İranın ən böyük qorxusu Türkiyədir

 

Müsahibim güneyli yazar Sayman Aruzdur. Sayman Aruz Sulduz şəhərində doğulub. Milli fəallardan olduğuna görə oxuduğu universitetdən qovulub. Hazırda Bakıda yaşayır və Güney ədəbiyyatını təbliğ edir.

- Novruz bayramını qarşıladıq. Yeni ilimiz başladı. Amma bu bayramda çərşənbə axşamında Güneymizdə baş verənlər bizi çox dilxor etdi.

- Nədənsə, Güneydəki soydaşlarımızın fəallığı çox zaman bahara düşüb. Sankı təbiətin oyanışı insanlara təsir edir,onlar köhnəlikdən, ağrı-acıdan və əzabdan qurtulub yeni həyata can atırlar. 2006-cı ilin may hadisələri də elə baharın qiyam seli idi. O, günlər yüzlərlə soydaşımız qanına qəltan oldu. Xalqın yaşam tərzi gərgin vəziyyətdədir. Xüsusilə gənclər bu gərilmiş, sıxılmış mühitə sığmırlar. Yaxın Şərqdə, Şimali Afrikada baş verən hadisələrdən asılı olmayaraq, Güneydə soyaşlarımız öz milli haqqlarını gec-tez əldə edəcəklər.

- Son günlər Güneydə baş verənlər dünya ictimaiyətini də narahat etməkdədir. Sizcə, Əhmədnejadı Muəmmar Qəddafinin taleyi gözləmir ki?

- Diktatorlar oxşar talei yaşayırlar. Təcrübə göstərib ki, nə qədər güc tətbiq etsən, o qədər müqavimət çoxalacaq. Tarıxdə cılız diktatorlar çox olub. Əhmədinejad və Qəddafi ideoloji baxımdan fərqli olsalar da, idarəetmə üsulunda eynidirlər. İdelogiyalar və onların aparıcılarının səhvi budur ki, onlar adaptasiya olmaq istəmirlər və məhdud üsullarla özlərini qorumağa çalışırlar. Əslində bu, ideologiyanın suçu deyil, bəlkə onu yürüdənlərin məhdud düşünməklərindən əmələ gəlir. Həmin bu səbəbdən də dünyada gedən prosesləri dəyərləndirmək olar. Qəddafi 42 illik hakimiyyətində dünyada gedən irəliləyişlərlə ayaqlaşa bilmədi. Liviya xalqı bütün inkişaflardan geridə qaldı. Ən sürətsiz internet servisi, informasiya azlığı, sığortasızlıq, maaşların azlığı, işsizlik və bir çox amıllər insanlarda ümidsizlik yaradır. Ümidsiz insan isə batmamaq üçün əlini hər yerə atar. Həmin bu şərait İranda da var. 32 ildir molla rejimi teokratik hakimiyyətini yaşayır. 1979-ci ilin inqilabında minlərlə insan həlak oldu. Bunlar hakimiyyətə gələndən sonra isə kütləvi edamlar başladı. 150000-ə yaxın gənc edam olundu. 8 il müharibə və sonda isə 1989-ci ildə zindanlarda kütləvi söyqırım. İran-İraq müharibəsindən sonra maddı və mənəvi problemlərlə üzləşən iranlılar maddi və mənəvi böhrana məhkum edildi; az danışmaq, az gülmək, çox ağlamaq, hər gün imamların birinin yasını tutmaq və s. Belə bir halda İran əhalisi bu nəticənin səbəbini düşünür.

İranla Liviya bir çox hallarda bir-birindən fərqlənir. İranda yaşayan etniklərin heç biri öz milli haqlarına çata bilməyib. İran diktaturası maddi və mənəvi baxımdan da insanları zəncirləyib. Nəzərə alsaq ki, azərbaycanlılar son dövrdə 4 dəfə inqilabların əsasını qoyublar, bu nəticəni çıxara bilərik ki, İranda hər hansı bir dəyişiklik də məhz Azərbaycanın hərəkətindən asılıdır.

- İran prezidenti Mahmud Əhmədinejad MAQATE-nin təklifinə müsbət yanaşdıqlarını və bu işdə Türkiyəyə güvəndiklərini deyir. Fars rejiminin bir türk dövlətinə güvəncinin arxasında hansı maraqlar dayanır?

- Bu gün dünyada daha çox iqtisadi, siyasi maraqlar əsas mərkəz xətti tutur. Türkiyə ilə İranın qonşuluğu isə bu əsas xətt üzrə hərəkət trayektoriyasında müəyyən məcburi ortaq anlaşmaya gətirib çıxarır. Həm də Türkiyə regionda güclü və nüfuzlu dövlət olaraq qonşu dövlətlərin dünya arenasında müzakirə olunan ciddi məsələlərin öz münasibət və mövqeyini ciddi şəkildə qoymaqdadır. Güvənc məsələsinə gəlincə, İran tarixin heç bir vaxtında Türkiyəyə güvənməyib, sadəcə, maraqlar daxilində müəyyən zaman kəsiyində razı olmağa məcbur olub. İranın ən böyük qorxusu Türkiyədir. Çünki İranın ərazi və əhalisinin 52 faizini türklər təşkil edir. Ötən əsrin 30-cu illərində Türkiyə latın əlifbasina keçəndə İranda da belə fikir vardi, təkcə turk xalqının İranda çoxluğu bu məsələnin qarşısını qəti şəkildə aldı. Məqsəd türklərin əlaqəlirini zəiflətmək idi.

- Bir maraqlı məqama da diqqət çəkmək gərəkdi. Liviyaya olan hücumlar zamanı ölkənin müasir silahlarla o qədər də təmin olunmadığı üzə çıxdı. İran hərbi sənayesi isə daim öz yenilikləriylə dünyanın gündəmini zəbt edir. "Bavar-2" adlı "uçan qayıq"lar, sınaqdan uğurla çıxan yer-hava tipli "Haq" raketləri dünyanı mat qoydu.

- Liviyada 30 illik diktator reyimi dünya dövlətlərinin maraqlarını həyata keçirmədə bəhanə oldu. Öncə ölkədə daxili qarşıdurma, zəifləmə sonra isə böyük dövlətlərin açıq şəkildə müdaxiləsi göstərdi ki, bu gün dünyanın ən nəhəng dövlətinin ən güclü silahı istənilən halda və istənilən formada öz işini bir başa görmür, onun hərəkətə keçməsinə müəyyən zəmin, şərait yaranmalıdır. İran bu gün dünyaya reklam etdiyi "Bavar-2" və "Haq" raketlərindən istədiyi şəkildə, istənilən vaxt istifadə edə bilməz.

- Ermənistan prezidenti Serj Sarkisyanın martın 27-də Tehrana səfərinə münasibətiniz necədir?

- Bunu iki düşmən dövləti arasında bizim millətimizə qarşı olan bir görüş kimi dəyərləndirirəm. 40 miliyon türkün yaşadığı ölkənin başçısı millətimizin qatili ilə görüşür, dəmir yolu çəkir və Azərbaycan xalqına arxa çevirir. Almanlar İkinci Dünya Savaşında fars körfəzindən başlayaraq uzun bir dəmir yolu çəkmişdilər. Ancaq özlərinə qismət olmadı. Erməni xalqına yazığım gəlir, həmişə zəif uşaqlar kimi özlərinə güdükçü axtarırlar.

Güney milli hərəkatı gücləndikcə fars və erməni işğalçıları divara sıxışırlar. Biz öncə gərək millətimizi azad edək, sonra isə fars, erməni rejimini ədalət məhkəməsinə çəkək. Sonuncu yüz il onların millətimizə qarşı etdikləri cinayətlərlə doludur. Xocalı faciəsi, Səttarxan, Bağırxan, Xiyabani, Pişəvəri, 1979-cu inqilabında olan soyqırımlar və habelə ermənilərin Xoy, Salmas, Urmiyə, Quzey Azərbaycanın bir çox yerlərində, kürdlərin Sulduz şəhərində törətdikləri soyqırımlar tarixin yaddaşındadır. Güney Azərbaycan milli hərəkatı İran hakimiyyətinin elə bu satqınlıqlarına görə farsların "Yaşıl Hərakət"ına qoşulmur. Çünki biz demokratiya və milli haqlarımız üçün döyüşürük, onlar isə daha sərbəst və rahat yaşamaq üçün dava edirlər.

- Siz eyniz zamanda DAYAQ qurumunun rəhbərisiniz.

- Bu qurumun əsas missiyası, dünyada yaşayan azərbaycanlı yazarları bir araya gətirməkdir. Ədəbi birlik milli birliyə səbəb ola bilər. Güneydə olarkən bu qurumu yaratmaq arzusundaydım. Yaponlar deyir: "Bir iradəli insan bir milləti hərəkətə gətirə bilər". Əslində o güclü və iradəli insanları yaratmaq üçün ədəbi birliyə ehtiyacımız var. Bir millətin taleyi bir neçə ziyalının əlindədir həmişə. Bax, o bütöv ziyalılığı yaratmalıyıq. DAYAQ bütöv Azərbaycana dayaq olmaq istəyir və bu yolda bütün vətənpərvər soydaşlarımıza ehtiyacı var. DAYAQ-ın tutduğu mövqe xalqın başucalığına aparan yoldur. Hələlik Güney Azərbaycan seriyası nəşr olunmaqdadır. 10 kitab ışıq üzü görüb. Bir gün bu, 100 olacaqdır. Güneydə yaşayan soydaşlarımızın çap olunmaq azadlıqları yoxdur. Molla rejiminin yaratdığı diktatura onları basqıda saxlamağa çalışır. Ancaq bizim güclü millətimiz bütün basqılara baxmayaraq, yazır, yaradır və döyüşür. Onlara sahib çıxmalıyıq. İngilislər öz pişiklərini şirə çevirməyi bacardıqları üçün dünyanı idarə edirlər. Bizim kifayət qədər gücümüz var, tariximiz, mədəniyyətimiz və dirçəlmək üçün hər şeyimiz var. Sadəcə olaraq, güvəncimizi də artırmalıyıq. Dərdi unutmaqdansa, dərman eləməyə çalışmalıyıq. Unutmamalıyıq ki, bizim ərazı bütövlüyü problemimiz var. İnsanın dişi ağrıyanda gecə yata bilmir. Mən bilmirəm, biz bu qədər problemlərlə necə gecə rahat başımızı atıb-yata bilirik? Necə şad ola bilirik? Təklif edirəm, Güney və Qarabağa himayə aksiyası keçirilsin. İnqilab bu yolda olmalıdır. Biz bütövlük üçün inqilab etməliyik. Ümid edirəm, Azərbaycanda növbəti dəyişiklik, məhz bu yolda olacaq. Bir güneyli olaraq, xalqımızı öz soydaşlarını maddı və mənəvi baxımdan müdafiə etməyə çağırıram.

- Son günlər DAYAQ-da hansı yeniliklər var?

- Üç yeni kitabımız çıxdı. İsmayıl Ülkərin "Sevda yoldaymış", Rəsul Yunanın "Mən Çin məhəllələrində itmişəm" adlı kitabları, eyni zamanda mənim "Paltarlarım adamsızdır" kitabım işıq üzü gördü. Kitabların çapına davam edəcəyik. Ədəbi bir dərgi və almanaxın çapına hazırlaşırıq.

- Sizcə, ədəbiyyat, söz, silahdan daha kəsərlidir?

- Əslində bunlar paraleldir. Silah qələbəni əldə edər və ədəbiyyat onun daimi olmasını təmin edər. Heç bir millət silahsız və ədəbiyyatsız daimiliyə əl tapmaz. Ancaq bunları kimsə təkbaşına etmək niyyətinə düşsə, aradan gedə bilər. Bütün imperiyalar yaranandan sonra öz ədəbiyyatlarını qurmağa başlayarlar. Sovetlərin yaratdığı ədəbiyyat və hətta İran farslarının ədəbiyyatını bir misal kimi deyə bilərəm. Eyni zamanda ədəbiyyatın özü də hərəkət və inqilaba səbəb ola bilər. Buna misal olaraq, hazırda Güney Azərbaycanda gedən prosesləri göstərə bilərəm. Bizim mədəni inqilabımızın dayağı ədəbiyyatdır. Ədəbi dalğalar və ədəbi cərəyanlar yaranır və milləti öz milli kimliyinə və bağımsızlığına tərəf sövq edir. Ədəbiyyat düşüncədir, silah isə qələmdir. Düşüncəni aparıcı qüvvəyə çevirən gücdür. Bizə silah, silahlı millətlərə isə ədəbiyyat lazımdır.

 

 

Arzu Abdulla

 

Mövqe.- 2011.- 29 mart.- S. 13.