiyasının öz mətbu orqanı olan "Hnçak" qəzetində çap edilən proqramında aşağıdakı kimi yazılmışdı: "Terrorun məqsədi xalqı əzablardan qurtarmaq, onun milli ruhunu bərpa etmək, ona inqilabi əhval-ruhiyyə vermək, hakimiyyəti onun gözundən salmaq, qorxu yaratmaq" (219) idi. Bunlara nail olmaq üçün "ən zalım şəxsləri, yüksək vəzifə tutan türkləri və erməniləri, casus və satqınları məhv etmək lazımdır" (131.311). "Hnçak" partiyasının proqramında təkcə ermənilər içərisində deyil, təbliğatın kürdlər, assurilər, yunanlar və digər xristian xalqları arasında da yayılması nəzərdə tutulur. "Hnçak" təbliğatçıları kütlələrə "türk zülmü"nü anlatmalı, vəhşi türk obrazı yaratmalı idilər. Və bu işi partiyanın nəzarətində olan mətbuat orqanları çox ustalıqla yerinə yetirirdilər. "Hnçak" partiyası digər erməni siyasi təşkilatlarından fərqli olaraq öz fəaliyyət regionunu müəyyən etmişdi. Bu, Şərqi Anadolu, ermənilərin deyimi ilə "Qərbi Ermənistan" idi və Osmanlı dövlətinin bir neçə böyük cənub və qərb vilayətləri idi. "Hnçak"ın proqramında açıq qeyd edilmişdir ki, "...Bu gün bütün erməni inqilabi qüvvələri Türkiyə ermənilərinin məsələsinin həllinə girişməlidirlər" (131.241). Yəni bütün inqilabi qüvvələr ermənilərin xilasına buradan başlamalıdırlar. Sonra isə Rusiya və İranda ermənilərin problemləri çözülə bilər.

"Hnçak" partiyasının ideoloqları belə hesab edirdilər ki, Osmanlının çöküşü qaçılmazdır. Və Qərbin xristian dövlətləri bu imperiyanı parçalamaq üçün planlar hazırlamışlar. Bu, gec-tez baş verəcəkdir. Ona görə də "Hnçak"çılar qeyd edirdilər ki, "Erməni məsələsi"nin həllinə hazır olmaq lazımdır. Bu səbəbdən partiyanın fəaliyyət dairəsi genişləndirilir və bütün dünya erməniləri və onların havadarlarının qüvvələri bu işin reallaşmasına yönəldilirdi. "Hnçak" güclənirdi, artıq bu təşkilat 1891-ci ildə Türkiyənin şərq vilayətlərində çox böyük təşkilati şəbəkələr qurmuşdu (247.4).

 

 

 Mövqe.- 2011.- 1 iyun.-S. 10.