Birinci Respublika Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasından 93 il ötür
Beşinci
yazı
Azərbaycan Xalq Cümhuriyyəti
Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin
xüsusiyyətlərini üzvi şəkildə birləşdirən
yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi
23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk
respublika dövründə həyata keçirilən tədbirlər
müstəqil dövlətçiliyimizin əsaslarının
yaradılması və gələcək inkişaf yolunun
müəyyənləşdirilməsi baxımından
mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq
və azadlıqların bərqərar olması, etnik və
dini mənsubiyyətindən asılı olmayaraq bütün
vətəndaşlara bərabər hüquqlar verilməsi, Azərbaycan
dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin
inkişafına xüsusi diqqət göstərilməsi,
nizami milli ordunun, təhlükəsizlik strukturlarının
qurulması və sair işlər Xalq Cümhuriyyəti
Hökumətinin yürütdüyü siyasətin
miqyasını, mahiyyət və mənasını əyani
şəkildə səciyyələndirir".
Azərbaycan
Xalq Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan"
qəzeti Azərbaycan və rus dillərində nəşr
olunurdu. Eyni zamanda yüzə yaxın gənc azərbaycanlı
ali təhsil almaq məqsədilə Avropanın universitetlərinə
göndərildi. Bu 100 nəfərdən 10 nəfər
İngiltərəyə, 23 nəfər İtaliyaya, 45 nəfər
Fransaya, 9 nəfər Türkiyəyə, 13 nəfər
Rusiyaya tələbə göndərilməsi nəzərdə
tutulmuşdu. Azərbaycanlı tələbələr Avropa
şəhərlərinə təhsil almağa yola düşərkən
ağıllarına belə gəlmirdi ki, onların bəzisi
təhsilini başa vurmamış geri qayıdacaqlar. Çünki
bir ildən sonra, Azərbaycanda Sovet hakimiyyəti qurulan kimi
onların təqaüdü kəsilmişdi və bir
çoxu təhsilini dayandırmağa məcbur olmuşdu. Ticarəti
və daxili bazarı dirçəltmək məqsədilə
1918-ci il avqustun 27-də azad ticarət haqqında fərman
verildi, oktyabrın 30-da ticarət donanmasının fəaliyyəti
bərpa olundu. Azərbaycan Cümhuriyyətinin pul və
poçt markaları dövriyyəyə buraxıldı. Gəncə
şəhərinin çarizm dövründəki adı ləğv
edilərək əsl adı özünə qaytarıldı.
Eləcə də digər yer adlarına da düzəlişlər
edildi.
1919-cu
ildə Bakıda "Müsəlman Şərqini öyrənən
cəmiyyət" təsis edilmişdi. Xalqın qədim
dövrlərini araşdırmaq məqsədilə 1920-ci illərin
əvvəllərində Maarif Nazirliyində arxeologiya
şöbəsi yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılması eyni zamanda ədəbiyyat, teatr, musiqi sahələrinin
də milliləşməsinə öz təsirini göstərdi.
Bakıda Azərbaycan Dövlət Teatrı fəaliyyətə
başladı, maarifi və milli mədəniyyəti təbliğ
edən və yayan cəmiyyətlərin, təşkilatların,
ittifaqların fəaliyyəti genişləndi. "Türk
ocağı", "Nəşri-Maarif", "Mədəni-Maarif"
kimi cəmiyyətlər fəaliyyətə başladı. Cəfər
Cabbarlı, Üzeyir Hacıbəyov, Əhməd Cavad və
başqaları bu dövrdə fəaliyyət göstərirdilər.
O zaman Azərbaycan Xalq Cümhuriyyətinin mübahicəsiz ərazisi
97,3 min kvadrat kilometr idi. Gürcüstanla 8,7 min kvadrat kilometr,
Ermənistanla isə 7,9 min kvadrat kilometr həmsərhəd ərazi
Azərbaycan hökuməti tərəfindən mübahisəli
torpaq sayılırdı. Azərbaycan əhalisi 2 milyon 862 min
nəfər idi ki, onun da 70 faizini müsəlmanlar təşkil
edirdi. Burada nə qədər ağrılı olsa da, tarixi
bir faktı qeyd etmək gərəkdir. 1918-ci ilin aprelində
tarixi Azərbaycan torpaqları olan İrəvan quberniyası ərazisində
Ermənistan dövləti yaradılan zaman onun
paytaxtının hansı şəhər olacağı müəyyən
edilməmişdi. Azərbaycan hökuməti mayın 29-da
İrəvan şəhərinin paytaxt elan edilməsi
üçün ermənilərə güzəştə
getdiyini bəyan etmişdi. İrəvan Müsəlman Milli
Şurası bu güzəştə dərhal öz
etirazını bildirmişdi.
29 may 1918-ci ildə Tiflisdə Müsəlman
Milli Şurasının iclası keçirildi.
Açılış mərasimində Şura üzvi Fətəli
Xan Xoyski Azərbaycan və Ermənistan federasiyası
arasında sərhədlərin müəyyənləşdirilməsi
istiqamətində Ermənistan milli şurasının
nümayəndələri ilə aparılan
danışıqların nəticələri barədə məruzə
etdi. Məruzəsinin sonunda Fətəli Xan Xoyski belə bir xəbəri
qeyd etdi ki, Ermənistan Federasiyasının yaradılması
üçün ermənilərə siyasi mərkəz
lazımdır. Aleksandropolun Türkiyəyə keçməsindən
sonra bu, yalnız İrəvan ola bilər. Ona görə də
İrəvanın ermənilərə güzəşt edilməsi
qaçılmazdır.
Sözügedən məsələ
ilə bağlı çıxış edən Xasməmmədov,
Cəfərov, Şeyxül-İslamov, ( Hümmət
partiyası adından), Məhərrəmov (Sos. Müsavat
bloku adından) İrəvanın ermənilərə güzəşt
edilməsini tarixi zərurət, qaçılmaz bəla
olduğunu etiraf etdilər. İclasın nəticələri
isə belə yekunlaşdı: 28 nəfər Milli Şura
üzvindən 16 nəfəri İrəvanın ermənilərə
güzəştə gedilməsinin lehinə səs verdilər.
Bir nəfər bu qərarın əleyhinə
çıxdı, üç nəfər isə səs vermədi.
Sonra ermənilərlə konfederasiya yaradılması barədə
məsələ müzakirə edildi. Qısa fikir mübadiləsindən
sonra sözügedən məsələ səsverməyə
çıxarıldı. Azərbaycanın və Ermənistanın
bu formada gələcək quruluşu Milli Şura tərəfindən
yekdilliklə qəbul edildi. Bu arada bolşeviklər Azərbaycanın
daxilində təxribatçı fəaliyyətlərini
gündən -günə genişləndirirdilər. 1920-ci
ilin fevralında təsis edilən bolşeviklərdən ibarət
Azərbaycan Kommunist Partiyasının əsas məqsədi
ölkədə vəziyyəti gərginləşdirmək,
təxribat yolu ilə bolşevikləri hakimiyyətə gətirmək
idi. Bu təxribatçı quruma qatı millətçi
Mikoyan rəhbərlik edirdi. Beləliklə, partiya milli
hökuməti yıxmaq, Sovet Azərbaycanı qurmaq
üçün silahlı üsyan xəttini irəli
sürdü.
1920-ci il aprelin 28-də ikinci respublika
- Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı.
İki il ərzində öz müstəqilliyini qoruyub
saxlamağa nail olan respublika 1922-ci ildə SSRİ-nin tərkibinə
daxil olduqdan sonra öz müstəqilliyinin ancaq formal
atributlarını saxlaya bilmişdi. Azərbaycan Xalq
Cümhuriyyəti iki ildən az yaşasa da, Azərbaycan
dövlət quruluşunun yaradılması, Azərbaycan
istiqlaliyyətinin dirçəldilməsi,
xalqımızın milli mənlik şüurunun oyanması
üçün az iş görmədi. Azərbaycan Xalq
Cümhuriyyətinin yaranması uzun müddət davam etmiş
tarixi prosesin təbii məhsulu, Azərbaycan xalqının
azadlıq hərəkatının, onun milli şüurunun
inkişafının qanunauyğun məhsulu kimi qiymətləndirilməlidir.
Azərbaycan xalqı özünün çoxəsrlik
azadlıq mübarizəsinin məntiqi nəticəsi kimi
yalnız iyirminci yüzilliyin sonlarında dövlət
müstəqilliyinə nail oldu. Məhz buna görə də
xalqımızın suverenlik yolu ilə inamla
addımladığı indiki zamanda ötən əsrin əvvəllərindən
canlamağa başlamış milli azadlıq hərəkatının,
müstəqilliyimizə aparan yolların tarixi təcrübəsinin
öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.
Təsadüfi deyil ki, 2008-ci ilin on
beş fevralında prezident İlham Əliyev "Azərbaycan
Xalq Cümhuriyyətinin yaradılmasının 90 illiyi
haqqında" sərəncam imzalayıb. Sərəncamda
qeyd olunur ki, 2008-ci il may ayının 28-də Azərbaycan Xalq
Cümhuriyyətinin yaranmasının 90 illiyi tamam olur.
Müasir Azərbaycan respublikası 1991-ci ildə öz
müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin
siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul
etmişdir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci
ilin 28 may günü hazırda Respublika Günü kimi qeyd
olunur. Müsəlman Şərqində ilk parlament
respublikası - Azərbaycan Xalq Cümhuriyyəti
xalqımızın qədim dövlətçilik ənənələrini
yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının
yaradılmasına nail olmuşdu. Milli parlamentarizmin təşəkkül
tarixi isə Azərbaycan parlamentinin 1918-ci il dekabr
ayının 7-də keçirilmiş ilk iclasından
başlayır. Sənəddə o da vurğulanır ki,
Rusiyada çar üsul-idarəsinin ləğvi, baş verən
fevral və oktyabr çevrilişləri, Birinci Dünya
müharibəsinin fəsadları və bir sıra digər
amillər Qafqazı ayrı-ayrı siyasi qüvvələrin
qarşıdurma meydanına çevirmişdi. Dünyanın
aparıcı dövlətlərinin Bakı neftinə göstərdiyi
maraq vəziyyəti daha da gərginləşdirirdi.
İlk qərarı ilə milliyyəti,
dini, sosial vəziyyəti və cinsindən asılı
olmayaraq, ölkəmizin bütün vətəndaşlarına
bərabər hüquqlar verən Cümhuriyyətin
yaranması çox mürəkkəb şəraitdə elan
olunmuşdur. Sərəncamda o da qeyd olunur ki, cəmi 23 ay
yaşamış Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər
bir səhifəsi bütün azərbaycanlılar
üçün olduqca əzizdir. Bununla belə, bu tarixdə
ürəyimizi qürur hissi ilə dolduran hadisələrlə
yanaşı, ümumilli faciələrə yol açan səhifələr
də vardır. Azərbaycan Xalq Cümhuriyyətinin öz
dövlətçilik atributlarını qəbul etməsi,
dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət,
təhsil və səhiyyə sahələrində
atdığı addımlar xalqımız üçün
taleyüklü əhəmiyyət kəsb etmişdir. Sərəncamda
deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair
sanballı əsərlər, hətta ikicildlik ensiklopediya nəşr
edilsə də, tariximizin bu mərhələsi ilə
bağlı çoxlu sayda sənədlər hələ
xarici ölkələrin qapalı arxivlərində
saxlanılır və öz tədqiqatçılarını
gözləyir.
Bu gün isə Azərbaycan Xalq
Cümhuriyyətinin varisi olan, ümummilli lider Heydər Əliyevin
qurub-yaratdığı, müstəqilliyini əbədi,
dönməz və sarsılmaz etdiyi Azərbaycan prezident
İlham Əliyevin rəhbərliyi ilə dünya birliyində
söz sahibinə çevrilir, gündən-günə öz
nüfuzunu artırır və yeni-yeni uğurlara imza atır.
A.Sultanova
Mövqe.-2011.- 24 iyun.- S. 4.