Birinci Respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 93 il ötür

 

Beşinci yazı

 

Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq azadlıqların bərqərar olması, etnik dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması sair işlər Xalq Cümhuriyyəti Hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət mənasını əyani şəkildə səciyyələndirir".

Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan" qəzeti Azərbaycan və rus dillərində nəşr olunurdu. Eyni zamanda yüzə yaxın gənc azərbaycanlı ali təhsil almaq məqsədilə Avropanın universitetlərinə göndərildi. Bu 100 nəfərdən 10 nəfər İngiltərəyə, 23 nəfər İtaliyaya, 45 nəfər Fransaya, 9 nəfər Türkiyəyə, 13 nəfər Rusiyaya tələbə göndərilməsi nəzərdə tutulmuşdu. Azərbaycanlı tələbələr Avropa şəhərlərinə təhsil almağa yola düşərkən ağıllarına belə gəlmirdi ki, onların bəzisi təhsilini başa vurmamış geri qayıdacaqlar. Çünki bir ildən sonra, Azərbaycanda Sovet hakimiyyəti qurulan kimi onların təqaüdü kəsilmişdi və bir çoxu təhsilini dayandırmağa məcbur olmuşdu. Ticarəti və daxili bazarı dirçəltmək məqsədilə 1918-ci il avqustun 27-də azad ticarət haqqında fərman verildi, oktyabrın 30-da ticarət donanmasının fəaliyyəti bərpa olundu. Azərbaycan Cümhuriyyətinin pul və poçt markaları dövriyyəyə buraxıldı. Gəncə şəhərinin çarizm dövründəki adı ləğv edilərək əsl adı özünə qaytarıldı. Eləcə də digər yer adlarına da düzəlişlər edildi.

1919-cu ildə Bakıda "Müsəlman Şərqini öyrənən cəmiyyət" təsis edilmişdi. Xalqın qədim dövrlərini araşdırmaq məqsədilə 1920-ci illərin əvvəllərində Maarif Nazirliyində arxeologiya şöbəsi yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması eyni zamanda ədəbiyyat, teatr, musiqi sahələrinin də milliləşməsinə öz təsirini göstərdi. Bakıda Azərbaycan Dövlət Teatrı fəaliyyətə başladı, maarifi və milli mədəniyyəti təbliğ edən və yayan cəmiyyətlərin, təşkilatların, ittifaqların fəaliyyəti genişləndi. "Türk ocağı", "Nəşri-Maarif", "Mədəni-Maarif" kimi cəmiyyətlər fəaliyyətə başladı. Cəfər Cabbarlı, Üzeyir Hacıbəyov, Əhməd Cavad və başqaları bu dövrdə fəaliyyət göstərirdilər. O zaman Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəsiz ərazisi 97,3 min kvadrat kilometr idi. Gürcüstanla 8,7 min kvadrat kilometr, Ermənistanla isə 7,9 min kvadrat kilometr həmsərhəd ərazi Azərbaycan hökuməti tərəfindən mübahisəli torpaq sayılırdı. Azərbaycan əhalisi 2 milyon 862 min nəfər idi ki, onun da 70 faizini müsəlmanlar təşkil edirdi. Burada nə qədər ağrılı olsa da, tarixi bir faktı qeyd etmək gərəkdir. 1918-ci ilin aprelində tarixi Azərbaycan torpaqları olan İrəvan quberniyası ərazisində Ermənistan dövləti yaradılan zaman onun paytaxtının hansı şəhər olacağı müəyyən edilməmişdi. Azərbaycan hökuməti mayın 29-da İrəvan şəhərinin paytaxt elan edilməsi üçün ermənilərə güzəştə getdiyini bəyan etmişdi. İrəvan Müsəlman Milli Şurası bu güzəştə dərhal öz etirazını bildirmişdi.

29 may 1918-ci ildə Tiflisdə Müsəlman Milli Şurasının iclası keçirildi. Açılış mərasimində Şura üzvi Fətəli Xan Xoyski Azərbaycan və Ermənistan federasiyası arasında sərhədlərin müəyyənləşdirilməsi istiqamətində Ermənistan milli şurasının nümayəndələri ilə aparılan danışıqların nəticələri barədə məruzə etdi. Məruzəsinin sonunda Fətəli Xan Xoyski belə bir xəbəri qeyd etdi ki, Ermənistan Federasiyasının yaradılması üçün ermənilərə siyasi mərkəz lazımdır. Aleksandropolun Türkiyəyə keçməsindən sonra bu, yalnız İrəvan ola bilər. Ona görə də İrəvanın ermənilərə güzəşt edilməsi qaçılmazdır.

Sözügedən məsələ ilə bağlı çıxış edən Xasməmmədov, Cəfərov, Şeyxül-İslamov, (Hümmət partiyası adından), Məhərrəmov (Sos. Müsavat bloku adından) İrəvanın ermənilərə güzəşt edilməsini tarixi zərurət, qaçılmaz bəla olduğunu etiraf etdilər. İclasın nəticələri isə belə yekunlaşdı: 28 nəfər Milli Şura üzvindən 16 nəfəri İrəvanın ermənilərə güzəştə gedilməsinin lehinə səs verdilər. Bir nəfər bu qərarın əleyhinə çıxdı, üç nəfər isə səs vermədi. Sonra ermənilərlə konfederasiya yaradılması barədə məsələ müzakirə edildi. Qısa fikir mübadiləsindən sonra sözügedən məsələ səsverməyə çıxarıldı. Azərbaycanın və Ermənistanın bu formada gələcək quruluşu Milli Şura tərəfindən yekdilliklə qəbul edildi. Bu arada bolşeviklər Azərbaycanın daxilində təxribatçı fəaliyyətlərini gündən-günə genişləndirirdilər. 1920-ci ilin fevralında təsis edilən bolşeviklərdən ibarət Azərbaycan Kommunist Partiyasının əsas məqsədi ölkədə vəziyyəti gərginləşdirmək, təxribat yolu ilə bolşevikləri hakimiyyətə gətirmək idi. Bu təxribatçı quruma qatı millətçi Mikoyan rəhbərlik edirdi. Beləliklə, partiya milli hökuməti yıxmaq, Sovet Azərbaycanı qurmaq üçün silahlı üsyan xəttini irəli sürdü.

1920-ci il aprelin 28-də ikinci respublika - Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı. İki il ərzində öz müstəqilliyini qoruyub saxlamağa nail olan respublika 1922-ci ildə SSRİ-nin tərkibinə daxil olduqdan sonra öz müstəqilliyinin ancaq formal atributlarını saxlaya bilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti iki ildən az yaşasa da, Azərbaycan dövlət quruluşunun yaradılması, Azərbaycan istiqlaliyyətinin dirçəldilməsi, xalqımızın milli mənlik şüurunun oyanması üçün az görmədi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması uzun müddət davam etmiş tarixi prosesin təbii məhsulu, Azərbaycan xalqının azadlıq hərəkatının, onun milli şüurunun inkişafının qanunauyğun məhsulu kimi qiymətləndirilməlidir. Azərbaycan xalqı özünün çoxəsrlik azadlıq mübarizəsinin məntiqi nəticəsi kimi yalnız iyirminci yüzilliyin sonlarında dövlət müstəqilliyinə nail oldu. Məhz buna görə xalqımızın suverenlik yolu ilə inamla addımladığı indiki zamanda ötən əsrin əvvəllərindən canlanmağa başlamış milli azadlıq hərəkatının, müstəqilliyimizə aparan yolların tarixi təcrübəsinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.

Təsadüfi deyil ki, 2008-ci ilin on beş fevralında prezident İlham Əliyev "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 90 illiyi haqqında" sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, 2008-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyi tamam olur. Müasir Azərbaycan respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul etmişdir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Respublika Günü kimi qeyd olunur. Müsəlman Şərqində ilk parlament respublikası - Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Milli parlamentarizmin təşəkkül tarixi isə Azərbaycan parlamentinin 1918-ci il dekabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır. Sənəddə o da vurğulanır ki, Rusiyada çar üsul-idarəsinin ləğvi, baş verən fevral və oktyabr çevrilişləri, Birinci Dünya müharibəsinin fəsadları və bir sıra digər amillər Qafqazı ayrı-ayrı siyasi qüvvələrin qarşıdurma meydanına çevirmişdi. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə göstərdiyi maraq vəziyyəti daha da gərginləşdirirdi.

İlk qərarı ilə milliyyəti, dini, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına bərabər hüquqlar verən Cümhuriyyətin yaranması çox mürəkkəb şəraitdə elan olunmuşdur. Sərəncamda o da qeyd olunur ki, cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir. Bununla belə, bu tarixdə ürəyimizi qürur hissi ilə dolduran hadisələrlə yanaşı, ümumilli faciələrə yol açan səhifələr də vardır. Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik atributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalqımız üçün taleyüklü əhəmiyyət kəsb etmişdir. Sərəncamda deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair sanballı əsərlər, hətta ikicildlik ensiklopediya nəşr edilsə də, tariximizin bu mərhələsi ilə bağlı çoxlu sayda sənədlər hələ xarici ölkələrin qapalı arxivlərində saxlanılır və öz tədqiqatçılarını gözləyir.

Bu gün isə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı, müstəqilliyini əbədi, dönməz və sarsılmaz etdiyi Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünya birliyində söz sahibinə çevrilir, gündən-günə öz nüfuzunu artırır və yeni-yeni uğurlara imza atır.

 

 

A.Sultanova

 

Mövqe.-2011.- 24 iyun.- S. 4.