Erməni siyasi təşkilatlarının Şərqi Anadoluda erməni dövləti yaratmaq ideyasını mətbuat vasitəsilə təbliğ etməsi

 

VII yazı

 

Erməni hərbi hissələrinin savaşan orduya qarşı deyil, mülki əhaliyə yönəlik vəhşiliklər törətməsindən narazı olan Rusiya hərbi komandanlığı Andraniki çox keçmədən öz ordusundan çıxarır. Onun müharibə canisi kimi mühakimə olunması da o dövrün mətbuatında tez-tez gündəmə gətirilmişdir. SSRİ Baş Prokurorluğunun A.Ozanyana qarşı cinayət işi qaldırması barədə iddialar var. Lakin Andranik bu dəfə də aradan çıxa bilmişdir. 1916-1918-ci illərdə Andranik Qafqaz canişininin icazəsi ilə yaradılan I könüllü erməni drujinasının komandiri idi. Onun "Hayastan" adlı qəzet buraxması və həmin qəzetdə türk xalqına qarşı həqarət ruhlu yazılar verməsi də tarixin ironiyasıdır. Müharibədən sonra rus ordusu bu yerlərdən çəkilərkən Andranik Qars, Aleksandropol (Gümrü), Voronsovka istiqamətində hərbi mövqe seçmişdi. İrəliləyən türk ordusunun qarşısını Cəlaloğluda (Stepanovan) kəsməyə çalışan Andranik buna nail olmadıqda geriyə çəkilmiş və keçdiyi bütün yerlərdə qan tökmüşdü. Onun quldur dəstəsi Yeni Bəyazidə qaçmış, Səlim dağlarının ətəyi ilə Culfaya girmiş, oradan da Xoya (İran) keçmişdi. Xoydan Vana keçərək buranın erməni əhalisi hesabına dəstəsini böyütmək və yeni müqavimət qüvvəsi yaratmaq istəyinə nail ola bilməmişdi. Türk ordusu onun Vanagirişini bağlamışdı. Təkrar Cənubi Azərbaycana dönüb çoxlu insan qanı tökən Andranik müdafiəsiz vəziyyətdə olan Naxçıvana girir. Azərbaycan türklərinə qarşı bu bölgədə çox böyük faciə yaşadan bu quldurbaşı Naxçıvandan Stepan Şaumyanla əlaqə saxlayır və onun məsləhəti ilə Naxçıvanı Sovet Rusiyasının tərkib hissəsi elan edərək bu dəfə də Sovet Rusiyasından dəstək almaq istəyir. Lakin onu artıq yaxşı tanıyırdılar. Bakı Kommunasının başçısı Şaumyanın Lenini Andranikin səmimiliyinə inandırmağa çalışması da bir nəticə vermir. "Culfaya, xalq qəhramanı Andranikə" adlı teleqramında Şaumyanın bu quldurla eyni məqsədlərdən çıxış etməyə və özünə Qarabağda müdafiə mövqeyi seçməyə çalışır. Qafqazda bulunan ingilis ordu komandanlığının tələbi ilə Qarabağı da tərk etməyə məcbur olur. Həm siyasət, həm də meydanda məğlub duruma düşən Andranik Ozanyan 1919-cu ildə quldur dəstəsinin kiçik tör-töküntüləri ilə Eçməidzinə gəlir və ordusunu buraxaraq xaricə qaçır. Bir müddət Fransada, sonra İngiltərədə yaşayır, xaricdə olarkən Kilikiyada bir erməni dövləti qurmaq xəyalına düşür. Lakin bu fikirləri də iflasa uğrayınca 1922-ci ildən ABŞ-ın heç kəsin xəyalına gəlməyən ucqar bir yerində gizlənərək yaşayır.

O, elə burada da Çiko qəsəbəsində ölmüş, Preznedə dəfn olunmuşdur. 1928-ci ildə onun qəbrini Parisin Per-Laşez qəbiristanlığına köçürmüşlər. 2000-ci ildə isə sümüklərini İrəvana gətirib yenidən dəfn edərkən ermənilər növbəti bir günah işlədirlər. Keçdiyi hər yerdə qan izi olan bu qulduru "qəhrəman" kimi təqdim edən millət özü də tarix qarşısında günaha batır.

Andranik bu qanlı hadisələri törədərkən ermənilərə hər cür dəstək verən Qərb ölkələrinə, Rusiyaya güvənirdi. 1903-cü ildə "Pro Armenia" qəzeti yazırdı ki, "Sasunda kifayət qədər erməni qüvvələri vardı və əgər "Avropa öz sözünün ağası olsa", bizimkilər burada hər şeyə nail ola bilərdilər". Həmin qəzetin 65-ci sayında yenə də qeyd olunurdu: "Əgər yaxın gələcəkdə biz Avropanın bu işlərə qarışmasına nail olmasaq..., onda gərək özümüzün qüvvələrini səfərbər edək. Biz sinəmizi güllələrin qabağına verərkən inanırıq ki, qardaş və bacılarımız bizə kömək edəcəklər". Avropa ölkələrinin ermənilərə söz verməsini o dövrdə çıxan erməni mətbuat orqanlarından açıq görmək olurdu: "Erməni qardaşlar! Biz inanırıq ki, yaza qədər qardaşlıq həmrəyliyinin təntənəsi baş verəcək. Bizim sonuncu birləşmiş protestimiz istibdada son qoyacaq və Avropanı insansevər missiyalar keçirməyə məcbur edəcəkdir..."

Ermənilər bununla belə kifayətlənmirdilər. dünyanın ayrı-ayrı ölkə rəhbərlərinə müraciətlər təşkil edir və onlardan kömək umurdular. 1895-ci ildən Rusiyanın Osmanlı imperatorluğunda səfiri olan Nelidova Şəbin Qarahisarın 475 sakininin yazdığı məktub da "Droşak" qəzetində dərc edilmişdir. Həmin məktubda ermənilər Rusiyadan Türkiyəyə təzyiq etməsini xahiş edir və qeyd edirdilər ki, onların məsələlərinin həlli daxildə deyil, xaricdən təzyiq edilməklə mümkün olacaqdır. Bu isə o demək idi ki, sultan hakimiyyətinin milli azlıqlarla bağlı islahatları onları qane etmir. Ermənilər müstəqillik istəyirdilər. Bunu vermək isə mümkün deyildi. Ona görə də Rusiya, İngiltərə, Fransa səfirliklərinin qapısı döyülür və artıq gündəmə gətirməyə nail olduqları "Erməni məsələsi"nin həlli onlardan tələb edilirdi.

Erməni komitələrinin "Hnçak" və "Daşnaksutyun" partiyalarının fəaliyyəti öz nəticələrini verirdi. Şərqi Anadolunun ayrı-ayrı vilayətlərində ermənilər tədricən türk idarəçiliyinə tabe olmur və üsyanlara başlayırdılar. Osmanlı imperatorluğunda "Erməni məsələsi"nin meydana çıxmasına əsas səbəblərdən biri üsyanların başlaması və dövlətin bu üsyanların qarşısını almaqda yetərincə qərarlı olmaması idi. 1890-cı ildə Ərzurumda baş tutan erməni üsyanına beynəlxalq diqqət gözlənildiyindən də çox oldu. Bu üsyandan ruhlanan ermənilər elə həmin ilin ortalarında Qumqapıda "özlərini göstərdilər". 1892-1893-cü illərdə Kayseridə, Yozqatda, Çorumda və Merzifonda qanlı hadisələr baş verdi.1894-cü ildə Sasun üsyanı Osmanlı imperatorluğunu tədbirlər görməyə vadar etdi. 1895-ci ildə Zeytun üsyanı, 1896-cı ildə isə Van üsyanı ciddi tarixi hadisəyə çevirildi. 1893-cü ildə II Sasun üsyanı, 1905-ci ildə Osmanlı sultanı Əbdülhəmidə qarşı edilən sui-qəsd cəhdi, 1909-cu ildə Adana şəhərində ermənilərin ayağa qalxması "Daşnaksutyun" və "Hnçak" partiyalarının qarşıya qoyduğu məqsədlərin reallaşması yolunda atılan taktiki addımlar idi. Olayların başladığı 1890-cı illərdən etibarən müharibə dövründə ermənilərin yerlərinin dəyişdirildiyi 1915-ci ilə qədər olan dövr nəzərdən keçirilərkən baş verən hadisələrin hamısının içində bu partiyaların dəst-xətti olduğunu görmək çətin deyil. Erməni kilsəsinin bu məsələlərə münasibəti də birmənalı şəkildə aydındır. Kilsələrə rəhbərlik edən keşişləri komitəçi üsyançılardan ayırmaq çox çətin idi. Bu məsələləri araşdırarkən Osmanlı imperatorluğunun ayrı-ayrı şəhərlərində olan ingilis və rus konsullarının rolu da nəzərdən qaçmamalıdır. Bu da gözdən qaçmamalıdır ki, Osmanlı dövlət yetkililəri tərəfindən üsyançı komitəçilər həbs edilərkən konsullar ermənilərin müdafiəsinə qalxmışlar. Məhkəmələr tərəfindən onlara verilən cəzaların azaldılmasına səy göstərmişlər. Həmin səfir və konsulların sayəsində cəzadan azad edilmiş ermənilər xaricə qaçaraq Omanlı Türkiyəsinə qarşı düşmənçilik siyasətinin aparıcılarına çevrilmişlər. "Erməni məsələsi"nin tərkib hissəsi olan erməni üsyanlarının səbəbləri barədə müəyyən araşdırmalar aparılarkən bu qənaətə gəlinmişdir ki, bu üsyanlara səbəb ermənilərin öz hüquqları uğrunda mübarizəsi olmamışdır. Bu hərəkətlər bəzi hallarda ermənilərin istəklərindən, iradələrindən kənarda olmuşdur. Rusiyanın, İngiltərənin, Fransanın və digər ölkələrin dəstəkləmədiyi heç bir erməni hərəkatı olmamışdır. Bütün olayların mərkəzində bu dövlətlər görünmüşdür. Ermənilər sadəcə olaraq böyük oyunun piyadaları olmuşlar. Ermənilərin daha çox yaşadığı Van vilayətində 1857-ci ildə "Varrak" monastrında mətbəənin qurulmasından tutmuş "Hnçak" və "Daşnaksutyun" partiyalarının yaradılmasına qədər olan dövrdə hər zaman bu əraziləri bir əl qarışdırmışdır. "Vaspurakan", "Van qartalı" qəzetlərində təbliğat aparanlar da Qərb ölkələrindən, Rusiyadan gəlmiş missionerlər olmuşlar. 1870-1880-ci illərdə bu bölgədə qurulan təşkilatlar da ("İttifaq və xilas", "Araratlı", "Qara xaç") kənardan maliyyələşniş və idarə olunmuşlar. Vanda və digər bölgələrdə gizli üsyan komitələrini yaradanlar da xaricdən gələn insanlar olmuşlar. Məsələn, 1872-ci ildə qurulan "İttifaq və xilas"ın təşkilatçılığı ruslara aiddir. Bu təşkilat Rusiyadan gördüyü dəstəklə güclü bir siyası təşkilata çevrilmiş, Van və ətrafındakı ermənilər arasında üsyan fikirləri aşılamışdır. Bu üsyan hərəkətlərini daha da genişləndirmək üçün erməniləri rus ordusunda cəlb etmək və Osmanlıya qarşı onlardan istifadə etmək üçün 1872-ci ildə burada "Qurtuluş birliyi" cəmiyyəti qurulmuşdur.

 

 

Mövqe.- 2011.- 7 iyun.- S. 10.