Beynəlxalq təşkilatların
qəbul etdiyi sənədlər
BMT Təhlükəsizlik
Şurası sədrinin bəyanatları
3)
Təhlükəsizlik Şurası sədrinin 27 oktyabr 1992-ci il tarixli bəyanatı
Təhlükəsizlik
Şurasının üzvləri ilə məsləhətləşmələr
apararaq Şuranın sədri Şuranın adından onun
1992-ci il sentyabrın 27-də keçirilmiş 3127-ci
iclasında "Dağlıq Qarabağda vəziyyətə
dair" sərlövhəli bəndin Şura tərəfindən
baxılması ilə əlaqədar
aşağıdakıları bəyan etmişdir:
Təhlükəsizlik
Şurası 1992-ci il sentyabrın 21-də Sofidə atəşkəs
barədə sazişin bağlanılmasına baxmayaraq,
Dağlıq Qarabağda və onun ətrafında ciddi vəziyyətin
qalmasından, eləcə də bununla əlaqədar insan tələfatı
və maddi itkilər olmasından dərin narahatdır.
Təhlükəsizlik
Şurası özünün 1992-ci il 26 avqust (S/24493) tarixli
"Dağlıq Qarabağda vəziyyətə dair bəyanatının
məzmunu, xüsusilə də ATƏM-in Dağlıq
Qarabağ münaqişəsinə dair Minsk Konfransının
səylərinə dəstəyini təsdiq edir. O, qətiyyətlə
bütün tərəfləri və bu məsələyə
aid olan digərlərini dərhal atəşi
dayandırmağa və blokadanın bütün növlərini
aradan qaldırmağa çağırır. O, Minsk
Konfransının işinin dərhal yenidən
başlanılmasına və sədrin təklif etdiyi qayda və
prosedurlar əsasında siyasi danışıqların
açılmasına çağırır. O, təkidlə
bu məsələyə aidiyyəti olan bütün tərəfləri
və digərlərini onların mübahisələrinin
tezliklə hərtərəfli imzalanmasını əldə
etmək üçün ATƏM-lə sıx əməkdaşlığa
və konfransın işində əsaslı iştirak etməyə
çağırır. Təhlükəsizlik Şurası
baş katibin Birləşmiş Millətlər Təşkilatının
ATƏM-in səylərinin dəstəklənməsi
planına, eləcə də humanitar yardım göstərilməsinə
nə kimi töhfə verə biləcəyi məsələsinin
öyrənilməsi üçün bu regiona öz nümayəndəsini
göndərməyə dair niyyətindən məmnun
olduğunu bildirir.
4) Təhlükəsizlik
Şurası sədrinin 29 yanvar 1993-cü il tarixli bəyanatı
Təhlükəsizlik
Şurasının sədri 1993-cü ilin 29 yanvarında
keçirdiyi məsləhətləşmələrdən
sonra Şuranın üzvləri adından kütləvi
informasiya vasitələrinin nümayəndələrinə
aşağıdakıları bəyan etmişdir:
Ermənistan və Azərbaycanın
Naxçıvan Muxtar Respublikasına malların və
materialların göndərilməsi, xüsusilə elektrik
enerjisi verilməsindəki fasilələrin
dağıdıcı nəticələri ilə əlaqədar
Təhlükəsizlik Şurasının üzvləri dərin
narahatlıq keçirdiklərini bildirirlər. Qeyri-adi dərəcədə
sərt qışın genişləndirdiyi bu fasilələr
həmin bölgələrin iqtisadiyyatını və
infrastrukturunu iflas həddinə gətirib
çıxarmış və real aclıq təhlükəsi
yaratmışdır.
Şuranın üzvləri
təkidlə bütün kömək edə biləcək
ölkələri yanacaq və humanitar yardımın göndərilməsinə
kömək etməyə və region ölkələrinin
humanitar vəziyyətinin gələcəkdə daha da pisləşməsinin
qarşısını almaq məqsədilə humanitar
yüklərin, xüsusilə də yanacağın Ermənistana
və Azərbaycanın Naxçıvan bölgəsinə
maneəsiz çatdırılmasını təmin etməyə
çağırır.
Şuranın üzvləri
ATƏM-in tərəfləri bir araya gətirməyə və
bu regionda sülhün bərqərar olmasına yönələn
bütün səylərini tam dəstəklədiklərini
bir daha bəyan edirlər. Onlar tərəfləri dərhal atəşkəsə
və tezliklə ATƏM çərçivəsində
danışıqların yenidən başlanılmasına
razılaşmağa çağırırlar. Təhlükəsizlik
Şurasının üzvləri bu məsələyə
baxmağı davam etdirəcəklər.
5) Təhlükəsizlik
Şurası sədrinin 6 aprel 1993-cü il tarixli bəyanatı
Təhlükəsizlik
Şurasının üzvləri ilə məsləhətləşmələrdən
sonra Şuranın sədri Şura adından 1993- cü il aprelin
6-da onun 3194-cü iclasında "Dağlıq Qarabağda vəziyyətə
dair" sərlövhəli bəndin Şura tərəfindən
baxılması ilə əlaqədar
aşağıdakıları bəyan etmişdir:
Təhlükəsizlik
Şurası Ermənistan Respublikası ilə Azərbaycan
Respublikası arasında münasibətlərin pisləşməsindən
və Dağlıq Qarabağ münaqişəsində
düşmənçilik hərəkətlərinin güclənməsindən,
xüsusilə yerli erməni qüvvələrinin Azərbaycan
Respublikasının Kəlbəcər rayonuna müdaxiləsindən
ciddi narahat olduğunu bildirir. Şura sülh və bölgənin
təhlükəsizliyi üçün qorxu törədən
belə düşmənçilik hərəkətlərinin
hamısına dərhal son qoymağı və bu qüvvələri
oradan çıxarmağı tələb edir.
Bununla əlaqədar Təhlükəsizlik
Şurası bölgənin bütün dövlətlərinin
suverenliyini və ərazi bütövlüyünü,
onların sərhədlərinin pozulmazlığını təsdiq
edərək ATƏM çərçivəsində sülh
prosesinə tərəfdar olduğunu bildirir. O, ümid etdiyini
bildirir ki, Minsk qrupunun bu yaxınlarda əldə etdiyi ilkin
sazişdən sonra yaxın vaxtlarda atəşi dayandırmaq,
müşahidəçilərin yerləşdirilməsi cədvəli,
siyasi bəyannamənin layihəsi barədə sazişlər
də əldə olunacaq və Minsk Konfransı tezliklə
çağırılacaqdır. Təhlükəsizlik
Şurası müvafiq tərəfləri ATƏM çərçivəsində
sülh prosesində irəliləyiş olması
üçün əllərindən gələni əsirgəməməyə
və problemin siyasi həllini çətinləşdirə
bilən heç bir hərəkətə yol verməməyə
təkidlə çağırır.
Şura həmçinin
mülki əhalinin iztirablarını azaltmaq məqsədilə
bölgədə, o cümlədən münaqişəyə
cəlb olunmuş bütün rayonlarda humanitar yardım
göstərilməsi sahəsində beynəlxalq fəaliyyətin
maneəsiz həyata keçirilməsini təmin etməyə
çağırır. Təhlükəsizlik Şurası
Baş katibdən xahiş edir ki, ATƏM ilə məsləhətləşərək
faktları müvafiq şəkildə müəyyənləşdirsin
və təcili olaraq Şuraya hadisə yerində vəziyyətə
qiymət verən məruzə təqdim etsin. Şura bu məsələ
ilə məşğul olmaqda davam edəcəkdir.
6) Təhlükəsizlik
Şurası sədrinin 18 avqust 1993-cü il tarixli bəyanatı
Təhlükəsizlik
Şurasının üzvləri ilə məsləhətləşmələr
apararaq Şuranın sədri Şuranın adından onun
1993-cü il avqustun 18-də keçirilmiş 3264-cü iclasında
"Dağlıq Qarabağda vəziyyətə dair" sərlövhəli
bəndin Şura tərəfindən baxılması ilə əlaqədar
aşağıdakıları bəyan etmişdir:
Təhlükəsizlik
Şurası Ermənistan Respublikası ilə Azərbaycan
Respublikası arasında münasibətlərin pisləşməsi
ilə və onların arasındakı gərginliklə əlaqədar
ciddi narahatlıq keçirdiyini bildirir. Şura Ermənistan
Respublikasının hökumətini Azərbaycan
Respublikasının Dağlıq Qarabağ bölgəsi ermənilərinin
Şuranın 822 və 853 saylı qətnamələri ilə
razılaşmalarına nail olmaq məqsədilə öz təsirindən
istifadə etməyə çağırır.
Şura habelə bu
günlərdə Füzuli rayonunda döyüş əməliyyatlarının
güclənməsindən dərin narahatlıq
keçirdiyini bildirir. Şura əvvəllər Azərbaycan
Respublikasının Kəlbəcər və Ağdam
rayonlarına müdaxiləni və onların
işğalını pislədiyi kimi, Azərbaycan
Respublikasının Dağlıq Qarabağ bölgəsindən
Füzuli rayonuna edilən hücumları da pisləyir. Şura
bütün hücumların dayandırılmasını və
bölgədə sülh və təhlükəsizlik
üçün qorxu törədən hərbi əməliyyatların
və bombardmanların dərhal dayandırılmasını tələb
edir, habelə işğalçı qüvvələrin
Füzuli zonasından, həmçinin Azərbaycan
Respublikasının Kəlbəcər, Ağdam
rayonlarından və bu yaxınlarda işğal olunmuş
başqa rayonlarından dərhal, tamamilə və qeyd-şərtsiz
çıxarılmasını tələb edir. Şura Ermənistan
Respublikasının hökumətini bu məqsədlə
öz təsirindən istifadə etməyə
çağırır.
Şura Azərbaycan
Respublikasının və regionun bütün başqa dövlətlərinin
suverenliyini və ərazi bütövlüyünü, habelə
onların sərhədlərinin pozulmazlığını
bir daha təsdiq edir və münaqişənin sülh yolu ilə
aradan qaldırılmasına nail olmağa dair ATƏM-in Minsk
Qrupunun səylərinə döyüş əməliyyatlarının
göstərdiyi təsirdən dərin narahatlıq
keçirdiyini bildirir. Şura ATƏM-in sülh prosesini tamamilə
müdafiə etdiyini qeyd edir və Minsk Qrupunun
danışıqlarının indiki mərhələsində
öz baxışlarını və mövqelərini bilavasitə
ifadə etmək üçün münaqişədə
iştirak edən tərəflərə verilmiş imkanı.
xüsusilə nəzərə çarpdırır. Bu
baxımdan Şura bütün tərəfləri avqustun 13-də
Minsk Qrupunun təqdim etdiyi "BMT Təhlükəsizlik
Şurasının 822 və 853 saylı qətnamələrinin
yerinə yetirilməsinə dair təxirəsalınmaz tədbirlər
cədvəli"nin dəqiqləşdirilmiş variantına
müsbət cavab verməyə və məsələnin
sülh yolu ilə həllini poza biləcək hər hansı
hərəkətdən çəkinməyə
çağırır. Şura yaranmış vəziyyətin
bütün cəhətləri barədə məruzə
hazırlamaq üçün bölgəyə missiya göndərmək
haqqında ATƏM-in niyyətini alqışlayır.
Son günlərdə
münaqişənin genişlənməsi ilə əlaqədar
Şura dövlətləri münaqişənin güclənməsinə
və ya Azərbaycan Respublikası ərazisinin
işğalının davam etdirilməsinə gətirib
çıxara biləcək hər hansı silah və
döyüş sursatı göndərməkdən çəkinmək
barədə 853 saylı qətnamədəki
çağırışı bir daha təkidlə təsdiq
edir. Şura Ermənistan Respublikasının hökumətini
cəlb olunmuş qüvvələrin gələcəkdə
hərbi əməliyyatı genişləndirmək
üçün vəsait almamaqlarını təmin etməyə
çağırır.
Şura, habelə mülki
əhalinin getdikcə artan iztirablarını yüngülləşdirmək
məqsədilə bölgəyə, münaqişədən
zərər çəkmiş bütün zonalara beynəlxalq
humanitar yardımın maneəsiz
çatdırılmasını təmin etməyə dair 822
və 853 saylı qətnamələrdə olan
çağırışları bir daha təkrar edir. Şura
tərəflərə xatırladır ki, onlar beynəlxalq
humanitar hüququn prinsiplərinə və normalarına əməl
etməyə borcludurlar və əməl etməlidirlər.
Təhlükəsizlik
Şurası bu məsələ ilə fəal məşğul
olmaqda davam edəcək və özünün qətnamələrinə
bütün tərəflərin tamamilə razı
olmasını və əməl etməsini təmin etməkdən
ötrü müvafiq tədbirləri nəzərdən
keçirməyə hazır olacaqdır.
Mövqe.-
2011.- 3 may.- S. 10.