"Yazarlıq
Allahın lütfüdür"
Müsahibim
gənc yazar Oqtay Hacımusalıdır. O, ədəbi gənclikdə
baş verən proseslərdən danışdı.
- Ədəbi aləm əvvəlki
dövrlərindən, məncə, bir qədər fərqlənir.
Bir balaca da olsun canlanma var. Yeni ədəbi
nümunələr qələmə alınır. Hamı nəsə
yazır. Pis deyil. Ədəbiyyatmızda gedən proseslər
mənə həm maraqlı gəlir, həm də
maraqsız. Maraqlı gəlir, ona görə ki, Azərbaycan ədəbiyyatı
dinamik bir şəkildə inkişaf edir. Ortaya yeni imzalar
çıxır, yeni söz deyilir, bu sözlərin
arasında yenisi çoxdur. Həm də eyni zamanda maraqsız
gəlir. Çünki Azərbaycan ədəbiyyatı bir
monotonluq yaşayır. Yeni imzalarda təkrarçılıq
var.Bu qədər yazar çoxluğunda insanı silkələyən,
insanı varından yox edən əsərlərin sayı bir əlin
beş barmağını keçmir. Bazar böyükdür,
adam çoxdur, amma bu bazarın böyüklüyündə,
adamın çoxluğunda oxuyub zövq ala biləcəyin əsərlər
çox azdır. Bir qisim yazarlar var ki, "Mən
inkarçıyam" - deyirlər. Amma inkar etmək
üçün də ortaya o inkar etdiyinin yerinə nəyisə
qoymağı bacarasan axı. Bunlar ortaya bir əsər qoymadan
nələrisə inkar etməyə
çalışırlar. Amma bununla yanaşı, maraqlı ədəbi
gənclik gəlir ədəbiyyata.
- İndiki ədəbi gənclik
qaynarlığı və məhsuldarlığı ilə də
seçilir...
- Bu gənclik həm qaynarlığı,
həm də məhsuldarlığı ilə bizdən də,
bizdən öncəki nəsildən də seçilir. Bunun
da özünəməxsus obyektiv və subyektiv səbəbləri
var. Belə ki, biz ədəbiyyata gələndə hər
şey ədəbi oliqarxların əlində idi və biz həmin
oliqarxlarla mübarizəyə başladıq. Bizim boynumuza
müəyyən missiyalar yüklənmişdi. Yazmaqla
yanaşı, həm də ədəbiyyatın təmizlənməsinə
və tənzimlənməsinə diqqət
ayırırdıq, yəni döyüşürdük. Bu da
istər -istəməz bizim ortaya qoyacağımız ədəbi
nümunəyə öz təsirini göstərirdi.
Amma burda unudulmaması gərəkən
bir məqam da var: biz həmin ədəbi oliqarxlarla,
oturuşmuş, mif halına gəlmiş ədəbi imzalarla
mübarizə apararkən həm də bu gün ədəbiyyata
gələn gənclərin daha rahat bir şəkildə ədəbiyyata
gəlməsi üçün zəmin yaradırdıq. Bunu
indi analiz etmək, sağlam məntiqlə bunun belə
olduğunu dərk etmək bir qədər insanlara çətin
gəlir və kimsə çıxıb eyni şəkildə
sual ünvanlaya bilər ki, ümumiyyətlə, əgər həmin
ədəbiyyat oliqarxları bu gün də ədəbiyyatda
hakimi- mütləq kimi çıxış edirlərsə,
burada hansı mübarizədən söhbət gedə bilər?
Mübarizə var, siz bu mübarizəni aparırsınız,
ilk baxışda görünüş etibari ilə insanlara elə
gəlir ki, siz yel dəyirmanları ilə vuruşan don
kixotlardan fərqlənmirsiniz, heç nə dəyişmir.
Bir az da insanlarda bezginlik yaradır sizin bu hərəkətləriniz:
qurtarın da bu tamaşanı! Amma, əslində, sizə kənardan
tamaşa kimi görünən siyasi qəzetlərin ədəbiyyat
səhifələri, "Ədalət" qəzetində,
demək olar ki, hər gün bir, hətta bəzən bir
gündə iki ədəbi buraxılışın
buraxılması, buraxılan ədəbi
buraxılışlarda gedən tənqidlər, aparılan
qızğın müzakirələr, sonra "Yeni Azərbaycan"
qəzetində başlayan ədəbiyyat əlavəsi və
bazar günü nəşr olunan on altı səhifəlik qəzetin
bütövlükdə ədəbiyyata ayrılması
bütün bunların hamısı istər-istəməz
yeni ədəbi nəslin yetişməsində ilk köməkçi
oldu. Bizdən elələri oldu ki, axıra kimi gedə bilmədilər,
nəfəsləri çatmadı. Hərənin təbiəti
bir cürdür. Amma duruş gətirənlər,
dözüb ədəbi oliqarxların yavaş-yavaş can
verməyini ciddi-cəhdlə izləyənlər bu gün də
aramızdadırlar və görürlər ki, əslində,
həmin ədəbi fiqurcuqlar bu gün ölməmək
üçün ədəbi gəncliyə təsir etmək,
onları öz mübarizələrinə alət etmək istəyirlər.
Amma gedişat göstərir ki, həmin ədəbiyyatı
özünün, ətrafının şəxsi
- Məni daha çox narahat edən bir məqam
var. Bu gün yetişən ədəbi gəncliyə kimlərsə
təsir etmək istəyir sanki...
- Ədəbiyyata ciddi bir axın
başlayıb. Biz bunu gözləyirdik əslində, bu
qaçılmaz idi. Qabaqlar bizdə kitab biznesi
anlayışı, ümumiyyətlə, mövcud deyildi, indi
bunu formalaşdırımağa çalışırlar.
Buna səy var, ən azından. Sivil ünsiyyət və
biznes maraqları bunu diktə etməyə
çalışır cəmiyyətə ki, qardaş
oxumalısan e, başqa yolun yoxdur. Ya sən məhv
olmalısan, Afrikadakı barbar qəbilələrin
gününə düşməlisən, ya da oxumalısan. Bu
millətdə bir zamanlar var olan oxu mədəniyyətini
yavaş-yavaş bu millətə xatırladırlar sanki.
Artıq az da olsa, ictimai nəqliyyat vasitələrində
kitab oxuyan gənclərə rast gəlmək
mümkündür. Amma oxu mədəniyyətinə gəncliyimizdə
oyanan sevgi kimlərisə narahat edir.
- Bəlkə o rahatsız olanları da
kimlərsə rahatsız edir bu oyanışa görə?
- Mən sizə deyim ki, heç kim! Tam səmimiyyətimlə
deyirəm bunu. Ancaq onların lənətə gəlmiş nəfsləri!
Yəni şeytanları! Baxırlar ki, iddia böyük,
ortalığa çıxarılası ədəbi nümunə
isə sıfır. Ancaq təzə bəy kimi dəst
kostyumlar geyinib, qalstuklar bağlayıb ortada gəzirlər,
saxta təbəssümləri ilə ekranda görünürlər,
dünən ədəbiyyata gələn balaca uşaq bunlardan
daha məhsuldardır, neyləməli, ya unudulmağa razı
olmalı, ya da içlərindəki şeytanın yolunu
tutmalıdırlar. Bunlar da ən asanını seçirlər,
əllərində olan müəyyən məqamlardan istifadə
edib gənclərə təsir göstərirlər.
"Müəllim", "ustad"kimi titullar qazanırlar,
kiməsə "day-day"lıq eləyirlər və istər
- istəməz ictimai fikri çaşdırırlar. Televiziya
ekranından millətə xitab edən həmin bu "dəyər
sahibləri" yanında apardıqları gənclərə
sovet təfəkküründən qalma uğurlu yol
arzulayır, onları cəmiyyətə sırımağa
çalışırlar. İndi burada siz soruşa bilərsiniz
ki, axı bunun nəyi pisdir? Deyim: burada heç də əsas
meyar istedad götürülmür. Onun, ya da onların cəmiyyətə
təqdim elədiyi, daha dəqiq ifadə edəsi olsaq,
sırıdığı ədəbi gəncliyin nümayəndələri
indiyə kimi yazdığı iki - üç cümlədə
öz dəsti-xətti olmayan, kimlərisə təqlid edən,
ya da təqlid belə etməyi bacarmayan, sadəcə,
sıfıra bərabər olan imzalardır. Deyəndə də
haray-qışqırıq salırlar ki, biz neynirik, ədəbi
gəncliyin əlindən tuturuq da. O ədəbi gəncliyin əlindən
tut ki, özü nəsə ortaya qoymağa
çalışır. Özü olmaq istəyir. Yanında
"day-day" görmək istəmir. Çünki həmin
gənc fərqindədir ki, ona "day-day"lıq edən
heç də İnsani hissləri fontan vurduğu
üçün bunu eləmir. O, bu hərəkəti ilə
öz təbliğ etdiyi insanların fövqündə
dayanıb "mürşid"lik görüntüsü
yardır.
- Əslində, bu təsir bütün dövrlərdə
olub...
- Olub, amma indiki kimi yox. Azərbaycanda bir məktəb
formalaşdırılır və bu məktəbin
adını bilirsiniz nə qoyurlar? "Gənc Ədiblər
Məktəbi"... Daban-dabana zidd olan üç ad
yanaşı. Baxırsan və gülmək tutur səni. Bir
neçə il öncə bu məsələ təzə
başlayanda bir yazı yazmışdım "Amma Anar bilməsin..."
Yazımda "məktəbin" axırda bu səviyyəyə
çıxarılacağını yazmışdım. Bunu
hiss etmək üçün dahi olmaq lazım deyil. Kimlərsə
gələcək perspektiv üçün, karyera qazanmaq
üçün yeni gələn gənclərdən istifadə
etmək istəyirdi və buna müəyyən qədər
nail oldu. Qismətin poeziya ilə bağlı
çıxışının özü də bəzi gizli
məqamlara, qismən də olsa, aydınlıq gətirdi ki,
bax, görürsünüz, Azərbaycanda belə bir ədəbi
nəsil yetişib. Daha doğrusu, biz yetişdirmişik. Lənət
şeytana, mən yetişdirmişəm! Amma adamdan
soruşarlar: hansı ədəbi nəsil? Diplomlu gənc ədiblər
nəsli? O gənc ədiblər ki, yuxarı başda oturan
heç vaxt həyata keçirə bilmədiyi ədəbiyyatçı
olmaq arzusunu qarşısındakı gənclərdə
görəndə yerində əzabdan qıvrılan
"day-day"larının qarşısında orta məktəb
səviyyəli inşaları ali ədəbiyyat nümunəsi
kimi oxuyurdular. Və orada əyləşənlərin
hamısı da özlərini potensial Prezident təqaüdçüsü
kimi görürdü. Onlara bəribaşdan verilən
şirnikdirici vədlərin ardı-arası kəsilmirdi:
"Gəlin-gedin, AYB-yə üzv olacaqsınız! Gəlin-gedin,
Prezident təqaüdü alacaqsınız! Gəlin- gedin, sizlər
diplomlu yazar olacaqsınız!" Bu və bu kimi digər
absurd və eyni zamanda yeni yazmağa başlayan bir gənc
üçün cekpot uduşu sayıla biləcək təkliflər!
Istədiyim yar idi, yetirdi Pərvərdigar!
- Ümumiyyətlə, yazarlıq diplomla
ölçülməlidirmi?
- Yazarlıq Allahın lütfüdür,
onun bəxş etdiyi bir məqamdır. İndi durub burda kiməsə
dərs keçmək niyyətində deyiləm.
Açığı, heç ona halım da yoxdur.
Çünki hər birimizin kifayət qədər problemi var.
Bəs gəlin görək "gənclərin
day-dayı"sı hansı kriteriyalardan
çıxış edib bu məktəbin müdavimlərinə
diplom verir?! Bu məntiqlə hərəkət etsək, onda gərək
Qəşəm Nəcəfzadə Sabir adına kitabxanada
"Pərvanə" ədəbi birliyinin üzvlərinə,
ora gəlib şeir oxuyan Məmməd dayıdan tutmuş bir
zamanlar "Pərvanə" ilə ədəbiyyata qədəm
qoyan Mövlud Mövluda kimi hamıya diplom verəydi ki, təsdiq
edirəm filankəs yazardır. Mən tam səmimiyyətlə
deyirəm ki, Qəşəmin buna daha çox haqqı
çatır. Və bir yolunu tapıb onu elətdirərdi də...
- Belə insafsız olma, "Gənc Ədiblər
Məktəbi"ndə kifayət qədər imzalar var...
- Hamı yazır. Yeni yarananda bəlkə
də o kriteriyalar qorunurdu. Maraqlı imzalar yönəlirdi
"Gənc Ədiblər Məktəbi"nə. Amma sonra xoruzun
quyruğu görünməyə başladı. Özü də
çox pis görünməyə başladı. Məlum oldu
ki, burda mühim olan gənc yazarların məktəb
keçməsi deyil. Elçin Hüseynbəyli demişkən,
hansı bir master klass gəldi həmin ədəbi məktəbdə
mühazirələr oxudu? Hansı bir Maksim Qorki adına Ədəbiyyat
İnstitutunun məzunu olmuş yazarımızı dəvət
etdilər ki, gəlsinlər gənclərə həqiqi ədəbiyyat
institutunun, əsl ədiblər məktəbinin nə
olduğundan danışsın?! Hansı bir ciddi ədəbiyyatşünası,
tərcüməçini dəvət etdilər?
Çünki başda oturanlar düşündülər ki,
birdən kimsə gələr uşaqların beynini
bulandırar və onların ciddi ədəbiyat yaratmaq
xülyaları boşa çıxar. Qoy, potensial "vur
otlasın, sür otlasın" məntiqi ilə yaşayan,
bizi üstad sayan və hörmətdə qüsur etməyən
ədəbi gənclik yetişsin. Bunların tezbazar
kitablarını buraxaq, bunları AYB- yə üzv eləyək,
Prezident təqaüdü verək və bizim kölgəmizi
qılınclayanlara deyək ki, a kişilər, nə istəyirsiniz,
görün, bizim ətrafımızda nə qədər gənclik
var?! Bunlar bizim sözümüzü deyəcəklər e,
sizin yox! "Gənc Ədiblər Məktəbi"nin
nüvəsinə baxın. Ilk toplantılarda iştirak edənlərin
əksəriyyəti "İrəli" Gənclər Hərəkatının
şinelindən çıxmışdı. Əslində, elə
ən ciddi ədəbi nümunələr də həmin o
uşaqlardan yarandı. Hə, bir də burda bir şeyi deməsəm,
haqqsızlıq etmiş olaram, "Sumqayıt
uşaqları" həmin "Gənc Ədiblər Məktəbi"nin
ən maraqlı səhifələrindən biri idi. Feyziyyə,
mərhum Fərhad Mete və İlham Çərkəzoğlu...
Əslində, sabahın araşdırmaçıları bu
dövrü araşdırarkən, sözsüz ki, hadisələrə
daha kompleks yanaşacaqlar.
-
Səncə, bu proseslər kimləri neytrallaşdıracaq?
-
Ancaq qələmi olmayanları.
Arzu
Abdulla
Mövqe.-2011.-
3 may.- S. 13.