Erməni siyasi təşkilatlarının Şərqi Anadoluda erməni dövləti yaratmaq ideyasını mətbuat vasitəsilə təbliğ etməsi

 

"Gənc türklər"lə ermənilərin əlaqələri hələ 1895-ci ildə yaranmışdı. "İttihad Tərəqqi" liderlərindən Əhməd Rza Murad Mizançı Londonda erməni "Hnçak" partiyasının rəhbərləri ilə görüşmüşdülər. O zaman mühacirətdə türk müxalifəti ölkə ilə sıx əlaqə saxlaya bilmədiyindən xaricdə anti-sultan cəbhəyə aid istənilən təşkilatla görüş keçirilirdi . "Hnçak"çılarla görüşü bu məqsədlə olmuşdur. Ermənilər bu danışığa məşhur "May proqramı" gətirmiş və müzakirəyə çıxarmaq istəmişlər. "Hnçak" lideri Nazarbekyan o zaman "Gənc türklər"ə təklif etmişdi ki, onlar da ermənilərin bu nümayişlərinə dəstək versinlər. Ermənilər türklərin əli ilə ölkədə sabitliyi pozmaq qarışıqlıq yaratmaq istəyirdilər . "İttihad Tərəqqi" buna getmədiyindən danışıqlar pozulmuşdur.

Hələ 1896-cı ildə "Gənc türklər"in Qahirədə çıxan "Mizan" qəzetində bu barədə məlumatlar olmuşdur. Qəzet "Gənc türklər"in erməni millətçiləri ilə əməkdaşlıq proqramı barədə məlumat vermişdir. Həmin proqramda nəzərdə tutulurdu ki, "Erməni məsələsi"nin həlli yalnız və yalnız Osmanlı dövlətinin aparacağı islahatlar çərçivəsində həll edilməlidir, ermənilər yeni Anayasanın (konstitusiyanın) qəbul edilməsi uğrunda türk ictimaiyyətinin qabaqcıl qüvvələri ilə birlikdə, yeni "Gənc türklər" lə birgə mübarizə aparmalıdırlar. Həmin proqramda o da qeyd edilirdi ki, "Erməni məsələsi"nin həllinə maneə olan Əbdülhəmid rejimidir. Bu rejimə qarşı həm erməni, həm də türk siyasi təşkilatları birgə mübarizə aparmalıdırlar. "Hnçak" qəzetinin 29 fevral 1896-cı il tarixli sayında "Murad bəyə açıq məktub" adlı məqalədə bu əməkdaşlığa anlamlı baxılır və ümidlər bəslənilirdi ki,"ermənilər yaşayan vilayətlərdə avtonom icmalar" və hətta bu vilayətlərdə "milli forma geyinən polis orqanları" yaradıla bilər. Belə bir təklif irəli sürülmüşdü ki, vilayətlərin adminstrativ sərhədlərinə yenidən baxılsın. Bu isə o demək idi ki, ermənilərin məskunlaşdıqları yaşayış məntəqələri bir vilayətə aid edilsin. 1896-cı ildə Parisdə aparılan danışıqlarda "Hnçak" liderlərindən olan P.Ruşdini qeyd edirdi ki, "Gənc türklər"lə "erməni məsələsi"nin həllinə nail olmaq mümkündür.

"Gənc türklər"lə "Daşnaksutyun" partiyası da danışıq aparmışdır. Bu barədə o dövrdə çıxan erməni mətbuatında geniş şərhlər var, hətta "Gənc türklər"lə "Daşnaksutyun"partiyasının əməkdaşlıq barədə protokolu da olmuşdur. Bu məsələyə həsr olunmuş yazılardan birində erməni millətçilərinin danışıqlardan və qəbul olunan əməkdaşlıq sənədlərindən razı qaldıqları bildirilir. Sonraki illərdə çıxan nömrələrində isə tədricən "Daşnaksutyun" partiyasının və qəzetin mövqeyi dəyişir. Məsələn, artıq 1899-cu ildən başlayaraq qəzet "Gənc türklər"i tənqid atəşinə tutur. Yazılardan birində deyilir: "Gənc türklər" kiçikdən tutmuş böyüyə qədər "erməni məsələsi"ndə tək bir şeyə can atmışlar: "Erməni məsələsi"nə beynalxalq xarakter vermək və baş verən hadisələrdə ermənilərin özlərini günahkar saymaq". O dövrdə çıxan "Nor Qyank" ("Yeni həyat") qəzeti bu məsələlərə öz səhifələrində geniş yer ayırmışdır. 1902-ci ildə çıxan birinci sayda qəzet yazırdı ki, "Liberal maskası taxan türklər ədalətdən və azadlıqdan dəm vursalar da, əzmək və təqib etmək siyasətini davam etdirirlər. Sözdə konstitusiya sadiq olduqlarını bildirirlər, işdə isə türk imperiyasına və türk monarxiyasına xidmət edirlər". Daha sonra Osmanlı hökümətinin erməniəsilli nümayəndələrinin başçılıq etdiyi nümayəndə həyətləri ilə Cenevrədə və digər Avropa şəhərlərində erməni millətçi siyasi partiyalarının danışıqlarında da ermənilər bu siyasəti aparmışlar: sultan hakimiyyətinə amansızlıq və bu hakimiyyətə itaətsizlik . Erməni alimi Meri Koçar doğru olan bu qənaətə gəlir ki, bu yolla ermənilər heç nəyə nail ola bilməzlər. Çünki heç bir hakimiyyət öz içərisində separatçılıq məqsədləri ilə ortaya çıxan və ölkəni parçalamaq məqsədini gizlətməyən təşkilatların dediyi ilə oturub-durmazdı. Alim ermənilərin Osmanlı hakimiyyət orqanları ilə danışıqları mənasız adlandırır.

1902-ci Parisdə keçirilən Osmanlı müxalifətçi qüvvələrinin birinci konqresində "Daşnaksutyun", "Hnçak"və yeniləşmiş "Hnçak" partiyası burada iştirak etməkdən imtina etdi. Osmanlı taxt-tacının varisləri Səlahəddin və Lütfulla qardaşları tərəfindən düzənlənən bu konqres "erməni proqramı"nı yəni, 11 may 1895-ci ildə İngiltərənin əlavələri ilə birlikdə Berlin konfransının 61-ci maddəsini bütövlükdə qəbul etdiyini bildirmişdir. Burada da Osmanlı hakimiyyətinin etnik azlıqlarla bağlı islahatlar keçirilməsi tələb olunmuşdur. "Erməni məsələsi"ndə bu uğurlu bir nəticə hesab edilirdi və "Nor Qyank" qəzetində erməni liberalları əməkdaşlığa hazır olduqlarını bildirdilər. Qarşılıqlı olaraq "Mizan"və "Məşvərət" qəzetləri də erməni "həmfikirlərini" əməkdaşlığa səsləyirdilər. "Droşak"qəzetinin 1896-cı il 14-cü nömrəsində "Gənc türklər"in bu mətbuat orqanları təriflənir və onların Əbülhəmid rejiminə görə alqışlanırdı. Qeyd olunurdu ki, "Mizan" və "Məşvərət" Əbdülhəmid diktaturasına qarşı kəskin mübarizədə ümumi mövqe tutmağımızı rica edirdilər". Qəzet digər bir yazısında Osmanlı mətbuatını erməni mətbuatından nümunə götürməyə səsləyir. Qeyd etmək yerinə düşər ki, o dövrdə Türkiyədə çıxan erməni qəzetlərinin dövriliyi daha çox olmuşdur, nəinki türk mətbuatının. Məlumdur ki, Osmanlı dövlətində mətbuat xarici vətəndaşların maliyyəsi hesabına yaradılmışdır. İlk qəzetdən - 1795-ci ildən çıxmağa başlayan "Bülletin de Nouvelles"dən tutmuş XX əsrin əvvəllərində artıq formalaşmış türk kütləvi mətbuatına qədər böyük əksəriyyəti xaricilərin nəzərində olmuşdur. 1828-ci ildə Qahirədə türkcə və ərəbcə çıxan "Vəkai-Misıriyyə", 1 noyabr 1831-ci ildə işıq üzü görən "Təqvimi-Vəkai", 1840-cı ildə nəşrə başlayan "Cərideyi-Havadis" də xaricdən təşəbbüs ilə çap edilmişdir. Ermənilər mətbuat orqanları ilə təbliğat işinə çox böyük önəm verdiklərindən qəzet yaratmağa meyilli idilər və XIX əsrin 60-80-ci illərində Türkiyədə erməni dilli mətbuat artıq ictimai faktor kimi ortada idi. Osmanlı imperatorluğunun qəbul etdiyi mətbuat Nizamnaməsi də imkan verirdi ki, bu ölkədə yaşayan bütün millətlər, o cümlədən ermənilər kütləvi informasiya vasitələri yaratmaq hüquqlarına malik olsunlar. XIX əsrin 60-70-ci illərində Osmanlı ərazisində çıxan 24 qəzetdən 9-u erməni dilində idi. Bəzi türk qəzetləri fasilə ilə şıxsalar da, erməni lobbisi və siyasi təşkilatları öz qəzetlərinin maddi cəhətdən ağır duruma düşməsinə imkan vermirdilər. Erməni mətbuatının durumuna nəzər salarkən görmək mümkündür ki, bu qəzetlərdən heç biri maddi cəhətdən iflasa ugrayaraq fəaliyyətini dayandırmamışdır. Bir çox türk qəzetlərinin mətbuat nizamnamələri və kütləvi informasiya vasitələri haqqında Osmanlı dövlətinin qəbul etdiyi qanunları pozduğuna görə fəaliyyətləri dayandırıldığı halda, erməni qəzetləri ilə bağlı belə hallar olmamışdır. Ermənidilli mətbuat Avropa və ABŞ-da inkişaf etmişdir, erməni əhalisi arasında geniş yayılırdı.

Milli mücadilə dönəmində Mustafa Kamal paşa tərəfindən mətbuata böyük önəm verilərkən də ermənilər bundan yararlanmışlar. Müharibə illərində İstanbul mətbuatı üzərində senzura yazılmış və qəzetlərin sərbəst şəkildə öz fikirlərini bildirilməsi üçün şərait yaranmışdır. Bundan da ən çox yararlanan yenə ermənilər olmuşlar. Atatürk bilirdi ki, həm daxildə, həm də xaricdə Türkiyəyə qarşı düşmənçilik təbliğatı aparan mətbuatın cavabını yalnız müstəqil fikirlə vermək mümkündür. Bununla belə Mustafa Kamal paşa yalnız qəzet çıxarmağın kifayət etməyəcəyini çox yaxşı bilirdi. Buna görə 1920-ci ilin 6 aprelində Anadolu Ajansı "Agentliyi) quruldu. "Erməni məsələsi"nin Türkiyənin taleyüklü problemləri ilə bağlı XX əsrin ilk onilliklərində işıq üzü görən türk mətbuatı çox önəmli rol oynamışdır. Bu mətbuat ermənilərin saxtakarlığına tutarlı cavab verə bilmişdir.

 

 

Mövqe.- 2011.- 10 iyun.- S. 10.