Qacqın və məcburi köckünlərə dövlət qayğısı 2011-ci ildə də prioritet olaraq qalır

 

2004-cü ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə, həyat şəraitinin yaxşılaşdırılmasına yönələn Dövlət Proqramının qəbulu bu sahədə ciddi keyfiyyət dəyişikliklərinin əldə edilməsinə səbəb oldu. 2007-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə proqrama edilən əlavələr bu kateqoriyadan olan insanların yeni mənzillərlə təminatında xüsusi mövqeyi ilə seçildi. Bu sahədə mövcud problemlərin həllini sürətləndirmək məqsədilə prezident İlham Əliyevin fevralın 21-də məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında imzaladığı sərəncam qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasında strateji əhəmiyyəti ilə diqqəti çəkir.

Sənəddə deyilir ki, Azərbaycan prezidentinin 1 iyul 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" və 31 oktyabr 2007-ci il tarixli sərəncamı ilə həmin Dövlət Proqramına edilmiş əlavələr uğurla icra olunur. Ötən il qaçqınların və məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması və digər problemlərin həlli ilə bağlı prezident İlham Əliyev tərəfindən 4 fərman və sərəncam imzalanıb. Nazirlər Kabineti tərəfindən isə 14 sərəncam və qərar qəbul edilib. Bu sahədə aparılan işlər 2011-ci ildə də prioritet istiqamət olaraq qalır. Ötən müddətdə ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınıb. 100 min nəfərdən çox insan yeni evlərə köçürülüb. Sərəncamların icrası nəticəsində 130 təhsil, 50-yə yaxın səhiyyə, onlarla rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilib, müvafiq infrastruktur yaradılıb. Ümumiyyətlə, prezident İlham Əliyevin iştirakı ilə 2010-cu il fevralın 27-də Qəbələ rayonu ərazisində 155 məcburi köçkün ailəsi üçün tikilmiş iki beşmərtəbəli binanın, noyabrın 10-da Yevlax rayonu ərazisində 612 məcburi köçkün ailəsi üçün tikilmiş çoxmərtəbəli binalardan ibarət məhəllənin, noyabrın 11-də Ağdam rayonu ərazisində 689 məcburi köçkün ailəsi üçün Quzanlı qəsəbəsinin yaxınlığında tikilmiş yeni qəsəbənin, Füzuli rayonunun Horadiz şəhərində tikilmiş Olimpiya İdman Kompleksinin açılışı olub, məcburi köçkünlər yeni mənzillərə köçürülüb.

Bundan başqa, Bakı şəhərində müxtəlif yerlərdən, obyektlərdən təcili köçürülməsi nəzərdə tutulan 70 məcburi köçkün ailəsi Abşeron rayonunun Ramana qəsəbəsində tikilmiş beşmərtəbəli yaşayış binasına köçürülüb. Qəbələ rayonu Zarağan kəndində müvəqqəti məskunlaşmış 40 məcburi köçkün ailəsinin də 40 mənzilli yeni binaya köçürülməsi təmin edilib. Goranboy rayonu ərazisində 164 məcburi köçkün ailəsi üçün tikilən beşmərtəbəli yaşayış binalarının və 360 yerlik məktəbin tikintisi başa çatıb. Bütün bunlara baxmayaraq, məcburi köçkünlərin böyük əksəriyyəti hələ də yaşayış üçün yararlı olmayan ictimai binalarda, yataqxanalarda və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayır və ciddi sosial problemlərlə üzləşirlər. Məhz bu səbəbdən də prezident İlham Əliyev onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsinə yönələn daha bir sərəncam imzaladı. Bu sərəncama əsasən, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əlavələr təsdiqlənib. Bununla bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Maliyyə, İqtisadi İnkişaf nazirlikləri və Dövlət Neft Fonduna tapşırıqlar da verilib. Belə ki, onlar sərəncamda nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə bağlı tələb olunan vəsaitin növbəti illərin dövlət büdcəsində və Dövlət Neft Fondunun büdcəsində nəzərə alınması üçün müvafiq tədbirlər görməlidirlər.

Yeri gəlmişkən, Azərbaycana daxil olan böyük neft gəlirlərinin toplanması və məqsədyönlü şəkildə istifadəsini təmin etmək məqsədilə 1999-cu ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə Dövlət Neft Fondu yaradıldı. Artan neft gəlirləri hesabına ilk növbədə sosial siyasət sahəsində, o cümlədən aztəminatlı təbəqələrin, qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində saysız tədbirlər həyata keçirilir. Və Dövlət Neft Fondundan ilk vəsait məhz bu tədbirlərin maliyyələşdirilməsinə yönəldi. Bu məqsədlə Azərbaycan Prezidenti tərəfindən bir neçə sərəncam və dövlət proqramları qəbul edildi və bu qərarlara uyğun olaraq qaçqın və məcburi köçkünlər üçün Azərbaycanın müxtəlif ərazilərində zəruri infrastrukturu ilə birlikdə yaşayış qəsəbələri tikilərək istifadəyə verildi. 2007-ci ilin sonunda isə, Sabirabad rayonunda yerləşən son Qalaqayın çadır düşərgəsi ləğv edildi və burada məskunlaşmış məcburi köçkünlər yeni qəsəbələrə köçürüldü.

Prezident İlham Əliyev bu il fevralın 11-də Goranboy rayonuna səfəri zamanı qaçqın və məcburi köçkün soydaşlarımızla görüşündə bu məsələyə xüsusi yer ayırıb: "Bildiyiniz kimi, Dövlət Neft Fondundan ilk vəsaitlər ulu öndər Heydər Əliyevin tapşırığı ilə məhz məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmişdir. O vaxtdan bu günə qədər on minlərlə soydaşımız yeni mənzillərə, fərdi evlərə köçürülmüşdür. Son 7 il ərzində qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli üçün 1 milyard 800 milyon manat vəsait xərclənmişdir. 90 min nəfər yeni evlərə köçürülmüşdür. Bütün çadır şəhərcikləri ləğv edilmişdir və yeni yaradılmış şərait, bax, bu səviyyədədir. Siz buna layiqsiniz və Azərbaycan dövləti bundan sonra da əlindən gələni edəcək ki, erməni işğalından əziyyət çəkən insanlara yaxşı şərait yaradılsın. Amma mən həmişə demişəm ki, bunlar müvəqqəti məskunlaşma yerləridir. Bizim torpaqlarımız azad olunandan sonra biz həmin torpaqlarda bundan da gözəl binalar tikəcəyik. Bütün şəhərləri bərpa edəcəyik və öz vətəndaşlarımızı doğma torpaqlara qaytaracağıq. O gün gələcək, mən buna inanıram, şübhə etmirəm. Əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir".

Məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün artıq İmişli, Ağcabədi rayonlarında, Mingəçevir, Şəki şəhərlərində qəsəbə salınması üçün torpaq sahələri ayrılıb. Balakən rayonu ərazisində məktəb binalarında, Ağdam rayonunun "Dördyol" adlanan ərazisində məskunlaşmış 932 məcburi köçkün ailəsi üçün bina və qəsəbələrin inşası üçün də torpaq sahələri ayrılıb. Eyni zamanda bu il Müdafiə Nazirliyinin hərbi hissələrinə məxsus binalarında, Bakı Dövlət Universitetinin 7 yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün evlərin tikilməsi nəzərdə tutulub. Belə ki, Prezidentin sərəncamı ilə təsdiqlənən əlavələrə görə, Abşeron rayonunun Masazır qəsəbəsində ayrılmış torpaq sahəsində Bakı Dövlət Universitetinin 7 yataqxanasından 2 yataqxanada müvəqqəti məskunlaşmış 800 nəfərdən ibarət 210 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli yaşayış binaları tikiləcək və həmin ailələr bu binalara köçürüləcək. Naftalan şəhərindəki "Goran", "Şirvan", "Azərbaycan", "Mil" sanatoriyalarında müvəqqəti məskunlaşan 2620 nəfərdən ibarət 524 məcburi köçkün ailəsi üçün isə Goranboy rayonu ərazisində ayrılmış torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi nəzərdə tutulur. Binəqədi rayon, 9-cu mikrorayonda yerləşən Təcili Tibbi Yardım Stansiyasının tikintisi yarımçıq qalmış binalarında müvəqqəti məskunlaşmış 3092 nəfərdən ibarət 736 məcburi köçkün ailəsi də yeni yaşayış mənzilləri ilə təmin olunacaq. Belə ki, onlar üçün Bakı şəhəri və ya Abşeron rayonu ərazisində çoxmərtəbəli yaşayış binaları tikiləcək və həmin ailələr bu binalara köçürüləcək. Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşan 5445 nəfərdən ibarət 1210 məcburi köçkün ailəsi üçün isə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində çoxmərtəbəli yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi nəzərdə tutulur.

Bundan başqa, Ağcabədi rayonunun Taxta Körpü ərazisində yeraltı qazma və daxmalarda xüsusilə ağır şəraitdə yaşayan 6300 nəfərdən ibarət 1500 məcburi köçkün ailəsinin də şəraiti yaxşılaşdırılacaq. Onların müvəqqəti yerləşdirilməsi üçün ayrılmış torpaq sahələrində yaşayış binaları tikiləcək və ya qəsəbələr salınacaq. Sərəncamın icrası Gəncə şəhəri Kəpəz rayonunun Hacıkənd qəsəbəsində müvəqqəti məskunlaşmış 2595 nəfərdən ibarət 519 məcburi köçkün ailəsinə də şamil olunur. Xocalı rayonundan olan 1665 nəfərdən ibarət 333 ailə, Kəlbəcər rayonundan olan 930 nəfərdən ibarət 186 ailə olmaqla onlar üçün Göygöl və Goranboy rayonları ərazilərində qəsəbələr salınacaq və həmin ailələr bu qəsəbələrə köçürüləcək. Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə, həyat şəraitinin yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, son 18 ildə bu kateqoriyadan olan insanlar üçün 3,3 milyard dollar vəsait xərclənib. Bunun 810 milyon dolları Dövlət Neft Fondu, 800 milyon dolları beynəlxalq humanitar təşkilatlar, 1,7 milyard dolları isə dövlət büdcəsindən ayrılıb. Dövlət Neft Fondunun vəsaiti hesabına indiyə qədər qaçqın və məcburi köçkünlər üçün bütün infrastrukturu olan 67 qəsəbə salınıb. Bu qəsəbələrə son 7-8 il ərzində 100 min nəfər, yəni 20 min ailə köçürülüb. Bu proses indi də davam edir.

 

 

Ağanisə Sultanova

 

Mövqe.- 2011.- 3 mart.- S. 4.