Beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər

 

BMT Təhlükəsizlik Şurası sədrinin bəyanatları

 

7) Təhlükəsizlik Şurası sədrinin 26 aprel 1995-ci il tarixli bəyanatı

Təhlükəsizlik Şurasının 1995-ci il aprelin 26-da 3525-ci iclasında "Dağlıq Qarabağda vəziyyətə dair" sərlövhəli bəndə baxılması ilə əlaqədar Təhlükəsizlik Şurasının sədri Təhlükəsizlik Şurasının adından aşağıdakıları bəyan etmişdir:

Təhlükəsizlik Şurası özünün 884 saylı qətnaməsinin 8-ci bəndinə uyğun olaraq ATƏT-in Dağlıq Qarabağa dair Minsk Konfransının həmsədrlərinin təqdim etdiyi məruzələrə (S/1995/249 və S/l995/321) baxmışdır.

Təhlükəsizlik Şurası 1994-cü il mayın 12-də Rusiya Federasiyasının vasitəçiliyi və ATƏT-in Minsk Qrupu ilə qarşılıqlı fəaliyyət sayəsində razılaşdırılmış atəşkəsin bir ilə yaxın müddətdə saxlanılmasından məmnunluğunu bildirir. Eyni zamanda Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişədən və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında gərginlikdən təkrarən narahatlığını bildirir. Təhlükəsizlik Şurası, xüsusilə bu yaxınlarda baş vermiş zorakı hadisələrlə əlaqədar narahat olduğunu bildirir və 1995-ci il fevralın 6-da razılaşdırıldığı kimi, hadisələrin nizamlanmasında birbaşa əlaqələr mexanizmindən istifadə edilməsinin vacibliyini vurğulayır. O, qətiyyətlə tərəfləri belə hadisələrin gələcəkdə qarşısının alınması üçün bütün zəruri tədbirləri görməyə çağırır.

Şura regionun bütün dövlətlərinin suverenliyi və ərazi bütövlüyünə əsaslanan özünün bütün qətnamələrini təsdiq edir. O, həmçinin beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazi zəbt edilməsi üçün gücdən istifadənin yolverilməzliyini təsdiqləyir. Təhlükəsizlik Şurası qoşunların geri çəkilməsini təmin etməklə münaqişənin bütün tərəflər üçün əsas nəticələrini aradan qaldıracaq və Minsk Konfransının çağırılmasına imkan yaradacaq, silahlı münaqişənin dayandırılmasına dair siyasi saziş bağlanması üçün sürətli danışıqlar keçirilməsinə yönələn Minsk Konfransı həmsədrlərinin bütün səylərinə özünün dəstəyini yenidən göstərməyə başlayır. Təhlükəsizlik Şurası vurğulayır ki, sülh nizamlanmasını əldə etmək üçün əsas məsuliyyəti münaqişə tərəfləri daşıyır. Təhlükəsizlik Şurası silahlı münaqişənin dayandırılmasına dair siyasi sazişin BMT Nizamnaməsi və ATƏT-in müvafiq prinsipləri əsasında bağlanılmasının zəruriliyini bildirir. O, qətiyyətlə tərəfləri, hər hansı bir ilkin şərtlərsiz və prosedur maneələrsiz konstruktiv danışıqlar aparmağa, sülh prosesini sarsıda biləcək istənilən hərəkətlərdən çəkinməyə çağırır. O vurğulayır ki, belə sazişin əldə edilməsi ATƏT-in çoxmillətli sülhməramlı qüvvələrinin yerləşdirilməsi üçün ilkin şərtdir.

Təhlükəsizlik Şurası ATƏT-in Budapeşt sammitinin 1994-cü il 6 dekabr tarixli "Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi" qərarını alqışlayır. O, tərəflər arasında silahlı münaqişələrin dayandırılmasına dair saziş olarsa, ATƏT-in çoxmillətli sülhməramlı qüvvələrinin mümkün yerləşdirilməsinə dair lazımi qətnamələrlə davamlı siyasi dəstək verməyə hazır olduğunu təsdiqləyir. BMT, həmçinin texniki məsləhətlər və ekspert rəyi verməyə hazırdır. Təhlükəsizlik Şurası tərəflərin Minsk qrupu çərçivəsində 1994-cü il aprelin 15-də razılaşdırıldığı kimi, etimad yaradılmasına dair tədbirləri, xüsusilə də humanitar sahədə, o cümlədən bütün hərbi əsirlərin və mülki saxlanılmaların atəşkəsin birinci ildönümünə qədər azad edilməsinin yerinə yetirilməsinin zəruriliyini vurğulayır. O, tərəfləri silahlı münaqişədən zərər çəkmiş mülki əhalinin iztirablarının qarşısını almağa çağırır.

Təhlükəsizlik Şurası Baş katibə, ATƏT-in sədrinə və ATƏT-in Minsk Qrupunun həmsədrliyinə öz tələbini yeniləşdirir ki, Minsk prosesinin irəliləyişi, yerlərdə vəziyyəti, xüsusilə müvafiq qətnamələrin yerinə yetirilməsi, ATƏT və BMT arasında indiki və gələcək qarşılıqlı fəaliyyət haqqında Şuraya məruzə etməyi davam etdirsinlər. Şura bu məsələyə baxmaqda davam edəcək.

Birləşmiş Millətlərin Təşkilatının Baş Assambleyası tərəfindən qəbul olunmuş sənədlər

1) Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət

Baş Assambleya

Birləşmiş Millətlərin Təşkilatının Nizamnaməsinin məqsədlərini, prinsiplərini və müddəalarını rəhbər tutaraq, Təhlükəsizlik Şurasının 822 (1993) saylı 30 aprel 1993-cü il tarixli, 853 (1993) saylı 29 iyul 1993-cü il tarixli, 874 (1993) saylı 14 oktyabr 1993-cü il tarixli və 884 (1993) saylı 12 noyabr 1993 tarixli qətnamələrini və Assambleyanın Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardım adlanan 48/114 saylı 20 dekabr 1993-cü il tarixli və Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət adlanan 60/285 saylı 7 sentyabr 2006-cı il tarixli qətnamələrini bir daha xatırladaraq, Dağlıq Qarabağ ətrafındakı Azərbaycanın işğal olunmuş əraziləri üzrə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının fakt-araşdırıcı missiyasının hesabatını və Dağlıq Qarabağ ətrafındakı Azərbaycanın işğal olunmuş əraziləri üzrə Minsk Qrupunun fakt-araşdırıcı missiyasına dair Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupu Həmsədrlərinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Daimi Şurasına ünvanlanmış məktubunu1 həmçinin yada salaraq, Yanğınlara məruz qalmış Dağlıq Qarabağ regionu və onun ətraf ərazilərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı tərəfindən aparılmış ətraf mühitin qiymətləndirmə missiyasının hesabatını nəzərə alaraq, Münaqişə tərəflərinin beynəlxalq humanitar hüququn qaydalarına dürüstcəsinə riayət etməyə dair götürdüyü öhdəlikləri bir daha təsdiqləyərək, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və onun ətraf ərazilərində mövcud olan münaqişənin beynəlxalq sülh və təhlükəsizliyə təhdid olmasından ciddi narahatlıq duyaraq və onun Cənubi Qafqaz ölkələrindəki humanitar vəziyyətə və inkişafa etdiyi təsiri nəzərə alaraq,

1. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə davam edən hörmət və dəstəyi bir daha təsdiqləyir;

2. Ermənistanın bütün qüvvələrinin Azərbaycan Respublikasının işğal altında olan bütün ərazilərini dərhal, tam və qeyd-şərtsiz tərk etmələrini tələb edir;

3. Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindən qovulmuş əhalinin öz evlərinə qayıtmasına dair ayrılmaz hüquqlarını bir daha təsdiq edir və münaqişədən zərər görmüş ərazilərin bütünlüklə bərpası da daxil olmaqla bu qayıdış üçün müvafiq şəraitin yaradılmasının zəruriliyini vurğulayır;

4. Azərbaycan Respublikasının tərkibində qalacaq Dağlıq Qarabağ bölgəsində effektiv demokratik özünüidarə sisteminin yaradılması üçün imkan yaradacaq Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində azərbaycanlı və erməni icmaların normal, təhlükəsiz və bərabər şərtlər əsasında yaşamasının təmin edilməsinin zəruriliyini tanıyır;

5. Bir daha təsdiq edir ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalının nəticələrindən gələn vəziyyəti hüquqi olaraq tanımamalı, eləcə də bu vəziyyətin saxlanması üçün hər hansı yardım və dəstək göstərməməlidir;

6. Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə münaqişənin sülh yolu ilə həlli məqsədi daşıyan beynəlxalq vasitəçilik səylərinə, xüsusilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupunun səylərinə dəstək ifadə edir və yuxarıda qeyd olunan müddəalara uyğun şəkildə davamlı və dönməz sülhə nail olmaq məqsədilə bu səylərin intensivləşdirilməsi zəruriliyini tanıyır;

7. Üzv dövlətlər, beynəlxalq və regional təşkilatlar və strukturları öz səlahiyyətləri çərçivəsində münaqişənin tənzimlənməsi prosesinə səmərəli şəkildə töhfə verməyə çağırır;

8. Baş Katibdən Baş Assambleyanın altmış üçüncü sessiyasında bu qətnamənin həyata keçirilməsinə dair müfəssəl hesabat təqdim etməyi xahiş edir;

9. Altmış üçüncü sessiyanın ilkin gündəliyinə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı bəndin daxil edilməsini qərara alır.

"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamə 2008-ci il martın 14-də BMT Baş Assambleyası tərəfindən qəbul olunub.

 

 

Mövqe.- 2011.- 4 may.- S. 10.