Birinci Respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 93 il ötür
Dördüncü yazı
Müsəlman Şərqində ilk
demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik
sosial-iqtisadi, ictimai-siyasi
və mədəni inkişafının, xalqımızın
milli oyanışı
və dirçəlişi
proseslərinin məntiqi
nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti
xalqımızın siyasi
şüur səviyyəsinin,
intellektual və mədəni potensialının,
yüksək istedad və qabiliyyətinin göstəricisi idi.
1918-ci il mayın 28-də
Azərbaycan istiqlaliyyətinin
elan edilməsində,
Xalq Cümhuriyyətinin
təşəkkül tapmasında
və fəaliyyət
göstərməsində cümhuriyyətə
rəhbərlik etmiş
şəxslərin - Əlimərdan
bəy Topçubaşovun,
Məmmədəmin Rəsulzadənin,
Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük
xidmətləri olmuşdur.
Bu görkəmli dövlət xadimlərinin,
vətənpərvər ziyalıların,
peşəkar hərbçilərin
adları xalqımızın
yaddaşına əbədi
həkk olunmuşdur.
Heydər Əliyev Azərbaycanın ümummilli
lideri
Dünya müharibəsinin qurtarmasından
sonra qalib dövlətlər müharibədən
sonrakı dünyanın
vacib məsələlərini
həll etmək, eyni zamanda, məğlub
dövlətlərlə "haqq-hesab aparmaq" üçün Parisdə
beynəlxalq sülh konfransının çağırılmasına
qərar verdilər. Ekspert və texniki
personalla birlikdə Sülh konfransının işində iki mindən çox insan iştirak edirdi. Təkcə ABŞ-dan 400, İngiltərədən
isə 200 nəfər
gəlmişdi. Mayın 28-də Azərbaycan nümayəndə
heyətini ABŞ prezidenti
Vilson qəbul etdi. Vilsona təqdim olunan
memorandumda Azərbaycan
respublikasının yaranma
tarixi, onun bir ildə azadlıq
yolunda verdiyi qurbanlardan bəhs olunurdu. Memorandumda göstərilirdi ki, bu mübarizədə Azərbaycanın iki şəhəri və 500
kəndi dağıdılıb,
150 min nəfərə qədər
sakini qurban gedib. Təkcə İrəvan quberniyasında
qısa bir müddət ərzində
200 müsəlman kəndi
yandırılıb və
200 min nəfər müsəlman
evsiz-eşiksiz qalıb.
ABŞ prezidentindən Azərbaycan
istiqlaliyyətinin tanınması,
Vilson prinsiplərinin Azərbaycana aid edilməsi,
Azərbaycanın Millətlər
Cəmiyyətinə qəbul
edilməsi, ABŞ-ın
Azərbaycana hərbi
sahədə yardım
göstərməsi, ABŞ-la Azərbaycan arasında diplomatik və iqtisadi əlaqələrin
bərqərar edilməsi
məsələlərində Azərbaycan nümayəndə
heyətinə kömək
göstərilməsi xahiş
olunurdu.
Nəhayət,
1920-ci il yanvarın 11-də Parisdə Müttəfiq Dövlətlərin
Ali Şurası Azərbaycanın istiqlaliyyətinin de-fakto
tanınması haqqında yekdilliklə qərar qəbul etdi. Yanvarın
14-də bu xəbər Azərbaycana çatdı və
parlament onu təntənəli şəkildə qeyd etdi. Yanvarın
19-da Azərbaycan və Gürcüstanın rəsmi nümayəndələri
Paris sülh konfransı Ali Şurasının iclasına dəvət
edildilər. Antanta Cənubi Qafqazın yeni dövlətlərini
tanımaqla onları xarici təcavüzdən qorumaq
üçün öz üzərinə öhdəliklər
götürdü. Azərbaycan tərəfi ABŞ və
Avropa dövlətlərindən alınması nəzərdə
tutulan 100 parovoz, 2 min ədəd çən, 500 bağlı
vaqon müqabilində 200 milyon pud ağ neft, eləcə də
pambıq, yun, ipək, gön-dəri məhsulları göndərməyi
öhdəsinə götürdü.
Azərbaycan
Xalq Cümhuriyyətinin de-fakto tanınmasına qədər
dövlət quruculuğu sahəsində heç bir təcrübəsi
olmayan xalq qısa zaman kəsiyində normal fəaliyyət
göstərən dövlət aparatı yaratmağa, 20-dən
artıq dövlətlə baş konsulluq, konsul agentlikləri
səviyyəsində əlaqələr qurmağa nail oldu. Təbii
ki, müstəqil Azərbaycan dövləti yaradılarkən
hər şeyi sıfırdan başlamaq lazım gəldi. Çünki
heç bir hazır dövlət mexanizmi, qanunvericilik, hakimiyyət
və idarəetmə orqanı, ordu, vahid dövlət fəaliyyəti
ənənəsi və təcrübəsi yox idi. Yeni yaranan
dövlət öz fəaliyyəti dövründə
"türkləşmək, islamlaşmaq və müasirləşmək"
ideyası uğrunda mübarizə aparırdı. Hökumət
hələ Gəncədəki fəaliyyəti dövründə
- 1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili
elan edilməsi haqqında fərman imzaladı. Azərbaycan
dilli savadlı kadrların çatışmazlığı
nəzərə alınaraq, dövlət idarələrində
müvəqqəti olaraq rus dilindən də istifadə
olunmasına icazə verildi. İyunun 24-də üzərində
ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri
olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul
edildi, noyabrın doqquzunda isə həmin bayraq üçrəngli
- yaşıl, qırmızı və mavi zolaqlardan ibarət
olan bayraqla əvəz olundu. Avqustun 11-də ümumi hərbi
səfərbərlik elan edildi. Sentyabrın 1-də isə Hərbiyyə
Nazirliyinin yaradılması haqqında qərar qəbul olundu. General
Səmədağa Mehmandarov hərbi nazir, general Əliağa
Şıxlinski hərbi nazirin müavini, general Süleyman
Sülkeviç Baş qərargah rəisi təyin edildilər.
1919-cu ildə 25 min nəfərlik Milli ordu yaratmaq məqsədilə
400 milyon manat vəsait ayrıldı. Ordunun yaradılması
prosesi 1920-ci ilin yanvarında əsasən başa
çatdırıldı. 1919-cu ilin yayında Bakını tərk
edən ingilislər şəhər limanının idarəçiliyini
və hərbi gəmilərin bir hissəsini Azərbaycan
hökumətinə təhvil verdilər. İngilislərdən
alınan gəmilər hesabına Xəzər donanması
yaradıldı.
Azərbaycan
Xalq Cümhuriyyətinin tarixinə nəzər salarkən, təbii
ki, parlamentin yaranması ön sırada durur. Milli
parlamentarizmin təşəkkül tarixi isə Azərbaycan
parlamentinin 1918-ci il dekabr ayının 7-də keçirilən
ilk iclasından başlayır. Azərbaycan Demokratik
Cümhuriyyətinin parlamenti 1918-ci ilin axırlarında fəaliyyətə
başlamışdı. Parlamentdə bir çox partiyalara, o
cümlədən Müsavat, İttihad, Əhrar, Hümmət
və başqa siyasi təşkilatlar, eləcə də Azərbaycanda
yaşayan azsaylı xalqların nümayəndələri təmsil
olunurdular. Ümumiyyətlə, parlament yaradılarkən onun
tərkibinin çoxmillətliliyi diqqətə
alınmışdı.
Azərbaycan
parlamenti yaradıldığı ərəfədə
başda general Tomson olmaqla ingilis qoşunları hələ də
Bakıda idilər. Azərbaycan Demokratik Cümhuriyyətinin
hökumət tərkibi Bakıya köçdükdən
sonra Müsəlman Milli Şurasını
çağırmaq barədə fikrin meydana
çıxması ilk əvvəllər ingilis
generalını narahat etsə də, sonrakı hadisələrin
gedişi göstərdi ki, o, demokratik hökumətin Azərbaycanda
yaşayan bütün xalqlara və millətlərə eyni
mövqedən yanaşmasının şahidi olmuşdu. Azərbaycan
parlamentinin yaradılması haqqında qanun hazırlanarkən
burada ilk növbədə bütün ölkə vətəndaşlarının
tələbatının nəzərə alınması diqqət
mərkəzində saxlanmışdı. Belə ki, həmin
qanunda aydın göstərilirdi ki, ölkənin qanunverici
orqanı bütün əhalinin tələbatını tam
ödəməli, yəni parlamentdə bütün ölkə
əhalisi təmsil olunmalıdır.
Eyni
münasibət Azərbaycan parlamentinin təşkili barədə
əsasnamədə də öz əksini tapmışdı. Əsasnamədə
qeyd edilirdi ki, parlament öz fəaliyyətində
bütün xalqlara və millətlərə yer ayıracaq. Azərbaycan
Milli Şurasının 1918-ci il noyabrın 17-də
çağırılmış iclasında parlamentin 120 nəfərdən
ibarət yaradılması qərara alınmışdı. Əhalinin
milli tərkibi nəzərə alınaraq Milli Şuranın
44 nəfər üzvündən başqa gələcək
parlamentə azərbaycanlılardan 36 nəfər nümayəndənin
seçilməsi ilə yanaşı, ermənilərə 21,
Bakıdakı rus milli şurasına 10 yer
ayrılırdı. Bundan əlavə, parlamentdə milli
azlıqların nümayəndələri üçün də
yerlər nəzərdə tutulurdu. Buradakı almanlar, yəhudilər,
gürcü və polyaklardan hər biri 1 nəfər nümayəndə
ilə təmsil olunmalı idi. Parlamentin 1919-cu ilin sonuna aid
olan tərkibində isə slavyan rus ittifaqı fraksiyası 4
nəfərlə, milli azlıqlar fraksiyası isə 5 nəfər
nümayəndə ilə təmsil olunurdu. Nə qədər
qəribə də olsa, yuxarıda qeyd etdiyimiz kimi, hətta
ermənilərin azərbaycanlılara qarşı kütləvi
qırğınlar törətmələri nəzərə
alınmadan parlamentdə onlara 21 nəfər yer
ayrılmışdı. O zaman isə Azərbaycanda cəmi
500 min nəfər erməni yaşayırdı. İstər Fətəli
xan Xoyskinin, istərsə də Nəsib bəy Yusifbəylinin
sədr olduğu Azərbaycan hökumətlərinin tərkibində
müxtəlif xalqların nümayəndələri də təmsil
olunurdular.
1919-cu
il iyulun 21-də "Azərbaycan Respublikasının Müəssisələr
Məclisinə seçkilər haqqında" Əsasnaməni
təsdiq etdi. Həmin il avqustun 11-də parlament tərəfindən
qəbul olunan "Azərbaycan vətəndaşlığı
haqqında" qanuna görə özü və valideynləri
Azərbaycan ərazisində anadan olmuş keçmiş
Rusiya imperiyasının bütün təbəələri
milli və dini mənsubiyyətindən asılı olmayaraq,
Azərbaycan vətəndaşı hesab olunurdu. Xalq maarifi sahəsində
də qısa zaman kəsiyində ciddi addımlar
atıldı. Hökumətin 1919-cu il 28 avqust qanununa görə
xalq maarifi milliləşdirildi. Orta məktəblərin təxminən
yarısı milliləşdirildi, məktəblərdə rus
tarixi əvəzinə ümumtürk tarixi tədris
olunmağa başladı, bütün məktəblərdə
Azərbaycan dilinin tədrisi məcburi hesab olundu. 1919-cu il
sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis
olunması haqqında qərar qəbul edildi. Dərslər
noyabrın 15-də başladı. Kənd Təsərrüfatı
İnstitutunun yaradılması haqqında da qanun qəbul
olundu. 1919-cu ilin noyabrında Bakıda Dövlət
Konservatoriyasının açılmasına hazırlıq
işləri başlanmışdı. Eyni zamanda Bakıda
dövlət kitabxanalarının və kütləvi
kitabxanaların açılması haqqında layihələr
işlənib hazırlanmışdı.
1919-cu
ilin oktyabrında mətbuat sahəsində senzura ləğv
edildi. Milli müəllim kadrları hazırlamaq
üçün Gəncə, Nuxa və Zaqatalada
qısamüddətli pedaqoji kurslar təşkil edildi və həmin
kurslara 150 dinləyici qəbul edildi. Qori müəllimlər
seminariyasının Azərbaycan şöbəsi Qazaxa
köçürüldü. 1919-cu ilin əvvəllərində
Azərbaycanda 23 dövlət orta təhsil müəssisəsi
fəaliyyət göstərirdi. Bu təhsil müəssisələri
6 kişi və 4 qadın gimnaziyası, 5 realnı məktəbi,
3 müəllim seminariyası, 3 qadın təhsil müəssisəsi,
1 politexnik və 1 ticarət məktəbi olmaqla Bakı, Gəncə,
Nuxa, Salyan, Şuşa və Qazaxda fəaliyyət göstərirdi.
AXC-nin təhsil sahəsindəki milli siyasəti Azərbaycanda
yaşayan bütün millətlərin mənafeyinə
uyğun idi. Azərbaycan hökuməti 1918-ci ilin 7
sentyabrında "Milli azlıqlardan olan xalqların öz ana
dilində təhsil alması haqqında" qanun
imzalamışdı. 1919-cu il oktyabrın 1-dən
Dağlıq Qarabağın erməni məktəbləri
üzrə xüsusi müfəttişlik
yaradılmışdı.
A. Sultanova
Mövqe.- 2011.- 23 iyun.- S. 4.