Odda yanmaz,
suda batmaz
-
Ay bala, Əlini görmədiniz?
-
Gördük, çayın buzunu qırıb orda çimir.
Ana
özündən gedir, o vaxt Əlinin cəmi 3 yaşı
vardı. İndi onun buzlu çayda çimməsi nədir,
oddan, yanan zirehli texnikadan, maşın altından sağ-salamat
çıxması heç kimdə təəccüb
doğurmur. Yox, əqli çatışmazlığı
yoxdur, sadəcə, bu, Əlinin peşəsidir, sevə-sevə
məşğul olduğu peşə, kaskadyorluq. Film titrlərində
onun da adı yazılır.
-
Kaskadyorluğun məktəbi yoxdur. Mən
Qırğızıstanda təlim keçmişəm.
Uşaqlıqdan idmanla məşğul olurdum. Çox da dəcəl
idim, indi özüm üçün aydın olub ki, belə
riskli peşələrə sahib olmaq üçün gərək
elə də uşaqlığın ola. Belə şuluq
uşaqları yığıb məşğul olmaq
lazımdır, onlardan kaskadyor düzəltmək olar, əks
halda enerjiləri yanlış yerlərə sərf olunur.
Uşaqlıqdan baş vurmadığım iş qalmayıb. Ən
çox sevdiyim isə idman və rəssamlıqdır.
Heç ağlıma gəlməzdi ki, kaskadyor olacam, filmlərə
çəkiləcəm. İdmanla mütəmadi məşğul
olurdum, boks üzrə Azərbaycan çempionu olmuşam,
Rusiyada qaçış üzrə çempion olmuşam.
Hamı düşünür ki, yəqin düşünmədən
özünü oda atmaq elə kaskadyorluqdur. Yox, elə deyil,
bu işin də bütün peşələr kimi öz elmi
var. Düşünüb, hər şeyi
ölçüb-biçib etməsən, risk daha
böyük olur. Gənclərdən mənə çox
müraciətlər olur ki, bizi öyrət, bu işi necə
mənimsəyək? Baza şəraitimiz olmadığına
görə müraciət edənlərə bir yol göstərə
bilmirəm. Ölkə başçısına müraciət
də etmişdim ki, bir baza yaratmaqda köməklik göstərsin,
heç nə istəmirəm, elə bir yer olsun mən onlarla
məşğul olum, öyrədim. Düzdür, 3 ildir Azərbaycan
Kaskadyorlar Assiosasiyamız dövlət qeydiyyatından
keçib, amma hələ ki, bir yerimiz, bazamız yoxdur. Mən
bu işi peşəkar səviyyədə bilirəm. Mənə
respublikanın "Əməkdar mədəniyyət
işçisi" adı da verilib. Həm Rusiya, həm də
Qırğızıstan Peşəkar Kaskadyorlar
Assosiyasıyasının üzvüyəm.
Qırğızıstanda Kudarbekinov adlı bir kaskadyor
vardı, onlara rəhbərlik edirdi. Sovet vaxtı bizim də
filmlərdə tryuk səhnələrini o qururdu. Sonra rəhmətə
getdi.
-
Necə, öz əcəli ilə, yoxsa su səhənginin suda
sınması kimi?
-
Öldürdülər onu, səbəbini mən də bilmirəm.
Filmlərə isə 1989-cu ildən çəkilirəm.
25-30 filmdə iştirak etmişəm, tryuk səhnələri
qurmuşam. "Fəryad" filmində bütün
döyüş səhnələrini mən qurmuşam. Orda
tankdan yana-yana çıxırdım.
-
Yəqin ki, belə hallarda əyninizdə gec yanan materialdan
paltar olur?
-
Həmin anda səhnəni yaratmaq üçün çox
olsa 15 saniyə bəs edir, əynimizdəki paltar isə 30-40
saniyəyə ancaq alışıb yana bilər. Kadr hazır
oldu, vəssalam, dərhal bizi müəyyən olunmuş maddə
ilə söndürürlər, çaşıb kimsə
üstümüzə su atsa, o da təhlükəlidir,
çünki buxar dərhal içəri verəcək və
bədən yanacaq. "Fəryad" filmində evdə olan
atışma səhnələri, bizim əsgəri vururlar,
aşıb düşür yerə, onlar hamısı kaskadyor
işidir. Ceyhun Mirzəyevin döyülmə səhnəsi.
-
Sizi döyürdülər?
-
Yox, biz döyürdük, sadəcə, üzümüz
görünmürdü. Cahangir Mehdiyevin "Girişmə,
öldürər" filmində olan detektiv səhnələr
mənim işimdir. Əbdül Mahmudovun "Gecə
qatarında qətl" filmindəki səhnələr,
"Şahid qız" filmində maşının
partladılması səhnəsində Həsən Məmmədova
dublyor idim.
-
Ölümə hazır vəziyyətdə gedirsiniz, bu
işə, yoxsa özünüzə arxayınsınız
ki, bacarıram və öhdəsindən gələcəm?
-
Ehtiyat həmişə igidin yaraşığıdır, hər
şey ola bilər. Əvvəldən o riski gözümə
alıram, həyəcanı keçirdirəm, sonra iş
görürəm. İşi həyəcanla görsəm, səhv
edə bilərəm. Özüm öz həyəcanımı,
daxili hisslərimi idarə etməyi bacarmalıyam. Ölmək
haqda düşünmürəm, yalnız işi dəqiq
qurmaq haqda düşünürəm.
-
Bəs. rəssamlıqla nə vaxt məşğul olursunuz,
axı, Əzim Əzimzadəni bitirmisiniz?
-
O da incəsənətdir, bu da. Kaskadyorluq idman
növüdür, amma orda da incə işləməyi
bacarmalısan. Həm də gördüyün iş gözəl
olmasa, baxımlı olmaz.
-
Rəssamlığı isə tamam atdınız?
-
Rəssamlıqla artıq məşğul deyiləm, amma filmlərdə
kadrları quranda eskizləri özüm qururam.
-
Kaskadyorluqda məvacib çoxdur?
-
Bizdə yox, dünyada bütün riskli işlər yüksək
məvaciblə qiymətləndirilir. Biz kliplərə,
reklamlara çəkilməklə birtəhər
dolanırıq də.
-
Hər halda gördüyünüz işin müqabilində,
riskin müqabilində aldığınız heç nədir?
- Yaratdığım işlər
qalacaq, bu iş məni yaşadır, pul gəldi-gedərdir.
-
Həm də müharibə veteranısınız?
-
Könüllü getmişdim cəbhəyə,
düşündüm ki, işimə görə orda lazım
o laram. Doğrudan da lazım olurdum, xüsusi təyinatlı
işlər görürdüm. Elə Goranboyda hərbi xidmətdə
olanda həm də o vaxt orda çəkilən "Fəryad"
filminə dəvət aldım. Cəbhədə bir işimə
görə 15 gün istirahət verirdilər mənə, həmin
vaxt filmlərdə işləyirdim. Cəbhədə
gördüyüm işi gəlib filmdə də
görürdüm. Bəzən çəkilişlər məni
gecikdirəndə rahatlıq tapmırdım ki, axı, cəbhədə
görəcəyim işin vaxtı çatıb, mən niyə
burdayam.
-
Deyəsən, "Dronqo" filmi burda çəkiləndə
siz işləmisiniz onlarla?
-
Çingiz Abdullayev özü NTV-nin qarşısında məsələ
qaldırmışdı ki, burda çəkiləcək hissələrdə
bizim aktyorlar, bizim texniki işçilər çəkilsin. Ona görə məni
də dəvət etdilər, razı da qaldılar. Rüstəm
İbrahimbəyovun ssenarisi ilə
"Dağıdılmış körpülər"
adlı Amerika filmində də çəkilmişəm.
- Çəkindiyiniz iş olub?
- Yox.
-
Hansı yaşda bu işdən əl çəkmək lazımdır?
-
İnsanın öz fiziki vəziyyətindən
asılıdr. Mən
kaskadyor tanıyıram ki, 60 yaşı var, hələ
işləyir.
- Övladınız var?
- Qızım var.
-
Demir ki, ata, özünlə bərabər məni də riskə
atma, axı, siz onun da həyatı üçün
cavabdehsiniz?
- Yox, əksinə, fəxr edir mənimlə.
-
Son vaxtlar hansı filmlərdə işləmisiniz?
-
"Cavad xan", "Tərsinə çevrilmiş
dünya", "Təsiredici" - bunlar lap yeni filmlərdir,
mən də işləmişəm. İndi "Dolu"
adlı film olacaq, orda da kalan işimiz var.
Mövqe.- 2011.-2 mart.-S.13.