İlaxır
çərşənbədəki Bakı
Və ya
Kosa, Keçəl, sən hardan gəlmisən?
Ötən gün
ilaxır çərşənbəydi.
Necə deyərlər, yurdumuza bahar gəlir. İlaxır çərşənbədə
daha çox tonqal qalayıb, qapı pusur,
küsülülülər
barışır, evdar qadınlar
isə şirniyyat
hazırlayırlar. Novruz bayramını yaş ötdükcə daha kövrək, uzaqlarda qalan doğma mərasim kimi qarşılayıram. Novruz
uşaqlıq xatirələrimin bələdçisidir. Bayram ərəfəsində
və bayram günlərində özümü
bayram ovqatına kökləyə bilmirəm bu
üzdən. Elə hey dartır
dərinliklərdə itib-batmaqda
olan çılğın
uşaqlıq hisslərimi.
Bütün
bunlara baxmayaraq, şəhərə başmaq seyrinə
çıxmışdım. Dedim, görüm ilaxır
çərşənbəni yurdumuz, daha doğrusu,
paytaxtımız necə qarşılayır. İşdən
çıxıb, yaxınlıqdakı bazara üz tuturam.
Bayram şamı almaq məqsədilə girdiyim bazarda
alıcıların azacıq artdığının,
satıcıların isə qiymətləri xeyli
bahalaşdırdığının şahidi oldum. Özümü
bayram ovqatına kökləmək istəsəm də, bu,
alınmadı. Qapıdan içəri girən kimi gonbul
satıcı qadının kal səslə "gəl, meyvə
al, xonçaya düz, gəl, bazarlıq elə" müraciətinin
ardınca gileyləri gəldi: "almırsan alma, forsuna bax
e". Bazarın başqa yerində adicə bayram
şamlarının qiymətini soruşanda bəlli oldu ki,
dünənkindən 20 qəpik bahalaşıb.
Novruzun
yaşıl atributu, bərəkət rəmzi səməninin
də qiyməti 30-20 qəpik bahalaşmışdı. Amma
bir yerdə 50 qəpiklik səmənini bir manat 20 qəpiyə
satan satıcıyla yaşlı qadının deyişməsi
heç də bayram ovqatında deyildi. Qadın lopabığ
satıcıya insaflı olmağı məsləhət
görür və bayram olduğunu xatırladırdı. Lopabığ
satıcı isə "özün ək də, qadın
deyilsən?" kimi tənə vururdu. Axır ki, yaşlı
qadın səmənini almadı. Amma acıdil
satıcının da "payını" verdi: "O boyda
Yaponiya dağıldı, ay görməmiş, sənə də
qalmayacaq yığdığın". Qadının sözlərinə
ətrafdakılar gülüşdü. Artıq Novruz
çiçəkləri hər yerdə baş qaldırsa
da, deyim ki, söhbətləşdiyim şəhər sakinləri
də qayğıların bolluğunda, ölkədə od
tutub yanan bahalaşmada bayram ab-havasını o qədər də
duymadıqlarını dedilər.
İndi
isə üz tuturam digər ticarət köşkünə -
3-cü mikrorayon bazarına. Bayram reportajına bazarlardan
başlamağımın səbəbi var. Adətən adi
günləri necə gəldi yola verən insanlar bayram
günlərində təmtəraqlı olsun deyə daha
çox alış-veriş edirlər. Buna görə də
bayram günlərində bazarlarda qələbəlik olur.
Lakin bayaq dediyim kimi, bu bayramda o qədər də qələbəlik
sezilmir. Alıcılar isə başqa illərdəkindən fərqli
olaraq, bir-iki gündə qaldırılan qiymətlərə
aqressiv şəkildə etiraz etmirlər. Sadəcə, sakit,
köks ötürməklə satıcının
sözünü ağzında yarımçıq qoyub
uzaqlaşırlar. Adi günlərdə, 1 manat olan yerli
Kosa, Keçəl,
Şaxta baba və araxçın
İçərişəhərdə bayram tədbirləri
olacağını eşidib
ora gedirəm. 85 saylı marşruta ayağımı
qoymağıma peşman
oluram. Burda da sürücüylə
ortayaşlı bir qadının savaşı
pik həddə çatıb. Qadın sürücüyə,
sadəcə, "adam
kimi danış"mağı
tövsiyyə edirdi.
Nə isə, heç bu ilaxır çərşənbədən bayram iyi gəlmir
deyəsən fikriylə
marşrutda otururam.
Daha doğrusu, ayaq üstə dayanıb, dayanacağı gözləyirəm.
Artıq
səhərdən xarablaşan
ovqatıma qarşı
tərəfdə oturan
iki cavan kişinin söhbəti yekun vurur. Onlar sürücüylə qadının
dalaşmasından danışırlar.
Hər ikisi sürücülərin həddini
aşdıqlarını, yolu
düz-əməlli tanımadıqlarını
və yaxşı sürə bilmədiklərini
bir-birinə az
qala pıçıltıyla
deyirdilər. Qadının isə hirsi soyumurdu. O da eyni sözləri sanki eşidib, daha ucadan təkrar
edirdi. Amma kişilərdən fərqli olaraq, pıçıltıyla arxada
danışmırdı. Sözünü üzə deyirdi.
Özü də qışqıra-qışqıra.
Yolda marşruta milli
rus geyimində bir kök qadın
daxil olur. Deyəsən, harasa tələsir.
Bu geyim və
qadının üzündəki
xoş ifadə içəri sanki sərinlik gətirir.
Uşaqlıqdan slavyan xalqalarının
milli geyimlərini çox sevirəm. Çox şən, al-əlvan, açıq rəngli bu geyimdən nə vaxtsa mənim də olmasını arzulamışam.
Ağbəniz
rus qadını yanaqlarını məzəli şəkildə
qırmızıyla boyamışdı. Elə bil,
yanağında çiçək açmışdı.
Şükür, hirsli, deyingən qadının da səsi kəsildi.
O, marşrutdan düşdü. Aha, indi də
sürücü başladı. Bayaq yavaş səslə
sürücüyə etirazlarını pıçıldayan
iki cavan sərnişinin dili uzanmışdı, səsləri
də ucadan gəlirdi. Hər ikisi qadının çox
"tərbiyəsiz" olduğunu deyirdi. Bu da biz. Ancaq fikrim
artıq məşğul idi. Kök, şən rus
qadınının əynindəki milli geyim Şaxta babayla Qar
qızı xatırlatdı mənə. Şaxta babayla Qar
qız isə yadıma Keçəllə Kosanı saldı.
Və yolboyu Kosayla Keçəli milli geyimlə bəzəməyə
başladım. Başlarında araxçın, əyinlərində
arxalıq və adam kimi... Bəzəmə əməliyyatıma
səbəb var idi. Bizə dilənçi
lazımdırmı? Bəlkə, elə bütün bu
dilxorçuluğmuzun arxasında dayanan məqamlardan biri də
elə Kosayla Keçəldir. Axı ili necə başlasan, elə
də yola verirsən. Biz isə hər ilimizi süfrəmizə,
şirnimizə göz dikən yaltaq, yalançı,
fırıldaqçı, mənliyi olmayan,
cır-cındırından it hürkən, ən
başlıcası isə hardan gəldiyi bəlli olmayan
Kosayla Keçəllə başlayırıq. Odur ki, ilboyu
qazancımız özümüzün olmur. Hər zaman
qazancımıza, səadətimizə, rahatlığımıza
göz dikən daxili və xarici düşmənlərimizin,
üzdəniraq məmurlarmızın zülmüylə
üzləşirik. Bizə zülm lazımdırmı?
İç şəhərimizin
İç bayramı-Novruz
Nədənsə,
Qobustandakı qayaüstü rəsmlərə baxanda həmişə
düşünmüşəm ki, onlar bayram edirlər. Bu təsvirlər
əslində ilaxır çərşənbənin, Novruz
Bayramının, Yeni Günün sevincidir. İçərişəhərdə
həmişəki kimi doğma bir ruh var sanki. Burda sərgilənən
qədim xalçalar, geyimlər, qab-qacağı, elə bil,
indicə, milli geyimdə oturmuş kukla xanımlar yuyub-siləcək,
iri mis qazanlarda aş dəmləyəcək. Hər şey o
qədər şirin, o qədər canlıdır ki. Amma burda
da bəzi şeylərin qiymətində artım
müşahidə edilir. Eyni zamanda başqa gündəki kimi
alanlar satanlardan çox azdır. Bütün bunlara baxmayaraq,
İçəri şəhərmizdə, İç şəhərmizdə
sanki bir canlanma var. Qədim divarlardan o zamanlar
çatılmış Novruz tonaqlının
tüstüsü hələ də gəlir. Elə istisi də...
Yad ünsürləri kim əzizlədi?
Hələ
də Kosa və Keçəlin geyimi və hardan gəlməsi
fikri beynimi məşğul etməkdədir. Doğrusu, deyim
ki, heç vaxt bu yad ünsürləri sevməmişəm.
Milad Bayramında bacadan girib, uşaqlara sovqat qoyub, xəlvəti
aradan çıxan, hündürboylu, utancaq,
qırmızıyanaq, sağlam, xoşbəxt görkəmli
Şaxta babadan fərqli olaraq, qapıdan içəri soxulub,
çiynindəki cırıq-cındır torbasını
doldurmağı tələb edən Kosa bizim qədimdən-qədim
bayramımıza hardan gəlib çıxıb? Daha
doğrusu, bu arsızı kim bayramımızın atributuna
çevirib? Səməni bərəkət, onun belinə
bağlanan qırmızı lent şənlik rəmzi
olduğu halda Kosa, Keçəl nəyin rəmzidir?
Bayram
tonqalının, müqəddəs bildiyimiz tonqalın
başında əzizləyib, xurcununu min bir əziyyətlə,
sevgiylə hazırladığımız şirniyyatlarla
doldurduğumuz bu eybəcərləri bizdən başqa
hansı ölkədə sevərlər?
Amalı
ildə bir dəfə, xoş günümüzdə gəlib,
başımızın üstünü kəsdirib dilənmək
və yığdıqlarıyla ildə bir arvad almaq olan
Kosanı, daha doğrusu, cadugəri ("Kosam bir oyun eylər,
quzunu qoyun eylər") sevmək kimin ağlına gələrdi?
"Kimi və niyə sevirik" və ya "Kim sevdirir?"
suallarının cavabı çox gecikib, lap çox. Bir
sözlə, bu Novruz da xeyli kövrək xatirələriylə,
xeyli cavabsız suallarıya gəldi.
Evə
dönəndə artıq gec idi. Uşaqların həyətdə
qaladığı ocağın gözü
işıldayırdı. Gec də olsa, tonqalın
üstündən atdanıb "ağrım-acım,
sorğu -sualım ötən ildə qalsın" dedim. Bütün
suallarıyla, soyuqluğuyla, qayğılarıyla daha bir il gəldi
ömürümüzə. Yeni ildən yeni, xoş ümidlər
gözləyək. Xoş gəldin, Novruz, xoş gəldin,
Yeni Gün!
Arzu Abdulla
Mövqe.- 2011.-18 mart.-S.13.