Dağlıq Qarabağ problemi beynəlxalq təşkilatlarda

 

III YAZI

 

Avropa Şurası

 

Həmin bəyannamədə bildirilirdi ki, ermənilər "böyük Ermənistan" yaratmaq iddiası ilə 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirmiş, 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və başqa ərazilərdə azərbaycanlılara qarşı qətliam törətmişlər. 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi başlanandan sonra yüz minlərlə azərbaycanlı yenidən öz tarixi torpaqlarından deportasiya olunmuş, 1992-ci il fevral ayının 26-da Xocalı əhalisi ermənilər tərəfindən bütünlüklə məhv edilmiş, şəhər xarabazara çevrilmişdir. Azərbaycan nümayəndə heyəti bununla kifayətlənməyərək həm də geniş təbliğat aparmış və bunun nəticəsində ermənilərin heç bir əsası olmayan sənədinə imza atmış bir neçə deputat öz imzalarını geri götürmüşdü.

2001-ci ilin yay sessiyası da Azərbaycan nümayəndə heyətinin gərgin və səmərəli fəaliyyəti ilə yadda qaldı. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Milli Məclisinin nümayəndə heyəti tərəfindən hazırlanmış və iyunun 26-da deputat Gültəkin Hacıyevanın adından Nazirlər Komitəsinə ünvanlanmış "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır" sərlövhəli müraciət rəsmi sənəd kimi AŞ PA-nın deputatları arasında yayıldı. Həmin sənəddə qeyd olunurdu ki, Avropa Şurasının Nazirlər Komitəsinin mayın 10-11-də keçirdiyi 108-ci sessiyasında Ermənistanın xarici işlər naziri Vardan Oskanyan sessiyada bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsi həll edilməyincə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq niyyətində deyil və tanımayacaq. Bunu nəzərə alaraq nümayəndə heyəti Azərbaycan və Ermənistanın Avropa Şurasının tamhüquqlu üzvü olduğunu; ölkəmizin ərazi bütövlüyünün BMT, ATƏT, Avropa Şurası və bütün dünya dövlətləri tərəfindən tanındığını; Avropa Şurasının üzvü olan bir dövlətin - Ermənistanın Avropa Şurasının üzvü olan başqa bir dövlətin - Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmədiyini; Azərbaycan torpaqlarının 20 faizini Ermənistanın işğal etdiyini və bunun nəticəsində insan hüquqlarını kütləvi sürətdə pozduğunu nəzərə alaraq Avropa Şurasının Nazirlər Komitəsindən Ermənistan Respublikasını beynəlxalq qanunların əsas prinsiplərindən biri olan dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipinə hörmət etməyə və Ermənistan hərbi qüvvələrini Azərbaycan ərazisindən dərhal çıxarmağa çağırmağı xahiş edirdi. Azərbaycan nümayəndə heyətinin hazırladığı daha iki mühüm sənəd iyunun 27-də rəsmi sənəd kimi AŞ PA-nın deputatları arasında paylanmışdır. Azərbaycan mədəniyyət abidələrinin ermənilər tərəfindən dağıdılması və mənimsənilməsi barədə sənədi 18 deputat imzalamışdır. Bu sənəddə qeyd olunurdu ki, Azərbaycan Respublikasına qarşı erməni təcavüzünün faciəvi nəticələrindən biri də odur ki, Azərbaycan torpaqlarının 20 faizini işğal etməkdən əlavə, ermənilər ölkənin zəbt olunmuş bölgələrində Azərbaycanın milli-mənəvi irsini məhv edirlər.

Nümayəndə heyətinin yaydığı ikinci sənəd Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji tarazlığın Ermənistan tərəfindən pozulmasına aid idi. Həmin sənədə 16 deputat imza atmışdı. 2001-ci ilin sentyabrında AŞ PA sədri Rassel Conston Bakıya gəldi. Səfər zamanı bir sıra əhəmiyyətli görüşlər keçirən R.Conston Dağlıq Qarabağdakı separatçı rejimin keçirdiyi qanunsuz "seçkilərə" də münasibətini bildirdi. O, AŞ-nin bu seçkiləri tanımadığını və DQ-nin Azərbaycanın tərkib hissəsi olduğunu bəyan etdi. AŞ PA sədri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını da öz çıxışlarında dəfələrlə təsdiqlədi. Sentyabrda AŞ PA-nın payız sessiyasında Azərbaycan tərəfi iki sənəd təqdim etdi. Birinci sənəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin AŞ PA-da müzakirəsi ilə bağlı olmuşdu. Hazırlanmış layihədə Azərbaycan torpaqlarının işğalı, bir milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətində yaşaması, Ermənistanın regionda sülhə və sabitliyə təhlükə yaradan siyasət yürütməsi və digər mühüm faktlar öz əksini tapmışdı. Azərbaycan nümayəndə heyətinin hazırladığı bu sənəd AŞ PA-da 30-a qədər ölkəni təmsil edən 50 deputat tərəfindən imzalanmışdı. Layihədə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunduğu qeyd edilirdi. Bu sənəd AŞ PA-da yayıldı və təşkilatın rəsmi sənədləri sırasına salındı.

Azərbaycan nümayəndə heyətinin hazırladığı ikinci sənəd isə "Avropada təhsilin gələcək inkişafı kontekstində Azərbaycanda qaçqın və məcburi köçkünlərin təhsil hüquqları" adlanırdı. Bu sənəddə Ermənistanın təcavüzü nəticəsində yüz minlərlə azərbaycanlının öz yurd-yuvalarından didərgin düşməsi nəticəsində yaranmış vəziyyət haqqında geniş məlumat verilirdi. Minlərlə uşağın təhsil almaq hüququnun Ermənistan tərəfindən kobud şəkildə pozulduğunu qeyd edən Azərbaycan nümayəndələri AŞ-nin nüfuzlu beynəlxalq təşkilat kimi bu mühüm problemi diqqət mərkəzində saxlamasının zəruriliyini ifadə etmişdilər. Qeyd edək ki, bu sənəd də kifayət qədər geniş rezonans doğurdu və Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin beynəlxalq ictimaiyyətə açıqlanması istiqamətində mühüm addım kimi yadda qaldı. Erməni deputatları bu dəfə də Azərbaycan nümayəndə heyətinin gözlənilməz addımı ilə qarşılaşdılar və əsas diqqətlərini sənəddə əksini tapmış faktların təkzib edilməsinə ayırmalı oldular.

Qeyd edək ki, cənab İlham Əliyevin başçılığı ilə nümayəndə heyətimizin fəallığı hər dəfə erməniləri çıxılmaz vəziyyətə salaraq münaqişə barəsində dünyada obyektiv təsəvvür formalaşmasına xidmət etməklə yanaşı, qarşı tərəfin də əks-təbliğat aparmasına imkan vermirdi. Çünki hər sessiyada azərbaycanlı deputatlar yeni sənədlər təqdim edirdi ki, bu da AŞPA-da böyük rezonans yaradır və həm Ermənistana qarşı münasibətin pisləşməsinə, həm də erməni deputatlarının Azərbaycana qarşı addımlarının qarşısının alınmasına gətirib çıxarırdı. Azərbaycan nümayəndə heyəti AŞ Nazirlər Komitəsinin 108-ci sessiyasında ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin əleyhinə çıxmış Ermənistanla bağlı sorğu göndərmişdi. Bu sorğuda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımamasının AŞ PA-nın və ümumiyyətlə, beynəlxalq hüququn prinsiplərinə uyğun gəlmədiyi qeyd olunurdu. Azərbaycan nümayəndə heyəti bu məsələyə dair AŞ PA-nın rəsmi mövqeyini öyrənmək istəyirdi. Bu sorğu əsasında müzakirə aparıldı və Nazirlər Komitəsi Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı prinsipini tanıdığını rəsmən elan edərək Ermənistanı da bu sənədə imza atmağa dəvət etdi. Nəticədə Ermənistan bu məsələdə mövqeyini dəyişdi və sənədə imza atmağa məcbur oldu. AŞ PA-nın sentyabrın 25-də keçirilmiş iclasında beynəlxalq terrorizm məsələsi ətrafında müzakirələr aparıldı. Ayrı-ayrı ölkələri təmsil edən deputatlar çıxış edərək terrorizmin genişlənməsini pisləmiş və onun bəşəriyyətin ümumi bəlasına çevrilməsindən narahatlıqlarını bildirmişdilər. Erməni deputatı Hovanesyan iclasda çıxış edərək bildirdi ki, guya Ermənistan heç bir terror aktını dəstəkləmir və terrorizmə qarşı mübarizə aparır. O, Dağlıq Qarabağın erməni əhalisinə qarşı Azərbaycanın guya terror siyasəti yeritdiyini, məşhur terrorçu Bin Ladenin Bakı ilə telefon əlaqəsi saxladığını iddia edən gülünc mülahizələr söyləmişdi. AŞ PA-da Azərbaycan nümayəndə heyətinin başçısı, Milli Məclisin deputatı İlham Əliyev isə çıxış edərək erməni nümayəndələrinin bu iftiralarının heç bir əsası olmadığını faktlarla sübut etdi: "Tam məsuliyyətlə sizə deməliyəm ki, bu, tamamilə əsassız yalandır. Bu əsassız iddia heç kim tərəfindən təsdiq olunmayıb və mən bütün həmkarlarıma müraciətlə xahiş etmək istəyirəm ki, Avropa Şurasının yüksək kürsüsündən öz siyasi məqsədləri naminə böhtan yaymaq üçün istifadə etməsinlər.

 

 

Mövqe.- 2011.- 29 mart.- S. 10.