Heydər Əliyev
zirvəsi
O, bütün
dünyadan görünür
Dördüncü
yazı
Mayın 10-u xalqımızın
böyük oğlu, taleyi Azərbaycanın taleyi ilə
qoşa yazılmış ümmumilli liderimiz Heydər Əliyevin
doğum günüdür. O dahi, müdrik, Azərbaycan
xalqı qarşısında misilsiz xidmətləri olan
böyük insan haqqında nə qədər söz deyilsə,
elmi araşdırmalar aparılsa, cild-cild kitablar yazılsa, yenə
də azdır. Ümummilli lider Heydər Əliyev Azərbaycanın
özüdür. Nə qədər ki Heydər Əliyevin
yoxdan var etdiyi, qurub-yaratdığı Azərbaycan adlı bir
məmləkət var, ümummilli liderimiz Heydər Əliyev də
əbədi olacaq. Ulu öndərin anadan olmasının səksən
səkkizinci ildönümündə Azərbaycanın lap
yaxın keçmişinə diqqət çəkəcəyik.
Özümüzün
də içində olduğumuz tarixə.
1992-ci ilin may -iyun
aylarında təxribatla, zorakı vasitələrlə hakimiyyətə
gələn cəbhə-müsavat cütlüyü Azərbaycanı
böyük bəlalara sürüklədi. Onlar
üçün millətin, xalqın mənafelərindən,
Milli maraqlardan öncə qrup maraqları, şəxsi
ambisiyalar vardı. O illər Azərbaycanın çox
ağır, mürəkkəb və ziddiyyətli bir
dövrü idi. Ölkədə dərəbəylik hökm
sürürdü, özbaşınalıq, hərc-mərclik,
satqınlıq baş alıb gedirdi. Bir -birinin ardınca
baş verən hakimiyyət dəyişmələri, təsadüfi,
heç bir idarəçilik təcrübəsi olmayan quldur dəstə
başçılarının hakimiyyətə yiyələnmələri,
sonradan dövlət çevrilişləri etmək cəhdələri
, vəzifələrindən sui-istifadə edərək, reket,
qaçaqmalçılıq, terror, adam oğurluğu və
s.kimi cinayətlər ölkədə adi hala
çevrilmişdi. Qısa bir müddət ərzində
ölkənin varidatı amansız şəkildə talan
edilirdi. Torpaqlarımız hərraca qoyulur, satqınların xəyanəti
nəticəsində işğalçıların əlinə
keçirdi. O zaman hakimiyyətdə olanların "xidmətlərindən"
biri də o idi ki, təxminən bir ilin içərisində
ölkəni çoxsaylı quldur cəbhəxanasına
çevirmiş, müxtəlif silahlı, bandit dəstələrinə
xüsusi səlahiyyətlər vermiş, bununla da xalqı,
milləti, doğma yurd-yuvalarımızı əllərində
oyuncağa çevirən qaraguruhçu rejimin idarə etdiyi
dözülməz bir vəziyyət yaratmışdı.
Ümumiyyətlə, həmin dövrdə cəmi bir ilin
içərisində Azərbaycan on illərlə geri
düşdü.
Xalq Cəbhəsinin
daxilində keçmiş "silahdaşlar" arasında
baş verən qarşıdurmalar 1993-cü ilin iyununda Gəncədə
baş verən hadisələrlə nəticələndi. Ölkədə
mövcud olan dərin siyasi, iqtiasdi və sosial böhran
hakimiyyəti iflic vəziyyətinə gətirib
çıxardı. Baş nazir, Milli Məclisin sədri,
bütün güc nazirliklərinin rəhbərləri
istefaya göndərildi, ölkə heç bir qurum və
şəxs tərəfindən idarə olunmurdu. Tam hakimiyyətsizlik
şəraiti yaranmışdı. Ümumiyyətlə, o
zamankı iqtidarın apardığı bütün tədbirlər
cəmiyyəti görünməyən uçurum
qarşısında qoymuşdu. Onların ölkədə
yaratdıqları xaos, anarxiya, zorakılıq və s. nəticə
etibarilə vətəndaş qarşıdurmsının
reallaşmasına, Azərbaycanın Ermənistan təcavüzkarlarına
qarşı apardığı ədalətli müharibədə
məğlubiyyətə uğramasına, hakimiyyəti tam
iflasa gətirib çıxarmışdı.
Nəticədə
1993-cü ilin iyununda Azərbaycan dövlətçiliyi ən
ağır böhran və dağılma təhlükəsi
ilə üzləşdi, ölkə vətəndaş
müharibəsi və parçalanma həddinə
çatdırıldı. Azərbaycan "olum və
ölüm" dilemması qarşısında qaldı.
Artıq Azərbaycan adlı bir dövlət faktiki olaraq
dünya xəritəsindən silinmək təhlükəsi
ilə üz-üzə qalmışdı. Çətin
durumda olan Azərbaycan xalqının bütün ümidləri
yalnız Naxçıvanda yaşayan, bu xalqın xilaskar
oğlu Heydər Əliyevə idi. Milyonlarla azərbaycanlı
inanırdı ki, xalqı düşdüyü bu
ağır, son dərəcə təhlükəli vəziyyətdən
yalnız və yalnız o böyük insan çıxara bilər.
Xalqın təkidli tələbi ilə ölkədə
hakimiyyət dəyişikliyi baş verdi. Xalqının səsinə
səs verib yenidən hakimiyyətə qaydan ümummilli lider
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali
Sovetinin (Milli Məclis) sədri seçildi. İyunun 23-də
isə bu görkəmli şəxsiyyət ölkə
prezidentinin səlahiyyətlərini həyata keçirməyə
başladı. Beləliklə, xalqın istəyi, təkidi və
tələbi ilə Heydər Əliyev Azərbaycanda yenidən
hakimiyyətə gəldi. Gəldi və bu milləti, bu
xalqı özünə qaytardı. Azərbaycan adlı
dövləti yoxdan var etdi. Allahın bu millətə nicat
göndərdiyi Heydər Əliyevin yenidən hakimiyyətə
gəlişi ilə Azərbaycan tarixinin işıqlı və
yeni-yeni səhifələri yazılmağa başladı. Ona
görə də 15 iyun xalqın xilaskar oğlunun Azərbaycanda
yenidən hakimiyyətə qayıtdığı gün
Qurtuluş günü elan olundu. Və bu gün Azərbaycanın
tarixində xüsusi bir səhifə kimi tarixə
çevrildi. Bu Qurtuluş günü həm də Azərbaycanın
böyük bir təhlükədən - dövlətçiliyini
itirmək, dünya xəritəsindən məhv olmaq təhlükəsindən
qurtulduğu gün, Azərbaycan dövlətçiliyinin
sübutu günü idi. Xalq isə bu tarixi günə görə
öz böyük oğluna, xilaskarına - Heydər Əliyevə
minnətdar idi. O böyük lider qısa zaman kəsiyində
Azərbaycanı bütün bəlalardan xilas etdi.
Məhz o zaman 1993-cü
ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə
qayıdışı ilə Azərbaycan dövlətçiliyində
həlledici dönüş baş verdi. Heydər Əliyev
hakimiyyətə gələndən dərhal sonra ağır vəziyyətdə
olan ölkənin qarşısında duran problemlər mərhələ-mərhələ
həll olunmağa başladı. Gəncədəki hadisələr
Heydər Əliyevin müdrikliyi ilə dinc yolla nizmlama
axarına düşdü. Əlikram Humbətovun elan etdiyi
qondarma "Talış Muğan Respublikası" Heydər Əliyevin
xalqa müraciəti və bölgədə yaşayan
insanların təzyiqi ilə ləğv olundu. "Sadval"çıların
separatçı hərəkətlərinin və qondarma
"Car-Balakən Respublikası" yaratmaq cəhdlərinin
qarşısı alındı. Ayrı-ayrı şəxslərə
və silahlı qruplaşmalara xidmət edən silahlı birləşmələr
zərərsizləşdirilməyə başlandı. Cinayətkarlar
cəmiyyətdən təcrid edildi və cəzalandırıldılar.
Ölkədə əmin-əmanlıq, sabitlik yarandı.
1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəində
ölkəmiz üçün həyati əhəmiyyət kəsb
edən atəşkəsə nail olundu. İnflyasiya
dayandırıldı, aqrar sahədə islahatlara
başlandı. Azad bazar iqtisadiyyatına keçidlə əlaqədar
özəlləşdirməyə geniş meydan verildi. Xarici
siyasətdə mühüm nailiyyətlər əldə
edildi. Beynəlxalq maliyyə mərkəzləri,
dünyanın iri şirkətləri Azərbaycana
böyük miqdarda kredit verməyə, investisiya qoymağa
başladılar. 1994-cü ilin sentyabrında Azərbaycanda
yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə
ölkəmizə artan inam və maraqdan istifadə edərək
Bakıda " Əsrin müqaviləsi" adlandıralan ilk
neft kontraktları imzalandı. Ancaq yaranan sabitlik, əldə
edilən nailiyyətlər Azərbaycanın beynəlxalq aləmdə
artan nüfuzu hakimiyyət hərisi olan müəyyən
qüvvələri ciddi narahat edirdi. Onlar hakimiyyəti ələ
keçirmək üçün hər cür çirkin
vasitələrə - qeyri-qanuni yollara, zorakılığa əl
atırdılar. 1994-cü il oktyabrın 4-də
respublikanın o zamankı baş naziri Surət Hüseynovla
xüsusi təyinatlı polis dəstəsinin
başçısı Rövşən Cavadovun birgə
iştirakı ilə dövlət çevrilişi cəhdi
baş verdi. Məhz Heydər Əliyevin qətiyyəti, dərin
düşünülmüş tədbirlərinin nəticəsində
və xalqın köməyi ilə dövlət
çevrilişi məqsədi güdən qəsdin
qarşısı məharətlə alındı. Qanuni
dövlət orqanlarını devirməyə, siyasi hakimiyyəti
zorakılıqla dəyişdirməyə yönələn
növbəti cəhd isə 1995-ci ilin martında baş verdi.
Daxili İşlər nazirliyinin xüsusi təyinatlı polis
dəstəsinə rəhbərlik edən Rövşən
Cavadov və onun qardaşı Mahir Cavadov tərəfindən
silahlı dövlət çevrilişinə cəhd etdilər.
Belə təhlükəli, xalqa düşmən qüvvələri
yenə də böyük dövlət xadimi, bütün
ömrünü Azərbaycan xalqına həsr edən Heydər
Əliyevin yenilməz iradəsi tərk-silah etdi.
Xalqının böyük sərkərdəsi olan Heydər Əliyevin
rəhbərliyi ilə qanunsuz silahlı dəstələr,
cinayətkar qruplar, xaricdən və daxildən müdafiə
olunan qüvvələr, Azərbaycan dövlətini silah
gücü ilə devirməyə cəhd göstərən qəsdçilər
qanuni orqanların gücü ilə tamamilə
darmadağın edildilər.
Heydər Əliyevin rəhbərliyi
ilə Azərbaycan dövləti özünün möhkəmliyini,
etibarlılığını, qanunçuluğu və vətəndaşların
təhlükəsizliyini hər şeydən yüksək
tutduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda
hakimiyyətə gəlmək üçün silahlı dəstələrdən,
qeyri-qanuni yollardan, zorakılıqdan istifadə etmək ənənəsinə
son qoyuldu. Ölkəmiz dinc və sabitlik şəraitində
öz müstəqil dövlətini qurmaq və inkişaf
etdirmək imkanı qazandı. Ölkə demokratik, hüquqi,
dünyəvi dövlət yaratmaq naminə geniş islahatlar
dövrünə qədəm qoydu. Yuxarıda qeyd etdiyimiz
kimi, ümummilli lider Heydər Əliyev qısa zaman kəsiyində
Azərbaycanı bir dünya dövlətinə çevirdi.
Onun öz sözləri ilə desək, Azərbaycanın
müstəqilliyini əbədi, dönməz və
sarsılmaz etdi. Bu gün isə onun müqəddəs yolunu
prezident İlham Əliyev ləyaqətlə davam etdirir. Hər
ötən gün Azərbaycan qüdrətlənir, güclənir,
inkişaf edir, söz və nüfuz sahibinə çevrilir.
Heydər Əliyev haqqında dünyanın ən
böyük şəxsiyyətləri söz deyib. Bu
yazımızda biz yalnız dünyanın görkəmli siyasət
xadimlərindən olan Heydər Əliyev barəsində deyilən
fikirləri diqqətinizə çatdırırıq.
Emil Ləhud: (Livanın
sabiq prezidenti) Prezident Heydər Əliyev regiondakı hadisələri
tənzimləmək, proseslərə təsir etmək
gücündə olan bir şəxsiyyət idi. Livanın sabiq
prezidenti Emil Ləhud bildirib ki, bu gün biz Qafqazda, Azərbaycanda
baş verən prosesləri diqqətlə izləyirik. Livan
xalqı müharibələrin nə olduğunu, bəşəriyyətə
ancaq bədbəxtlik, göz yaşları gətirdiyini
çox yaxşı bilir: "Çünki neçə
onilliklərdir ki, Livan bu çətinliklərin, müharibələrin
gətirdiyi müsibətlər və dözülməz bir
şəraitdə yaşayır. Ona görə biz də Azərbaycan
xalqı kimi sülhün tərəfdarıyıq. Tezliklə
regionda sülhün bərqərar olmasını, Qarabağ
münaqişəsinin sülh yolu ilə başa
çatdırılmasını arzulayırıq. Azərbaycanlı
jurnalistləri ilk dəfə qəbul etdiyim üçün
fürsətdən istifadə edib sizin dövlətin
başçısı, Azərbaycan prezidenti Heydər Əliyev
haqqında öz fikirlərimi söyləmək istəyirəm.
Təbii ki, o böyük şəxsiyyət haqqında
danışmaq, onun haqqında söz demək elə də
asan deyil. Heydər Əliyev hələ Sovetlər Birliyinin
mövcudluğu illərindən böyük dövlət
xadimi kimi bizə yaxşı tanışdır. Bu gün də
o, beynəlxalq aləmdə xüsusi çəkisi, nüfuzu
olan siyasətçi, böyük dövlət xadimi kimi
tanınır. Prezident Heydər Əliyev regiondakı hadisələri
tənzimləmək, proseslərə təsir etmək
gücündə olan bir şəxsiyyət idi. Onun Ermənistanla
Azərbaycan arasında mövcud olan Qarabağ münaqişəsinin
sülh yolu ilə tənzimlənməsində
atdığı addımlar, göstərdiyi səylər,
apardığı danışıqlar təqdirəlayiqdir.
Yuxarıda qeyd etdiyim kimi,
bu gün Livan-Azərbaycan münasibətləri istənilən
səviyyədə olmasa da, biz Azərbaycanda baş verən
bütün prosesləri diqqətlə izləyirik. Onu da yaxşı
bilirik ki, 1993-cü ildə Heydər Əliyev kimi dahi bir şəxsiyyət
Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsəydi,
bəlkə də ölkənizin taleyi sual altında qala bilərdi,
qısa bir müddətdə bu qədər uğurlara imza
atılmazdı. Heydər Əliyev öz xalqının
xilaskarı, lideri olmaqla yanaşı, həm də
dünyanın qəbul etdiyi, adını çoxdan bəri
tarixə yazan böyük dövlət xadimi, siyasi
liderdir".
Ağanisə
Sultanova
Mövqe.-
2011.- 4 may.- S. 4.