Heydər Əliyev
zirvəsi
O, bütün
dünyadan görünür
Beşinci yazı
Bəşəriyyətin
çoxəsrlik tarixi təcrübəsi göstərmişdir
ki, xalqların və dövlətlərin inkişafında
liderlərin çox böyük rolu olmuşdur. Güclü
lideri olan dövlətlər və millətlər çox
yüksək inkişaf yolu keçmiş və tarixi
uğurlar əldə etmişlər. Belə liderlər bizim
xalqın tarixində də yetişmiş, Azərbaycanımızın
inkişafında, dövlətçiliyimizin yaranıb
möhkəmlənməsində, milli-mənəvi dəyərlərimizin
qorunub saxlanılmasında əhəmiyyətli rol
oynamışlar. Onların arasında öz işıqlı əməlləri
ilə xalqı müstəqilliyə qovuşdurmuş,
dövlətçiliyimizin daha da möhkəmlənməsində
mühüm xidmətləri olmuş ümummilli lider Heydər
Əliyevin adı qürur hissi ilə çəkilir. Azərbaycanın
tarixi şəxsiyyətlərinin fövqündə yer alan bu
dahi insanın xalqımız qarşısındakı xidmətləri
ölçüyəgəlməzdir. Azərbaycan dövlətinin,
müstəqilliyinin mövcudluğu üçün
xalqımız məhz ümummilli lider Heydər Əliyevə
borcludur.
Milli Məclis
Aparatının baş məsləhətçisi, dövlət
qulluğunun baş müşaviri, siyasi elmlər namizədi
Adil Vəliyev deyir ki, otuz ildən artıq bir müddətdə
Azərbaycan dövlətçiliyinin taleyi dahi və
uzaqgörən şəxsiyyət, öz xalqını və
vətənini canından artıq sevən ən böyük
azərbaycanlı, şərəfli adı bizim
üçün həmişə əziz və unudulmaz olan
Heydər Əliyevlə bağlı olmuşdur. Bu illər
xalqımızın milli mənlik şüurunun
oyanışı, azadlıq və müstəqillik hissinin
güclənməsi, ölkənin ictimai-siyasi, sosial-iqtisadi,
elmi-mədəni həyatının vüsətli dirçəlişi
ilə əlamətdar olmuşdur. Bütün həyatını
və siyasi fəaliyyətini böyük tarixi
keçmişi və zəngin mədəniyyəti ilə fəxr
etdiyi xalqının və vətəninin tərəqqisinə
həsr etmiş Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan
bir dövlət kimi zamanın ağır və sərt
sınaqlarından çıxaraq ölçüyəgəlməz
irəliləyişə nail olmuşdur. Çoxəsrlik
dövlətçilik tariximizdə müstəsna yeri olan
ümummilli liderimizin fəaliyyəti təkcə Azərbaycan
üçün deyil, həm də postsovet məkanı
üçün mühüm əhəmiyyət
daşımaqla yanaşı, dünya miqyasında gedən
proseslərə də birbaşa təsir göstərmişdir.
1969-cu ilin iyulunda Heydər
Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanın
taleyində və tarixində dönüş başlandı. Xalqımızın
mənəvi-əxlaqi dəyərlərinə söykənən
genişmiqyaslı tədbirlərin həyata keçirilməsi
insanlarda nəinki milli ruhun və özünüdərkin
oyanışını şərtləndirdi, həmçinin
onların ictimai fəallığının və
işgüzarlığının yüksəlməsinə təkan
verdi. Milli qürur hissinin güclənməsi, milli
şüurun yüksəlməsi sosial-iqtisadi və mədəni
həyatın bütün sahələrinin dirçəlişi
üçün zəmin oldu. Bu, xalq ruhuna dərindən bələd
olan respublika rəhbərinin təşəbbüskarlığının
və uzaqgörənliyinin nəticəsi idi.
Tarixi hadisələrin
sonrakı gedişi də sübut etdi ki, Heydər Əliyevin
1969-1982-ci illərdə gördüyü işlər gələcəkdə
milli dövlətçilik ideyalarının hərəkətverici
qüvvəyə çevrilməsi və cəmiyyətin bu
ideya ətrafında səfərbər olması
üçün şərait yaratdı. Həmin dövrdə
respublikada bərqərar edilən əsl işgüzarlıq
mühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji
ab-hava iqtisadi tərəqqinin yüksək həddə
çatmasına, Azərbaycanın keçmiş ittifaq
miqyasında nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə
tanınmasına imkan verdi. Azərbaycanın indiki siyasi və
iqtisadi müstəqilliyi, beynəlxalq münasibətlər
sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası hələ
1970-1980-ci illərdə təməli Heydər Əliyev tərəfindən
qoyulmuş potensiala əsaslanır.
XX-XXI əsrlərin
qovuşuğunda Azərbaycanın demokratik və bəşəri
dəyərlərlə sadiq müstəqil bir dövlət
kimi formalaşması böyük öndərimizin titanik
siyasi fəaliyyətinin nəticəsi, 1993-cü ilin iyununda
xalqın təkidli tələbi ilə onun yenidən hakimiyyətə
qayıdışının bəhrəsidir. Heydər Əliyev
Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini,
xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik
və iqtisadi dirçəliş üçün zəmin
yaradılmasını özünün dövlətçilik
strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirdi.
Müstəqillik əldə
etdikdən sonra insan hüquq və azadlıqlarının
qorunması məqsədilə həyata keçirilən
hüquqi islahatlar içərisində ən
mühümü məhz yaşamaq hüququnun təmini istiqamətində
həyata keçirilən tədbirlər planı olmuşdur.
1993-cü
ildə Heydər Əliyevin ilk qərarlarından biri məhz
ölüm cəzasının tətbiqi üzərində
moratorium qoyulması oldu. Demokratik hüquqi dövlət
quruculuğu yolunu tutmuş Azərbaycan xalqı müstəqillik
əldə etdikdən sonra bir çox çətinliklərlə
qarşılaşmışdı. O dövrdə ölkəmizdə
hökm sürən hərc-mərclik,
özbaşınalıq, qanunsuz silahlı birləşmələrin
mövcudluğu, cinayətkarlığın tüğyan etməsi,
insanların dinc və təhlükəsiz
yaşamasını qəsdə məruz qoymuşdu. Ulu
öndərimizin həyata keçirdiyi siyasət nəticəsində
dövlətçiliyimiz möhkəmləndirildi,
ictimai-siyasi sabitlik bərqərar edildi, qanunsuzluqlara,
zorakılığa, cəzasızlıq əhval-ruhiyyəsinə
son qoyuldu. Vətəndaşlarımız təhlükəsiz
yaşamaq hüququ əldə etdilər. Bütün bunlar
demokratik cəmiyyətin qurulmasına, insanların hüquq və
azadlıqlarının müdafiəsinə təminat verdi.
1995-ci il noyabrın 12-də
Azərbaycanın tarixində ilk dəfə olaraq müstəqil
dövlətimizin Konstitusiyası ümumxalq səsverməsi
yolu ilə qəbul edildi. Ümumdünya İnsan
Hüquqları Bəyannaməsinin əsas müddəalarını
özündə əks etdirən Konstitusiyada insan və vətəndaş
hüquqlarının, azadlıqlarının təmin edilməsi
dövlətimizin ali məqsədi kimi bəyan olundu. Çoxəsrlik
dövlətçilik ənənələrimizə, milli və
ümumbəşəri dəyərlərə söykənərək
yaradılan Konstitusiyamız hüquqi-demokratik dövlət və
vətəndaş cəmiyyəti quruculuğunun təməlini
qoydu. Qeyd olunduğu kimi, 1993-cü ilin iyun ayından ölkəmizdə
ölüm cəzasının icrasına moratorium qoyulmuş,
daha sonra ölüm cəzasının tətbiqi məhdudlaşdırılmış
və 1998-ci il fevralın 10-da Şərqdə ilk dəfə
olaraq ölkəmizdə ölüm cəzası ləğv
edilmişdir. Bu tarixi addım fəlsəfi, hüquqi
düşüncələrə, dərin elmi təhlilə,
dünya təcrübəsinə və reallığa əsaslanmaqla
humanizm, insanpərvərlik, ədalət, şəxsiyyətə
və insan hüquqlarına hörmət kimi yüksək
amallarla yaşayan ulu öndərin gələcək nəsillərə
misilsiz töhfəsi oldu. Dövlət
başçısının 3 fevral 1998-ci il tarixli müraciətində
deyilirdi: "Mən cinayət-hüquq siyasətini hərtərəfli
təhlil edərək, ədalət, azadlıq, humanizm və
insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə
ölüm cəzasının ləğv edilməsi qənaətinə
gəlib bu tarixi bəyanatı vermişəm".
Ölüm cəzasının ləğvi Azərbaycanın
hüquqi-demokratik dövlət quruculuğu yolunda olduğunu
bir daha sübut etdi.
Həmin dövrdə həlli
vacib olan məsələlərdən biri davam etməkdə
olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin gedişinə təsir göstərə
biləcək qəti addımlar atılması idi. Bunsuz ölkənin
ərazi bütövlüyünü qorumaq, daxili ictimai
sabitliyə nail olmaq mümkün deyildi. Milli Ordunun
döyüş qabiliyyətinin artırılması və
genişmiqyaslı müdafiə tədbirlərinin həyata
keçirilməsi, döyüşçülərdə
yaranan ruh yüksəkliyi sayəsində düşmənə
qarşı bir neçə uğurlu hərbi əməliyyat
aparıldı. Belə şəraitdə beynəlxalq qüvvələrin
təsiri altında münaqişə tərəfləri atəşi
dayandırmaq barədə razılığa gəldilər.
Bu barədə saziş 1994-cü ilin mayında imzalandı və
münaqişənin dinc vasitələrlə aradan
qaldırılmasına prioritet istiqamət seçildi. Ötən
on beş ildə bu istiqamətdə göstərilən səylər
konkret nəticə verməsə də, atəşkəs
rejimi Azərbaycanın müstəqil dövlət kimi
yaşamasını və sonrakı inkişafını şərtləndirən
amillərdən biri olmuşdur.
Heydər Əliyevin
ölkə iqtisadiyyatında köklü dəyişikliyə
gətirib çıxaran və müstəqil dövlətimizə
beynəlxalq nüfuz qazandıran yeni neft strategiyasının
həyata keçirilməsinə məhz atəşkəsdən
sonra başlanıldı və 1994-cü ilin sentyabrında
dünyanın iri neft şirkətləri ilə "Əsrin
müqaviləsi" adlandırılan ilk neft müqaviləsi
imzalandı.
Lakin müstəqil
dövlətçiliyimizin möhkəmləndirilməsi,
sosial-iqtisadi inkişafın bünövrəsinin qoyulması
Azərbaycanı yenidən anarxiya və başıpozuqluq
girdabına salaraq bundan öz mənfəətləri naminə
istifadə etmək istəyən daxili və xarici qüvvələrin
ciddi müqaviməti ilə üzləşdi. 1994-cü ilin
oktyabrında və 1995-ci ilin martında dövlət
çevrilişinə silahlı cəhdlər göstərilməsi
müstəqil dövlətçiliyimiz üçün
növbəti sınaqlar oldu.
A.Sultanova
Mövqe.-
2011.- 5 may.- S. 4.