Xocalı soyqırımı
VI yazı
Taym, 16 mart
1992
XOCALIDA
QIRĞIN, Cil SMOLOU
Yuri
ZARAXOVİÇ, Moskva
Mübahisələrə
baxmayaraq, aydın olan bir şey var: iki həftə öncə
Azərbaycan şəhəri Xocalıda qəddar və
vicdansız bir hadisə törədilib. İndiyədək
200 azərbaycanlı öldürülüb, çoxları
iyrənc hala salınıb, ermənilərin
üstünlük təşkil etdiyi Dağlıq
Qarabağdan dəfn olunmaq üçün qonşu rayona gətirilib.
Azərbaycanlılar iddia edirlər ki, 1324 mülki vətəndaş
qətlə yetirilib. Onların çoxu - qadınlar və
uşaqlar barədə heç bir məlumat yoxdur...
Svoboda, 12 iyun
1992
FACİƏNİ
TÖRƏDƏNLƏR CƏZALANDIRILMALIDIR
Moskvada yerləşən Memorial insan hüquqları qrupunun 1992-ci il fevralın 25-dən 26-na keçən
gecə Xocalının
erməni silahlı birləşmələri tərəfindən
işğalı zamanı
insan hüquqlarının
kütləvi şəkildə
pozulması haqqında
hesabatı. Hesabatda dinc əhalinin şəhərdən qaçması
haqqında yazılır: "Qaçqınlar ermənilər
tərəfindən qurulmuş
pusquya düşərək
atəşə tutuldular.
Onların bəziləri
Ağdama çata bildilər: digərləri,
əsasən qadınlar
və uşaqlar (dəqiq sayı məlum deyil) dağlarda azmış və donub ölmüşlər.
Ağdama çatanların
dediklərinə görə,
onların bəziləri
Pircamal və Naxçıvanik kəndləri
yaxınlığında əsir
götürülüblər. Artıq dəyişdirilmiş
Xocalı əsirlərinin
dediyinə görə,
əsirlərin bəziləri
öldürülmüşdür... 4 gün ərzində Ağdama təxminən
200 meyit gətirilmişdir.
Ağdam qatar-xəstəxanasının
həkimləri bildirdi
ki, 4 meyitin başlarının dərisi
soyulmuş, birinin isə başı kəsilmişdi. Ağdamda 181 cənazə (130 kişi, 51 qadın, 13 uşaq) üzərində
yoxlama aparılmış
və aşkar olunmuşdur ki, 151 nəfər güllə,
20 nəfər qəlpə
yarasından və 10 nəfər küt alətlərdən aldıqları
yaralardan ölmüşdür.
Xocalıdan olan bütün yaralıların
gətirildiyi Ağdam
qatar-xəstəxanasının sənədlərində göstərilir
ki, 597 nəfər yaralanmış, yaxud donmuş, bir nəfərin diri-diri başının dərisi
soyulmuşdur.
İndependent,
Arif Sadıqov Bakıda
Xəzər dənizinin
sahilindəki bir kafenin kölgəliyində
sakitcə oturdu və düz, 3 ay bundan qabaq Xocalı
şəhərindən qaçan
zaman erməni gülləsinin cırdığı
şalvarını göstərdi. 51 yaşlı xarrat
dedi: "Mən hələ də bu paltarları geyinirəm, çünki
başqası yoxumdur.
Mən 5
dəfə yaralandım,
amma bəxtim gətirdi və sağ qaldım".
Cənab
Sadıqov və arvadı bir aydan çox ac və işıqsız qalıblar. Cənab Sadıqov dedi: "Təxminən axşam saat 11-də bombardman başlandı. Biz hələ heç vaxt beləsini eşitməmişdik. 8 yaxud 9 növ silah, artilleriya, ağır pulemyotlardan istifadə olunurdu".
Tezliklə qonşular küçələrə
tökülüşdü. Bəziləri gizləndi, digərləri
isə qarın içi ilə meşələrə doğru
qaçmağa başladı.
Xilas olmaq üçün şəhər camaatı
təxminən 15 mil məsafədə
yerləşən Azərbaycan
şəhəri Ağdama
çatmalı idi.
Sübh çağı iki
Azərbaycan kəndi Naxçıvanik və Sədərək arasındakı
yerə çatanadək
onlar düşünürdülər
ki, bunu edə biləcəklər? Cənab Sadıqov
dedi: "Buna qədər
mənlə gələn
qrupun heç birinə heç nə olmamışdı...
sonra yolda bizi bir maşın
gördü və ermənilər bizə atəş açmağa
başladılar. Bizimlə olan
80 nəfərdən yalnız
on nəfəri sağ
qaldı. 67 yaşlı böyük qardaşım da daxil olmaqla 7 yaxın qohumum qətlə yetirildi.
Mən ancaq qardaşımın papağı ilə onun gözlərini bağlamağa imkan tapdım və biz heç vaxt o meyitlərdən heç birini qaytara bilmədik". Cənab
Sadıqov dedi ki, birinci qrupdakı
qaçqınların bəzilərinin
bəxti gətirdi. Evakuasiyanın qəhrəmanlarından biri Arif Hacıyev
üçüncü qrupun
qaçmasına kömək
etmək üçün
silahın darağını
dəyişərkən başından
aldığı güllə
yarasından öldü.
Digər bir qəhrəman, Xocalının
meri Elmar Məmmədov bildirdi ki, o, bir neçə
nəfər ilə birlikdə fevralın 26- nı meyitlərlə
əhatə olunmuş
kollu təpələrdə
keçirib. Cənab Sadıqov dedi: "Biz şəhərə çatandan
bir gün sonra ermənilər geniş raket hücumu həyata keçirdilər. Mən müalicə
olunmaq üçün
xəstəxanaya getməli
idim, çox pis vəziyyətdə idim. Hətta mənim ayaqqabımın
içində də güllə tapdılar".
Qırğının
qurbanları: Bir azəri qadın fevral ayında törədilmiş Xocalı
qırğınında qətlə
yetirilmiş oğlunu
ağlayır. Qatar-xəstəxanada tibb bacıları primitiv üsullarla yaralı bir kişini xilas etməyə çalışırlar. Ağdamda insanlar qətlə yetirilmiş qohumlarının
tabutu üstündə
ağlayırdılar. Ölənlərin sayını müəyyən
etmək mümkün
deyil. Çünki müsəlmanlar ölünü 24 saat ərzində dəfn edirlər.
İndependent,
AĞRILI AXTARIŞ
Azərbaycanlıların
Xocalı şəhərində
törədilmiş fevral
soyqırımı nəticəsində
təxminən 600 kişi, qadın və uşaq öldürülmüşdür. Dövlət
ittihamçısı Aydın
Rəsulov 15 nəfərdən
ibarət olan istintaq qrupunun rəhbəridir. Bu qrup azərbaycanlıların
"Xocalı Qırğını"
adlandırdıqları hadisəni
araşdırmaqla məşğuldur.
Cənab
Rəsulov bildirdi ki, 600 nəfər ilkin axtarışlar zamanı tapılmış
meyitlərdir. Xocalı meri
Elmar Məmmədov da oxşar rəqəm
söylədi. May ayında isə Bakıda nəşr olunan "Ordu" qəzeti bu rəqəmin daha böyük olduğunu yazırdı - ölənlərdən
479 nəfərin şəxsiyyəti
müəyyən olunmuş,
200-dən çoxu isə
naməlumdur. Azərbaycan
Müdafiə Nazirliyinin
mətbuat xidmətinin
rəhbəri Leyla Yunusova ölənlərin
sayının 700 olduğunu
dedi.
Beynəlxalq Qırmızı
Xaç Komitəsinin
Bakıdakı nümayəndə
heyətinin rəhbəri
Fransua Zen Rufinin bildirdi ki, Ağdam
şəhərinin müsəlman
imamının ona dediyinə görə, onun məscidinə Xocalıdan 580 meyit gətirilmişdi və onların çoxu dinc əhali idi. Cənab Zen Rufinin dedi ki, biz meyitləri
saymadıq, ancaq bu rəqəm inandırıcıdır. Çünki biz meyitləri yumaq üçün ləvazimat
verdik. 43 yaşlı hüquqşünas
cənab Rəsulov son
rəqəmin söylənilməsi
üçün bir neçə ay vaxt lazım olduğunu söylədi. Cənab Rəsulov
bu işləri yaxşı bilir. Uzun illər araşdırdıqdan sonra,
o, 1990-cı ilin yanvarında
Bakıda sovet qoşunları tərəfindən
törədilmiş qırğın
zamanı 131 nəfərin
öldürüldüyü və 714 nəfərin yaralandığı barədə
qəti rəqəm söyləmişdir. Ədliyyə
işçisi Rafiq Yusifov dedi ki,
indiyə qədər
184 nəfər Respublikanın
Ədliyyə Departamenti
tərəfindən tibbi
müayinədən keçirilmiş
və ölü kimi qeydə alınmışdır. Cənab
Yusifov bu rəqəmin ölənlərin
çox az
hissəsinə şamil
olunduğunu bildirdi. Bizə yalnız meyitlər gətirilmişdi. Gəlin o zamankı
özbaşınalığı və bizim müsəlman
olduğumuzu unutmayaq.
Ölü 24 saat ərzində
yuyulmalı və basdırılmalıdır. Professor Yusifov bildirdi
ki, bu 184 nəfərin 51-i qadın,
13-ü isə 14 yaşından
aşağı olan uşaqlar idi. 151 nəfər güllə
yarasından, 20 nəfər
qəlpə yarasından,
10 nəfər isə
küt alətlərdən
aldığı yaralardan
ölmüşdür. Son üç nəfər
isə qar uçqununa düşüb.
33 nəfərin qulağı, burnu, döşləri, cinsiyyət
orqanları kəsilmiş
və gözləri çıxarılmışdır. Cənab Rəsulov dedi ki, müayinədən
keçmiş 184 meyit
ölənlərin üçdə
bir hissəsindən də azdır. Vertolyotun pilotunun təsdiq etdiyi sənəddə bildirirdi ki, yerdə çoxlu sayda ölü və yaralı olduğu üçün
onları dəqiq saymaq mümkün olmadı. Onların sayı Xocalıda
470-500, yollarda 650-700, Naxçıvanik
kəndi ətrafında
85-100 idi. "İnsanlar əllərini yuxarı qaldırıb bizdən kömək istəyirdilər. Biz üç uşaq meyiti və sağ qalmış iki yaşlı uşaq gördük.
Onun anası isə ölmüşdü. Uşaq anasının
qolundan tutaraq onu durğuzmağa çalışırdı. Biz enməyə çalışdıq,
amma ermənilərin bombardmana başlaması bizi qayıtmağa məcbur etdi".
Kommersant, Moskva,
27 fevral 2002
1992-ci
il fevralın
25-dən 26-na keçən gecə Dağlıq Qarabağın azərbaycanlılar
məskunlaşan Xocalı
şəhəri ermənilər
tərəfindən kütləvi
hücuma məruz qaldı. Rusların 366-cı motoatıcı alayı hücumda iştirak etdi. Nəticədə 613 nəfər öldürüldü,
487-i nəfər yaralandı,
1275 nəfər əsir
götürüldü, 150 nəfər itkin düşdü. Xocalı hadisələri
münaqişənin xarakterini
kökündən dəyişdi.
Analitik qrup
Yazı Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondu tərəfindən
maliyyələşdirilən "Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
haqqında həqiqətlərin
dünya ictimaiyyətinə
çatdırılması, Azərbaycanın ədalətli
mövqeyinin müdafiə
edilməsi" layihəsi
çərçivəsində çap olunub.
Mövqe.- 2011.- 3 mart.-S.10.