Heydər Əliyev zirvəsi

 

O, bütün dünyadan görünür

 

Üçüncü yazı

 

Böyük alman filosofu Karleyl Tomas deyir ki, yer üzündə nə qədər oğullar var. Nə qədər oğullar var ki, xalqlar onun şöhrəti arxasında gizlənib. Belə oğullar var, ancaq onlar çox deyil. Dünyada çox olmayan o oğulların birini, bəlkə də birincisini Allah elə Azərbaycan xalqına nicat göndərdi. O, 1923-cü il mayın 10-da Azərbaycanın qədim şəhəri olan Naxçıvanda fəhlə ailəsində dünyaya gəlib. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirib.

Sonra Bakıya gəlir və memarlıq ixtisası üzrə Azərbaycan Sənaye İnstitutuna daxil olur. Müharibənin başlaması ilə təhsili yarımçıq qalır. 1941-1944-cü illərdə Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında bir sıra məsul vəzifələrdə çalışır. 1941-1969-cu ilədək Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik orqanlarında xidmət edir. Bu illərdə Heydər Əliyev xüsusi təhsil alır, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirir. 1964-cü ildə Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini təyin olunur. 1967-1969-cu illərdə isə Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində çalışır. Heydər Əliyev general-mayor rütbəsi ilə belə bir yüksək vəzifəni tutan ilk azərbaycanlı idi.

1969-cu ildə isə o zaman Sovetlər Birliyinin tərkibində olan Azərbaycanın həyatında tarixi bir hadisə baş verdi. Həmin il iyulun 14-də Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Həmin vaxt Azərbaycan, demək olar ki, keçmiş SSRİ-nin ən geridə qalmış respublikalarından biri idi. Təbii ki, Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunması o zamankı mərkəzi rəhbərlikdə heç də hamı tərəfindən, xüsusən də düşmənlərimiz arasında birmənalı qarşılanmamışdı. Çünki İttifaq miqyasında, elə xarici ölkələrdə də Heydər Əliyevi yaxşı tanıyırdılar. Gənc olmasına baxmayaraq, onun ağlı, bacarığı, uzaqgörənliyi və müdrikliyi hamıya örnək idi. Düşmənlərimiz isə Heydər Əliyevdən çəkinirdilər.

Məhz bu ağıllı Azərbaycan oğlunun respublikaya rəhbərlik etdiyi qısa zaman kəsiyində ölkəmiz elə böyük uğurlara imza atdı ki, nəinki SSRİ-də, hətta xarici ölkə mətbuatında da onun fəaliyyəti diqqət mərkəzində idi. Xarici mətbuat yazırdı ki, dünənə qədər SSRİ-nin ən geridə qalmış respublikası olan Azərbaycan bu gün Heydər Əliyevin rəhbərliyi ilə bütün sahələrdə örnəyə çevrilib. Xalqımızın böyük oğlunun fədakarlığı sayəsində Azərbaycan iqtisadiyyatı, sənayesi, kənd təsərrüfatı inkişaf edir, ildən-ilə böyük müvəfəqiyyətlər qazanılırdı. Öz xalqını, millətini böyük məhəbbətlə sevən Heydər Əliyevin fəaliyyəti totalitar rejimin bütün qadağalarına baxmayaraq, gələcək müstəqil Azərbaycan üçün hesablanmışdı. Heydər Əliyev inanırdı ki, onun rəhbərlik etdiyi Azərbaycan bir gün mütləq dünyanın müstəqil dövləti olacaq. 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosuna üzv seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunur. Onun bu vəzifəyə təyin olunması erməniləri həm qorxuya, həm də şoka salmışdı. Heydər Əliyevin İttifaq miqyasında günü-gündən artan nüfuzu ermənipərəst Mixail Qorbaçovu da təşvişə salmışdı. 1987-ci ildə Heydər Əliyev SSRİ rəhbərliyi ilə fikir ayrılığına görə istefa verdi və Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunu və SSRİ Nəzirlər Sovetini tərk etdi.

Elə həmin vaxtdan düşmənlərimiz öz çirkin planlarını həyata keçirməyə başladılar. 1988-ci ildən ermənilər Azərbaycana qarşı torpaq iddiası irəli sürdülər. Azərbaycan torpaqları erməni işğalına məruz qaldı. O vaxta qədər ki Allahın bu millətə nicat göndərdiyi Heydər Əliyev xalqın tələbi ilə yenidən Azərbaycan rəhbərliyinə qayıtdı. 1993-cü ildə Azərbaycanda xaos, hakimiyyətsizlik, özbaşınalıq hökm sürürdü. Ölkə faktiki olaraq idarə olunmurdu. Hakimiyyətdə olanlar üçün yalnız qrup maraqları və şəxsi mənafelər var idi. Bütün bunlardan istifadə edən düşmən torpaqlarımızın işğalını davam etdirirdi. Öz müstəqilliyini yenicə qazanmış Azərbaycan artıq onu itirmək təhlükəsi ilə üz-üzə dayanmışdı və dünya xəritəsindən silinmək üzrə idi. Bu zaman milyonlarla insan ümidini yalnız və yalnız Azərbaycanın xilaskar oğlu Heydər Əliyevə bağlamışdı. O gəldi və" ölüm və qalım" dilemması qarşısında qalan Azərbaycanını ayaq üstə qaldırdı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük qayıdışı və Azərbaycana ikinci dəfə rəhbərliyi ilə ölkəmiz qısa zaman kəsiyində çox böyük inkişaf yolu keçdi. Ölkəmiz bir dünya dövlətinə çevrildi. Dünyanın ən böyük dövlətləri Azərbaycanla hesablaşmalı oldular. Heydər Əliyev Azərbaycanı bütün dünyaya tanıtdı.

Livanın mərhum baş naziri Rafiq Əl-Həriri deyirdi ki, Allah onu sizin ölkənizə nicat, xilaskar bir oğul kimi göndərmişdi: "Bu gün Azərbaycan Heydər Əliyevin çiyinləri üstündə qərar tutur. Mən hələ o zamanlar bir müsəlman oğlunun SSRİ-nin dünyada hegemon olduğu dövrdə elə bir yüksək vəzifədə fəaliyyət göstərməsindən qürur hissi duyurdum. Onun həyatı, fəaliyyəti məni hər zaman maraqlandırırdı. Elə SSRİ dövründə - Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi vaxtdan başlayaraq on beş respublika içərisində Azərbaycanın, demək olar ki, bütün sahələrdə önə çıxması çox şeylərdən xəbər verirdi. Azərbaycana rəhbərlik etdiyi həmin dövrdə də, Moskvada yüksək vəzifədə fəaliyyət göstərdiyi illərdə də mən inanıram ki, dünyanın, xüsusilə də müsəlman dünyasının yetirdiyi ən unikal, müdrik, uzaqgörən şəxsiyyətlərdən biri, elə bəlkə də birincisi olan Heydər Əliyev gecə-gündüz öz qədim, böyük keçmişi olan xalqının, Azərbaycanın müstəqilliyi haqqında fikirləşirdi. Onun bütün fəaliyyəti Azərbaycanın müstəqilliyinə, onun dünya birliyinin bərabərhüquqlu bir üzvü olmasına hesablanmışdı. Bilirsinizmi, Heydər Əliyev haqqında çox, lap çox danışmaq olar. O, fenomen bir insandır. O, liderlərə örnək olacaq bir şəxsiyyətdir.

Azərbaycan bugünkü müstəqilliyinə, bukünkü inkişafına görə məhz Heydər Əliyevə borclu olmalıdır. O, ən çətin sitiuasiyalarda, vəziyyətdə elə qərarlar qəbul edib, addımlar atırdı ki, bunun üçün illər gərək idi. Hər dövlət başçısı bu vəziyyətdən çıxa bilməzdi. Dövlət başçısının əsas keyfiyyətlərindən biri də öz millətinə, torpağına, vətəninə, dövlətinə olan sevgisidir. Heydər Əliyevdə isə bu sevgi sonsuz idi. Onun üçün Azərbaycan anlamının nə qədər müqəddəs olduğunu mən yaxşı dərk edirəm. Hətta onun bir məşhur deyimi var: "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram". Doğrudan da Heydər Əliyev ömrünün qalan hissəsini də xalqına bağışladı. O, bunu öz əməlləri, gördüyü işlər, xalqına, onun insanlarına gətirdiyi rifah, tərəqqi, inkişafla təsdiq edirdi.

Mən Azərbaycanı yaxından izləyən və təbii ki, sevən bir şəxs kimi deyə bilərəm ki, Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə elə bir vəziyyətdə gəlmişdi ki, bu ölkə"ölüm və qalım" dilemması qarşısında qalmışdı. Məhz belə bir məqamda o, fəlakətə sürüklənən, uçurumun bir addımlığında dayanan, belə deyək, can üstündə olan Azərbaycanı ayaq üstə qaldırmağı bacardı. Nəinki bacardı, qısa müddətə, müdrikcəsinə qəbul etdiyi qərarlar əsasında mərhələ-mərhələ ölkənin qarşısında duran bütün problemləri həll etdi. Artıq Azərbaycanın qapıları bütün dünyanın üzünə açılmağa başlayırdı. Dünya da öz qapılarını Azərbaycanın üzünə açırdı. Ən azı, bu, ölkənin prezidentinin - Heydər Əliyevin adı ilə bağlı idi. Bilirsinizmi, onun haqqında cild-cild kitablar yazılsa da, bəlkə bu da azdır. Çünki Heydər Əliyevin həyatının hər anı məktəbdir, örnəkdir. Düzdür, bu gün Azərbaycanın qarşısında duran ən ağrılı problem Qarabağ münaqişəsinin sülh yolu, danışıqlarla çözümüdür. Heydər Əliyevin Azərbaycanın bu taleyüklü məsələsi ilə bağlı münaqişənin sülh yolu ilə tənzimlənməsi istiqamətində apardığı danışıqlar, göstərdiyi səylərin özü böyük fədakarlıqdır.

Bilirsinizmi, bəzən Livanı ermənipərəst dövlət kimi təqdim edirlər. Düzdür, Livanda ermənilərin sayı çoxdur və onlar da bu ölkənin vətəndaşlarıdır. Ancaq mən çox təəssüf edirəm ki, bu gün Azərbaycanla Livan arasında əlaqələr biz istədiyimiz səviyyədə deyil. İnanın ki, hər iki tərəfdən belə səfərlərin müxtəlif səviyyələrdə tez-tez təşkil olunması, Azərbaycan gerçəkliklərinin, Qarabağ münaqişəsinin əsl mahiyyətinin Livana olduğu kimi çatdırılmasının çox böyük faydası olar. Biz - Livan və Azərbaycan, onun insanları bir-birimizi yaxından tanımırlar. Lakin yuxarıda qeyd etdiyim kimi təbliğatdan daha çox şey asılıdır. Bu bir neçə gündə özünüz də (azərbaycanlı jurnalistləri nəzərdə tutur) şahidi olursunuz ki, sizin Livana gəlişiniz, keçirdiyiniz görüşlər, bu görüşlərdə səsləndirilən fikirlər ölkə televiziyasının, mətbuatının əsas xəbərinə çevrilib. Mənim ən böyük istəyim odur ki, tezliklə Azərbaycanın Livanda, Livanın isə Azərbaycanda səfirlikləri fəaliyyətə başlasın. Düzdür, Azərbaycanın Livanda səfiri var, ancaq o, Misirdə qərar tutur.

Mən sizinlə bugünkü, görüşümdən çox məmnunam. Açığını deyim ki, siz mənim məktəb, örnək bildiyim Heydər Əliyev kimi dahi, müdrik insanın qurub yaratdığı, bu ölkənin işıqlı sabahına, xoşbəxt gələcəyinə təminat verən bir insanın rəhbərlik etdiyi Azərbaycandan gəlmisiniz. Onu da xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycanı və azərbaycanlıları çox sevirəm. Sizlərin qəlbimdə öz yeri var. İnanıram ki, zaman gələcək Azərbaycan-Livan əlaqələri çox yüksək bir səviyyəyə gəlib çatacaq".

Bəli, dünya Azərbaycana Heydər Əliyev zirvəsindən baxırdı və baxır. Zaman keçdikcə hiss edirsən ki, müstəqil Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyev bizdən yalnız cismani olaraq ayrılıb. Nə qədər ki, Heydər Əliyevin qurduğu, yaratdığı, bizlərə əmanət qoyduğu Azərbaycan dövləti var, ümummilli liderimiz Heydər Əliyev də o dövlətin zirvəsində dayanıb. Onun öz sözləri ilə desək, Azərbaycanın müstəqilliyi əbədi, dönməz və sarsılmazdır. Öz əməlləri, Azərbaycan dövləti qarşısındakı misilsiz xidmətləri ilə əbədi yaşamaq haqqı qazanan Heydər Əliyev kimi...

 

 

Ağanisə Sultanova

 

Mövqe.- 2011.- 3 may.- S. 4.