"Savalan"
ruhumuzu sakitləşdirir"
Novruz
Novruzlu: "Tamaşaçılar bizimlə saat
yarımlıq təmasdan sonra təmizləndiklərini,
hüzur duyduqlarını, saflaşdıqlarını
deyirdirlər"
Həmsöhbətim
"Savalan" qrupunu rəhbəri Novruz
Novruzludur. Uzun müddətdir bu qrupun mahnılarını sevə-sevə
dinləyirəm və dərinliyini anlayıram. Amma söhbət
zamanı, gerçəkdən, ruhumun sakitləşdiyini
duydum. Maraqlıdır, qrupun adı niyə məhz
"Savalan"dır? Görəsən, bu adı qoymaqda qrupu
yaradanların məqsədi nə olub?
- Əslində bizim qrup
üçün sayt açılanda artıq "Savalan"
adı var idi, ona görə adımız "Savalan"
mistik qrupu kimi yazıldı. Çünki bizim musiqilər
daha çox mistik ovqatdadır. Savalan dağı Cənubi Azərbaycanda
yerləşir. O tayımızı, bu tayımızı birləşdirən
ucalığımızdır. Bilirsiniz ki, Savalan
dağının qeyri-adiliyi haqqında xeyli əfsanələr
var.
- Sizin mahnılar çox
fərqlidir. Azərbaycanda yüzlərlə musiqi qrupları
var. Amma "Savalan" seçiləndir, tamam başqadır.
- Qrupumuz təzə
yarananda mən idim, Həlimət Sultan, Fəxrəddin Salim və
Cavad bəy var idi. İndi Cavad bəy Amerikada yaşayır,
Günaz.TV-də çalışır. İndi onu
kamançada İffət Əsgərov əvəz edir.
- Bəs qrupun yaranması
hansı zərurətdən yarandı?
- Əslində bu mənə
o qədər də yad sahə deyil. Çünki Mirzağa Əliyev
adına İncəsənət İnstitutunun
(indiki Mədəniyyət və İncəsənət
Universiteti) Musiqili Komediya aktyoru fakültəsini bitirmişəm.
Amma qrupumuzun yaranmasına 20 Yanvar faciəsi səbəb oldu.
Elə bil, insanların içində bir boşluq
yaranmışdı. O vaxtlar özümüz
üçün yığılırdıq,
çalıb-oxuyurduq, ruhumuzu sakitləşdirmək istəyirdik.
Sonralar jurnalistlər maraqlandı, yazdı, telekanallar göstərdi
və "Savalan" qrupu tanındı, sevildi. Buna görə
mən jurnalitlərə də təşəkkür edirəm.
O vaxta qədər mən italiyan, türk, ispan mahnıları
oxuyurdum. Həm də sevilməyimizin bir səbəbi də
"Savalan"ın təkrarsız və tək olması
idi. Yəni indiyə qədər ölkəmizdə belə
bir qrup yaranmamışdı. Bəziləri elə
düşünür ki, "Savalan" qrupu ancaq dini sevgini tərənnüm
edir. Amma belə deyil, bizim ifalarımız insanın ruhuna,
düşüncəsinə, mənəviyyatına, insan və
Vətən sevgisinə söykənir.
- Deyirsiniz, insanın ruhunu
sakitləşdirmək üçün oxuyursunuz. Amma
"Savalan"ı dinləyəndə insan təlatümə
gəlir. Çox möhtəşəm, dərin, psixoloji təsiri
olan mahnılar oxuyursunuz.
- İlk dəfə
"Space" kanalında çıxışımız
zamanı bizə mərhum rejissor Vaqif İbrahimoğlu
zəng elədi və dedi ki, orada oturanların əllərindən
öpürəm. Sonra bizi dəvət elədi
"YUĞ" teatrına. Biz
"YUĞ"da iki tamaşada iştirak etdik. Bu "Üz
tuturam Tanrıya" və Yunis İmrənin "Olsun"
tamaşaları idi. Əslində buna tamaşa da demək
olmazdı. Vaqif müəllim öncə bizə ssenari yazmaq
istədi. Sonra dedi ki, günah etmək istəmirəm, hər
şeyi
sizin ixtiyarınıza, ruhunuza buraxıram.
Tamaşaçılar bizimlə saat yarımlıq təmasdan
sonra təmizləndiklərini deyirdirlər. O zamanlar bizi daha
çox ilahi yöndə qəbul edirdilər. Amma bizdə
bütün mahnılar var. Ruhsal musiqilərə daha çox yer verdiyimizə görə
haqqımızda belə fikir formalaşdı. İndi Azərbaycan
insanının daha çox
düşündürücü mahnılara ehtiyacı var.
Söz yox, bizi daha çox ruhsal musiqi ifaçısı kimi
tanıdılar, amma bizdə başqa mövzular da var. Deyim ki,
bizim belə tanınmağımıza səbəb də
ilahi, ruhsal ifamız oldu.
- Bizdə, ümumiyyətlə,
sizə qədər belə mahnılar səslənmirdi.
Türkiyədə isə bu janr daha güclü inkişaf
edib.
- Elə ona görə biz
düşündük ki, bu ərəfədə,
torpaqlarımızın itirildiyi, milli-mənəvi dəyərlərimizə
sevginin azaldığı, özümüzdən kənar
düşdüyümüz bir dönəmdə bir az
özümüzdən oxuyaq. Peyğəmbər deyir:
"Torpağı sevmək imandandır".
- Sizin mərhum rejissor
Vaqif İbrahimoğlu ilə əməkdaşlığınız
çox uğurlu alındı. İndi o, həyatda yoxdur, yəqin
xeyli planlarınız var idi?
- Əvvəla, Allah Vaqif
müəllimə rəhmət eləsin! Ruhu nurla dolsun! Vaqif
müəllim çox dəyərli, öz sənətini dərindən
bilən və sevən şəxsiyyət idi. Onun
qazandığı yeri əvəzləyəcək kimsəni
görmürəm. O, çox səmimi, çox dəyərli
və insanda da səmimiyyətə önəm verən sənətkar
idi. Vaqif müəllimlə xeyli planlarımız,
görüləsi işlərimiz var idi hələ. Onunla
"Savalan" qrupu birlikdə "Dədə Qorqud"
dastanı əsasında bir göstəri hazırlamaq istəyirdi.
Bundan başqa, xalq arasında "Yeddi Ulular" kimi
tanınan "Yeddi Ulu Ozan"dan biri olan Pir Sultan Abdalın
ilahi şeirləri əsasında ruhi-mənəvi bir göstəri
hazırlamaq istəyimiz də qəlbimizdə qaldı.
Görünür, qismət beləymiş. Ruhu şad olsun!
- "Savalan"ı dinləyəndə
düşünürəm ki, bu ifalar kütlə
üçün deyil.
- Yox, elə kütlə
üçündür. Biz hamı üçün oxuyuruq.
Sadəcə, insanlar bir az özündən
uzaqlaşıblar. İstəsə də, istəməsə
də hər bir insan içində ruh gəzdirir. Bizdən xəbərsiz
verilir bu ruh bizə. Müqəddəs kitabımız
"Qurani-Kərim"də də deyilir bu: "Biz dünyaya
gəlməmiş ruhumuz var idi". Mənə elə gəlir
ki, insan hara çatır-çatsın, hansı məqama
yetişir-yetişsin, öncə özünə
çatmalı, özünə varmalıdır.
Çünki bütün yollar ÖZÜNdən keçir. Mən
demirəm insanlardan fərqliyik. Sadəcə, dinləyənlərlə
birlikdə biz də dincəlirik, təmizlənirik. Qrupumuz elə
buna görə təsəvvüfə söykənir.
Pakistanda keçirilən Dünya Sufi
Festivalında çıxış etdik. 80 qrupun içindən
seçilən üç qrupdan biri biz olduq. Qrupumuza
Pakistanın Mədəniyət Nazirliyinin və Festivalın
prezidentinin xüsusi mükafatları, diplomlar təqdim olundu.
Amma çox təəssüf ki, Azərbaycana gələndən
sonra heç bizimlə maraqlanan olmadı. Çox təəssüf...
- Gerçəkdən bu
belədir. "Savalan"a xarici ölkələrdə daha
böyük sevgi, sayğı hiss olunur. Bunu sizin fəaliyyətinizi
izləyəndə bildim.
- Biz yaxşıları dəyərləndirməyi
bacarmırıq. Xaricdə dəyər verməyi
bacarırlar. Xarici ölkələrdə çıxışlarımızı
dinləyənlər bizə ilahi kimi baxırlar, gəlib
sevinclə şəkil çəkdirmək üçün
icazə alırlar. Əslində həyatda baş verənlərin
çoxunu insan özü yazır, öz şüuru və
düşüncəsiylə yazır. Yəqin ki, zaman gələcək
hər şey öz yerini tutacaq. Amma önəmli olan kütlənin
buna layiq olmasıdır. Tanrı deyir, insanı uca varlıq
yaratdım və çox şeyləri də onun özünə
buraxdım. Yəni insan istəsə işığı, istəsə
qaranlığı seçə bilər. Seçim onundur.
- Sizi ilk dəfə dinləyəndə
gözümün qabağına "Dəli Kür" filmi
gəldi.
- Hə, o "Dəli
Kür" filmindəki əslində çox böyük
övliya olan Seyid Niyaridir. O, çox böyük bir təriqətin
piridir. "Nəqşibəndi" təriqətinin piridir.
Amma "Dəli Kür" Sovet dönəmində çəkildiyi
üçün Seyid Niyarinin obrazını cılız şəkildə
təqdim ediblər, görünür, onun böyük mənəvi
aləminə qısqanıblar. Çünki onun təmsil
etdiyi təriqətdə qadın-kişi söhbəti yoxdur, ər
meydanı var, ruh var, insanın kamilliyi var. Görünür,
filmin müəlliflərinin fikri Seyid Niyarini
aşağılamaq olub. Bu gün Amerikada, Avropada təsəvvüf
geniş yayılıb, həmin zikrləri də edirlər.
- Siz mahnı ifa edəndə
dəf vurursunuz, sizə elə gəlmirmi ki, dəfin səsi
bir az da ibadətə səsləyən kilsə zənginin səsinə
bənzəyir?
- Bunu düşünməmişəm.
Amma kilsələrdə də səslənən zəng səsi
əslində ibadətə, təmizliyə səsləyir.
Deyirlər, bu səs şər qüvvələri
uzaqlaşdırır. Təsəvvüfdə həmişə
insan ruhuna, mənəviyyatına təsir edən, yol
açan uddan, neydən, dəfdən istifadə olunub.
- "Savalan"ın
repertuarındakı mahnıların bəstəkarı kimdir?
- Bizim oxuduğumuz
mahnılar əslində türkülərdir, ilahilərdir.
Sadəcə, biz bu ilahilərə özümüz kimi
yanaşmışıq.
- Məsələn,
"Qafil, oyan" ilahisi...
- Hə, bu "Nəsimi"
filmindəndir. Amma biz başqa cür ifa edirik. Bu, bəstəkar
Tofiq Quliyevin əsərlərinin içərisində ən
ruhsalıdır. Biz əslində bu mahnıya mənəvi
zikr halı verməyə çalışmışıq.
Ona görə filmdəkindən fərqli çıxıb.
Bizim ifada dəfin zəncirlərinin səsindən də
istifadə olunub. Bu ifanın aranjmançısı qrupumuzda
kamançaçalan, bir çox musiqilərin bəstəkarı
İffət Əsgərovdur.
- Bu gün Azərbaycanda
ilahilər çox azdır. Olubsa da, indi unudulub və ya unutdurulub. Yəqin ki, ilahiləri
toplamaqda çətinlik
çəkirsiniz?
- Qrupumuz təzə yarananda biz Anadolu ilahilərinə müraciət etdik. Dedik, yəqin bizdə də tapılsa, xəbər edərlər.
Amma deyim ki, elə
ilahilərin əsas vətəni, mərkəzi
vaxtilə Bakı olub. Əgər xatırlayırsınızsa, "Nəsimi" filmində bir epizod var. Deyirlər ki, aparın bu kafiri kafirlər
şəhəri Bakudə
- Bəs qrupunuz haradan maliyyələşir?
- Maliyyə mənbəyimiz yoxdur.
- Axı siz toylara da
getmirsiniz. Sponsorunuz kimdir?
- Sponsorumuz yoxdur. Toylara da getmirik.
- Mədəniyyət
Nazirliyinə köməklə
bağlı müraciət
etmisinizmi?
- Hə, Mədəniyyət
Nazirliyinə müraciət etmişik. Yəqin düzələr.
Bu il Azərbaycan-Türk Cəmiyyətinin sədri İlhan
Aşkın bizi Hollandiyaya dəvət etmişdi. O, çox dəyərli,
türksevər, dəyər verməyi bacaran insandır. Onlar
Hollandiyada Xocalı faciəsinə abidə də
ucaldıblar. Allah vətənini sevən hər kəsə
kömək olsun!
Ayın 12-dən 15-nə
kimi Türkiyədə olduq. İstanbulda keçirilən
"Avrasiya Ekonomu" zirvə toplantısına
qatıldıq. Mərmərə qrupunun XIV qurultayı idi. Tədbirdə
36 ölkənin prezidenti, məmurları iştirak edirdi. Bu, əslində
dövlət tədbiri idi. Buna görə bizi seçənlərə,
ora göndərənlərə təşəkkür edirik.
- "Savalan" qrupunun solo konserti nə vaxt baş tutacaq?
- İnşallah, qismət
olsa edərik. Sonda Vətənini, torpağını sevən,
sənəti dəyərləndirməyi bacaran hər kəsə
təşəkkür edib, Allahdan uğur diləyirəm!
Arzu Abdulla
Mövqe.-
2011.- 18 may.- S. 13.