"Ata yeni inamın
yaradıcısıdır"
Eluca Atalı: "Asif
Ata yalnız filosof deyil, özündə filosofluqla peyğəmbərliyi
birləşdirən nadir tarixi
şəxsiyyətdir"
5
iyun Azərbaycan filosofu Asif Atanın
dünyadan köçdüyü
gündür. Şəxsiyyəti,
yaradıcılığı, fəlsəfəsi ilə böyük ocaq yandıran Atanın çatdığı ocaq bu gün
də gur yanır. Bugünkü
müsahibim Asif Ata Ocağının Evladı, mühacirətdə
yaşayan yazarımız
Eluca Atalıdır.
-
Eluca xanım, bildiyimiz
kimi, 5 iyun (sizlər ona Şölə Ayı da deyirsiniz)
Asif Atanın vəfatı günüdür.
Biz belə bir gündə söhbətləşirik və elə ona görə də istəyirəm söhbətimizi Ata və Ocaq
ətrafında quraq.
- Bu mövzu mənim də
ürəyimcədir. Çünkü bugünkü səmti,
axını bəlli olmayan dünyaya Ata əqidəsinin
varlığını bilmək və o yola düşmək
gərəkliyini getdikcə açıq görürəm.
Ürəyinizdə Ata Günəşi olsun, istəkli
soydaşlarım! Asif Atanın kimliyini bir kəlmə ilə
belə ifadə edərdim: yeni inamın yaradıcısı.
Dünyaya gəlmiş yeni Mütləqə İmanın
yaradıcısı və bu baxımdan Ata da inam
yaradıcısı, inamın sahibi olduğu üçün
peyğəmbər idi. Amma bu günə qədər olan
peyğəmbər anlamından fərqli olaraq, o, heç kimdən
göydən yerə mesaj gətirməyib. Sadəcə,
peyğəmbər sözünü əvəz edəcək
tutarlı söz tapa bilmədiyimiz üçün, hələ
ki, Atanı bu adla çağırırıq. Bu söz bəzilərini
qorxudur, amma azca idrakı olan dərk edə bilər ki, burda
qorxulu heç nə yoxdur. Niyə də türk öz
peyğəmbərini verməsin və onun arxasınca getməsin?
Nə vaxta qədər onun - bunun dalıyca
qaçacağıq? Nə vaxta qədər tutuquşu kimi
kiminsə sözünü təkrarlayacağıq? Nə
vaxta qədər əks -səda olub başqalarının
axır sözünü, son sözünü
özümüzə dayaq bilib təkrarlayıb
yaşadacağıq? Məgər biz özümüz nəsə
yaratmağa, yaşatmağa qadir deyilik? Bax, Ata həmin bu
baxışı alt-üst etdi, heç kimi təkrarlamadı:
"Xalqım, sən özün ola bilərsən, əgər
öz idrakına inansan!"-dedi. Asif Ata Ocağının
Evladları, o cümlədən mən, Ata dalıyca yola
çıxmışıq, onun yolunu gedirik. Bu isə təkrar
deyil. Öz xalqının kimliyindən irəli gəlmiş,
salınmış yolu getməkdir.
- Mümkünsə, Asif
Atanın yaradıcılığından öncə onun həyatı,
şəxsiyyəti barədə bir az
danışardınız. Bu, Asif Ata haqqında az oxuyan
oxucularımıza da maraqlı olar.
- Asif Ata - Əfəndiyev
Asif Qasım oğlu (25.IX.1935 - 5.VI.1997) Quzey Azərbaycanın
keçmiş Qazax mahalının Çaykənd kəndində
müəllim ailəsində doğulmuşdur. Türkün
Qaraqoyunlu soyundandır. Babaları ruhani olmuşlar. Asif Ata ilk
təhsilini doğulduğu kənddə almış, orta təhsilini
Gəncə şəhərində davam etdirmiş, 1951-ci ildə
Ağstafa şəhərində başa vurmuşdur. 1957-ci
ildə M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunu
bitirmişdir. Həm orta, həm ali təhsil, başlıca
olaraq iki cəhətdən onu heç vaxt qane etməmişdir
: Birincisi, cəmiyyətin, elmin, dinin, tarixin insana münasibəti
baxımından, ikincisi dünya tarixində doğuya, türk
irqinə ögey münasibət və Doğunun da bununla barışması,
Azərbaycana heç yer verməməsi baxımından.
Bu duyğular onda ali təhsil,
daha doğrusu, doyumsuz mütaliə illərində daha da
güclənmişdir. Şəxsiyyətinin
formalaşdığı həmin illərdə insan probleminə
daha çox maraq göstərmişdir. Bu marağını
ödəmək üçün ən qədim
çağlardan ta özünə qədərki bütün
filosofları, fəlsəfə məktəb və cərəyanlarını,
fəlsəfə tarixini, bütün dinləri və din
tarixini, bütün ədəbiyyat tarixini, bütün
mifologiyanı, musiqini, poetikanı, tarixin özünü və
b. öyrənmişdir. Onun fikrincə, bütün bunlar -
özlərinin müsbət cəhətləri ilə
yanaşı, bir - birindən az və ya çox fərqlənsələr
də, onlarda həmişə böyük, əsaslı bir
çatışmazlıq olub: İnsana münasibətin
yanlışlığı, natamlığı, ən əsası
isə insana inamsızlığı. Tarixboyu bəşər
ağlı insanı ya ideyaların kölgəsi, ya öz
cisminin kölgəsi, ya özündənkənar iradənin
kor icraçısı, Allahın, şəhvətin,
istehsalatın qulu sayır, gah ondan əlini tamam üzür,
ona inamını büsbütün itirir, gah ona kinayəli
münasibət bəsləyir, gah onu söyüb
alçaldır, ona gah acıyır, gah acıqlanır...
Bütün bunların son ucunda dinlər siyasətin alətinə
çevrilmiş, fəlsəfə insanlara təsirini
itirlmiş, cəmiyyət faydaçılığa
qurşanmış, insana inam və insanın özünə
inamı yoxa çıxmışdır; bəşər
öz əzəli, ruhani mahiyyətindən sapmaqdadır. Ona
görə dünya qlobal fəlakətlərlə
üz-üzə qalmışdır, bəşərin problemləri
həllini tapmır ki, tapmır! Asif Ata bunun səbəbini də,
həlli yolunu da İnsanla bağlayır və onda
bütün ümumbəşəri problemlər
üçün açar olası bir təlim yaratmaq fikri
baş qaldırır. Bu, Mütləqə İnam fəlsəfəsinin
ilk rüşeymi idi.
"İnsan dünyada
kimdir, dünya insan üçün nədir?" Fəlsəfənin
birinci sualı budur. "İnsanın Mütləqə,
ideala münasibəti nədir? Fəlsəfənin ikinci
sualı budur. "İnsanı ideala yaxınlaşdırmaq
üçün nə etmək gərəkdir? Bu
üçüncü sualda fəlsəfənin peyğəmbərlik
siqləti aşkara çıxır. "İnsanın cəmiyyətdə
yeri, vəziyyəti, taleyi necədir?" Bu, fəlsəfənin
dördüncü sualıdır. "İnsanın öz əsilliyinə
qayıtması üçün nə lazımdır? "
Bu, fəlsəfənin beşinci sualıdır... Bir sözlə,
fəlsəfə insan aqibətini şərh, təhlil və
təyin edən müdriklikdir". Ata inamının əsasını
hərtərəfli izah edən "Mütləqə
İnam" kitabından bunu daha geniş şəkildə
öyrənmək olar. Ata şəxsiyyətinin mənası
ilə bağlı söhbət etdiyimiz üçün bu məsələni
ümumi şəkildə dedim.
Asif Ata yalnız filosof
deyil, özündə filosofluqla peyğəmbərliyi birləşdirən
nadir tarixi şəxsiyyətdir. O, həm ideya - Mütləqə
İnam, həm də onu gerçəkləşdirmə vasitəsi
olan Ruhani Ocağı yaratmışdır. Mütləqə
İnam Ocağı- Asif Ata Peyğəmbərliyinin göstəricisidir.
"Gerçəklikdə ...nisbiylə yanaşı
yaşayan Mütləq - peyğəmbər qanununda nisbidən
təmizlənmiş şəkildə ...aşkara
çıxır. Peyğəmbərlikdə Ruha xas olan
üç cəhət: Mütləq düşüncə,
Mütləq duyğu və Mütləq iradə öz parlaq
təzahürünü tapır". Bu da Atanın
"Mütləqə İnam" kitabından olan sətirlərdir.
Ata öz Ruhunun bu
üç cəhətinin vəhdəti sayəsində
vaxtıilə işlədiyi Azərbaycan Dövlət
Universitetində, indiki Bakı Dövlət Universitetində
1975-ci ildə " Etik və estetik tərbiyə klubu"nu
yaratdı, 1 mart 1979-cu ildə onu Mütləqə İnam Ocağına
çevirdi. Ocağa Evladlar cəlb elədi, onların birləşib
Ruhani İntibah işi aparmaları üçün Ocaq Ailələri
biçimini kəşf elədi; bir gün belə, ara vermədən
18 il bilavasitə başçılıq edərək, ona
dönməz-sönməz xarakter verdi; Ocağın
bütün daxili yaşayış- iş qaydalarını, gələcək
Ruhani Birliyin əsas qanunlarını cızdı. Fəlsəfənin
yuxarıda qeyd etdiyimiz üçüncü və beşinci
suallarına cavab verən fəaliyyətini ömrünün
son gününə qədər davam etdirdi.
- Asif Ata Ruhani İntibah
deyəndə nəyi nəzərdə tutur?
- Ruhani İntibah
dünyanın nə inqilab, nə də bəşərin
elmi-texniki tərrəqi dediyi sivil bir qüvvə ilə dəyişəcəyinə
yox, öz içindən hal-hal, ağac-ağac artaraq dəyişəcəyinə
inamdır. Elə bu səbəbdən də Ruhani İntibah
ideyasında altı bir-birinə bağlı ideya birləşir:
Mütləqə İnam, Kamil İnsan, Müstəqil Vətən,
Ruhani Cəmiyyət, Özümlü Şərq və Ləyaqətli
Bəşər.
- Asif Ata və onun
Ocağı mövzusu bir söhbətin mövzusundan
çox-çox böyükdür. Amma mən bugünkü
Ata vəfatının ildönümü ilə bağlı
sizə sual vermək istərdim. Asif Ata harada dəfn olunub və
onun ildönümünü necə qeyd edirsiniz?
- Ata Ağıstafa şəhər
qəbiristanlığında dəfn olunub. Biz oranı Ata Son Evi adlandırırıq. Hər il bugünkü gün orayv gedir və xüsusi
mərasimlə Atanı
ziyarət edirik. Atanın "Mütləqə
İnam" kitabından
"Ölümlə görüş",
"Aqibət" izharlarını
oxuyur, Matəm Üstə Mütləqlə
Təmas izharını
deyib, sonra bir il ərzindəki
uğurlarımızı və
Ataya ürək sözümüzü dilə
gətiririk.
- Asif
Atadan sonra Ocaqda Atanı kimsə əvəz edir?
- Yox, qətiyyən!
Ocaq nə partiyadır, nə cəmiyyətdir, nə təşkilatdır
ki, orada başçını kimsə
əvəz etsin.
Ocağın Atası
Asif Atadır, o olanda da, olmayanda
da.
- Bəs Ocaq necə idarə
olunur?
Ocaq bütün Evladlar tərəfindən
bir yerdə idarə olunur, həqiqət əsasında.
Meyarımız həqiqətdir, Mütləqə
İnamdır. Əsas meyardır. Gərək
Ocaqçılar ondan kənara çıxmasınlar. Ata
Günəşdir, Evlad Günəşin zərrələri!
Zərrə Günəşi əvəz edə bilməz. Zərrə
Günəşi ifadə edə bilər.
- Ocaq Evladları
içində ən yaxından tanıdığım insan
sizsiniz. Ona görə də Evladlıqdan söhbət getdiyi
üçün ən çox sizin üzərinizdə
dayanmaq istərdim. Şəxsən Sizin
yazıçılığınız Ocağa nə kimi
xeyir verir?
- Ata ideyalarını ədəbiyyata
çəkirəm. Deyə bilərsiniz: "Bu olmasa, məgər
Ocaq itirər?" Yox, Ocaq itirməz. Mənim
yazıçılığım yalnız Ocağın
odunun, istisinin varlığını xalqa nişan verir, bir
növ, təbliğ edir. Mən olmasam da, Ocaq heç nə
itirmir. Mən Ocaqsız yox olaram, mənim varlığm
Ocağımla bağlıdır. Ata Ocaqçılıq
istedadını belə ifadə edir:
"Ocaqçının bir istedadı var:
Ocaqçılıq istedadı. O birisilər ola da bilər,
olmaya da bilər. Ocaqçılıq istedadının əsas
cəhəti bundan ibarətdir: İnamçılıq,
İdrakçılıq, Mənəviyyatçılıq,
İradəçilik. Ocaqçılıq istedadı olan,
başqa istedadı olmayan Ocaqçı istəsə də,
istəməsə də Ocağa xeyir verəcək. Onda
Ocaqçılıq istedadı varsa, o, işıq saçacaq.
Ocaqçılıq istedadı özünə biçim
tapacaq". Atamız var olsun!
Arzu
Abdulla
Mövqe.-
2011.- 7 iyun.- S. 13.