31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür

 

Ümummilli lider Heydər Əliyevin deportasiya və soyqırımla bağlı fərmanları Azərbaycan xalqı və dövləti üçün tarixi sənədlərdir

 

Azərbaycanın qanla, eyni zamanda qəhrəmanlıqla yazılan faciə tarixini vərəqləyəndə zaman-zaman tarixi düşmənimiz ermənilərin azərbaycanlıların, ümumiyyətlə, türklərin başına gətirdikləri müsibətlərin, insanlığa sığmayan vəhşiliklərin, terror və soyqırımların şahidi olursan. Hər cümləsi qan daman bu tarixi, ağır da olsa, öyrənmək, beynimizə, yaddaşımıza həkk etmək, ən başlıcası, unutmayıb nəticə çıxarmaq hər birimizin borcudur.

Yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra ermənilərin əsrlər boyu vəhşicəsinə məmləkətimizə, azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlar, deportasiyalar, faciələr açılıb üzə çıxarıldı, qanlı səhifələr tarixdə iz saldı. Özü də bu dəfə əbədi olaraq... Belə ki, bir də iki yüz ildən artıq davam edən erməni terrorunu, onların törətdikləri soyqırımları, düşmənin düşmən olduğunu unutmamaq, faciələrimizi gələcək nəsillərə çatdırmaq üçün ümummilli lider Heydər Əliyev tarixi fərmanlar imzaladı. Onun 18 dekabr 1997-ci il tarixli "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında" və 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında"fərmanları Azərbaycan xalqı və dövləti üçün tarixi sənədlərdir. Bu fərmanlarda göstərilir ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalıb. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən-min illər boyu öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq, kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

1918-ci ilin 31 martında ermənilər Bakıda və Azərbaycanın digər bölgələrində soyqırım aktı həyata keçirdilər. 1917-ci ilin fevral inqilabı nəticəsində Rusiyada çar hakimiyyəti devrilir. Bolşevik çevrilişindən sonra imperiyanın dağılmasından ermənilər, belə demək mümkünsə, məharətlə istifadə edirlər. Ümumiyyətlə, 1918-1920-ci illərdə ermənilər Azərbaycanın müxtəlif bölgələrində qırğınlar, talançılıq və zorakılıq həyata keçirirlər.

Yaxşı hərbi təlim görmüş və təpədən-dırnağa qədər silahlanmış erməni əsgərləri 1918-ci ilin 30 martında azərbaycanlılara ilk atəş açdılar. Martın 31-də isə səhər tezdən azərbaycanlıların hələ yuxuda olduqları bir vaxtda bolşevik-daşnak dəstələri pulemyotların atəşi altında tamamən azərbaycanlılar yaşayan "Məmmədli", "Zibilli dərə", "Kərpicxana" və digər məhəllələrə hücum etdilər. Ermənilər azərbaycanlıların evlərinə soxulur, görünməmiş vəhşiliklər törədirdilər. Onlar azərbaycanlıları xəncər və süngü ilə doğrayır, uşaqları çığıra-çığıra yanan evlərin içinə atır, üç-dörd günlük körpələri süngülərin ucuna keçirirdilər. Azərbaycanlıları qətlə yetirdikdən sonra onların evlərini qarət edir, daha sonra od vurub yandırırdılar. Xüsusilə qadınları, körpə uşaqları vəhşiliklə qətlə yetirir, kütləvi şəkildə çalalara dolduraraq üstlərini torpaqlayırdılar. Sonralar təkcə bir çaladan burun və qulaqları kəsilmiş, qarınları yırtılmış 57 qadının meyiti tapılmışdı. Ermənilər öldürə bilmədikləri azərbaycanlı qadınların hörüklərini bir-birinə bağlayıb, başaçıq, ayaqyalın qabaqlarına qatıb küçələrlə əzab verə-verə qovur,yolda tüfəngin qundağı ilə döyürdülər. Azərbaycanlılar yaşayan məhəllələri hətta havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalayırdılar. Soyqırım aprel ayının 2-si gecədən xeyli keçənədək davam etdi. Qırğınlar nəticəsində Azərbaycanın tarixi-memarlıq abidələri, xəstəxanalar, məktəblər dağıdıldı.

31 mart soyqırımı nəticəsində 50 mindən artıq azərbaycanlı vəhşicəsinə xüsusi qəddarlıqla qətlə yetirildi. Təkcə Bakıda 30 minə yaxın günahsız insan həlak oldu. Onlar diri-diri yandırılır, qulaqları, burunları, qolları kəsilir, dəriləri soyulurdu. Şamaxıda ermənilər səkkiz mindən artıq insanı qətlə yetirdilər. Bütün bunlar arxiv materiallarında, hətta yunan mənbələrində də öz əksini tapıb. Həmin hadisələr zamanı soydaşlarımızın əsas insan hüquqları, ən başlıcası isə yaşamaq hüququ kütləvi şəkildə pozuldu. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz genosid olduğunu sübut edir.

Erməni soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, türklərə qarşı da yönəlmişdi. 1918-ci il soyqırımından cəmi üç il öncə ermənilərin qondarma "erməni soyqırımı" iddialarının əksinə olaraq türklərə qarşı kütləvi qırğın törədilmişdi. Belə ki, hələ 1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra bəzi dövlətlərin "səyləri" nəticəsində gündəliyə çıxarılan "erməni məsələsi" sonralar Şərqi Anadoluda ermənilər üçün muxtariyyət əldə etmək və müstəqil Ermənistan dövləti qurmaq üçün bir vasitəyə çevrildi. Məşhur tədqiqatçı Con Makkarti özünün "Erməni terrorizmi: Tarixi zəhər və çarə kimi" məqaləsində 1915-ci ildə Türkiyədə baş vermiş hadisələrin real təhlilini verib. O yazır ki, Şərqi Anadoludakı müharibələrin sonunda artıq Qafqazdan və Şərqi Anadoludan qovulmuş 1,2 milyon türk var idi. Anadoluda 600 min erməni və 2,5 milyon türk həlak olmuşdu. Əgər bu soyqırım idisə, "cani" lərin "qurban" lardan çox ölməsi qəribədir.

Ermənilər 1918-ci ildə Azərbaycanda olduğu kimi Türkiyədə də insanlığa sığmayan vəhşiliklər törədiblər. Sadəcə, məkan fərqi olub. İqdır, Qars, Van və digər yerlərdə yerli əhalini diri-diri yandırıb, başlarını kəsib, dərilərini soyub çalalara doldurublar. Kəndləri yerlə-yeksan ediblər. Türkiyədəki onlarla toplum məzarlıqlar erməni vəhşiliyinin sübutudur.

Prezident İlham Əliyev 31 Mart Soyqırım Günü ilə bağlı xalqa müraciətlərində bildirib ki, erməni şovinist millətçiləri öz məqsədlərinə çatmaq üçün heç bir çirkin vasitədən çəkinmir, diqqəti işğal faktından yayındırmaq üçün daim yeni saxta ideyalar uydururlar: "İnformasiya və əks-təbliğat işimizi quran zaman bu amilləri nəzərə almalıyıq. Müxtəlif ölkələrdə soydaşlarımızın keçirdiyi tədbirlər daha əzəmətli və davamlı olmalı, dünya ictimaiyyətinin və siyasi dairələrin diqqətini cəlb etməlidir. Həm də bu işlər türk və bizimlə həmrəy olan digər diaspor təşkilatlarının fəaliyyəti ilə əlaqələndirilməlidir".

 

 

Ağanisə Sultanova

 

Mövqe.-2011.- 31 mart.- S.4.