Avropa Şurası Parlament Assambleyası

 

əvvəli var

 

5) Avropa Şurası Parlament Assambleyasının Ermənistan və Azərbaycanda qaçqın və məcburi köçkünlərin humanitar vəziyyətinə dair qətnaməsi N 1059 (1995)

1. Assambleya 1988-ci ildə başlayan Dağlıq Qarabağ münaqişəsinin Ermənistan və Azərbaycanda ifadə edilə bilməyən insan əzabları, minlərlə həlak olanlar, on minlərlə yaralı və bir milyondan artıq qaçqın və məcburi köçkünlərlə nəticələndiyindən təəssüflənir.

2. Son rəqəm hədələr, törədilmiş vəhşiliklərə dair məruzələr və 1991-ci ildən öncə Sovet hakimiyyətinin əmrlərindən sonra öz evlərini tərk etməyə məcbur edilən yüz minlərlə insanı əhatə edir.

3. Ermənistan və Azərbaycanın 1991-ci ildə müstəqilliklərini elan etmələrindən sonra onların iqtisadiyyatları ciddi şəkildə tənəzzül etmişdir. Vəziyyət münaqişənin və qonşu ölkələrin tətbiq etdikləri iqtisadi blokadanın təsiri ilə pisləşmişdir.

4. Nəticədə hər iki ölkənin əhalisi həyat səviyyəsinin ciddi şəkildə aşağı düşməsinə məruz qalmışdır və artmaqda olan çətinliklərlə, o cümlədən yüksələn işsizlik və kəskin su, yanacaq və enerji qıtlığı ilə üzləşir. Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, hər iki ölkədə bir milyondan artıq insan hazırda yoxsulluq səviyyəsindən aşağı yaşayır.

5. Əsasən qaçqınlar və xüsusilə Azərbaycanda tələblərə cavab verməyən çadırlarda yaşayanlar əsas istilik, qida və tibbi yardım qıtlığının olmasından kəskin çətinliklərlə üzləşirlər.

6. Birləşmiş Millətlər Təşkilatının yardım proqramları hər iki ölkədə 1992-ci ilin dekabrından təsis edilmişdir. Lakin onların maliyyələşdirilməsi vəziyyətin ehtiyaclarını təmin etməkdə yetərli deyil.

7. Bundan əlavə, BMT agentlikləri bazar iqtisadiyyatına keçid, mərkəzsizləşdirmə və səhiyyə və təhsil proqramları üçün məlumatlarla təminata dair hər iki hökumətə məsləhətlər verir və yardım göstərir. Buna baxmayaraq, aidiyyəti ölkələrdə, o cümlədən Gürcüstandakı ayrı-ayrı qərargahlardan hazırda idarə olunan bu xidmətlər əməkdaşlıq yolunda müəyyən maneələrlə çətinləşmişdir, və onların təqdim edilməsi təcrübə, idarəetmə və vəsaitlərin uzun müddətə ən effektiv şəkildə hərəkətə gətirilməsini əks etdirməyə bilər.

8. Assambleya 12 may 1994-cü ildə qüvvəyə minmiş atəşkəsi alqışlayan, bütün tərəfləri buna ziyan vura biləcək hər hansı düşmənçilik aktından çəkinməyə çağıran və xüsusilə maraqlı tərəflərin parlament nümayəndələri arasında dialoqu həvəsləndirməklə sülh sazişinin imzalanmasına bütün qüvvəsi ilə yardımını təklif edən 1251 saylı (1994) Qətnaməsini yada salır.

9. Assambleya müharibə edən tərəflərə geri qayıtmaq arzusunda olan qaçqınların, başqa yerdə məskunlaşmaq istəyənlərə kompensasiya vermək şərti ilə öz evlərinə mümkün qədər tez qayıtmasını təşkil etmək; azlıqların hüquqlarına hörmət etmək; və onlar arasında olan bütün nəqliyyat və rabitə vasitələri üzərində blokadaya və Rusiya və Türkiyənin tətbiq etdikləri blokadaya dərhal son qoymaq çağırışlarını təkrar qeyd edir.

10. Assambleya təkid edir ki:

a. Ermənistan, Azərbaycan və Gürcüstan hökumətləri təcili yardım və səhiyyə, təhsil, bərpa və inkişafa dair uzunmüddətli proqramların təqdim edilməsində BMT agentlikləri və qeyri-hökumət təşkilatları ilə geniş əməkdaşlıq etsinlər;

b. Gürcüstan hökuməti BMT-nin yardımı ilə mesheti türklərinin geri qayıtması və məskunlaşdırılmasını qəbul etsin və BMT-ni bu xüsusilə zəif qrupun vəziyyətinə xüsusi diqqət yetirməyə çağırır;

c. Avropa İttifaqı, özünün Humanitar İdarəsi vasitəsilə Cənubi Qafqaz əhalisinin zəif təbəqələrinə yardımını artırsın.

11. Nəhayət, Assambleya Qafqazda sülhün yenidən bərpasına yardım etmək və humanitar vəziyyəti yaxşılaşdırmaq üçün daha geniş beynəlxalq səylərin göstərilməsinə çağırır və bu məqsədlə üzv dövlətlərin hökumət və parlamentlərini yetmiş illik təcriddən çıxmaqda olan bu regiona öz yardım, təcrübə və əməkdaşlıq təkliflərini etməyə təşviq edir.

1 - Mətn Assambleyanın adından fəaliyyət göstərən Daimi Komitə tərəfindən 15 mart 1995-ci ildə qəbul edilmişdir.

6) Avropa Şurası Parlament Assambleyasının Ermənistan və Azərbaycanda qaçqın və məcburi köçkünlərin humanitar vəziyyətinə dair tövsiyəsi N 1263 (1995)

1. Assambleya Ermənistan və Azərbaycanda qaçqın və məcburi köçkünlərin humanitar vəziyyətinə dair 1059 saylı (1995) Qətnaməsinə istinad edərək tövsiyə edir ki, Nazirlər Komitəsi:

I. Dağlıq Qarabağa görə amansız münaqişənin qurbanlarına və xüsusilə öz evlərindən qovulmuş şəxslərə beynəlxalq yardımın tamamilə qənaətbəxş olmamağından irəli gələn gərgin vəziyyəti təcili şəkildə nəzərdən keçirsin;

II. Avropa Şurasının genişlənməsinə dair 1247 saylı (1994) Qətnaməsindən sonra Avropa Şurasının Sosial İnkişaf Fondu və onun üzv dövlətlərini, özünün fövqəladə hallar üçün nəzərdə tutulmuş hesabı vasitəsilə, Birləşmiş Millətlər Təşkilatı və cəlb olunmuş digər beynəlxalq təsisatlarla mümkün əlaqədə Ermənistan, Azərbaycan və Gürcüstanda qaçqın və məcburi köçkünlərə fondun maliyyələşdirməsindən yararlanmaq imkanı verməyə dəvət etsin;

III. Bütün üzv dövlətlərin hökumətlərini:

a. Birləşmiş Millətlər Təşkilatının agentlikləri, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyası və qeyri-hökumət təşkilatları vasitəsilə edilən beynəlxalq yardıma Qafqazda qarşıdan gələn bir çox illər üçün ehtiyac duyulduğunu təsdiq etməyə və bunun nəticəsində onların gələcək müraciətlərinə səxavətlə cavab verməyə;

b. Qarabağ və onun ətrafındakı ərazinin minalardan təmizlənməsi üçün tələb olunan mütəxəssis və işçi qüvvəsini təklif etməyə;

c. Fələstində BMT-nin qaçqınlara yardım və işlər Agentliyinə (UNRWA) müvafiq Qafqaz üçün birləşmiş BMT agentliyinin yaradılması və Tbilisidə regional qərargahın və ya oxşar əlaqələndirmə mexanizminin təsis edilməsini nəzərdən keçirməyə;

d. xüsusilə insan hüquqları, parlament demokratiyasının tətbiq olunması və, müvafiq olan zaman, azlıqların hüquqlarının və mədəni xüsusiyyətlərinin müdafiəsi sahələrində Avropa Şurasının yardım, mütəxəssis və əməkdaşlıq təkliflərini təsdiq etməklə Ermənistan, Azərbaycan və Gürcüstanın hakimiyyətləri ilə siyasi dialoq təsis etməyə dəvət etsin.

7) Avropa Şurası Parlament Assambleyasının Zaqafqaziyada münaqişələrə dair qətnaməsi N 1119 (1997)

1. Assambleya hesab edir ki, Zaqafqaziya münaqişələrində, xüsusilə Abxaziya və Dağlıq Qarabağda 1994-cü ilin mayından etibarən atəşkəsin qüvvədə saxlanılması gərginlik zonalarında siyasi sabitliyin yaradılmasına kömək etməlidir.

2. Avropanın Qeyri-üzv Ölkələri ilə Əlaqələr üzrə Komitəsinin keçirdiyi müxtəlif dinləmələrdən sonra o, ümid edir ki, bu münaqişələrin siyasi həlli istiqamətində sürətli, həlledici irəliləyiş ediləcək.

3. Hər üç Zaqafqaziya ölkəsi - Ermənistan, Azərbaycan və Gürcüstan - xüsusi qonaq statusuna malikdirlər və Avropa Şurasının tam üzvlüyü üçün müraciət etmişlər. Assambleya hesab edir ki, bütün tərəflərin bu münaqişələri həll etmək üçün həqiqi siyasi iradəsi qəbul proseduralarını sürətləndirməyə kömək edəcək.

4. Assambleya bu münaqişələrə bilavasitə və ya dolayı yolla cəlb olunmuş bütün tərəfləri, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının həyata keçirdiyi vasitəçilik işində konstruktiv şəkildə iştirak etməyə çağırır.

5. Bu iki münaqişənin xarakterinə görə fərqli olmasına baxmayaraq, Assambleya vurğulayır ki, cəlb olunan bütün tərəflər onların siyasi həllinə dair danışıqları, xüsusilə 1975-ci il Helsinki Yekun Aktı və 1990-cı il Paris Xartiyasına əsaslanan aşağıdakı prinsiplər üzərində aparmalıdırlar:

a. sərhədlərin pozulmazlığı;

b. aidiyyəti ərazilərdə bütün xalqların, xüsusilə çoxmillətli sülhməramlı qüvvələr vasitəsilə təmin olunmuş təhlükəsizliyi;

c. Abxaziya və Dağlıq Qarabağ üçün bütün maraqlı tərəflərin razılaşdırdığı geniş muxtariyyət statusu;

d. qaçqın və məcburi köçkünlərin geri dönmək hüququ və insan hüquqlarına hörmət kimi onların vətəndaşlığının bərpa olunması.

6. Assambleya hesab edir ki, Zaqafqaziya ölkələrində qanunun aliliyi, plüralist demokratiya, insan hüquqlarının müdafiəsi və ictimai bazar iqtisadiyyatının yaradılmasında Avropa Şurası həqiqi töhfə verməlidir.

A. Abxaziya ilə əlaqədar

7. Assambleya Tbilisi və Suxuminin mövqeləri arasında xoş münasibətlərin bərpa olunmasının müəyyən əlamətlərini qeyd etməkdə maraqlıdır və ümid edir ki, yuxarıda qeyd olunmuş prinsiplər əsasında məsələnin danışıqlar vasitəsilə əldə olunmuş siyasi həllinə tezliklə nail olunacaq.

8. O, ümid edir ki, maraqlı tərəflər, həmçinin Birləşmiş Millətlər Təşkilatı, ATƏT və Rusiya Federasiyasının səyləri tezliklə Tbilisi və Suxumi üçün əlverişli təsisatı balansın yaradılmasına aparacaq ki, qaçqınlar yüksək təhlükəsiz şəraitdə geri dönə və region əhalisi sülh və iqtisadi çiçəklənməyə qayıda bilsin.

B. Dağlıq Qarabağa münasibətdə

9. Assambleya Ermənistan və Azərbaycan parlament nümayəndələri arasında, xüsusilə onun Avropanın Qeyri-üzv Ölkələri ilə Əlaqələr üzrə Komitəsinin 26 yanvar 1997-ci ildə təşkil etdiyi Zaqafqaziyada münaqişələrə dair seminarının bir hissəsi kimi davam edən dialoqu və bununla əlaqədar münaqişənin erkən həllinin təmin edilməsi məqsədilə danışıqları davam etdirməyə həvəsləndirən Dağlıq Qarabağ üzrə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bərpa edilməsini alqışlayır.

10. O, işğal edilmiş ərazilərin qaytarılması və qaçqın və köçkünlərin geri dönməsi, Dağlıq Qarabağın əlverişli alternativ statusu, həmçinin onun təhlükəsizliyinə təminat verən münaqişənin siyasi həllinə nail olmaq məqsədilə bütün münaqişə tərəflərini birbaşa danışıqları gücləndirməyə çağırır.

11. Nəhayət o, üç Zaqafqaziya ölkəsi - Ermənistan, Azərbaycan və Gürcüstanın - nəticə etibarı ilə Zaqafqaziya dövlətləri birliyinin yaradılması və birgə parlament assambleyasının təsis edilməsini nəzərdən keçirəcəyinə dair arzusunu ifadə edir.

 

 

Mövqe.- 2011.- 13 may.- S. 10.