Heydər Əliyev
zirvəsi
O, bütün
dünyadan görünür
Onuncu yazı
Hər
bir xalqın həyatında mühüm rol oynayan faktorlardan
biri, bəlkə də başlıcası dildir. Dil həm
psixologiyadır, həm də mədəniyyətdir. Milləti
birləşdirən, onun tarixin
"dağıdıcı" sınaqlarından keçməsində,
özgürlüyünün qorunub saxlanmasında və gələcək
nəslə ötürülməsində, şübhəsiz
ki, milli dilin rolu əvəzedilməzdir.Bütün xalqlarda
olduğu kimi, Azərbaycan xalqının da dili onun milli
varlığını müəyyən edən
başlıca amillərdəndir. Azərbaycan Respublikasında
ana dilimizin istifadəsinin genişlənməsinə,
ümumilikdə, bu sahəyə xüsusi qayğı əsasən
vətənini canından çox sevən müdrik dövlət
xadimi Heydər Əliyevin hakimiyyətə gəlməsindən
sonra geniş vüsət almışdır. XX əsrin ikinci
yarısında Azərbaycan dilinin hərtərəfli
inkişafı, ümumişlək dilə, dövlət dilinə
çevrilməsi, diplomatiya aləminə yol açması,
dünyanın böyük dövlətlərinin və beynəlxalq
təşkilatların kürsülərində səslənməsi
bilavasitə Heydər Əliyevin adı ilə
bağlıdır. Belə ki, 1969-cu il iyulun 14-də Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər
Əlirza oğlu Əliyevin respublikaya rəhbər seçilməsi
ilə xalqımızın tarixində keyfiyyətcə yeni mərhələ
başlandı. Ulu öndərin hakimiyyətə gəlməsi
ilə Azərbaycanda dövlət idarəçiliyində yeni
nəfəs, yeni iş metodu, ciddi nizam-intizam yaradıldı.
Azərbaycan xalqı ümummilli liderin ətrafında sıx
birləşərək nəhəng problemləri həll etməyə
başladı.
Heydər Əliyevin
hakimiyyətdə olduğu 1969-1982-ci illərdə əldə
ediləsi mümkün olmayan nailiyyətlər öz
gerçəkliyini tapdı. Bu dövrdə xalqın həyatında
əsaslı dönüş yarandı. İlk növbədə
təhsil, mədəniyyət, incəsənət, milli-mənəvi
dəyərlərin qorunması və inkişaf etdirilməsi
qarşıya məqsəd kimi qoyuldu. Sənaye obyektlərinin sayı
artırıldı, məhsul istehsalının həcmi
yüksəldi, kənd təsərrüfatı sahəsində
sürətli inkişaf əldə edildi. Bir sözlə,
bütün sahələr üzrə misli görünməmiş
uğurlar qazanıldı. Böyük tarixi şəxsiyyətin
1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi
dövrə nəzər saldıqda diqqət çəkən
ən vacib və zəruri məqamlardan biri də hələ
o vaxt bugünkü müstəqilliyin təməlinin
yaradılması sahəsindəki fəaliyyətidir. Kommunist
rejiminin sərt qaydalarına baxmayaraq, xalqımızın
tarixi, mədəniyyəti, incəsənəti, mənəviyyatı
ilə bağlı məsələlər ətraflı şəkildə
müzakirə olunmuş və milli tərəqqiyə yönələn
mühüm əhəmiyyətli qərarlar qəbul
olunmuşdur.
O dövrdə ölkədə
milli dillərin sıxışdırılması siyasətinin
yeridildiyi bir zamanda ulu öndər ana dilinin - Azərbaycan
dilinin inkişafına xüsusi diqqət yetirirdi. Lakin hər bir
xalqın milli-mənəvi dəyərlərinin
yaradılması və inkişaf etdirilməsində ana dilinin
müstəsna rol oynadığını deyən türk
dünyasının lideri Heydər Əliyev Azərbaycan
dilinin daha da zənginləşdirilməsi, dövlət dili
statusunun qorunması sahəsində bir-birinin ardınca
mühüm əhəmiyyət kəsb edən tədbirlər
həyata keçirirdi. Ana dilində dərsliklərin və
kitabların nəşrinin genişləndirilməsi,
dilçi alimlərə qayğı göstərilməsi belə
tədbirlərdən idi. Ötən əsrin 70-ci illərinin
ortalarından başlayaraq milli dillərin sıxışdırılması
tədricən gücləndirilirdi. O vaxt "Vahid Sovet
xalqı", "vahid dil" siyasəti nəinki geniş təbliğ
olunur, hətta güclü şəkildə tətbiq edilirdi.
Kommunist ideologiyasının hakim olduğu bir dövrdə
milli dil məsələsinin ortaya atılması tutduğu vəzifədən
asılı olmayaraq hər bir şəxs üçün bir
növ tale məsələsi ola bilərdi. Hətta bu məsələ
bir çox xalqların siyasi xadimləri üçün faciə
ilə nəticələnmişdi. Bütün bunlara
baxmayaraq, ümummilli lider Heydər Əliyev ana dilinin
inkişafına qətiyyətlə
çalışırdı. Ulu öndər Sovet rejiminin
tüğyan etdiyi bir vaxtda deyirdi ki, Konstitusiya vətəndaşlara
təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq
imkanı ilə təmin olunur. Beləliklə, SSRİ
Konstitusiyası qəbul edildikdən sonra müttəfiq
respublikaların Konstitusiya layihələri dərc olunaraq
ümumxalq müzakirəsinə verildi. Azərbaycan
Konstitusiyası layihəsinin ümumxalq müzakirəsinin
yekunlarına həsr olunmuş iclasda ulu öndər Heydər
Əliyev qətiyyətlə bildirmişdir: "Azərbaycan
Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan
dilidir". Bu təklif yekdilliklə qəbul edildi və Azərbaycan
SSR-də dövlət dili Azərbaycan dili oldu.
Təəssüflər
olsun ki, müstəqillik əldə etdikdən sonra hakimiyyətə
gələn və idarəetmədə naşı olan dairələr
ana dilimiz və milli kimliyimizlə bağlı ümummilli
maraqlarımıza zidd olan siyasət yürüdürdülər.
Lakin
1993-cü ilin iyununda hakimiyyətə gələn və Milli
Məclisin sədri kimi fəaliyyətə başlayan Heydər
Əliyev "Azərbaycan dili" və ya "Türk
dili" məsələsini 1995-ci ilin oktyabr-noyabr aylarında
xalqın müzakirəsinə verdi. Müzakirələrdə
ziyalılarla yanaşı, sadə xalq kütlələri də
iştirak etdi. Qızğın mübahisələrdən
sonra 1995-ci ilin 12 noyabrında Milli Məclisdə böyük
mütəfəkkir müdrikliyi ilə ulu öndər Heydər
Əliyev müzakirələrə yekun vurdu.
Nəhayət, bu məsələ
Azərbaycan Konstitusiyasının 21-ci maddəsində öz əksini
belə tapdı: "Azərbaycan Respublikasının dövlət
dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin
inkişafını təmin edir". Beləliklə, Ana
dilimiz, mənəviyyatımız, milli-mənəvi dəyərlərimiz
özümüzə qaytarıldı, adət-ənənələrimiz
qorundu, inkişaf etdirildi. Azərbaycan müstəqil dövlət
kimi Avropaya və dünya birliyinə inteqrasiya yolunda inamla irəlilədi,
beynəlxalq münasibətlər sisteminin fəal üzvlərindən
birinə çevrildi. Daima xalqı dilini sevməyə, ona
milli varlıq kimi yanaşmağa sövq edən ümummilli
lider Heydər Əliyev xalqın formalaşmasında,
yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirərək
deyirdi: "Bütün xalqlarda olduğu kimi, Azərbaycan
xalqının ana dili onun milli varlığını müəyyən
edən başlıca amillərdəndir... İnkişaf
etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir,
ölməzdir, böyük gələcəyə malikdir. Ona
görə də xalqımıza ulu babalardan miras
qalmış bu ən qiymətli milli sərvəti hər bir
Azərbaycan övladı göz bəbəyi kimi qorumalı,
daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs
vətəndaşlıq borcudur".
Konstitusiya ilə
yanaşı, dahi öndərin imzaladığı
"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında" 18 iyun 2001-ci il tarixli 506 saylı fərman,
"Azərbaycan Respublikası Dövlət Dil
Komissiyasının tərkibinin təsdiq edilməsi
haqqında" 4 iyul 2001-ci il tarixli 76 nömrəli sərəncam,
"Azərbaycan əlifbası və Azərbaycan dili
gününün təsis edilməsi haqqında" 9 avqust
2001-ci il tarixli 552 nömrəli sərəncam və nəhayət,
2003-cü il yanvarın 2-də qüvvəyə minmiş
"Azərbaycan Respublikasının dövlət dili
haqqında" qanun ölkəmizdə dil siyasəti və
dil quruculuğunun mükəmməl konsepsiyasını, onun
uzunmüddətli strategiyasını və aydın
proqramını verən tarixi qanunvericilik aktlarıdır. Bu sənədlərin
hazırlanmasında böyük tarixi şəxsiyyət Heydər
Əliyevin yüksək intellekti, zəngin dövlətçilik
təcrübəsi, yenilməz məntiqi, vətəndaşlıq
qeyrəti, ana dilinə misilsiz məhəbbəti mühüm
rol oynayıb.
Azərbaycan dilinin
inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi
və yabançı təsirlərdən qorunması, habelə
bu dilin saflığı, təmizliyi istiqamətində Heydər
Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli
davamçısı möhtərəm prezidentimiz İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Belə ki, "Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi haqqında" Azərbaycan
Respublikasının prezidenti İlham Əliyevin 12 yanvar
2004-cü il tarixli sərəncamı imzalanmışdır.
Ana dilimizə göstərilən xüsusi qayğı
baxımından "Azərbaycan əlifbası və Azərbaycan
dili gününün təsis edilməsi haqqında" Azərbaycan
Respublikasının prezidenti İlham Əliyevin 12 yanvar
2004-cü il fərmanı xüsusi əhəmiyyətə
malikdir. Bu zamandan etibarən hər il avqust ayının 1 - də
Ana Dili Günü kimi qeyd olunur.
Beləliklə,
bütün sahələrdə olduğu kimi Azərbaycan
dilinin inkişafı və onun dövlət səviyyəsində
işlədilməsi, məhz ümummilli lider Heydər Əliyevin
adı ilə bağlıdır. Azərbaycan xalqı, Azərbaycan dili
var olduqca Heydər Əliyev də var olacaq, bizimlə, qəlbimzidə
yaşayacaq, körpələrimizlə yenidən doğulacaq,
yenidən nəfəs alacaq. Bu gün də Yer üzündə
yaşayan bütün dünya azərbaycanlıları fəxr
etməlidirlər ki, məhz ümummilli liderimiz Heydər Əliyevin
mənsub oldugu xalqın, millətin övladlarıdır. Bu mənada
hər birimiz elə yaşayıb, elə işləməliyik
ki, doğrudan da "Mən azərbaycanlıyam" söyləyəndə
bu deyimin arxasında hansı böyük məsuliyyətin
durduğunu hiss edək və" Mən azərbaycanlıyam"
deməyə haqqımız çatsın.
A. Sultanova
Mövqe.-
2011.- 13 may.- S. 4.