15 iyun - Azərbaycan
dövlətçiliyinin yeni mərhələsinin
başlanğıcı
Əli
Əhmədov: "Heydər Əliyevin qayıdışı
ilk növbədə xilaskarlıq missiyası ilə yüklənmişdir"
Əvvəli
ötən sayımızda
Heydər Əliyevin
xalqımızın qəlbində əsrlərboyu
yaşamış müstəqillik ideyaları ilə
qovuşması, heç şübhəsiz, əhəmiyyətli
təkamül mərhələsi keçərək XX əsrin
son onilliklərində Azərbaycanın milli yüksəlişinin
məfkurə əsası kimi özünü büruzə
vermişdir. Bunun əyani misalını sovet rejiminin ən sərt
çağlarında Azərbaycana rəhbərlik edən Heydər
Əliyevin milli ruhun inkişafına təkan verən cəsarətli
addımlarda görmək o qədər çətin deyil. Əvvəlla,
Heydər Əliyev ona xas olan müdrikliklə dərk edirdi ki,
siyasi müstəqillikdən məhrum olmuş xalqın milli
ruhunu dirçəltməyin ən etibarlı yolu onun
iqtisadiyyatının inkişafından keçir. Məhz bunun
sayəsində xalqın özünə inamı arta bilər
ki, bu da öz növbəsində milli ruhu yüksəltmək,
milli oyanışı gücləndirmək və millətin
özünü ifadə etmək arzusunu daha dərindən
alovlandırmaq qüdrətinə malikdir. Bu mənada Heydər
Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə
respublikanın sıçrayışlı iqtisadi yüksəlişinin
xalqımızın müstəqillik məfkurəsinin
möhkəmlənməsində əvəzsiz rol
oynadığını ayrıca vurğulamamaq ən
azından ədalətsizlik olardı. Digər tərəfdən,
unudulmamalıdır ki, Heydər Əliyevin Azərbaycana
birinci rəhbərliyi illərində respublikanın
inkişafı universal səciyyə daşımış,
yüksəliş həyatın heç bir sahəsindən
yan keçməmişdir. Başqa sözlə deyilsə,
iqtisadi inkişafla yanaşı milli ruhu yüksəltməyə
birbaşa təkan verən mədəni və mənəvi
intibah meyilləri də aydınca müşahidə
edilmişdir ki, bu da atılan addımların milli - məfkurə
məna tutumuna malik olduğuna heç bir şübhə yeri
qoymur. İqtisadiyyatın inkişafının
formalaşdırdığı milli özünəinam hissləri
mədəni - mənəvi inkişafın
yaratdığı milli özünüdərk və
özünüifadə istəkləri ilə tamamlanaraq əslində
müstəqillik məfkurəsinin gündən - günə
möhkəmlənən nüvəsini əmələ gətirirdi.
1977-ci
ilin Konstitusiyasında SSRİ-nin əyalətlərindən
biri olan Azərbaycanda Azərbaycan dilinin dövlət dili elan
edilməsi yuxarıda irəli sürülən tezisi təsdiqləmək
gücündə ola biləcək çoxsaylı dəlillərin
ən bariz nümunəsi sayıla bilər.
Heydər Əliyevin 1982-ci
ildə SSRİ kimi nəhəng dövlətin ali rəhbərliyində
təmsil olunmasının milli qürur və iftixar hissi
yaradan amil kimi milli məhkurəvi rol oynamasını da
düşünürəm ki, diqqətdən kənarda
saxlamaq düzgün olmazdı. Xalqın liderinin onun
hüdudlarından kənarda tanınması və etiraf
olunması qədər məfkurəyə və milli
düşüncəyə emosional səviyyədə müsbət
təsir göstərən digər amil təsəvvür etmək
çətindir. Ümummilli lider Heydər Əliyevin
dünyanın iki super dövlətindən birinin rəhbərlərindən
olması gerçəkliyini dərk etmək
özü-özlüyündə milli-birləşdirici amil
kimi məfkurə daşıyıcısı rolunu yerinə
yetirirdi.
Sadalanan tezisləri cəm
edərək tam əminliklə söyləmək
mümkündür ki, bir yandan Heydər Əliyevin XX əsrin
son onilliklərində Azərbaycanın intibahı
yolundakı xidmətləri, digər tərəfdən isə
ümummilli lider kimi birmənalı olaraq bütün xalq tərəfindən
qəbul edilməsi milli-azadlıq məfkurəsinin yeni mərhələdə
formalaşmasında həlledici rol oynamış oldu. Məhz bunun sayəsində
XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda azadlıq hərəkatı
SSRİ-nin digər respublikaları ilə müqayisədə
daha böyük vüsət ala bilmişdi. Azadlıq hərəkatının
istər rəsmi, istər qeyri-rəsmi səviyyələrdə
artıq o zaman istefada olan Heydər Əliyevin adı ilə əlaqələndirilməsi
də öz növbəsində irəli
sürdüyümüz fikrin təsdiqinə xidmət edən
parametrlərə sahib olduğunu göstərir. Onu da vurğulamağa
dəyər ki, Heydər Əliyev fenomenini geniş vüsət
almış azadlıq hərəkatından ayırmaq cəhdləri
nəticə etibarı ilə bu təşəbbüs tərəfdarlarına
təsəlli yaradacaq sonluğa gətirib
çıxartmadı. Etiraf etmək lazımdır ki, Heydər
Əliyevin adı və şəxsiyyəti azadlıq hərəkatını
həvəsə gətirən və ona əlavə güc
verən fenomen kimi qətiyyətlə qəbul olunurdu.
Heydər Əliyev fenomeninə
ehtiyac Azərbaycan müstəqil dövlət kimi
özünü elan etdikdən sonra ilk aylarda daha aydın hiss
olunmaqda idi. Müstəqil
Azərbaycanda yaşanan siyasi qeyri-sabitlik, tez-tez təkrarlanan
hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzülün
dərinləşməsi, xaos və anarxiyanın idarəçilik
sistemini bütünlüklə iflic etməsi, yaranmış
daxili böhrandan faydalanan erməni təcavüzünün
getdikcə daha çox Azərbaycan torpaqlarını əhatə
etməsi, ölkənin xaricdən təcrid olunması və əslində
təklənməsi Heydər Əliyev fenomeninə
qayıdışı qaçılmaz edirdi. Getdikcə daha
artıq insan bu ideyanın təsiri altına düşür
və dərk edirdi ki, zamanında müstəqillik məfkurəsinin
möhkəmlənməsinə müstəsna töhfələr
verən Heydər Əliyev indi qazanılmış müstəqilliyin
qorunub saxlanmasının yeganə təminatı ola bilər.
Məhz onun sayəsində müstəqillik ideyaları həqiqi
gerçəkliyə çevrilə, qazanılmış
dövlət müstəqilliyi geriyə dönməzlik
imunitetinə sahib çıxa bilər. Qətiyyətlə
iddia etmək olar ki, XX əsrin 90-cı illərinin
başlıca siyasi gerçəkliyi olan bu həqiqətin dərk
edilməsi çağdaş tariximizə əslində
müstəqillik məfkurəsində şəxsiyyət
fenomeninin təntənəsi, sözün həqiqi mənasında
Heydər Əliyevə qayıdış və əlbəttə,
Heydər Əliyevin tarixi qayıdışının təməlinin
qoyulması kimi daxil olub. Azərbaycan müstəqillik məfkurəsini
şəxsiyyət fenomeni ilə tamamlamaq üçün
Heydər Əliyevə qayıdışa,
qazanılmış müstəqilliyi dönməz milli sərvətə
çevirmək üçün isə Heydər Əliyevin
qayıdışına möhtac idi.
Ümummilli liderimizin tarixi
qayıdışından, Heydər Əliyevin xilaskarlıq
missiyasından danışan Əli Əhmədov bildirib ki, Azərbaycanın
müstəqilliyin bərpası ərəfəsində və
ilk illərində ciddi təhlükələr məngənəsində
yaşamağa məhkum olması, son həddə
çatmış siyasi qeyri-sabitlik, sürətli iqtisadi tənəzzül,
erməni təcavüzünün coğrafiyasının
genişlənməsi və bütün bunların
qaçılmaz nəticəsi kimi əhalini bürüyən
bədbinlik hisslərinin getdikcə güclənməsi cəmiyyətin
güclü şəxsiyyətə ehtiyacını
artıran ən möhtəşəm arqumentlər idi. Ötən əsrin
90-cı illərinin ictimai ovqatının güclü lider
ideyası üzərində kökləndiyini sübuta yetirmək
üçün kifayət qədər dəlillərin gətirilməsi
mümkündür. Müdrik, təcrübəli və
qüdrətli şəxsiyyət olmadan ölkəni əhatə
etmiş total böhranın aradan qaldırıla biləcəyinə
heç kimdə ümid qalmamışdı. Bir növ,
güclü şəxsiyyət Azərbaycanın nicatı
kimi qavranılırdı və bu mənada qüdrətli
lider ideyası o dövrün siyasi gerçəkliyinin əsas
aparıcı qüvvəsinə çevrilmişdi.
Azərbaycanın
müasir tarixinin ən böhranlı mərhələsi hesab
edilən XX əsrin 90-cı illərinin əvvəllərində
ictimai düşüncə səviyyəsində güclü
Lider ideyasının birmənalı şəkildə Heydər
Əliyev şəxsiyyəti ilə əlaqələndirilməsi
o dövrün gerçəkliyinin digər, yuxarıda qeyd olunan
məfkurə prinsipindən daha populyar ideya olaraq
qavranılırdı. Başqa cür ifadə etməli olsaq, etiraf etmək
lazımdır ki, haqqında söhbət
açdığımız güclü şəxsiyyət
ideyası əslində ümidlərin Heydər Əliyevlə
bağlanmasına ideoloji baza yaratmaq məqsədi güdürdü.
Ən başlıcası isə bu, bütünlüklə cəmiyyəti,
onun hər bir təbəqəsini həm əhatə edən,
həm də birləşdirən məfkurə rolunu
oynayırdı.
Qeyd etməyi lazım bilirəm
ki, Heydər Əliyevin möhtəşəm tarixi
qayıdışı zərurətinin nəzəri-ideoloji əsası
özünün ifadəsini məhz yuxarda haqqında söhbət
açdığımız güclü şəxsiyyət
ideyasında tapır. Heç şübhə yoxdur ki, Azərbaycanın
XX əsr tarixinin ən ecazkar hadisələrindən olan məşhur
tarixi qayıdış ümummilli ictimai düşüncə
səviyyəsində dərk edilən zərurət
olduğundan, Heydər Əliyevin siyasi hakimiyyətə
qayıdışı ilk növbədə xilaskarlıq
missiyası ilə yüklənmişdir. Xalq Heydər Əliyevin
qayıdışına xilaskarlıq missiyası kimi
yanaşdığından, Heydər Əliyevə də
xilaskar kimi baxırdı.
Azərbaycanın
müasir tarixinin real təhlükələrin altında
sözün həqiqi mənasında əzildiyi bir vaxtda
ictimai düşüncədə xilaskar Lider Heydər Əliyev
obrazının formalaşmasının təsadüfi
olmadığını əsaslandırmaq bəlkə də
artıqdır. Əslində
Heydər Əliyevin məlum tarixi proseslərin müasiri
olması faktı kifayət edirdi ki, xalq öz taleyinin
xilasını ona həvalə etsin.
Ardı var
A. Mənsumə
Mövqe.-
2011.- 9 iyun.- S. 4.