Heydər Əliyev dövlətçilik strategiyası

 

 Heydər Əliyev şəxsiyyəti haqqında dünyanın müxtəlif liderlərindən başlamış ən sadə adamlarına qədər hər kəs müxtəlif fikirlər söyləmişdir. Əslində Heydər Əliyev haqqında danışmamaq heç mümkün də deyil. Çünki bu şəxsiyyət siyasi təlatümlər və dəyişikliklərlə zəngin olan XX əsr dünyasında yaşamış, yaşayaraq həm XX əsrin, həm də öz ömrünün 50 ilini rəhbərlikdə keçirmiş, siyasi həyatın içində və önündə olmuşdur. Ona görə müsbət və ya mənfi, doğru və ya gerçək hər kəs Heydər Əliyev şəxsiyyəti haqqında danışmağı özünə borc bilir. Mən isə bu yazımla hər hansı mədhiyyə yazmaq niyyətində deyiləm. Heydər Əliyevin belə yazılara heç sağlığında ehtiyacı olmamışdır. Amma mən bir oxucu kimi bu kimi yazılara çox rast gəlmişəm. Həmişə də düşünmüşəm ki, zaman gələcək Heydər Əliyev haqqında daha böyük və gerçək araşdırmalar yazılacaq. Çünki Heydər Əliyev siyasətçi idi. Özü də dünyada belə rast gəlinməyən siyasətçi. Bunu həmin dünyanın güc mərkəzləri deyilən dövlətlərin rəhbərləri də çox gözəl bilirdilər. Münasibətlərinə nəzər saldıqda hər şeyi açıq-aydın görə bilərik. Mahir siyasətçinın isə atdığı addımlar, həyata keçirdyi planlar bir neçə illərdən sonra gerçək təsdiqini tapır, dövlətin inkişafında özünü göstərir. Zamanında isə sadə vətəndaşlar onu və onun siyasətini anlaya bilməz. Mən də bu yazımla bəzi dövlətçilik əhəmiyyətli məsələlərə diqqətinizi çəkmək istəyirəm. Demirəm ki, mən Heydər Əliyevi tam dərinliklə anlayıram. Sadəcə milli və dövlət təhlükəsizlik prinsiplərini həyat tərzində rəhbər tutan bir gənc kimi öz düşüncəm çərçivəsində bu böyük şəxsiyyətə ilk yazımı həsr edirəm.

   Öncə Azərbaycanın rus işğalı dövründən başlayaq. Məhz rus şovinizminin və onun əlaltılarının hakim olduğu bir zamanda Azərbaycan Heydər Əliyev şəxsiyyətini yetişdirdi. Onu sevməyənlər, arxadan vurmaq niyyətində olanlar belə güclü və taktikalı siyasət qarşısında aciz idilər. Baxmayaraq ki, “sovetlər birliyi”, “xalqlar dostluğu” adı altında Azərbaycana qarşı uzanan əllər dayanmırdı. Bu dönəmdə ən çətin iş, həyat tərzi məhz Heydər Əliyevin üzərində idi. Çünki, bir yandan rəhbərlik işləri, digər yandan vətən, millət sevgisi və onu qorumaq anlayışı. Bunları bir arada tutmaq həmin zaman üçün çox çətin bir iş idi. Çünki vətən, millət sevgisi hissindən ona qarşı istifadə etmək istəyənlərin sayı-hesabı yox idi. İstər yuxarılarda, istər aşağılarda, bir sözlə hər yerdə. SSRİ hakimiyyətinin ikinci adamı olmaq, həm də Azərbaycandan olmaq sovetizmin anatomiyasına zidd idi. Heydər Əliyev isə hər kəsi və hər qüvvəni zərərsizləşdirməyi bacarırdı. Düşündüklərini deyil, danışmalı olduqlarını danışır, düşündüklərini isə gerçəkləşdirməyə çalışırdı. Təbii ki, zaman və məkan məsələsində heç bir zaman səhvə yol vermirdi. Bu da onun siyasətinin peşakarlığı idi. Populist fikirlər səsləndirmir, belə danışanların da millətə və Azərbaycanın gələcəyinə lazım olacağını bilib onları heç özləri də bilmədən qoruyurdu. Kimisini həbsdə, kimisini azadlıqda qoruyurdu. Müstəqil Azərbaycan naminə qoruyurdu bu şəxsiyyətləri. Liderlərindən biri olduğu dövlətin çökəcəyini, dağılacağını çox gözəl bilirdi.

   Sadəcə dediyim kimi ağıllı insanlar, xüsusilə də böyük siyasətdə olanlar heç bir zaman gerçək məqsədini açıqlamaz. Hətta ola bilər ki, dövründə səsləndirdiyi, dilində dediyi fikirlər onun məqsədi ilə ziddiyyət təşkil etsin. Çünki, böyük siyasətçi üçün vasitələr, kiçik zamana hesablanmış addımlar deyil, böyük məqsədlər maraqlıdır. Onun məqsədi yalnız gerçəkləşəndən sonra hər kəsə bəlli olar. Hətta zaman keçər, yeni nəsillər yetişər, onlar araşdırıb həmin tarixi şəxsiyyətin məqsədindən, böyüklüyündən yazarlar. Mən tam əminəm ki, Heydər Əliyev bu qəbildən olan şəxsiyyətdir. Və tam əminəm ki, Heydər Əliyev haqqında hələ çox az yazılıb.  

   İndi isə Heydər Əliyevin, öz qanı bahasına müstəqilliyinə qovuşmuş müstəqil Azərbaycana rəhbərlik etdiyi dönəmə ümumi bir nəzər salaq. 

   1993-cü il, hələ 1991-ci ildə öz müstəqilliyini əldə etmiş Azərbaycanın dövlətçiliyi üçün real təhlükələr ortaya çıxır. Çünki, qısa zamanda Azərbaycanın bağımsızlığını əldə edib özgür siyasət yürütməsi quzeyli-güneyli, doğulu-batılı bir çox qüvvələri rahatsız edirdi. Azərbaycandan çıxarılan rus ordusu Rusiyanı qıcıqlandırmışdı. Azərbaycan Respublikasının müstəqilliyinin elanı Araz çayının o tayında olan Azərbaycan türklərininın də milli mücadiləsinə stimul vermiş, bu da İranı qıcıqlandırmışdı. Beləliklə hər kəs Azərbaycan dövlətçiliyinin yox olması üçün istənilən addımı atmağa hazır idi. Nəinki hazır idi? Hətta ciddi şəkildə planlar cızılır və onlar daxili qüvvələrin əli ilə həyata keçirilirdi. SSRİ-nin dağıdılmasını illərdir planlayan və plan üzrə iş aparan Qərb dünyası isə artıq istəyinə çatmışdı. Əsas iş müstəqil olan subyektlərdə öz maraqlarını təmin etmək idi. Bu parçalanmadan ortaya çıxan Rusiyanın istəyi isə müstəqilləşmiş ölkələri təsir dairəsinə salmaq, hətta yenicə tarixə çevrilmiş SSRİ-ni bərpa etmək idi. Buna görə də Azərbaycanın müstəqil siyasət yürütməsi hər hansı bir dövlətə lazım deyildi. Ölkə daxilində qondarma separatizmlər yaradılmışdı. Tarixi missiyası satqınçılıq olan ermənilərə yenidən hücum əmri verilmişdi. Artıq nəinki etnik, həm regionçuluq məsələsi siyasiləşdirilmiş və nəticədə Azərbaycanın bir dövlət kimi Qafqazdan silinməsi təhlükəsi yaranmışdı. Son iki yüz ildə hissə-hissə bölünərək kiçik ərazidə müstəqilliyini elan etmiş Azərbaycanı xilas etmək, onun dövlətçiliyini qorumaq lazım idi. Bunu isə yalnız kortəbii vətənpərvərliklə deyil, həm ağıllı strategiya, düzgün siyasi addımlarla etmək olardı. Həmin siyasəti gerçəkləşdirəcək yalnız bir şəxsin olduğunu o dövrün ağsaqqalı da, ağbirçəyi də, gəncləri də çox gözəl bilirdi. Onu qəbul etmək istəməyənlər belə çıxış yolunun, xilas yolunun həmin şəxsiyyətdən keçdiyinin zərurətini artıq anladılar. Ona görə özləri Heydər Əliyevi Azərbaycana dəvət etdilər.

   Beləliklə Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyə başladı. Ən qısa zamanda dünya dövlətləri ilə müəyyən əlaqələr quruldu. Daxili siyasi sabitliyin bərpa olunması istiqamətində müxtəlif səpkili işlər gerçəkləşdi. Nə qədər acılı olsa da erməni separatçıları ilə atəşkəs imzalandı. Daxildə normal siyasi, hərbi, iqtisadi sistem qurulmalıydı ki, düşmən susdurula bilsin. Buna görə də Heydər Əliyev müvəqqəti olsa da “Atəşkəs”i imzaladı. Qondarma separatizmlərin qarşısı alındı. Həmin etniklərin də mənafeyinə qarşı olan belə separatçıların xarici kəşfiyyat orqanlarına uzanan əlləri kəsildi. Gəncə qiyamı və bu kimi digər regionlar arası qarşıdurmalara son qoyuldu. Vahid Azərbaycanın qorunması naminə qəbul olunmuş qanunlara tabe olanlar sərbəst qaldı, olmayanlara isə qanunun gücü göstərildi. İstər yazılan, istər yazılmayan qanunlar ilə düşmən hər yerdə - həm daxildə, həm xaricdə susdurulmalı idi. Bunu da məhz Heydər Əliyev bacardı. Azərbaycanı məhv olmaq təhlükəsindən qurtardı.

 

 

 Mövqe.- 2011.- 8 iyun.- S. 9.