Zəli ilə tanış olaq...

 

Lap qədim zamanlardan insanlar xəstəliklərdən qurtulmaq üçün min bir vasitə düşünüblər. Şəfaverici otları axtarıblar, çayların, bulaqların xeyirli tərəflərini müşahidə ediblər. Eyni zamanda arı ilə, zəli ilə də müalicə ediblər. Zəli ilə müalicə bu gün də var. Müalicənin çox qəribə adı da var-hirudoterapiya. Zəli ilə müalicə haqqında daş kitabələrdə də yazılıb. Zəlidən ulu nənə-babalarımız da yararlanıb. Amma onlar zəlinin ağzında olan fermentlər barədə məlumatsız olublar. XVII əsrdən sonra isə zəli ilə müalicə üsulu tədricən unudulub. İki əsr hirudoterapiyaya müraciət edən olmayıb. Zəli ilə müalicənin bugünki durumu ilə sizi həkim Almaz Hacıyeva tanış edəcək. Almaz xanım zəliləri çox sevir. O, 17 ildir zəli ilə insanlara şəfa verir.

- Müalicənin məhz bu üsuluna müraciət etmənizin səbəbi nədir?

- Əsrlərlə bu xeyrxah canlı ilə təmasdan uzaqlaşmanın səbəbi kimyəvi dərman peraparatlarydı. Lakin dərmanların ziyanlı tərəfləri insanları yenidən hirudoterapiyaya üz tutmağa sövq etdi. Çünki zəlinin ağız suyunda olan fermentlərin insana heç bir ziyanı yoxdur. Lakin zəlinin fərdi olaraq ziyanı ola bilər.

- Hansı ziyanları ola bilər?

- Zəli bütün xəstələrə tətbiq oluna bilməz. Hamilə qadınlara, anemiyalı, hemofiliyalı, onkoloji xəstələrə zəli qoymaq olmaz. Zəli qanı durultduğundan qan təzyiqi aşağı olanlar üçün təhlükə yarada bilər. Zəli qoydurmaq istəyən şəxsin qanının reoloji göstəriciləri haqqında bilgi olmalıdır. Bu, həm həkim üçün, həm də xəstə üçün vacibdir. Xəstə ilə təmasda olan həkimin pasientinin sağlamlığı haqqında tam bilgisi olmalıdır. Çünki xəstədə olan hər hansı qan xəstəliyi həkimə asanlıqla keçə bilər. Eyni zamanda xəstə AİDS-ə, sifilisə və hepatitə qarşı yoxlanmalıdır.

- Bəs digər zöhrəvi xəstəliklərin araşdırılması müalicədən öncə zəruridirmi?

- Əlbəttə, vacibdir. Biz cinsi yolla yoluxan infeksiyalar zamanı mikrobların inkişafının qarşısını almaq üçün hirudoterapiya tətbiq edirik. Bu, infeksiyaları zəli tam sağalda bilməsə də, mikrobların zərərini azaldır.

- Zəli ilə müalicə daha çox hansı xəstəliklərdə yaxşı nəticə verir?

- Xroniki iltihab proseslərində, ürək qüsurlarında, ürəyin işemik və qan dövranı xəstəliklərində, stenokardiya, maddələr mübadiləsi pozulduqda, osteoxandroz (duzlaşama), uroloji, ağ ciyər və qara ciyər, mədə-bağırsaq xəstəliklərində, cinsi sfera pozğunluqlarında, ginekoloji, cərrahi xəstəliklərdə (varikoz genişlənmə, babasil, hidradenit, çiban) kiçik çanaq orqanları xəstəliklərində, revmatizm, dəri xəstəliklərində zəli ilə müalicə müsbət effekt verir. Zəli yeganə vasitədir ki, hətta ölmüş sinir hüceyrələrini bərpa edir.

- Hansı ginekoloji xəstəliklərdə zəlinin müalicəsi mümkündür?

- Salpinqooforitlərin (yumurtalıqların və boruların iltihabı) zəli ilə müalicəsini ilk dəfə elmi cəhətdən əsaslandıraraq praktikada istifadə etmişik. Zəlinin xüsusi bioloji aktiv nöqtələrə tətbiqi (hirudopunktra) barədə ilk dəfə 1996-1999-cu illərdə Azad Mirzəcanzadənin imzası ilə patent vəsiqəsi (ixtira hüququ) verilib. Deyə bilərik ki, bu müalicə üsulunun dünyada analoqu yoxdur. İndiyə qədər zəli ilə müalicə aparırdılar, amma bu, xüsusi nöqtələrlə deyil, kortəbii hara gəldi qoyulurdu ki, bu da hirudoterapiya adlanırdı.

- Hirudoterapiya ilə hirudupunkturanın fərqi nədir?

- Hirudoterapiya zəli ilə ümumi müalicə üsuludur. Hirudopunktura isə hirudoterapiya ilə akupunktra (iynəbatırma) üsulunun sintezidir. Akupunktura haqqında, yəqin ki, hamınızın məlumatı var. İynəni müəyyən nöqtəyə sancdıqda sinir uclarına təsir edir. İmpuls (qıcıq) beyinə gedərək birbaşa xəstə orqana təsir göstərir. Hirudopunkturanın üstünlüyü ondadır ki, zəlini bioloji aktiv nöqtəyə qoyanda həmin nahiyəni dişləməklə refleksogen təsir yaradır. Zəlinin dişlədiyi yerdən beyinə impulslar gedir, mərkəzi sinir sistemi vasitəsilə həmin nöqtəyə cavabdeh orqan aktivləşir. Məsələn, tutaq ki, zəlini büzdüm nahiyəsinə qoymaqla yumurtalıqların fəaliyyətini aktivləşdirmək olar. Həmçinin zəlinin fermentativ (ağız suyu) təsiri sayəsində hirudopunktra üsulu ilə ikiqat effekt əldə etmək olur.

- Zəlinin ağız suyunda insan orqanizmi üçün hansı gərəkli maddələr var?

- Zəlinin ağız suyunun tərkibində olan 100-ə yaxın bioloji aktiv maddənin ancaq 20 faizini elm öyrənə bilib. Bu canlının ağız suyunda hirudin deyilən maddə var. Hirudin qanın laxtalanmasının qarşısını alır, duruldur, ogsigenlə zənginləşdirir, trombları əridir, orqanizmdəki iltihabi prosesi aradan götürür, immun sistemini möhkəmləndirir və infeksiya törədicilərinin inkişafının qarşısını alır. Hirudin eyni zamanda qan damarlarında yüksək təzyiqi azaldır, xoralaşma prosesini, eroziv sahələri bərpa edir və sağalma sürətlə gedir. Zəli ilə müalicənin ağrıkəsici təsiri də var. Zəlidəki apiraza fermenti bədəndə olan iltihabı prosesləri tənzimləyir. Gialuronidaza fermenti toxumaların keçriciliyini artırır. Bu isə müalicə zamanı yaxşı effekt verir. Loru dillə desək, bu maddə dərmanların orqanizimin istənilən toxumasına tez çatmasına kömək edir. Onda olan kollagenaza fermenti isə bitişmə və çapıq toxumaların əriməsinə yardım edir. Xolesterin-esteraza isə qanda olan xolesterini əridir, piyləri parçalayır və lipid mübadilsəini tənzimləyir.

- Belə çıxır ki, zəli ilə müalicənin estetik təsiri də var?

- Bəzi pasientlər deyir ki, müalicədən sonra ümumi çəkisi nisbətən azalır, dəridə olan bəzi problemlər aradan qalxır.

- Özəl klinikalardan birinin həkimi televiziya ilə çıxışı zamanı deyirdi ki, onlar yenicə doğulmuş körpələrə də zəli qoyurlar. Həkim bunun körpələrə yaxşı təsir etdiyini iddia edirdi.

- Təxminən 12-13 yaşına qədər uşaqlara zəli qoymaq qətiyyən olmaz. Çünki zəli uşaqların qan dövranında problem yarada bilər. Yaşlılara gəıincə, 70-75 yaşa qədər yararlanmaq olar.

- Azərbaycanda ixtisasca hirudoloq varmı? Bəziləri deyir, gedib Türkiyədə iki il oxumuşam, ixtisaslaşıb gəlmişəm.

- Həkimləri Təkmilləşdirmə İnstitutunun Dəri-Zöhrəvi Xəstəlikləri Kafedrasında 5 il təhsil almışam. Professor Cəlal Ağakişiyevin rəhbərliyi altında ilk dəfə zəli ilə müalicəni tətbiq etmişik. Bu, mənim dissertasiya işim olub. Bundan sonra bu müalicə üsulu geniş yayılıb. Hazırda bir çox klinikalarda hirudoterapiyadan istifadə olunur. O ki qaldı Türkiyədə bu sahədə ixtisaslaşmağa, bu o qədər də inandırıcı görünmür. Çünki orada bu sahə üzrə təkmilləşmə kursu yoxdur. Rusiyada isə bunun məktəbi var. Nikonovun, Kamenevin rəhbərliyi altında bu sahədə çalışırlar.

- Bəziləri apteklərdən zəlini alıb evdə özbaşına qoyurlar.

- Zəli mütləq həkim nəzarəti altında qoyulmalıdır. Çünki bunun ağır fəsadları ola bilər. Məsələn, limfa vəzilərinin həddindən artıq böyüməsi və dəri altına qan sızma olar. Zəlinin fəsadları hirudoz adlanır və müxtəlif əlamətlərlə (allergik hal, tromboz, emboliya, qanın durulması, qan təzyiqinin aşağı düşməsi, hərarətin artması, bayılma, səpgilər vəs.) özünü biruzə verir.

- Müalicə öncəsi xəstədən nəyi tələb edirsiniz?

- Xəstə xüsusi müayinələrdən (qanın ümumi müayinəsi, qanın laxtalanma müddəti, protrombin indeksi, sifilis, AİDS, hepatit B və C-nin təyini) keçməlidir. Zəlini hər hansı xəstəliyin aktiv formasında qoymaq olmaz.

- El arasında belə bir fikir formalaşıb ki, zəli insanın xarab qanını çəkir.

- Yox, zəli, ümumiyyətlə, qanı sorur. Proses zamanı hər bir zəli 2-3 qram qan çəkir və ağız suyundakı maddələri birbaşa qana ötürür. Eyni zamanda sorulmuş qanın yerində təzə qan hüceyrələri yaranır ki, bu da orqanizimin immun sistemini artırır. Yəni hər hansı xəstəliyə tutulma ehtimalı azalır və bədənin müqaviməti çoxalır.

- Zəli ilə müalicə edən özəl klinikalardan brinin reklamında "Sankt-Peterburq sertifakatı ilə" sözləri yazılıb. Bəs sizin zəlilərə sertifkatı kim verir?

- Dünyada zəlinin 400-ə qədər, Azərbaycan da isə 17 növü var ki, bunun ancaq üçü (Şərq zəlisi, aptek zəlisi, tibb zəlisi) tibbdə istifadə edilir. Zəlinin insan və başqa canlılar üçün təhlükəli növləri var. Məsələn, daha çox Ermənistanda yayılan at zəlisi var. Bu zəli hər hansı canlıya yapışıb, qanını sorur və öldürür. Bütün dünyada zəlinin ən yaxşı növləri Azərbaycandadır. Zəlinin ən yaxşı növü Şərq zəlisi də (hirudo-orientalis) Azərbaycandadır. Bizdə zəlilər təbii surətdə artıb - çoxalır. Onları göllərdən tutub, istifadə edirlər.

- Sankt-Peterburqda zəlini süni yolla artırmaq üçün xüsusi biofabriklər fəaliyyət göstərir. Sizcə, fabrikdə yetişdirilən zəlilər daha təmiz deyilmi?

- Bizdə zəli artırmaq üçün biofabrika yoxdur. İstifadə etdiyimiz zəlini Lənkərandan gətirdirik. Bizə zəli gətirən şəxsin bütün nəsli, hətta ulu babası da bu sənətlə məşğul olub. Onlar zəli olan gölü nəzarətə götürüblər və ora heç bir heyvanın girməsinə, çirkli su axıdılmasına icazə vermirlər. Zəli də o göldə təbii şəkildə artır, sağlam böyüyür.

- Sağlam zəlini necə tanıyırlar?

- Zəlinin ən yaxşı növü olan Şərq zəlisinin qarınının altında yaşıl zolaqları olur. Xəstə zəli isə düyünlənir. İstifadə edilən zəli orta ölçüdə olmalıdır. Çünki iri zəli qanı daha çox sorub, qan damarını zədələyər və qanaxmaya səbəb olar.

- Zəlini neçəyə alırsınız?

- Qabaqlar zəlinin biri 20 qəpik idi, indi 1 manata, 1 manat 50 qəpiyə alırıq.

- Bir dəfəyə neçə zəli qoymaq olar?

- Zəlini hər dəfə 2-dən 4-ə qədər və fasilələrlə 7-10 seans qoymaq olar.

- İstifadə etdiyiniz zəlilərin sonrakı aqibəti necə olur?

- Hər zəlidən ancaq bir dəfə istifadə etmək olar. İstifadə olunmuş zəlini xüsusi qaba qoyuruq və atırıq ki, sonra kimsə ondan istifadə etməsin.

- Deyirlər ki, zəli çox həssas canlıdır?

- Hə, zəli olan otaqda hay-küy olanda, siqaret çəkiləndə o, narahat olur. Hətta odekalon və ya hansısa ətirli maddə vuranda zəli adama yapışmır. Zəlini xlorlu suda, həddən artıq isti və ya soyuq yerdə də saxlamaq olmaz.

- Azərbaycan dilində "zəli" sözünü yazıb internetdə axtaranda ancaq məcazi mənada nələrisə tapdıq. Rusca, türkcə isə axtarış minlərlə dolğun məlumatlarla nəticələndi.

Bu sahəyə aid kitab professor Cəlal Ağakişiyevin dəstəyi altında yazılsa da, müəyyən səbəblərdən bu günə kimi çap olunmayıb.

 

 

Arzu Abdulla

 

Mövqe.- 2011.-8 mart.- S.13.