Birinci Respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 93 il ötür

 

Dördüncü yazı

 

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycan istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.

 

Heydər Əliyev Azərbaycanın ümummilli lideri

 

Dünya müharibəsinin qurtarmasından sonra qalib dövlətlər müharibədən sonrakı dünyanın vacib məsələlərini həll etmək, eyni zamanda, məğlub dövlətlərlə "haqq-hesab aparmaq" üçün Parisdə beynəlxalq sülh konfransının çağırılmasına qərar verdilər. Ekspert və texniki personalla birlikdə Sülh konfransının işində iki mindən çox insan iştirak edirdi. Təkcə ABŞ-dan 400, İngiltərədən isə 200 nəfər gəlmişdi. Mayın 28-də Azərbaycan nümayəndə heyətini ABŞ prezidenti Vilson qəbul etdi. Vilsona təqdim olunan memorandumda Azərbaycan respublikasının yaranma tarixi, onun bir ildə azadlıq yolunda verdiyi qurbanlardan bəhs olunurdu. Memorandumda göstərilirdi ki, bu mübarizədə Azərbaycanın iki şəhəri və 500 kəndi dağıdılıb, 150 min nəfərə qədər sakini qurban gedib. Təkcə İrəvan quberniyasında qısa bir müddət ərzində 200 müsəlman kəndi yandırılıb və 200 min nəfər müsəlman evsiz-eşiksiz qalıb. ABŞ prezidentindən Azərbaycan istiqlaliyyətinin tanınması, Vilson prinsiplərinin Azərbaycana aid edilməsi, Azərbaycanın Millətlər Cəmiyyətinə qəbul edilməsi, ABŞ-ın Azərbaycana hərbi sahədə yardım göstərməsi, ABŞ-la Azərbaycan arasında diplomatik və iqtisadi əlaqələrin bərqərar edilməsi məsələlərində Azərbaycan nümayəndə heyətinə kömək göstərilməsi xahiş olunurdu.

Nəhayət, 1920-ci il yanvarın 11-də Parisdə Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın istiqlaliyyətinin de-fakto tanınması haqqında yekdilliklə qərar qəbul etdi. Yanvarın 14-də bu xəbər Azərbaycana çatdı və parlament onu təntənəli şəkildə qeyd etdi. Yanvarın 19-da Azərbaycan və Gürcüstanın rəsmi nümayəndələri Paris sülh konfransı Ali Şurasının iclasına dəvət edildilər. Antanta Cənubi Qafqazın yeni dövlətlərini tanımaqla onları xarici təcavüzdən qorumaq üçün öz üzərinə öhdəliklər götürdü. Azərbaycan tərəfi ABŞ və Avropa dövlətlərindən alınması nəzərdə tutulan 100 parovoz, 2 min ədəd çən, 500 bağlı vaqon müqabilində 200 milyon pud ağ neft, eləcə də pambıq, yun, ipək, gön-dəri məhsulları göndərməyi öhdəsinə götürdü.

Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınmasına qədər dövlət quruculuğu sahəsində heç bir təcrübəsi olmayan xalq qısa zaman kəsiyində normal fəaliyyət göstərən dövlət aparatı yaratmağa, 20-dən artıq dövlətlə baş konsulluq, konsul agentlikləri səviyyəsində əlaqələr qurmağa nail oldu. Təbii ki, müstəqil Azərbaycan dövləti yaradılarkən hər şeyi sıfırdan başlamaq lazım gəldi. Çünki heç bir hazır dövlət mexanizmi, qanunvericilik, hakimiyyət və idarəetmə orqanı, ordu, vahid dövlət fəaliyyəti ənənəsi və təcrübəsi yox idi. Yeni yaranan dövlət öz fəaliyyəti dövründə "türkləşmək, islamlaşmaq və müasirləşmək" ideyası uğrunda mübarizə aparırdı. Hökumət hələ Gəncədəki fəaliyyəti dövründə - 1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında fərman imzaladı. Azərbaycan dilli savadlı kadrların çatışmazlığı nəzərə alınaraq, dövlət idarələrində müvəqqəti olaraq rus dilindən də istifadə olunmasına icazə verildi. İyunun 24-də üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi, noyabrın doqquzunda isə həmin bayraq üçrəngli - yaşıl, qırmızı və mavi zolaqlardan ibarət olan bayraqla əvəz olundu. Avqustun 11-də ümumi hərbi səfərbərlik elan edildi. Sentyabrın 1-də isə Hərbiyyə Nazirliyinin yaradılması haqqında qərar qəbul olundu. General Səmədağa Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman Sülkeviç Baş qərargah rəisi təyin edildilər. 1919-cu ildə 25 min nəfərlik Milli ordu yaratmaq məqsədilə 400 milyon manat vəsait ayrıldı. Ordunun yaradılması prosesi 1920-ci ilin yanvarında əsasən başa çatdırıldı. 1919-cu ilin yayında Bakını tərk edən ingilislər şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. İngilislərdən alınan gəmilər hesabına Xəzər donanması yaradıldı.

Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə nəzər salarkən, təbii ki, parlamentin yaranması ön sırada durur. Milli parlamentarizmin təşəkkül tarixi isə Azərbaycan parlamentinin 1918-ci il dekabr ayının 7-də keçirilən ilk iclasından başlayır. Azərbaycan Demokratik Cümhuriyyətinin parlamenti 1918-ci ilin axırlarında fəaliyyətə başlamışdı. Parlamentdə bir çox partiyalara, o cümlədən Müsavat, İttihad, Əhrar, Hümmət və başqa siyasi təşkilatlar, eləcə də Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələri təmsil olunurdular. Ümumiyyətlə, parlament yaradılarkən onun tərkibinin çoxmilllətliliyi diqqətə alınmışdı.

Azərbaycan parlamenti yaradıldığı ərəfədə başda general Tomson olmaqla ingilis qoşunları hələ də Bakıda idilər. Azərbaycan Demokratik Cümhuriyyətinin hökumət tərkibi Bakıya köçdükdən sonra Müsəlman Milli Şurasını çağırmaq barədə fikrin meydana çıxması ilk əvvəllər ingilis generalını narahat etsə də, sonrakı hadisələrin gedişi göstərdi ki, o, demokratik hökumətin Azərbaycanda yaşayan bütün xalqlara və millətlərə eyni mövqedən yanaşmasının şahidi olmuşdu. Azərbaycan parlamentinin yaradılması haqqında qanun hazırlanarkən burada ilk növbədə bütün ölkə vətəndaşlarının tələbatının nəzərə alınması diqqət mərkəzində saxlanmışdı. Belə ki, həmin qanunda aydın göstərilirdi ki, ölkənin qanunverici orqanı bütün əhalinin tələbatını tam ödəməli, yəni parlamentdə bütün ölkə əhalisi təmsil olunmalıdır.

Eyni münasibət Azərbaycan parlamentinin təşkili barədə əsasnamədə də öz əksini tapmışdı. Əsasnamədə qeyd edilirdi ki, parlament öz fəaliyyətində bütün xalqlara və millətlərə yer ayıracaq. Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 17-də çağırılmış iclasında parlamentin 120 nəfərdən ibarət yaradılması qərara alınmışdı. Əhalinin milli tərkibi nəzərə alınaraq Milli Şuranın 44 nəfər üzvündən başqa gələcək parlamentə azərbaycanlılardan 36 nəfər nümayəndənin seçilməsi ilə yanaşı, ermənilərə 21, Bakıdakı rus milli şurasına 10 yer ayrılırdı. Bundan əlavə, parlamentdə milli azlıqların nümayəndələri üçün də yerlər nəzərdə tutulurdu. Buradakı almanlar, yəhudilər, gürcü və polyaklardan hər biri 1 nəfər nümayəndə ilə təmsil olunmalı idi. Parlamentin 1919-cu ilin sonuna aid olan tərkibində isə slavyan rus ittifaqı fraksiyası 4 nəfərlə, milli azlıqlar fraksiyası isə 5 nəfər nümayəndə ilə təmsil olunurdu.Nə qədər qəribə də olsa, yuxarıda qeyd etdiyimiz kimi, hətta ermənilərin azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmələri nəzərə alınmadan parlamentdə onlara 21 nəfər yer ayrılmışdı. O zaman isə Azərbaycanda cəmi 500 min nəfər erməni yaşayırdı. İstər Fətəli xan Xoyskinin, istərsə də Nəsib bəy Yusifbəylinin sədr olduğu Azərbaycan hökumətlərinin tərkibində müxtəlif xalqların nümayəndələri də təmsil olunurdular.

1919-cu il iyulun 21-də "Azərbaycan Respublikasının Müəssisələr Məclisənə seçkilər haqqında" Əsasnaməni təsdiq etdi. Həmin il avqustun 11-də parlament tərəfindən qəbul olunan "Azərbaycan vətəndaşlığı haqqında" qanuna görə özü və valideynləri Azərbaycan ərazisində anadan olmuş keçmiş Rusiya imperiyasının bütün təbəələri milli və dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan vətəndaşı hesab olunurdu. Xalq maarifi sahəsində də qısa zaman kəsiyində ciddi addımlar atıldı. Hökumətin 1919-cu il 28 avqust qanununa görə xalq maarifi milliləşdirildi. Orta məktəblərin təxminən yarısı milliləşdirildi, məktəblərdə rus tarixi əvəzinə ümumtürk tarixi tədris olunmağa başladı, bütün məktəblərdə Azərbaycan dilinin tədrisi məcburi hesab olundu. 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qərar qəbul edildi. Dərslər noyabrın 15-də başladı. Kənd Təsərrüfatı İnstitutunun yaradılması haqqında da qanun qəbul olundu. 1919-cu ilin noyabrında Bakıda Dövlət Konservatoriyasının açılmasına hazırlıq işləri başlanmışdı. Eyni zamanda Bakıda dövlət kitabxanalarının və kütləvi kitabxanaların açılması haqqında layihələr işlənib hazırlanmışdı.

1919-cu ilin oktyabrında mətbuat sahəsində senzura ləğv edildi. Milli müəllim kadrları hazırlamaq üçün Gəncə, Nuxa və Zaqatalada qısamüddətli pedaqoji kurslar təşkil edildi və həmin kurslara 150 dinləyici qəbul edildi. Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüldü. 1919-cu ilin əvvəllərində Azərbaycanda 23 dövlət orta təhsil müəssisəsi fəaliyyət göstərirdi. Bu təhsil müəssisələri 6 kişi və 4 qadın gimnaziyası, 5 realnı məktəbi, 3 müəllim seminariyası, 3 qadın təhsil müəssisəsi, 1 politexnik və 1 ticarət məktəbi olmaqla Bakı, Gəncə, Nuxa, Salyan, Şuşa və Qazaxda fəaliyyət göstərirdi. AXC-nin təhsil sahəsindəki milli siyasəti Azərbaycanda yaşayan bütün millətlərin mənafeyinə uyğun idi. Azərbaycan hökuməti 1918-ci ilin 7 sentyabrında "Milli azlıqlardan olan xalqların öz ana dilində təhsil alması haqqında" qanun imzalamışdı. 1919-cu il oktyabrın 1-dən Dağlıq Qarabağın erməni məktəbləri üzrə xüsusi müfəttişlik yaradılmışdı.

 

 

A.     Sultanova

 

Mövqe.- 2011.- 23 iyun.- S. 4.