İslam Konfransı Təşkilatı
Ermənistan və Azərbaycan arasında münaqişə
üzrə qətnamə
1)
Kəraçi, 25-29 aprel 1993-cü il
Pakistan İslam
Respublikasının Kəraçi şəhərində
keçirilən İKT Xarici İşlər Nazirlərinin
XXI konfransı. İKT Bəyannaməsinin prinsipləri və məqsədlərindən
çıxış edərək, Qarabağ məsələsi
barəsində Ermənistanla Azərbaycan arasında
münaqişənin kəskinləşməsi ilə əlaqədar
dərindən narahat olaraq, Ermənistanın Azərbaycana
qarşı son hücumunu və Azərbaycan ərazisinin
işğalını qətiyyətlə pisləyərək.
Azərbaycan Respublikasına qarşı Ermənistanın təcavüzü
nəticəsində humanitar problemlərin dözülməz
vəziyyətindən təsirlənərək, İKT Xarici
İşlər Nazirlərinin 1992-ci ildə İstanbulda
keçirilmiş V fövqəladə iclasının
prinsipial mövqeyini yada salaraq, həmçinin İKT Xarici
İşlər Nazirlərinin BMT qərargahında
keçirilmiş əlaqələndirmə iclasının
son rəsmi məlumatının müvafiq bəndlərini
yada salaraq, qonşu ölkələrin və regional dövlətlərin,
xüsusilə İran və Türkiyənin, Qarabağ məsələsinin
sülh yolu ilə həll edilməsi istiqamətində
göstərdiyi cəhdləri nəzərə alaraq, ermənilərin
son təcavüzünün beynəlxalq sülh və təhlükəsizlik
üçün təhlükə yaratdığını dərk
edərək, bu yeni hərbi hücumun ATƏM çərçivəsində
aparılan sülh prosesinə dağıdıcı təsir
göstərə biləcəyindən xəbərdar olaraq.
Baş katibin bu məsələ
üzrə məruzəsini yüksək qiymətləndirərək:
1. Ermənistanın Azərbaycan
Respublikasına qarşı təcavüzünü kəskin
şəkildə pisləyir;
2. Erməni qüvvələrinin
işğal edilmiş Azərbaycan ərazilərindən təcili
çıxarılmasına və Azərbaycan Respublikasının
suverenliyinə və ərazi bütövlüyünə
hörmət bəsləməyi Ermənistandan ciddi surətdə
tələb edir;
3. Qarabağ məsələsini
dövlətlərin ərazi bütövlüyünün və
beynəlxalq ictimaiyyət tərəfindən
tanınmış sərhədlərin
toxunulmazlığı prinsiplərinə hörmət əsasında
ədalətlə və sülh yolu ilə həll etməyə
çağırır;
4. Həm Ermənistanın,
həm də Azərbaycanın əməli surətdə həyata
keçirilən ATƏM sülh prosesində konstruktiv
mövqe tutmalarını tələb edir və məsələnin
sülh yolu ilə həllini çətinləşdirə
biləcək hər bir əməldən çəkinməyi
tələb edir;
5. Azərbaycan hökumətinin
və xalqının öz ölkəsinin müdafiəsi
üçün etdiyi cəhdlərlə tam həmrəy
olduğunu bir daha təsdiq edir;
6. Yaşayış yerlərini
tərk edənlərin öz evlərinə təhlükəsiz,
hörmət və qayğı ilə qayıtmalarını
asanlaşdırmağa çağırır;
7. Üzv olan ölkələr
İslam İnkişaf Bankından və digər islam təsisatlarından
Azərbaycan Respublikasına təcili maliyyə yardımı
və humanitar yardımı göstərməyi xahiş edirlər;
8. BMT Baş katibindən və
Təhlükəsizlik Şurasının sədrindən Təhlükəsizlik
Şurasında Ermənistanın təcavüzünü pisləyən
və Azərbaycanın işğal edilmiş bütün
torpaqlarından erməni qüvvələrinin
çıxarılmasını tələb edən qətnamə
qəbul olunması üçün bütün səlahiyyətlərdən
istifadə etməyi xahiş edir;
9. Baş katibdən bu qətnamənin
yerinə yetirilməsinə nəzarət etməyi və
İKT Xarici İşlər Nazirlərinin XXII konfransında
bu haqda məruzə etməyi xahiş edir.
Ermənistan və Azərbaycan
arasında münaqişə üzrə qətnamə
2) Kasablanka, 13-14 dekabr
1994-cü il
İKT ölkələrinin
dövlət başçılarının Mərakeş
Krallığının Kasablanka şəhərində hicri
tarixi ilə 1415-ci il rəcəb ayının 11-12-də,
miladi tarixi ilə 1994-cü il dekabrın 13-14-də
keçirilən VII zirvə konfransı İKT Bəyannaməsinin
məqsəd və prinsiplərindən çıxış
edərək;
Ermənistan
Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü
nəticəsində hərbi münaqişənin kəskinləşməsi
və Azərbaycan ərazisinin 20 faizdən
artığının işğalından dərindən
narahat olaraq;
Ermənistanın təcavüzü
nəticəsində 1 milyondan artıq azərbaycanlının
qaçqın vəziyyətinə düşməsi və
humanitar problemlərin dözülməzliyindən təsirlənərək;
1992-ci ilin iyun ayında
İstanbulda keçirilmiş V və 1994-cü ilin
sentyabrında İslamabadda keçirilən İKT Xarici
İşlər Nazirlərinin VII fövqəladə
konfransının prinsipial mövqeyini yada salaraq;
1993-cü il aprelin 25-29-da
Pakistan İslam Respublikasının Kəraçi şəhərində
keçirilən İKT Xarici İşlər Nazirlərinin
XXI konfransında qəbul edilən qətnamənin müddəalarını
bir daha təsdiq edərək; həmçinin İKT-nin 23
sentyabr 1992-ci ildə və 3 oktyabr 1994-cü ildə
keçirilmiş İKT Xarici İşlər Nazirlərinin
koordinasiya iclasının yekun sənədlərinin müvafiq
bəndlərini yada salaraq; qonşu ölkələr və
regional dövlətlərin, xüsusilə İran və
Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinin
sülh yolu ilə həll edilməsi istiqamətində etdikləri
cəhdləri nəzərə alaraq; Ermənistan
Respublikasının təcavüzünün beynəlxalq
sülh və təhlükəsizlik üçün maneə
yaratdığını dərk edərək;
BMT Nizamnaməsinin və Təhlükəsizlik
Şurasının müvafiq qətnamələrinin dönmədən
yerinə yetirilməsini bir daha təsdiq edərək;
Ermənistan
Respublikasının davam edən təcavüzkar siyasətinin
ATƏM çərçivəsində aparılan sülh
prosesinə dağıdıcı təsir edə biləcəyindən
xəbərdar olaraq:
1. Ermənistan
Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünü
kəskin şəkildə pisləyir;
2. Təcavüz nəticəsində
Azərbaycan ərazisində mülki Azərbaycan vətəndaşlarına
qarşı edilən hərəkətləri bəşəriyyətə
qarşı törədilən cinayət kimi qiymətləndirir;
3. BMT-nin Təhlükəsizlik
Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin
dönmədən yerinə yetirilməsini, Ermənistan
Respublikası silahlı qüvvələrinin işğal
edilmiş bütün Azərbaycan ərazisindən, o cümlədən
Laçın və Şuşa rayonlarından dərhal,
tamamilə və şərtsiz
çıxarılmasını qəti surətdə tələb
edir. Ermənistandan Azərbaycan Respublikasının suverenliyi
və ərazi bütövlüyünə hörmət bəsləməsini
tələb edir;
4. Təhlükəsizlik
Şurası tərəfindən Azərbaycana qarşı
edilən təcavüzün etiraf edilməsinə; BMT Nizamnaməsinin
7-ci fəslinə uyğun olaraq öz qətnamələrinin
yerinə yetirilməsinin təminatı üçün
lazımi addımlar atılmasına; Azərbaycan
Respublikasının suverenliyi və ərazi
bütövlüyünə qarşı olan təcavüzü
pisləyərək təcavüzə son qoyulmasına
çağırır və bu məqsədlə BMT-də
koordinasiyalı fəaliyyətdə olmağı qərara
alır;
5. Bir daha təsdiq edir ki, ərazinin
zor işlətməklə əldə edilməsi tanına
bilməz;
6. Ermənistan və Azərbaycan
arasındakı münaqişənin dövlətlərin ərazi
bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin
pozulmazlığı prinsiplərinə hörmət əsasında
ədalətlə və sülh yolu ilə həllinə
çağırır;
7. Həm Ermənistan, həm
də Azərbaycandan ATƏM-in sülh prosesində iştirak
etməsi və problemin sülh yolu ilə həllini çətinləşdirə
biləcək hər bir əməldən çəkinməsini
tələb edir;
8. Azərbaycan hökuməti
və xalqının ölkəsinin müdafiəsi
üçün etdiyi cəhdləri bütünlüklə
dəstəklədiyini və onlara tam həmrəy olduğunu
bir daha təsdiq edir;
9. Yaşayış yerlərini
tərk etmişlərin öz evlərinə təhlükəsiz,
hörmət və şərəflə dönmələri
üçün imkan yaratmağa çağırır;
10. Azərbaycan
Respublikası ərazisində 1 milyondan artıq
qaçqın və köçkünün olması ilə əlaqədar
humanitar vəziyyətin kəskinləşməsindən təşviş
keçirir və üzv ölkələr İslam
İnkişaf Bankı və digər islam institutlarından Azərbaycan
Respublikasına təcili maliyyə və humanitar yardım etmələrini
xahiş edir;
11. Baş katibdən bu qətnamənin
yerinə yetirilməsinə nəzarət və bu barədə
İKT Xarici İşlər Nazirlərinin XXIII konfransına məruzə
təqdim etməsini xahiş edir.
Mövqe.-
2011.- 19 may.- S. 10.