"Balaban mənim
ürəyimin dilidir!"
Nədənsə Azərbaycan
xalq mahnısı "Sarı gəlin"i heç zaman
balabansız təsəvvür etmirəm. Sanki bu mahnı
balabanla ifa olunarkən daha yanıqlı səslənir, daha
doğma gəlir insana. Balabanla "Sarı gəlin"i
bir-birinə bağlayan görünməz bağlardan xəbərsizik.
Gördüyümüz və duyduğumuz isə, sadəcə,
doğmalıqdır. Həmsöhbətim balaban
ifaçısı və balabanın
araşdırmaçısı Əlixan Səmədovdur.
Hazırda Türkiyədə yaşayan sənətçimizlə
söhbətimiz də elə bu bağlılıqdan
yarandı. Balaban ifaçısı söhbətə
"Sarı gəlin" və balabanın tarixi haqqında
qısa məlumat verməklə başladı.
-
Balaban haqqında məlumat çoxdur. Mənim də vəzifəm
artıq 20 ilə yaxındır ki, bu bilgiləri tolayıb
doğru şəkildə oxucularımıza
çatdırmaqdır. Bu haqda mənim saytımda
(www.alihansamedov.com) "Balaban" bölümündə verilən
məlumatları sizinlə də paylaşmaq istərdim. Tarixi
Miladdan əvvəl 2-3 min ilə dayanan balaban Azərbaycan milli
musiqisində geniş istifadə olunan, qamışla (dillə)
çalınan, iki əsas hissədən ibarət olan musiqi
alətidir. Balabandan Qafqaz, Orta Asiya və Yaxın Şərq
ölkələrində geniş istifadə ediblər.
"Bala"-kiçik və "Ban"-səs mənasını
verən iki türk sözünün birləşməsindən
yaranan "balaban" kiçik, həzin səs deməkdir.
Dövrümüzdə balaban haqqında bir çox kitablar
yazılıb. Bunlardan birincisi hələ müharibə illərində
S.Əbdülsəlimovun Azərbaycanın dahi bəstəkarı
Üzeyir Hacıbəyovun qeydləri əsasında
yazdığı "Balaban məktəbi"dir.
Axtarışlar zamanı əksik
və yanlış bilgilərin çox olduğunun şahidi
oldum. İlk dəfə bu müsahibədə sizinlə bir şeyi
də paylaşmaq istəyirəm. Bu
gün müxtəlif balaban adlarına rast gəlirik. Amma Azərbaycanda
bu adlarda balaban yoxdur. Məsələn, birinin adı belədir:
"Yastı balaban". Buna bənzər yanlış məlumatları
oxuduğumda Azərbaycanda balabanın təməlini
qurmağa başladım. Artıq bu musiqi alətinə ürəyini
qoyan dostlarımla birgə bu işi başa
çatdırmağa çalışırıq. Eyni zamanda
Azərbaycanda istifadə olunacaq balabanları yenidən
adlandırıb, üstəlik, onun özünəməxsus
bir qutusunu da hazırladıq. Necə ki, tarımızın,
kamançamızın öz qutusu var, eləcə də
balabanımızın da özünəməxsus qutusu olacaq.
"Sarı gəlin" mahnısına gəldikdə
isə, bu Azərbaycan mahnısı haqqında bir çox rəvayətlər
var. Bir musiqiçi kimi mahnını dinləyəndə
söz və musiqinin bir-birini əla
tamamladığını, hər şeyin yerində
olduğunu görürəm. Heç bir ölçü
başqa ölçülərə qarışmır, istər
ritm, istər söz öz yerindədir. Rəvayətə gəlincə
isə, dünya çox gözəl bilir ki, Azərbaycan
xalqı türkdür. Bunu nəzərə alsaq, deməli,
"Sarı gəlin" türk dünyasının
mahnısıdır. Osmanlı zamanı saraylarda rəqs edən
qızların heç biri türk olmayıb. Onlar əsasən
başqa millətlərdən seçilirdi və rəqs
paltarları sarı rəngdə olduğu üçün bu
rəqqasələrə xalq arasında "Sarı
qızlar" deyə xitab edirdilər. Rəvayətə
görə, bu rəqqasələrdən birinə aşiq olan
türk oğlana ailəsi onunla evlənməyə icazə
vermir. Çünki "sarı qızlar"a xalq arasında
pis gözlə baxırdılar. Deyilir ki, o qız erməni
imiş. Beləliklə də dillərdə dastan olan bu sevgiyə
aid "Sarı gəlin" mahnısı yaranıb. Elə
ona görədir ki, ermənilər də bu mahnını
çox sevirlər. Amma özləri də çox gözəl
bilirlər ki, "Sarı gəlin" türk
dünyasına aiddir. Ümumiyyətlə, "Sarı gəlin"
adı ermənicə heç bir məna daşımır.
- Bir neçə ay öncə bir
neçə türklə "Sarı gəlin"
haqqında söhbətim oldu. Onlardan biri Türkiyədə
"Sarı gəlin"in erməni mahnısı kimi
tanındığını dedi. Siz Türkiyədə
yaşayırsınız. Bu, doğurdan, belədir?
- Bu, doğru deyil! Unutmaq olmaz ki, Türkiyə
Cümhuriyyətində minlərlə erməni
yaşayır. Onlar yaşadıqları bölgələrdə
qonşularına, dostlarına belə bilgilər verirlər.
Amma 75 -80 milyonluq Türkiyədə "Sarı gəlin"
mahnısının kimə aid olduğunu hər kəs
çox gözəl bilir. Ermənilər bu cür yalanlara
çox alışıblar. Ən son isə H. Dinkin cinayətə
qurban gedib öldürüldüyü vaxt oraya toplaşan ermənilər
"Sarı gəlin"i oxudular, özü də erməni
dilində. Türkiyə və bir çox başqa ölkələrdən
gələn kameralar heç bir şeydən xəbərsiz
ancaq o hadisəni çəkdi. Sözüm o ki, ortada bir cinayət
var idi, amma onlar araya "Sarı gəlini" soxuşdurub,
dünyaya çatdırdılar. Bu cür təbliğatlar
çox olur.
- Sizcə, azərbaycanlılar (xüsusilə
də balaban ifaçıları və müğənnilər)
"Sarı gəlin"i yetərincə təbliğ edib,
tanıda bilirlər?
- Milli musiqi alətlərimizi və
mahnılarımızı qorumaq hər bir azərbaycanlının
vəzifəsidir. Amma təbliğat yetərincə deyil. Nə
vaxt toylarımızda milli musiqi alətlərinə və xalq
mahnılarına yer verilirsə, o zaman təbliğ olunur. Hələlik
milli musiqi alətlərimizin və xalq
mahnılarımızın təbliğ olunduğu
toylarımız və ya konsertlerimiz çox azdır.
- Siz balabanla yanaşı tütək,
zurna, saksafon və s. kimi nəfəsli musiqi alətlərində,
eləcə də nağara, qarmon və dəfdə də ifa
edə bilirsiniz. Amma dünyada sizi daha çox balaban
ifaçısı kimi tanıyırlar. Niyə məhz
balaban?
- İndiyə qədər çıxan
albomlarımda digər musiqi alətlərini də özüm
ifa etmişəm - qarmon, klarnet, zurna, nağara,
qoşanağara, qaboy və s. Amma balabanın yeri məndə
tam başqadır. Ürəyim nə deyirsə, balaban onu o dəqiqə
başa düşür. Hər yerdə demişəm, yenə
də deyirəm: Balaban mənim ürəyimin dilidir!
- Balabanda ifa etdiyiniz mahnıları dinlədim.
Bilmirəm, sizin ifanızdanmı, yoxsa balabanın səsindənmi
musiqi insanın ürəyinə işləyir, qarmondakı
ifanız da eynilə. Axı hər kəs belə çala
bilmir. Necə belə yanıqlı ifa edə bilirsiniz
balabanda?
- Ümumiyyətlə, mən çox
duyğusal insanam. İfa etdiyim bütün mahnıları
öz dünyamda mütləq yaşayıram. Mahnını
da necə yaşayıramsa, eləcə də dinləyicilərimlə
paylaşıram. Bəlkə yanıqlı olmasının səbəbi
budur. Başqa musiqi alətini də eyni duyğuyla ifa etdiyim
üçün hər halda belə alınır.
- "Balaban metodu" adlı
kitabınız var. Nə üçün bu kitabı nəşr
etdirmək qərarına gəldiniz?
- İlk balaban albomum çıxanda
balabanı tanımayan, balaban haqqında bilgi istəyən
insanların çox olduğunu gördüm, dünyanın hər
yerindən məktublar aldım. Onlara kömək etmək mənim
borcum idi. Amma Sovetlər zamanı balaban haqqında bir çox
kitablar əldə edib oxuduqdan sonra başa düşdüm
ki, bu kitabdakı bilgiləri onlara göndərsəm,
böyük bir səvhə yol açacağam. Məcbur
qalıb kitab yazmağa qərar verdim. Beləliklə də
"Balaban metodu" adlı kitabım 3 dildə (türkcə,
rusca və ingiliscə) işıq üzü gördü.
- "Balaban metodu" kitabı
balabanın tanıdılmasında nə dərəcədə
rol oynaya bildi?
- Yazdığım "Balaban metodu"
kitabı dünyanın bir çox ölkələrinə
yayılıb. Bu kitab sayəsində balabansevərlər
doğru bilgiləri biləcək və öyrənəcəklər.
Bir azərbaycanlı olaraq bunu gördüm ki, bizim mədəniyyətimizdə
məlumat çoxdur, amma, sadəcə, sözdə. Bir
söhbət zamanı hər kəs çox rahatlıqla
"Bu, bizim musiqi alətidir", "Bu, bizim
mahnımızdır" kimi kəlmələrdən istifadə
edir. Amma mənə deyəndə ki, isbat elə, o zaman
başa düşürəm ki, sözdən çox sənəd
lazımdır. Bu haqda nə qədər çox
kitablarımız olacaqsa, o zaman daha qürurla danışa biləcəyik.
Ümumiyyətlə, sadəcə, kitab deyil,eləcə də
milli musiqi alətlərimizdən şənliklərimizdə
çox istifadə etməliyik ki, uşaqlarımızın, ən
azından, musiqi alətləri haqqında bilgiləri olsun. Bir
xalq o zaman yox olur ki, o, öz mədəniyyətini, musiqisini və
dilini itirir.
- "Youtube"də sizin
"TRTtürk" kanalında ifa etdiyiniz "İstərəm"
mahnısını dinlədim. Orada diqqətimi bir erməninin
yazdığı şərh çəkdi:- O,
yazmışdı: "erməni düdüyü"
dünyada yeganədir. Jivan Gasparyana qulaq asın". Elə
olubmu ki, siz o adamla və ya balabanın ermənilərə aid
olduğunu iddia edən başqa bir erməni ilə tədbirlərdə
birgə iştirak edəsiniz?
-
Belə hadisələr çox olur. Hətta bu il 21 martda bir
erməni musiqiçisi ilə məni konsertə dəvət
etmişdilər, güldüm- keçdim. Başa
düşdüm ki, yenə də siyasət var.
Çünkü 21 martda qeyd olunan Novruz Bayramının ermənilərə
dəxli yoxdur. Erməni düdüyünə gəlincə
isə, hər zaman demişəm, yenə də deyirəm, bir
musiqi alətinin başqa yerdə adı dəyişməz. Nədənsə
ermənilər özləri "çiqanapox" dedikləri
musiqi alətinə başqa ölkələrdə
"düdük" deyirlər.
- Onu da qeyd edim ki, o Jivan
Gasparyana da qulaq asdım, amma heç müqayisə etməyə
dəyməz bizim balaban çalanlarımızla. Özü də
balabanda ifa etdikləri də ancaq Azərbaycan
mahnılardır.
-
Hər erməni musiqiçisinin ifa etdiyi mahnını tempo
olaraq bir az sürətləndirsəniz, həqiqi mahnı
ortaya çıxacaq. Onlara qalsa, mən "Sən, gəlməz
oldun" mahnısını da onlardan oğurlayıb ifa
etmişəm.
-
Türkiyədə balabanda ifa etməyi öyrənmək istəyən
gənclər var?
-
Çox qabiliyyətli, qürur duyduğum tələbələrim
var.
- Hal-hazırda Əlixan Səmədov
Türkiyədə Azərbaycanın, Azərbaycan musiqisinin
tanıdılması istiqamətində hansı işləri
görür?
- Hal-hazırda
"Balaban-8" adlı albomum üzərində işləyirəm.
Bu albom
digər 7 albomdan fərqli olacaq, yəni dünyanın hər
yerində fərqli dillərdə çıxacaq.
İnanıram ki, bu, bəzi yalanların
qarşısını alacaq. Dinləyicilərim hər məlumatı
öz dillərində oxuyacaq. Inşallah, çox az qalıb.
Ayrıca tələbələrim və konsertlərim var.
Fransadan yenicə qayıtmışam, orada 5 konsertim oldu. Bir
çox Fransa qəzetləri həm balaban, həm də Azərbaycan
haqqında xəbərləri dərc etdi. Həm
də fransız dilində balabana aid sənədli film də
çəkildi.
Vüsalə
Dövlət
Mövqe.-
2011.- 28 may.-S. 13.