15 iyun - Azərbaycan
dövlətçiliyinin yeni mərhələsinin başlanğıcı
Əlı Əhmədov: "Heydər
Əliyev şəxsiyyətinə
zaman məfhumu prizmasından yanaşıldıqda
o, daha nəhəng və əzəmətli görünür"
Qeyd etməyə dəyər
ki, Heydər Əliyev ən təhlükəli anlarında Azərbaycan
xalqının öz taleyini ona etibar etməkdə
yanılmadığını möhtəşəm
qayıdışın elə ilk aylarında sübuta yetirə
bildi. Qısa bir zaman kəsiyində ölkəni bir neçə
il ərzində taqətdən salan hərc-mərcliyə qətiyyətlə
son qoyuldu, sabitlik və əmin-amanlıq təmin edildi, hərtərfli
böhran cilovlandı, erməni təcavüzünün Azərbaycanın
dərinliklərinə irəliləməsinin
qarşısı alındı. Bütün bunların fonunda
Heydər Əliyevin tarixi qayıdışının
yaratdığı ən mühüm yenilik, fikrimizcə,
insanların gələcəyə
inamsızlığının tədricən və inamla
aradan qalxması sayılmalıdır. Məhz bunun sayəsində
insanların Heydər Əliyevin xilaskarlıq
missiyasının özünü bütünlüklə
doğrultduğuna inamının
formalaşdığını düşünmək
üçün ciddi əsaslar mövcuddur. Heydər Əliyevin
xilaskarlıq missiyası ilk növbədə xalqın ona
inamına istinad etdiyindən bu inamın formalaşması onun
tarixi missiyasının təntənəsi hesab edilməlidir.
Heydər Əliyevin
xilaskarlıq missiyasının fəlsəfəsinə xas
olan fərqləndirici cəhətlərdən birinin
haqqında da fikir mübadiləsi aparılmasına ehtiyac duyulmaqdadır.
Heydər Əliyev şəxsiyyətinin əzəməti və
miqyası onun tarixi qayıdışının mənasını
yalnız xilaskarlıq missiyası ilə məhdudlaşdırmağı
qeyri-mümkün edir. Heydər Əliyevin
baxışlarına görə, onun tarixi missiyası
heç də ölkəni titrədən təhlükələri
dəf etməkdən ibarət deyil. Əslində o, Azərbaycanın
düçar olduğu vəziyyətdən xilasını
geniş planda ölkədə nəinki yeni siyasi, həm də
iqtisadi və mənəvi situasiyanın yaradılmasında
görürdü. Başqa sözlə, Heydər Əliyev
özünün xilaskarlıq missiyası dedikdə elə genişmiqyaslı,
sistemli və ardıcıl həyata keçirilən
islahatları başa düşürdü ki, bunları həyata
keçirərək Azərbaycanın müstəqilliyinin əbədi,
sarsılmaz və dönməz olduğunu bəyan etmək
mümkün olsun. Buna görə müstəqil Azərbaycan
dövləti quruculuğunun əsasını təşkil edən
çoxsahəli və ardıcıl layihələrin təntənəsi
həm də Heydər Əliyevin xilaskarlıq
missiyasının gerçəkləşməsi kimi
qavranılır. Yaradılan dayanıqlı siyasi sabitliyin
ardınca iqtisadiyyatda tənəzzülün cilovlanması,
maliyyə nizam-intizamının yaradılması, aqrar
islahatların həyata keçirilməsi, yeni iqtisadi sistemə
keçidi təmin edən cəsarətli addımların
atılması həm də Azərbaycanın müstəqilliyini
möhkəmləndirən əsasların yaradılması
demək idi.
Ölkəmizə yönəlmiş
müxtəlif təzyiq və təhlükələrin dəf
edilərək birdəfəlik neytrallaşmasında Heydər
Əliyev dühasının məhsulu olan yeni neft
strategiyasının müstəsna rol oynadığını
xüsusi qeyd etməyə ehtiyac var. Məhz onun sayəsində
Azərbaycan uğurlu tarazlaşmış xarici siyasət
yeritmək manevri qazana bilər, iqtisadiyyatını dirçəltmək,
genişmiqyaslı sosial layihələri həyata keçirmək
üçün güclü dəstək əldə edə
bilərdi. Heç şübhəsiz ki, ölkəmizin
regionda lider dövlətə çevrilməsi,
dünyanın ən dinamik iqtisadiyyatına malik olan ölkə
adını şərəflə dörd il dalbadal
daşıması, Azərbaycanın beynəlxalq aləmdə
rolunun və əhəmiyyətinin hiss olunan dərəcədə
artması və digər çoxsaylı uğurlarımız
Heydər Əliyevin yeni neft strategiyası ilə birbaşa
bağlıdır. Azərbaycanın dövlət müstəqilliyinin
möhkəmlənməsində və xalqımızın
taleyində yeni neft strategiyasının nə qədər
böyük əhəmiyyət
daşıdığını Azərbaycan Respublikasının
prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının
III qurultayındakı nitqində lakonik şəkildə belə
ifadə etmişdir: "Heydər Əliyevin neft
strategiyasının icrası nəticəsində ölkəmizə
milyardlarla dollar xarici sərmayə gətirilibdir. Əgər
1994-cü ildə- o çətin şəraitdə "Əsrin
müqaviləsi" imzalanmasaydı, ondan sonrakı dövr ərzində
bütün infrastruktur layihələr həyata keçirilməsəydi,
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə
başlanmasaydı, bu gün Azərbaycanda iqtisadi
inkişafdan, ümumiyyətlə, söhbət gedə bilməzdi.
Azərbaycanın bir çox sahəsi məhz "Əsrin
müqaviləsi"ndən sonra inkişaf etməyə
başladı. Bu müqavilə bir növ bütün iqtisadi
inkişaf üçün möhkəm təkan verdi. Azərbaycanın
qarşısında duran sosial məsələlər daha
uğurla həll olunmağa başladı".
Heydər Əliyevin
xilaskarlıq missiyasının həyata keçirilməsində
müstəqil dövlət quruculuğunda istifadə olunan
qüdrətli vasitələr sırasında azərbaycançılıq
məfkurəsi, milli-mənəvi dəyərlərin gücləndirilməsi
həlledici rol oynayır. Ötən əsrin 90-cı illərinin
əvvəllərində ölkənin başının
üstünü almış təhlükələr və
total böhran separatçı meyillərlə müşayiət
olunmaqla daha da dərinləşərək əslində Azərbaycanı
real parçalanmaq həddinə çatdırmışdı.
Ölkə üçün üzləşdiyi təhdidlərin
ən təhlükəlisi olan separatizmin dəf edilməsi
ifrat dərəcədə zəifləmiş mərkəzi
hakimiyyət şəraitində yalnız və yalnız
ümumi birləşdirici ideya əsasında mümkün
idi. Və təbiidir ki, belə bir ideya yalnız Heydər Əliyevin
zəkasının nəticəsi kimi meydana gələ bilərdi.
Azərbaycançılıq məfkurəsinin Heydər Əliyevin
tarixi qayıdışının Azərbaycan gerçəkliyinə
gətirdiyi ən dəyərli və gərəkli ideya
olduğunu vurğulamaq əslində bir daha onun
böyüklüyünü etiraf etməkdir. Azərbaycandakı
dayanıqlı sabitlik, milli birlik və həmrəylik
sözün həqiqi mənasında həm də Heydər Əliyevin
azərbaycançılıq baxışlarına minnətdar
olmalıdır.
Beləliklə, Heydər Əliyevin
1993-cü ilin həyəcanlı anlarında möhtəşəm
qayıdışından başlanan xilaskarlıq missiyası
qüdrətli, müstəqilliyin əbədi, dönməz və
sarsılmaz olması heç kimdə şübhə
doğurmayan Azərbaycan dövlətinin qurulması ilə nəticələndi.
Bu gün o, Heydər Əliyev ideyaları ilə silahlanaraq qətiyyətlə
irəliləyir, gücünü və qüdrətini
durmadan artırır, dahi azərbaycanlıya məxsus
ideyaların əbədiyaşar olduğunu bir daha təsdiqləyir.
Heydər Əliyev
strategiyası yeni mərhələdə. Azərbaycanın
dinamik inkişafının ideya əsaslarından
danışan YAP-ın icraçı katibi Əli Əhmədov
bildirib ki, özünün birmənalı təsdiqini
tapmış sosioloji qanunauyğunluğa görə şəxsiyyətin
böyüklük parametrləri içərisində həlledici
əhəmiyyət kəsb edən cəhətlərdən
biri onun nəinki öz dövrünün ictimai - siyasi proseslərinə
təsir etmək imkanı, habelə sonrakı proseslərə
də təsir göstərmək qüdrəti hesab olunur. Bu
mənada əzəmətli Heydər Əliyev şəxsiyyətinə
zaman məfhumu prizmasından yanaşıldıqda o, daha nəhəng
və əzəmətli görünür. Azərbaycan
xalqının Heydər Əliyev irsinə sadiqliyi, onun siyasətinin
alternativsizliyini birmənalı şəkildə qəbul etməsi
dahi şəxsiyyətin ideyalarının həmişəyaşarlığına
bilavasitə dəlalət edir. Ölkəmizin son illərdə
Heydər Əliyevin müəyyənləşdirdiyi yolla gedərək
fövqəladə uğurlar qazanması faktı da onun şəxsiyyətinin
nəhəngliyini əyani şəkildə təsdiq edir. Bütün
bunlar onun sübutudur ki, Heydər Əliyev irsi, Heydər Əliyev
ideyaları ölkəmizin müasir inkişafının ideya
əsasları rolunu uğurla oynamaqdadır. Heydər Əliyev
strategiyasının müasir inkişafın ideya əsası
rolunda çıxış etməsi hər şeydən əvvəl
onun universal mahiyyətindən irəli gəlir söyləsək,
yəqin ki, səhvə yol vermərik. İkinci bir tərəfdən,
bu strategiya ölkəmizdə tarixən formalaşmış
dəyərlər sisteminə söykəndiyindən
böyük perspektiv üçün nəzərdə
tutulub.
Azərbaycanın
davamlı inkişafının Heydər Əliyev
konsepsiyası ideyanın praktik fəaliyyətə
transformasiya edərək insanların davranışını
stimullaşdırmaq qüdrətinə malik olan dəyərlərin
tam dəstini özündə ifadə edir. Həmin dəyərlər
sistemi ümummilli ideyanın təmin edilməsi ilə
yanaşı hər bir fərdin şəxsi idealının həyata
keçirilməsini ehtiva edən prinsip və vəzifələri
üzvi şəkildə əks etdirir. Məhz bu amil onun
ictimai cazibədarlığını və səmərəli
fəaliyyət əmsalını şərtləndirən səbəblərdən
biri keyfiyyətində çıxış edir. İnkaredilməz
həqiqətdir ki, ictimai ideya fərdi qavranma və qəbuledilmə
mexanizmi vasitəsi ilə ictimai və ya ümummilli
davranış faktoruna çevrilir. Tarixi təcrübə fərdi
maraqlar yükünü daşımaq imkanından məhrum
edilmiş ideya sisteminin uğursuzluğa məhkum edildiyini dəfələrlə
sübuta yetirmişdir. Bu baxımdan, artıq söylənilən
tezisi başqa şəkildə ifadə edərək təsdiqləmək
mümkündür ki, Azərbaycanın davamlı inkişaf
strategiyasının əsasını təşkil edən
Heydər Əliyevin baxışları sisteminin gücü
milli ideyanın kifayət qədər fərdi maraq
ünsürləri ilə yüklənməsindədir. Məhz
bunun sayəsində hər bir fərd sözügedən ideya
və baxışlar sistemində özünün ictimai dəyərlər
dərəcəsinə yüksəldilmiş istək və
arzularının ifadəsini tapır.
Heydər Əliyevin zəngin
irsinə əsaslanan inkişaf strategiyasının təhlili
onun üç fundamental başlanğıca istinad etdiyini
göstərir. Bunlar güclü dövlət, səmərəli
iqtisadiyyat və azad insandır. Hər üç
başlanğıcın qarşılıqlı ahəngdar fəaliyyəti
ölkənin yüksək inkişafına, hərtərəfli
tərəqqisinə xidmət edən əzəmətli vasitəyə
çevrilmək gücündədir. Ölkənin və onun
əhalisinin təhlükəsiz, əmin-amanlıq şəraitində
və rifah halında yaşaması sosial-siyasi və milli-əxlaqi
mühitin, birgəyaşayış norma və
qaydalarının mövcüdluğunu özündə ehtiva
edir, bu da özü-özlüyündə güclü
dövlət anlamını verir. Heydər Əliyevin
qurduğu və onun layiqli davamçısı prezident
İlham Əliyevin yorulmadan fəaliyyət göstərdiyi
müstəqil, demokratik, hüquqi, dünyəvi, sosial Azərbaycan
dövləti məhz bu parametrlərə malik olub ölkənin
gələcək və sürətli inkişafının
mühüm başlanğıcını təşkil edir. Heydər
Əliyevin hakimiyyətə qayıdışından sonra təxirəsalınmaz
tədbirlər kimi ölkədə sabitliyi, əmin-amanlığı,
dövlət intizamını təmin etmək,
qanunçuluğu və hüququn aliliyini gözləmək
sahəsində atdığı addımların məntiqi
bununla izah oluna bilər.
Zəngin irsin, hərtərəfli
düşünülmüş strategiyanın həyatın
gerçəkliyinə çevrilməsi daha bir vacib faktordan
bilavasitə asılıdır. Bu, heç şübhəsiz,
lider faktorudur. Məhz yeni dövrün yetişdirdiyi lider
ideyanın bütün əzəmətini dərk etmək və
onu yeni şəraitə maksimum uyğun olaraq gerçəyə
çevrilmək qüdrətinə sahib olur. Heydər Əliyevdən
sonrakı dövrün belə bir fenomenal liderinin cənab
İlham Əliyev olduğu artıq özünü qəti
şəkildə təsdiqləyə bilmişdir. Prezident
İlham Əliyevin müasir Azərbaycan siyasətində
qüdrətli bir fenomen olaraq meydana çıxması mahiyyət
etibarı ilə Heydər Əliyev siyasətinin məntiqi
davamı və yeni keyfiyyət halında inkişaf etdirilməsidir.
Heydər Əliyevin müstəqil Azərbaycan quruculuğunda
əks olunan strategiyası müasir şəraitdə prezident
İlham Əliyevin fəaliyyətində zəngin və
qüdrətli Azərbaycanın yaradılması vəzifəsi
kimi ortaya çıxır.
Zəngin və qüdrətli
Azərbaycan ölkənin tarixinin nəinki yeni mərhələsi,
bəlkə daha çox cəmiyyətin tamamilə fərqli
keyfiyyət halı kimi qəbul olunmalıdır. Bu
özünə daha çox inanan, potensialına daha çox
güvənən, nəinki öz hüdudları daxilində,
habelə regionda və beynəlxalq aləmdə
özünü ifadə etməyi bacaran Azərbaycan
olacaqdır. Zəngin və qüdrətli Azərbaycan habelə
özünü hər cür təhlükələrdən
müdafiə etməyə qadir, torpaqlarımıza göz dikənlərə
layiqli cavab verməyi bacaran Azərbaycan olacaq. Ölkəmizin
bu keyfiyyətlərinin artıq indinin özündə tarixi
gerçəkliyə çevrildiyini görməmək
mümkün deyil. Azərbaycanın gündən-günə
artan iqtisadi qüdrəti siyasi və hərbi gücə
transformasiya etməkdədir. Deməli, zəngin və qüdrətli
Azərbaycanın qəti şəkildə
formalaşmasının mühüm şərtlərindən
olan ərazi bütövlüyünün bərpa edilməsi
üçün beynəlxalq siyasi nüfuz və hərbi
güc amili özünü daha aydın şəkildə
büruzə verməkdədir. Azərbaycanın
iqtisadiyyatı regionun ən güclü iqtisadiyyatıdır.
Azərbaycanın büdcəsi region dövlətlərinin
üst-üstə büdcələrindən artıqdır. Heç
zaman militarizmə meyilli olmayan Azərbaycan indi
özünün müstəsna olaraq təhlükəsizliyini,
ərazi bütövlyünü təmin etmək
üçün regionda ən güclü orduya sahibdir.
Azərbaycanın
qarşısında böyük hədəflər durur. Bu,
ümummilli liderimiz Heydər Əliyevin qoyduğu Böyük
Yolun Davamıdır. Yalnız böyük millət
özünə böyük hədəflər seçə
bilər. Bir də ağıllı, xalqına sədaqətlə
xidmət etməyi həyatının mənası sayan rəhbəri
olan xalq qarşısına böyük hədəflər qoya
bilər. XXI əsrin ilk illərindən Azərbaycan
özünə böyük hədəflər seçib.
Çünki öz böyüklüyünü dərk edir,
rəhbərinə inanır və onunla birgə
addımlayır. Çünki siyasətinin məqsədini zəngin
və qüdrətli Azərbaycanın qurulmasında görən
cənab İlham Əliyev xalqına yaxşı Prezident
olmağa söz verib və verdiyi vədini layiqincə yerinə
yetirir. Böyük Heydər Əliyev yolu ilə inamla irəliləyərək
Azərbaycanı daha yüksək inkişafa, xalqı daha
xoş rifaha doğru inamla aparır. Həmişə
olduğu kimi, Heydər Əliyevin ideyaları Azərbaycan
xalqına və dövlətinə xidmət edir, onların
davamlı inkişafının ideya əsasları
missiyasını şərəflə və uğurla yerinə
yetirir.
A. Mənsumə
Mövqe.-
2011.- 10 iyun.- S. 4.