Laçınsızlığımızın 19 yaşına...

 

Laçın Azərbaycanın elə bir bölgəsidir ki, bura başdan-ayağa qədər tarixdir. Bəlkə turizm mərkəzi olsaydı, dünyanın daha çox diqqətini çəkərdi- qeyri-adi təbiəti ilə, daşlarında saxladığı tarixin daşlaşmış yaddaşı ilə. Amma biz Laçınsızıq. Bu itkinin, düz, 19 yaşı olur. 19 yaşlı da ayrılıq olar?

 

Çarın erməni siyasətini dəf edən Laçın nələrin qurbanı oldu?

 

18 may 1992-ci ildə ermənilərin əlimizdən aldığı Laçın Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa Xocavənd, cənubdan Qubadlı rayonu, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon mərkəzinin Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km-dir. Laçın ərazisində toxuculuq sənəti inkişaf etmişdi. Burada yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun, fərməş xüsusi gözəlliyilə seçilib. Təsadüfi deyil ki, dünyada "Qasımuşağı" adı ilə tanınan xalçanın yaranması məhz bu bölgə ilə bağlıdır. Səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-şərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594m). Çayları Həkəri və onun qollarıdır.

Əsasən çimli, dağ-çəmən, qəhvəyi dağ-meşə və karbonatlı dağ-qara torpaqlara malikdir. Bitki örtüyü kollu və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq), subalp və alp çəmənliklərindən ibarətdir. Heyvanat aləminə qayakeçisi, çölsiçanı, cüyür, çöldonuzu, sincab, süleysin və s. aiddir. Ərazinin çox yerində qışı quraq keçən mülayim isti və soyuq iqlim üstünlük təşkil edir. Rayonun cəmi torpaq sahəsi 166488 hektardır. Ondan da 75781 hektarı kənd təsərrüfatına yararlı, 12102 hektarı isə əkin yeridir.

Laçın rayonunun əhalisi 27 yanvar-4 fevral 1999-cu il siyahıya almasına əsasən 63162 nəfərdir (58058 nəfəri azərbaycanlılar, 5073 nəfəri kürdlər və 31 nəfəri digər millətlərin nümayədələri olmaqla), 1 yanvar 2007-ci il tarixində rayonun əhalisi artaraq 69982 nəfərə, Laçın şəhərinin əhalisi isə 11519 nəfərə çatmışdır. Əhalinin sıxlığı 1 yanvar 2008-ci ilin məlumatları əsasında hər kv. km-ə 36 nəfər, hər sakinə 18 kv. km sahə düşürdü. Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan öncə I-II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndir. XII əsrin sonu XIII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində alban Xaçın knyazlığı yarandı. Bu knyazlıq eləcə də indiki Laçın bölgəsini əhatə edirdi. Ona görə də Dağlıq Qarabağın digər bölgələrində olduğu kimi, bu ərazilərdə də Xaçın adı ilə bağlı yeni adlar, toponimlər əmələ gəlməyə başladı. Buna misal olaraq, indiki Laçın ərazisindəki Xaçınyalı kəndini, Bozlu kənd ərazisindəki Xaçın yalı, Xaçın daşı adlanan yer adlarını göstərmək olar. Sonralar Xaçın knyazlığının ərazisində Xaçın da daxil olmaqla Qarabağ-alban məlikləri Xaçın, Vərəndə, Dizaq, Gülüstan (Talış) məlikliyi ilə yanaşı, Çiləbörd məlikliyi də yarandı.

1828-ci il Rusiya-İran müharibələrindən sonra bağlanan Türkmənçay müqaviləsinə əsasən bölgə Şimali Azərbaycanın tərkibində Rusiyaya qatıldı. Rusiyanın himayəsi altında Cənubi Qafqaza Osmanlı dövlətindən və İrandan ermənilərin kütləvi şəkildə köçürülüb məskunlaşdırılmasına başlandı. Ancaq Laçın bölgəsində ermənilərin məskunlaşdırılması mümkün olmadı. Azərbaycanda xanlıqlar ləğv edildikdən sonra Laçın bölgəsi 1829-cu ildən yeni yaradılan Qarabağ əyalətinə qatıldı, 1861-ci ildən isə indiki Laçın Zəngəzur qəzasına qatılmışdı.

 

Andronikə qan udduran "Qanlı dərə"

 

1905-1907 və 1914-1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində təxminən yarım milyon müsəlman həlak olub. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra da Qarabağı və Zəngəzuru mənimsəmək üçün ermənilərin ərazi iddiaları nəticəsində kütləvi qırğınlar davam edir. Erməni komandanı Andronik nə yolla olursa-olsun öz silahlı qüvvələri ilə bərabər Gorus, Laçın, Şuşa istiqamətindən Qarabağa daxil olmaq, oranın erməni əhalisini Azərbaycan hökumətinə qarşı qaldırmaq, təxribatlar törətmək və bölgədə itaətsizlik yaratmaq istəyirdi. Bu məqsədlə Andronik bir neçə minlik ordu ilə Zabux kəndini keçərək Laçın istiqamətində irəliləməyə başladı. Bu məsələdən əvvəlcədən xəbər tutan bölgənin nüfuz sahiblərindən biri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun qardaşı Sultan bəy Sultanov öz partizan dəstəsi ilə Laçın-Zabux yolundakı bir dərədə pusqu quraraq Andronikin qoşununu mühasirəyə saldı. Burada təqribən birgünlük çox qanlı döyüşlər getdi. Bu döyüşlər zamanı general Andronik, demək olar ki, bütün qüvvəsini itirərək bir neçə nəfərlə güclə qaçmağa imkan tapdı. Dərə bu döyüşdən sonra xalq arasında "Qanlı dərə" adlandırıldı.

Bu məğlubiyyətdən sonra da erməni silahlıları tez-tez bölgədə qırğınlar törədir. Andronik Azərbaycanın bu bölgəsində daim sabitliyi pozmaq, Zəngəzur və Qarabağ torpaqlarını işğal etmək üçün Rusiyanın maliyyə dəstəyi ilə yeni-yeni silahlı qruplar yaradırdı. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələri göndərir. Dığ istiqamətində aparılan döyüşlərdə Sultan bəy Sultanovun rəhbərliyi ilə Laçın silahlı dəstəlləri də iştirak edir. Döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da, Dığı əldə saxlamaq mümkün olmur. Tezliklə bölgəni ermənilərdən ibarət olan "Qızıl ordu" hissələri işğal edir.

 

Tağı Şahbazi Simurqun ad qoyduğu bölgəmiz

 

1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla Zəngəzur bölgəsi 2 yerə bölündü nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Laçın da daxil olmaqla Azərbaycan SSR tərkibində qaldı, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi.

Artıq bu dövrdə Zəngəzur vilayətinin Azərbaycanda qalan hissəsində hansısa bir inzibati idarə mərkəzi yaradılması zərurəti meydana gəldi. beləliklə, Laçın Abdallar kəndləri arasındakı ərazidə rayon mərkəzinin yaradılması qərara alınır. Rayonun adını seçərkən yerli relyefi əhalinin xarakterini nəzərə alan yazıçı Tağı Şahbazi Simurq təşəbbüs göstərərək rayonun adını Laçın elan edir. 1930-cu ildə Laçına rayon statusu verilir. Azərbaycanın qərb torpaqlarına sahib çıxaraq bu torpaqlar üzərində özlərinə dövlət quran ermənilər artıq Azərbaycana qarşı yeni, daha böyük ərazi iddiaları ilə çıxış etməyə başlayırlar. Onlar Qarabağın Ermənistana birləşdirilməsi məsələsini ortaya ataraq bir maneə kimi Laçın rayonunu aradan götürməyin yollarını düşünürlər. Sovetlər dönəmində ermənilər dəfələrlə Laçın rayonunun bir inzibati mərkəz kimi ləğvinə çalışsalar da, təşəbbüsləri baş tutmamışdı. Bunun əvəzində onlar 1970-1980-ci illərdə Güləbird, Cicimli, Malıbəyli, Qarıqışlaq, Sadınlar digər kəndlərin yüz hektarlarla pay torpaqlarını bütövlükdə Qaragöl yaylağını mənimsəməyə nail oldular.

Laçının işğalı zamanı 264 nəfər şəhid, 103 nəfər əlil olmuş, 65 nəfər isə girov götürülmüşdür. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır. İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir.

 

Sarı Aşığın, Sultan bəyin yurdu - müqəddəs Laçın

 

Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər rayonuna, "Taxta-körpü" qışlaqlarındakı 84 obaya məcburi köçkün düşüb. XVII əsrdə yaşamış məşhur bayatı ustası, sevgi aşiqi Sarı Aşıq da Laçında doğulub. Müdrik kəlamlar ustadı, Hacısamlı nahiyəsinin bəyi Paşa bəy Sultanov, xalq qəhrəmanı Sultan bəy Sultanov, Azərbaycan Demokratik Respublikasının ilk müdafiə naziri, Qarabağ general-qubernatoru, həkim Xosrov bəy Sultanov, daşnaksütyun erməni terrorizminə qarşı mübarizənin fəal iştirakçısı İskəndər bəy Sultanov, hikmətli söz ustası, Paşa bəy Sultan bəy Sultanovların yaxın məsləhətçisi, ünlü aşıq Aşıq Abbas, XVIII əsr Pənahəli xan Sarıcalı-Cavanşirin sərkərdəsi, Qarabağın Hacısamlı nahiyəsinin bəyi Qara Murtuza bəy, Azərbaycan Demokratik Respublikası dövründə Nazirlər Şurasının sədri, Nəsib bəy Yusifbəylinin II hökumət kabinəsində maarif dini etiqad naziri, 1920-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığının müdiri Nurməmməd bəy Adilxan oğlu Şahsuvarov, qvardiya baş leytenantı, Sovet İttifaqı Qəhrəmanı, İkinci Dünya müharibəsinin iştirakçısı Əvəz Həşim oğlu Verdiyev Laçında doğulublar.

Bu gün torpaqlarımız uğrunda döyüşən və qanı bu torpağa tökülən minlərlə oğul-qızımızın ruhu rahat deyil. Onların narahat ruhu indi düşmən əlində inləməkdən yorulan Laçın torpağında nigaran-nigaran, bir az da küskün dolaşır. Laçının 6 milli qəhrəmanı var. Bu gün onların adını qürurla çəkən laçınlılar yurdsuzluğun 19 baharını yaşayırlar. Təki bu yaş iyirmiyə çatmasın!

 

 

Arzu Abdulla

 

Mövqe.- 2011.- 19 may.- S. 13.